Nitqin əsas keyfiyyətləri

NİTQİN  DÜZGÜNLÜYÜ. Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni formaca və məzmunca düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır.

Düzgün nitq qarşılıqlı anlamanın açarıdır. Nitqin düzgünlüyü onun qarşılıqlı anlaşılmasını, birliyini təmin edir. Nitqin bu keyfiyyəti olmasa, nitq ünsiyyətinin dəqiqlik, məntiqlilik, uyarlıq kimi kommunikativ keyfiyyətləri pozular. Düzgün nitq həmişə ədəbi dil normaları çərçivəsində fəaliyyət göstərir. Nitqin düzgünlüyü nitq-dil əlaqəsi əsasında anlaşılır.

Düzgünlük kommunikativ keyfiyyətdir. Nitqin düzgünlüyü onun qarşılıqlı anlaşılmasını, birliyini təmin edir. Düzgünlük nitqin struktur təşkilini müəyyən edir. Onun komponentlərinə təkrarlanma. yerləşdirilmə, birləşdirilmə və dəyişdirilmə daxildir.

Düzgünlük cəhətdən nitq iki formadadır: düzgün nitq və qeyri-düzgün nitq. Düzgün nitq gerçəklik haqqında məlumatın daha düzgün formasıdır. Düzgün olmayan nitq mətni anlamaq işini çətinləşdirə və ya strukturda ciddi pozulma yarada bilər, onun gerçəklik haqqında verdiyi məlumat dəqiq olmaz. Yanlışlıq qeyri-dəqiqlik törədir. Düzgün nitqin məzmunu qaydalı formalaşdığı və ifadə olunduğu üçün əlverişli sayılır, çünki hərəkidir.

Nitq mədəniyyəti qrammatik cəhətdən cümlələrin düzgün qurulması, sözlərin düzgün işlədilməsi, düzgün tələffüz edilməsi, fikrin aydın, dəqiq və məntiqi ardıcıllıqla ədəbi tələffüz normalarına uyqun ifadə etməyi bacarmaq deməkdir. N.Q.Çernışevskinin sözləri ilə desək, “ifadənin qeyri-dəqiqliyi və dolaşıqlığı, əlbəttə, fikrin dolaşıqlığına təsir göstərir. Dil şüurun ifadə formasıdır; dil düzgün deyildirsə, deməli, şüur da qüsurludur. Əgər dil (nitq) səliqəsiz və anlaşılmazdırsa, deməli, orada fikrin özü də qeyri-dəqiqdir».

Nitqin bu keyfiyyətindən bəhs olunarkən çox zaman göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Lakin nitqin düzgünlüyü üçün təkcə qrammatik qaydaları gözləmək kifayət deyildir. Qrammatikanı yaxşı bilən adamlardan elələrinə təsadüf edilir ki, onların nə yazdıqlarını oxumaq, nə də danışığını dinləmək, anlamaq mümkündür. Belələrinin nitqi cansız, təsirsiz və qüsurlu olur. Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Bunun üçün cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, oradakı fikirlər aydın olmalı, münasib sözlər seçilməli, həmin sözlər düzgün tələffüz edilməli, canlı sözün təsir gücünü artıran vasitələrdən yerində və məqsədəuyğun istifadə olunmalıdır. Nitqin düzgünlüyü üçün başlıca şərtlərdən biri ifadə edilən fikrin reallıqla bağlılığı, gerçəkliyin hadisə və predmetlərini olduğu şəkildə əks etdirməsidir. Reallıqdan uzaq, ona söykənməyən nitq hansı mövzuda olursa-olsun maraqsızdır, təsirsizdir, sönükdür.

Nümunəvi nitqin mühüm şərtlərindən biri də cümlələrin düzgün qurulmasıdır. Bu cəhətdən natiqin nitqi başqalarından fərqlənməlidir. O, dinləyicilərlə ünsiyyətin bütün formalarında fikrini dolğun, sanballı, aydın və təsirli cümlələrlə ifadə etməyi bacarmalıdır. Danışıq prosesində yaxşı cümlə qurmaq məqsədilə fikirləşmək və nümunəvi cümlələr düzəltmək mümkün deyildir və buna ehtiyac da yoxdur. Belə bacarıq xüsusilə natiqlərdə möhkəm nitq vərdişinə çevrilməli, nəzərdə tutulan fikir özünəmüvafiq forma ilə verilməlidir.

