Dilçilik və onun elmlər içərisində yeri

Dilçilik elmi dili tədqiq edir. Türklərin ilk ən böyük dilçisi XI əsr alimi Mahmud Qaşğarlıdır.

Dilçiliyin müxtəlif şöbələri var. Buna fonetika, leksi-kologiya, morfologiya və sintaksis aiddir. Dilçiliyin əsas sahələri isə bunlardır: etimologiya, lüğətçilik, dialektologiya.

1. Etimologiya

Mənşə sözünün sinonimi kimi işlənir. Yunanca etimou (əsl, həqiqət, sözün əsas mənası) və logos (təlim, elm) hissələrindən ibarətdir. Dilçiliyin bu sahəsi sözün mənşəyini, nədən törəməsini öyrənir. Etimologiya iki cürdür:

  • elmi etimologiya
  • xalq etimologiyası

Sözün əslini bərpa etmək, onun başqa sözlərlə və mənalarla əlaqəsini öyrənmək etimoloji təhlil adlanır:

  • Azərbaycan. Görkəmli türk tarixçisi Rza Nur bu sözü Xəzər tayfasının adı ilə bağlayır.
  • Qarabağ. Bu toponim də iki hissədən ibarətdir: qara bağ. «Qara» qədim dilimizdə «böyük» mənasındadır, «bağ» isə qədim türk tayfalarından birinin adıdır.
  • Arsak. İndiki Qarabağın qədim adıdır. Bu yer adı -toponim iki hissədən ibarətdir: ar sak. «Ər» sözü qədim dilimizdə igid, cəngavər, qoçaq mənasındadır, «sak» isə qədim türk tayfalarından birinin adıdır.

2. Lüğətçilik

Dilçiliyin təcrübi sahələrindən biridir. Lüğətlərin tərtib olunma, yaranma prinsiplərini öyrənir. Lüğətçiliklə (leksiko-qrafiya) məşğul olan mütəxəssis lüğətçi (leksikoqraf) adlanır. Məşhur lüğətçilər:

  • XI əsr — Mahmud Qaşğarlı. «Divanü lüğat-it-türk» (Türk dillərinin divanı — toplusu).
  • XIII-XIV əsrlər — Cəmaləddin ibn Mühənna, Hinduşah Naxçıvani, Hümam Təbrizi.
  • XIX əsr — Mirzə Məhəmmədəli Kazım bəy.
  • XX əsrin əvvəlləri — Sultan Məcid Qənizadə, Üzeyir Hacıbəyov, Qarabəy Qarabəyov, Əliağa Şıxlinski.
  • XX əsrin 40 -cı illəri — Heydər Hüseynovun rəhbərliyi ilə çıxmış «Rusca-azərbaycanca lüğət» (4 cilddə) və Əliheydər Orucovun müəllifliyi və redaktəsi ilə 1964-1987-ci illərdə nəşr olunmuş «Azərbaycan dilinin izahlı lüğəti» (4 cilddə) yaranır.

Digər lüğətlər də vardır: tərcümə lüğətləri, izahlı lüğətlər, terminoloji lüğətlər.

3. Dialektologiya

Məhəlli xarakter daşıyan dil təzahürlərini, yəni dialekt və şivələri (regionları) öyrənən dilçilik sahəsidir.

  • Ədəbi dildə: gəlir, alır, görür, qurur.
  • Qazax dialektində: gəler, aler, görör, quror.

Bədii əsərlərdə obrazların nitqini fərdiləşdirmək üçün işlədilən məhəlli sözlərə dialektizm deyilir.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

0 şərh