Biz dilimizdə hansı sözləri işlətməliyik?

Nəyə əsasən izah edək ki, bəzən ən müqəddəs milli sərvətlərimizi xarici sözlərlə adlandırırıq. Minilliklərlə milli düşüncəmizin təzahürü olan ifadələr dilimizdən uzaqlaşdıqca ruhumuzdan da, düşüncəmizdən də uzaqlaşır. Atalar sözü var: «Yadla görüşə-görüşə doğmalaşarsan, yaxınla görüşməyə-görüşməyə yadlaşarsan». Bizim türk əsilli, türk mənalı sözlərimiz tərəfimizdən unudularkən, minilliklərlə formalaşmış türk soy düşüncəmiz də unudulur.
Adlarımızın milliləşməsi yolunda Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun misilsiz rol oynadılar. Dilimizin milliləşmə­si nə qərarla, nə də kiminsə istəyi ilə ola bilər. Bunun üçün dilçi, filoloq və filosof alimlərimiz, ədiblərimiz birgə fəaliyyətdə olmalıdırlar. Dilin milliləşməsində göstərilən cəsarət səngərdə göstərilən cəsarətdən az hünər tələb etmir.
Biz müasir dilimizdə «Milli Himn», yoxsa «Millətə Alqış», «Dövlət Himni», yoxsa «Dövlətə Alqış», «dastan», yoxsa «boy», «aşıq», yoxsa «ozan», «ruh», yoxsa «qut», «intibah», yoxsa «qayıdış» deməliyik?

«Himn», yoxsa «alqış?»


Qədim türklər xalqı, dövləti, tanrını vəsf etdikləri nəğmələrə «alqış» dedikləri halda, biz onlara kütlə üçün mahiyyəti məlum, amma mənası naməlum olan «himn» deyirik. «Dövlət Himni», yaxud «Milli Marş» deməkdənsə, «Dövlətə Alqış», yaxud «Millətə Alqış» deməklə daha çox milli qürur oyatmarıqmı?
 

«Dastan», yoxsa «boy?»


Türk qədimdən tarixini yazmayıb, tarixini şifahi yaddaşında saxlamağa çalışıb, bunların yadda qalması və söylənməsi ozanlara həvalə edilmişdi. Minillərlə belə yanaşma özünü doğruldubsa da, sonralar həyat inkişaf etdikcə türk yaddaşı vəfasız çıxıb. Bir çox boylar, söyləmələr tarixi həqiqətlikdən uzaqlaşaraq unudulubdur.
Niyə biz milli, soy yaddaşımız olan «Koroğlu»nu İran dilin­dən gəlmiş «dastan» sözü ilə adlandırırıq, «Dədə Qorqud»u ərəb dilindən gəlmiş «kitab» sözü ilə adlandırırıq, yaxud da bunların ikisini də yunan dilindən götürülmüş «epos» sözü ilə adlandırırıq, axı bunları tam mənada əvəz edən bir sıra türkəsilli sözlərimiz var. Onlardan ən başlıcaları elə «Dədə Qorqud»un mətnində «boy», «söyləmə» kimi verilir. Niyə biz «Koroğlu» boyları, «Dədə Qorqud» boyları, yaxud «Koroğlu» söyləmələri, «Dədə Qorqud» söyləmələri deməkdən imtina etmişik?
 

«Aşıq», yoxsa «ozan?»