Nitqin düzgünlüyü yalnız o zaman təmin oluna bilər ki, nitq söyləyən şəxs bədii təsvir vasitələrindən, sinonimlərdən, obrazlı ifadələrdən, yeri gəldikcə atalar sözləri, zərb-məsəllərdən, aforizmlərdən məqamında bəhrələnsin.

Danışan bu vasitələrlə ən incə mətləbləri dinləyicilərə çatdıra bilməlidir. Belə obrazlı ifadələr yerində, məqamında işləndikdə nitq xoşagəlimli olur, onun bədiiliyi, təsir gücü artır.

Deməli nitqin düzgünlüyü üçün məntiqi və qrammatik cəhətdən düzgün qurulmuş cümlələr əsas götürülməklə ədəbi tələffüz qaydaları gözlənilməli, normal diksiya, nitq fasilələri, məntiqi vurğu nəzərdə saxlanılmalıdır.

NİTQİN TƏMİZLİYİ. Danışıq normalarından kənara çıxmayan, yararsız yad ünsürlərdən uzaq olan və milli ədəbi dilin qayda və qanunlarına uyğun gələn nitq təmiz adlanır. Belə nitq dil vasitələrinin təhrif olunması ədəbna, ədəbi dilin normalarından kənara çıxmağa yol vermir. Əlbəttə, hər bir şəxs öz nitqində həmişə bu tələbləri ödəyə bilmir. Bəzilərinin nitqi düzgün, təmiz olmur, kələ-kötür olur. Belə nitq dilin təmizliyinə zərbə vurur. Dilin, nitqin təmizliyinin pozulmasının müəyyən səbəbləri var. Bunun birincisi dialektizmlərdir. Bəzilərinin nitqində həddən artıq yerli şivə və dialekt sözləri işlədilir. İkincisi, nitqdə varvarizm, vulqarizm və jarqonizmlərdən istifadədir.

Heç bir ehtiyac olmadan nitq dialektizm, varvarizm, jarqonizm və əcnəbi sözlərlə yüklənir. Dialektizmlərin ədəbi nitqdə işlədilməsi və tətbiq olunması mümkündür. Azərbaycan həyatını, kəndini təsvir edən, milli kolorit yaradan hər bir yazıçı əsərində dialekt sözlərinə müraciət edir, dialekt leksikası işlədir. Bədii nitqdə dialektizmlərin işlədilməsinə çox ehtiyatla yanaşmaq lazımdır.

Bədii üslubdan kənarda dialektizmlərin işlədilməsi arzuolunmazdır. Elə ziyalılar var ki, onlar öz nitqlərində əcnəbi sözlərdən, dialektizmlərdən, loru sözlərdən, jarqonlardan bol-bol istifadə edir. Belə ziyalıların nitqini «ədəbilikdən uzaq ziyalı nitqi» adlandırmaq olar.

Bədii əsərlərdə dialektizmlərin tez-tez yersiz işlədilməsi özünü doğrultmur, onların xüsusən nəsr əsərlərində yersiz işlədilməsi fikrin asanlıqla anlaşılmasına maneçilik törədir.

Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır:

  • Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir:
  • Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. Bəzi hallarda natiqlər heç bir ehtiyac olmadan nitqlərini çətin, mənası çoxları üçün aydın olmayan terminlərlə doldururlar ki, nəzərdə tutulan fikir, məzmun bu terminlərin kölgəsində itib-batır, mətləb dinləyici üçün aydın olmur.
  • Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. Bəziləri danışıq zamanı qurmaq istədikləri cümlələri tamamlaya bilmir, zəruri sözləri tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən danışan yersiz fasilələr etmək məcburiyyətində qalır, mətnlə əlaqəsi olmayan sözlər, ifadələr işlətməli olur: əsas etibarilə, deməli, məsələn, türkün məsəli, ən azı, ona görə ki, beləliklə, adı nədir, adını sən de.
  • Jarqon sözlərin və ifadələrin işlədilməsi (məsələn; znaçit, voobşe, temboli, mejdu proçim) məqbul sayılmamalıdır.
  • Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq məqsədini daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, ifadələrə (anqırmaq, bağırmaq, soxuşdurmaq, xosunlaşmaq, donquldanmaq, qatıqlamaq, qanmaq, tülkü, ayı, eşşək, qoduq, heyvərə, alçaq, tupoy, qanmaz, gəbərtmək, qırıldamaq, burnunu soxmaq, kəllən haqqı, çərənləmək, başı girməyən yerə bədənini soxmaq, hırıldamaq, hürkmək, xoruzlanmaq və s.) yer verilməməlidir.

