İsmin halları

İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən müəyyən qrammatik şəkilçilər qəbul edərək dəyişirlər. İsmin belə dəyişməsinə ismin hallanması deyilir. İsmin altı halı var və həmin hallar suallara görə müəyyənləşir.
1) Adlıq hal. Bu halda olan isimlər əşyanın adını bildirir, şəkilçisi olmur, kim? nə? hara? suallarından birinə cavab olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada) verilir. Məs: dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş, dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s.
İsimlər adlıq halda cəm və mənsubiyyət şəkilçiləri ilə də işlənə bilir. Məs: bacı (başlanğıc formada); bacılar (cəm şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım (cəm və mənsubiyyət şəkilçisi ilə).
2) İsmin yiyəlik halı. İsmin yiyəlik halı sahiblik, aidlik, yiyəlik mə'nalarını bildirir. Yiyəlik halda işlənən isim cümlədə özün-dən sonrakı başqa bir isimdən – daha doğrusu, mənsubiyyət şə-kil-çili isimdən asılı olur. Məs: ağac-ın (yiyəlik hal) yarpağ-ı (mənsubiyyət şəkilçili isim), qapının ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim evimiz və s.
Yiyəlik halın iki forması var:
a) Müəyyənlik bildirən yiyəlik hal. Bu halda isimlər –ın4 (-nın4) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın? suallarından birinə cavab olur. Məs: Məmmədin (kimin?), dəftərin (nəyin?), Bakının (haranın?)
b) Qeyri-müəyyəndik bildirən yiyəlik hal. Bu halda olan isimlər şəkilçisiz olur və nə? sualına cavab olur. Məs: ağac (nə?) yarpağı, dəmir (nə?) qırığı, qonaq (nə?) otağı, çoban (nə?) tütəyi və s.
Qeyri-müəyyənlik bildirən yiyəlik halda olan ismi hal şəkilçisini (-ın4, -nın4) artırmaqla müəyyənlik bildirən yiyəlik hala çevir-mək olur. Məs: maşın təkəri – maşının təkəri, kənd yolu – kən-din yolu və s.
Qeyd: Samitlə bitən isimlər yiyəlik halda –ın4, saitlə bitən isim-lər isə -nın4 şəkilçisi qəbul edir. İkinci şəkildəki «n» samiti iki samit arasında işlənən bitişdirici samitdir.
-ın4 yiyəlik hal şəkilçisi ikinci şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə ononimdir. Məsələn, dəftərin cildi, aşığın sazı (yiyəlik hal); sənin dəftərin, sənin sazın (mənsubiyyət).
isimin hallari 
3) İsmin yönlük halı. Yönlük hal hərəkətin yönümünü, istiqamətini və ya son nöqtəsini bildirir. İsimlər yönlük halda samitlə bitən söz köklərində –a2, saitlə bitənlərdə isə –ya(«y» bitişdirici samitdir) şəkilçisini qəbul edir, kimə?, niyə?, haraya? Suallarından birinə cavab olur. Məs. Murada (kimə?), quzuya (nəyə?), kən-də (haraya?) və s.
Qeyd: Sonu a, ə açıq saitləri ilə bitən isimlər yönlük halda iş-lənərkən tələffüz zamanı həmin saitlər ahəngə uyğun olaraq qa-pa-lı saitlərdən (ı,i,u,ü) birinə keçir. Məs: dərəyə-[dəriyə], Şuşaya-[Şuşuya], kölgəyə-[kölgüyə], torbaya-[torbıya] və s.
4) İsmin tə'sirlik halı. Tə'sirlik hal hərəkətin obyektini, yə'ni hərəkətin hər hansı bir əşya üzərində icra olunduğunu bildirir. Yiyəlik hal kimi, tə'sirlik halın da iki forması var:
a) Müəyyənlik bildirən tə'sirlik hal. Bu halda olan isim müəyyənlik bildirərkən samitlə bitən isimlərdə – ı4, saitlə bitən isimlərdə isə – nı4 şəkilçisini qəbul edir, kimi? nəyi? bə'zən də haranı? suallarından birinə cavab olur. Məs: kitabı (nəyi?), Ceyhunu (kimi?), Bakını (haranı?) və s.
b) Qeyri-müəyyənlik bildirən tə'sirlik hal. İsim tə'sirlik halda qeyri-müəyyənlik bildirdikdə şəkilçisiz işlənir və ancaq nə? Sua-lına cavab olur. Məs: Mağazadan kitab (nə?) aldım. Maşın sər-nişin (nə?) daşıyır və s.
Qeyd: Qeyri-müəyyənlik bildirən tə'sirlik halda olan isimlərlə adlıq halda olan isimləri fərqləndirmək üçün aşağıdakıları yadda saxlamaq lazımdır:
a) Tə'sirlik halda qeyri-müəyyənlik bildirən ismi müəyyənlik bildirən isim kimi də işlətmək olur. Məs: Kəndə yol (nə?) çəkdilər – Kəndə yolu (nəyi?) çəkdilər. 
b) Tə'sirlik halda qeyri-müəyyənlik bildirən ismi cümlədə fe'l-dən uzaqlaşdırdıqda onu şəkilçisiz işlətmək mümkün olmur. Məs: Futbolçular qapıya top (nə?) vurdular – Futbolçular topu (nəyi?) qapıya vurdular.
c) Tə'sirlik halda qeyri-müəyyənlik bildirən ismin əvvəlinə o, bu əvəzliklərindən biri artırıldıqda həmin isim mütləq şəkilçi qəbul etməli olur. Məs: Həsən kitab (nə?) aldı – Həsən bu kitabı (nəyi?) aldı. 
5) İsmin yerlik halı. İsmin yerlik halı əşyanın və ya hərəkətin yerini bildirir, -da2 şəkilçisi ilə düzəlir və kimdə? nədə? harada? sual-larından biri-nə cavab olur. Məs: anada (kimdə?), kağızda (nədə?), dənizdə (harada?) və s. 
6)İsmin çıxışlıq halı. İsmin çıxışlıq halı hərəkətin çıxış nöqtəsini, başlanğıc yerini bildirir, -dan2 şəkilçisi ilə düzəlir, kimdən? nədən? haradan? suallarından birinə cavab olur. Çıxışlıq hal mə'-na-sına görə yönlük halın əksini ifadə edir.
Sonu n, m samitləri ilə bitən sözlərdən sonra çıxışlıq hal şəkilçisi (-nan2) şəklində tələffüz olunur. Məs: dostumdan (dostumnan), səpindən (səpinnən) və s. 