Niyə biz «Dədə Qorqud» boylarında «ozan dili çevik olur» ifadəsini oxuyuruq, amma «ozan» sözü əvəzinə ərəbdən gələn «aşıq» sözünü işlədirik? Bu halda söhbət ancaq «aşıq» sözünün ərəb mənşəyindən getmir. Biz bu məfhumun daşıyıcılarının tarixi missiyalarını da ucuzlaşdırırıq. Axı aşıq məhəbbəti vəsf eyləyən «aşiq» sözündəndir. Bəyəm «Dədə Qorqud», yaxud «Koroğlu» boyları-söyləmələri elə məhəbbətdənmi danışır? Axı qədim ozanlar bir çox halda heç, ümumiyyətlə, sevgi, məhəbbət boylarını, söyləmələrini çox da söyləməzdilər. Ozanların əsas missiyası türkün tarixindən, qəhrəmanlığından, vətənə məhəbbətindən, vətən torpağı uğrunda mübarizəsindən danışmaq idi «Ozan» sözü hətta Nizami Gəncəvidə də var. Maraqlıdır ki, qazaxlar «aşıq» demirlər, «akın» deyirlər ki, bu sözün də mənası «hərbi yürüşə getmək» deməkdir. Deməli, qədimdən «akınçılar» sevgi macəralarından deyil, torpağı qorumaqdan, hərbi cəsarətdən danışarmışlar.
Sual olunur ki, bəs «ozan» sözünün mənası nədir? A.Zayonçkovskiyə görə, «ozan» qədim türklərdə «çay» deməkdir. Bunun mənası odur ki, Herodota görə, qədim çar skiflərinin/quzların əsas tanrılarından biri «Su tanrısı» olub, adı isə Taqimasad və ya Tağımasad olub (Yunanların Poseydonuna bənzər). Orxon-Yeni­sey yazılarında da rast gəlirik ki, «Yer-su» oğuzların aparıcı tan­rılarından birinin adı olub. Şübhəsiz ki, qədim ozanlar tanrıçılıq dininin kahinləri olublar və məhz Su tanrısının şərəfinə belə adlanıblar. Bizcə, «ozan» sözünün başqa mənası da ola bilər. «Uz» kökü türk dillərində bacarıqlı, ustad, müdrik, bilikli, xeyirxah, dilli-dilavər deməkdir. «Ozan» sözünün «yozan» əslindən olması da inanılmalıdır. (Herodotda qədim skiflərdə xüsusi «yozan» rahiblərin mövcudluğu göstərilib). Ozanlar elə bu keyfiyyətlərə malik şəxslər olublar.
Bəlkə də «aşıq» ifadəsi elə ona görə kiminsə tərəfindən ortalığa atılıb ki, türk tarixini, qəhrəmanlığını, soy yaddaşını unutdursun. Sual versəm ki, görəsən, niyə aşıqlarımız «Dədə Qorqud», «Oğuzxan» boylarını söyləmirlər, deyəcəklər ki, bu ondan irəli gəlir ki, bunları tarixən söyləməyiblər. Nə olsun! Tarixən söyləməyiblər, indi söyləsinlər. Qırğızlarda indiyə qədər hər il «Manasçılar» toplantısı keçirilir. Niyə bizdə «Dədə Qorqud», «Oğuzxan» boyları, «Koroğlu» el məclislərində oxunmasın? Biz bunları «ozan» adlandırsaq, «ozan» sözünü qaytarsaq, onların söylədiklərini «dastan»dansa «boy» adlandırsaq, mövzularmı məhəbbətdən kənara çıxardıb, tarixi hadisələrimizə yönəltsək, bu, nəinki el sənətimizə yeni ruh, yeni can, yeni istiqamət vermiş olar, heç şübhə etmirəm ki, ilk əvvəl, türklük tariximizi, qan yaddaşımızı özümüzə qaytarmış olar, milli düşüncəmizə saflaşdırıcı təsir edər.
 

«Ruh», yoxsa «qut?»


Niyə biz «qut» sözünü dilimizə qaytarmaqdan çəkinirik? Axı bu söz Dədə Qorqudun adının tərkib hissəsidir, axı bu söz Yusif Balasaqunlunun əsərinin adıdır. «Qut» kəlməsi bütün qədim türk yazılarında mövcuddur və türk düşüncəmiz üçün çox müqəddəs, əziz sözdür. Biz isə «qut» sözünə laqeydlik göstəririk və dilimizə qaytarmaq istəmirik. Yəni biz öz tarixi sözlərimizə bu qədərmi yadlaşmışıq? Mahmud Kaşğarlının qeydlərinə görə «qut» sözü ləhcəsindən, dialektindən asılı olmayaraq bütün türk dillərinin müştərək sözüdür. «Qut» sözü Orxon-Yenisey yazılarının ən mötəbər sözlərindəndir. Yəni bu söz bütün türk dillərində tarixən mövcud olduğu kimi, yeni həyatımızda da mövcud olmalıdır. Bircə bu söz dilimizə nə qədər rəngarənglik gətirə bilər!
 

Qədim türk yazılarını necə adlandırmalıyıq: «runlar», yoxsa «alpabit?»