NİTQİN ZƏNGİNLİYİ. Nitqin zənginliyi dil və nitq əlaqəsi əsasında meydana gəlir. Nitqdə müxtəlif və təkrarlanmayan dil vahidlərinin işlədilməsi nitqi zənginləşdirir. Nitqdə eyni işarələr və işarələr həlqəsi nə qədər az təkrarlanarsa, nitq o qədər qazanar, zəngin olar. Bu, o deməkdir ki, dil strukturu nə qədər zəngin olarsa, nitq də o qədər zəngin olacaq. Nitqdə eyni dil ünsürlərinin yersiz təkrarlanması, eyni konstruksiya və formaların dalbadal verilməsi, düzülməsi, şablon ifadə vasitələrinə tez-tez müraciət nitqi zənginləşdirmir. Əksinə, bu, nitqin yoxsulluğu, kasıblığı deməkdir. Eyni cür danışıq tərzi, monoton intonasiya dinləyiciləri yorur, nitqi korlayır.

Nitqin zənginliyini və ya kasıblığını obyektiv mühakimə etmək üçün mətnin statistik təhlili, eyni üslubda yazan müxtəlif müəlliflərdən götürülmüş mətnlərin müqayisəsi aparılmalıdır.

Nitqin zənginliyi bütün üslublar üçün səciyyəvidir. Lakin bədii və publisistik üslublarda nitq zəngin, elmi üslubda isə zəifdir.

Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır. İnsan təfəkkürünün hüdudu sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə məhduddur. Natiq bu cəhəti nəzərə almalı, hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən — sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcazlardan, intonasiya, üslubi vasitələr və s.-dən məharətlə istifadə etməyi bacarmalıdır.

Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən biri də intonasiyadır. Bu o deməkdir ki, söylənilən fikirlər, onlara münasibət uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarına malik olsun, danışan intonasiya elementlərindən (məntiqi vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın və s. Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri, xitablar, ara sözlər, ara cümlələr və s. sintaktik quruluşların özünəmüvafiq formada, təbii şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır.

Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun məzmun cəhətdən dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ yeni olsun, həm də hərtərəfli şəkildə, sübutlarla, dəlillərlə, həyati misallarla, dinləyicini qane edəcək bir formada şərh edilsin.

NİTQİN AYDINLIĞI. Nitq üçün aydınlıq, səlislik və yığcamlıq yüksək qiymətləndirilir. Nitqin düzgünlüyü fikrin aydın ifadəsinin ilkin şərti sayılır. İnsan ifadə edəcəyi mövzu haqqında mükəmməl məlumata malik olub onu dərindən və yaxşı bilirsə, müvafiq dil vasitələri hesabına nitqində sözçülüyə yol verməz, fikrini maraqlı qurar, dolaşıq cümlələrə deyil, sadə, münasib cümlələrlə deyəcəyi faktları ifadə etməyi bacarar.

Nitqin aydınlığı tələffüzlə sıx bağlıdır. Dil səsləri öz məxrəcində deyilməsə, hecanın tələffüzdən düşməsi, normal intonasiyaya əməl olunmaması, bütün cümlələrin ya yüksək, ya da alçaq tembrlə deyilməsi, rəqəmlərin ardıcıl və sürətlə sadalanması, bəzi hərflərin sözlərin sonunda buraxılması şəxsin savadı, dünyagörüşü, mütaliəsi, söz ehtiyatının kəmiyyət və keyfiyyətcə azlığının nəticəsidir.

Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, deməli natiq öz məqsədinə çata bilməmişdir. Nitqin aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq obyekti haqqında mükəmməl məlumata malik olmasıdır. Natiq haqqında danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək üçün müvafiq dil vasitələri də tapa bilər. Bəhs olunan mövzular, hadisələr, əhvalatlar və s. barədə dərin, həm də ətraflı biliyə malik olan natiqlər daha maraqla dinlənilir, onların şərhində heç bir dolaşıqlıq, zidd fikirlər müşahidə olunmur. Belə adamlar sadə, aydın cümlələrlə, faktlarla, dəlillərə əsaslanaraq danışır və yazır, işlədilən hər bir sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun nə dərəcədə yararlı olduğunu aydın təsəvvür edirlər. Firudin bəy Köçərli nitqin aydınlığını təfəkkürün düzgün işləməsi, fikrin düzgünlüyü ilə əlaqələndirir: “Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur”.