İSIMLƏRIN HALLANMASINA AID MISALLAR

A.     qələm      düyü         kəpənək     qonaq 
Y.     qələmin   düyünün    kəpənəyin   qonağın
Yön.  qələmə   düyüyə      kəpənəyə    qonağa
T.     qələmi      düyünü      kəpənəyi    qonağı
Yer   qələmdə   düyüdə     kəpənəkdə  qonaqda
Ç.     qələmdən  düyüdən   kəpənəkdən  qonaqdan
Qeyd: Sonu «q» və «k» samitləri ilə bitən çoxhecalı əsl Azər--baycan sözləri hallanarkən yiyəlik, yönlük və tə'sirlik hallarda q-ğ, k-y əvəzlənməsindən «Fonetika» bəhsində mə'lumat verdiyimizdən, burada təkrara ehtiyac görmədik.

BƏZI IKIHECALI ISIMLƏRDƏ SON SAITIN DÜŞMƏSI.

Dilimizin lüğət tərkibində elə ikihecalı sözlər var ki, onlara saitlə başlanan şəkilçilər artırıldıqda söz kökünün son sa-iti düşür. Məs: isim – ism-in, ism-i, ism-ə və s. Belə sözlər dili-mizdə çox azdır. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir.
1. İsim, qisim, cisim, nəsil, fəsil, şəkil, fikir, ətir, səbir, səfir, qədir, ömür, sinif, eyib, zehin, izin kimi ərəb-fars mənşəli sözlər.
2. Beyin, çiyin, ağıl, qarın, alın, oğul, burun, ağız, boyun kimi əsasən əsl Azərbaycan sözləri.
Ərəb-fars mənşəli yuxarıdakı sözlərə həm hal, həm də mənsubiyyət şəkilçiləri artırdıqda sözün kökündəki son sait düşür. Məs: ömür, ömrün, ömrə, ömrü, ömrün; şəkil, şəklin, şəklə, şəkli, şəklim və s.
Əsl Azərbaycan sözlərinə yalnız mənsubiyyət şəkilçisi artırdıqda köklərin son saiti düşür. Bu sözlər saitlə başlanan hal şəkilçiləri qəbul etdikdə söz kökləri dəyişməz qalır. Məs:
Hal şəkilçisi ilə Mənsubiyyət şəkilçisi ilə
Beyin-in quruluşu Uşağın beyn-i
Boyun-un arxası Sənin boyn-un
Çiyin-in əzələsi Onun çiyn-i

0 şərh