 Türk xalqlarının öz milli yazılarının, ən azı, V əsrdən möv­cudluğu məlumdur. Elm tərəfindən hələlik sübut olunmasa da, belə ehtimal etmək olar ki, bu hadisə daha əvvəllər baş verib. Bu yazılar əsasında məşhur Orxon-Yenisey və yüzlərlə başqa abidələr yazılıb. Əfsuslar olsun ki, türklərin özləri bu yazılarmı unut­muşdular və onu XIX əsrdə avropalı alim V.Tomson yenidən kəşf edərək dünya elminə və xüsusən də, türklərin tarixinin ən əzəmətli səhifələrini özlərinə qaytararaq böyük bir töhfə etmişdir.
Yazıları, yəni hərflər toplusunu dünyada hər xalq bir cürə adlandırır.
Biz bildiklərimizdən ruslar «Azbuka» («az» və «buka» birinci və ikinci rus hərflərinin adlarıdır), bir çox avropalılar «Alfavit» («alfa» və «betta» birinci və ikinci yunan hərflərinin adlarıdır), gürcülər «Anbani» («an» və «ban» birinci və ikinci gürcü hərflə­rinin adlarıdır), biz isə ərəb ənənəsinə əsaslanaraq «Əlifba» («əlif» və «bey» ərəb əlifbasının birinci və ikinci hərflərinin ad­larıdır) adlandırırıq. Gördüyümüz kimi, dünya elminin ənənəsinə görə milli əlifbanın adı bir çox hallarda birinci hərflərin adlarından ibarətdir.
Qədim türklərin hərflər toplusunu necə adlandırdıqları haqda mənbələrdə heç bir işarə yoxdur. Mahmud Kaşğarlının toplusunda «Əlifba»nın adı olmasa da, qeyd var ki, «hərf» sözünə qədim türklər «bit» deyiblər. Və Mahmud Kaşğarlıya görə, yazı ilə bağlı bir çox sözlərin əsasmı məhz «bit» kökü təşkil edir. «Bitiq=kitab», «bitiqaçı, bitiqçi=yazı yazan», «bitiqlik=savadlılıq», «bitiqu=mürəkkəb», «bitil=yazmaq», «bitit=yazdırmaq» və i.a. «Bitiq» sözü Gültəkin abidələrində də var. B.Çobanzadə Orxon-Ye­nisey kitabələrini «bitiq daşları» adlandırıb.
Bəs, bizcə, qədim türklər «əlifba» məfhumuna nə deyirdilər?
«A» qədim türk dillərində, V.V.Radlovun dediyinə görə, «böyük» deməkdir. «Al» sözünün mənası, indi olduğu kimi, neyisə almaq, götürmək deməkdir. «Alp» sözünün türk dillərində bir çox mənaları var, onlardan ancaq bəzilərini deməklə kifayətlənərdik: uca, oxatan, qəhrəman, igid, cəsarətli, çətinliklər, sınaqlar. «Alpa, alba» sözünün qədim türk dillərində mənası «mə­nimsəmək»dir. V.V.Radlov belə fikirdədir ki, «al» kökü ilə gətirilən sözlər türkəsillidir. Türk dillərinin etimoloji lüğətində bu sözlərin türkmənşəli olduğu onlarca başqa tədqiqatçılara istinadən qəbul edilir. Deməli, qədim türk dillərində «a» — böyük, «al» — almaq, «alp» — uca, qəhrəmanlıq, «alpa, alba» — öhdəçilik, məsuliyyət, məcbur etmək, güc işlətmək, mənimsəmək de­məkdir. Qədim türk dillərində «bit» hərf deməkdir. Belə halda, deməli, «abit» — böyük hərf, «albit» — hərflərə yiyələnmək, «alpbit» — igid hərflər, qəhrəman hərflər və nəhayət, «alpabit» «hərfləri mənimsəmək», yaxud «hərflərin qarşısında öhdəçilik götürmək", «hərflərin qarşısında məsuliyyət daşımaq» deməkdir. İnanmaq istəyirik ki, qədim türklər həqiqətən də hərfləri mənimsəməyə, onların qarşısında məsuliyyət daşımağa, onların qarşı­sında öhdəçilik götürməyə «alpabit» deyiblər.
Müəllif Həsən Əzizoğlu
Kitabın adı Türklüyümüz
loading...

0 şərh