Nitq etiketləri

Hər bir xalqın öz milli təfəkkürünə, etnoqrafiyasına uyğun olaraq, müraciət, görüşmə, ayrılma, təbrik və s. formaları, ifadələri olur ki, onlara nitqetiketləri, yaxud nitqyarlıqları deyilir.

1) Müraciət etiketləri

Xanım! Cənab! Müəllim! Oğlum! Qızım! Əmi! Dayı! A bala! Qardaşoğlu! Bacıoğlu! Qardaş! Əzizim! Qadası! Dərdin alım! Başına dönüm!

Müsahib yaşca böyük olduqda, yaxud ortada tanışlıq olmadıqda ona “siz” deyə müraciət olunur.

Müraciət etiketləri iki yerə ayrılır:

  • rəsmi müraciət: Cənab prezident! Vətəndaş hakim!
  • qeyri-rəsmi müraciət: Oğlum! Qadan alım!

2) Görüşmə etiketləri

Salam! Salam-əleyküm! Əleyküm-salam! Xoş gördük! Gün aydın! Sabahınız xeyir! Axşamınız xeyir! Xoş gəlmişsiniz!

3) Ayrılma etiketləri

Xudahafiz! Əlvida! Salamat qalın! Sağ olun! Allah amanında! Gecəniz xeyrə qalsın! Xeyrə qənşər (qabaq, doğru) gedin! Uğur olsun! Yaxşı yol! Görüşənə qədər!

4) Təbrik etiketləri 

Təbrik edirəm! Gözünüz aydın! Mübarəkdir!

Mübarək olsun! (hamısının cavabında: Sağ olun!)

5) Alqışlar

Allah sizə kömək olsun! Yastığınız yüngül olsun! Allah rəhmət eləsin! Görüm neylim, necə eliyim deməyəsiniz!..

6) Qarğışlar

Allah öldürsün! Allah evini yıxsın! Gözün tökülsün!..

7) Söyüşlər

Səni yerə soxum! Üzünə tüpürüm!..

QEYD: Son illərə qədər fəal işlənən Yoldaş! Vətəndaş! müraciət formaları artıq qeyri-fəaldır. Halbuki son illərə qədər, demək olar ki, işlənməyən cənab sözü artıq geniş miqyasda yayılmışdır.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

0 şərh