Düzgün olmayan tələffüz — səslərin öz məxrəcində deyilməməsi, qarışdırılması, bəzən də səslərin, hecaların tələffüzdən düşməsi, məzmuna, məqsədə uyğun intonasiyaya əməl olunmaması və s. də nitqin aydınlığına xələl gətirən səbəblərdir. Normal nitq tempindən yavaş və ya əksinə, iti danışanlara təsadüf etmək çətin deyildir. Iti templə danışarkən sözlər yarımçıq tələffüz olunur. Belə nitqi eşitmək və qavramaq çətin olur. Sözlərin əvvəli və ya axırı “udulur”, səslər anlaşılmır. K.S.Stanislavski bu cür nitq haqqında demişdir: “Səsləri dəyişdirilmiş sözlər mənə ağzının yerində qulağı, qulağın yerində barmağı olan adam təsiri bağışlayır. Əvvəli aydın deyilməyən söz başı əzilmiş adam kimidir. Sonu eşidilməyən söz isə mənə ayaqları kəsilmiş adamı xatırladır. Ayrı-ayrı hərf və hecaların buraxılması əzilmiş burun, çıxarılmış göz və ya diş, kəsilmiş qulaq və bu kimi şikəstliklər təsirini bağışlayır. Bəzi adamlar ehtiyatsızlıq üzündən sözləri yapışdırıb, mənasız və formasız kütləyə çevirəndə mən balın üstünə düşmüş milçəyi xatırlayır və tutqun dumanda payız palçığı və çiskinini təsəvvürümə gətirirəm” . Nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca “dictio” sözündən alınmışdır, mənası sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunması deməkdir. Aydın və oxunaqlı xətt yazılı nitqin asan anlaşılmasına nə dərəcədə şərait yaradırsa, düzgün diksiya da şifahi nitqin başa düşülməsi, qavranılmasını o dərəcədə təmin edir.

NİTQİN İFADƏLİLİYİ. Nitqin ifadəliliyi ünsiyyət mühiti ilə dilin struktur sahələri və üslub sistemi ilə şərtlənir. İfadəli nitq təfəkkürlə, müraciət olunan şəxslə və dili yaxşı bilməklə onun ifadəlilik imkanlarını duyub qiymətləndirməklə əlaqədardır. Adi sözlərdən qurulmuş epitet, metafora, metonimiya, sinekdoxa və məcazlar ifadəliliyi, bədiililiyi gücləndirən vasitələrdir.

Nitq düzgün, dəqiq, təmiz, məntiqi olmaqla yanaşı, həm də mənalı, təsirli və ifadəli olmalıdır. Ünsiyyətin yaranmasında ifadəlilik kateqoriyası böyük əhəmiyyət kəsb edir.

İfadəlilik dilin əsas kateqoriyalarından biridir və geniş diapazona malikdir. Bu genişlik həm onun əmələgəlmə mənbələrinin rəngarəngliyindən, həm də təzahüretmə xarakterinin mürəkkəbliyindən irəli gəlir.

İfadəlilik kateqoriyasının nitqdə təzahürü son dərəcə mürəkkəbdir. İfadəlilik nitqdə nə cür gəldi, kor-koranə deyil, müəyyən dil qanun-qaydaları, nitqin formaları, funksional üslublar, janr növləri, hətta ayrı-ayrı fərdi üslubların xarakterinə müvafiq özünü göstərir.

İfadəlilik kateqoriyasının təzahüretmə səciyyəsi ən əvvəl nitqin yazılı və şifahi formalarda çıxış etməsi ilə bağlıdır. Şübhəsiz, nitqin hər iki formasında ifadəlilik keyfiyyəti dilin bütün sistemlərinin iştirakı sayəsində mümkünləşir. Lakin yazılı nitqdən fərqli dialoq və monoloqlardan ibarət olan şifahi nitq səslənən nitq olduğuna görə, burada ifadəliliyin meydana çıxması üçün daha geniş imkanlar açılır. Burada müxtəlif xarakterli dil vahidləri ilə yanaşı, insanın psixoloji-fizioloji sistemi və səs cihazı da fəaliyyətdədir. Nəfəs, səs, diksiya və s. anlayışlardan ibarət olan bu səs cihazı müəyyən qaydalar və vərdişlərin məcmusu vasitəsilə dili konkret ünsiyyət şəraitində reallaşdırır. Səs cihazı intonasiya, vurğu, pauza, orfoepiya, temp, ritm, tembr, mimika, hərəkət kimi anlayışlarla birləşib, nitqin texnikası adlı bir sahəni təşkil edir. Həmin sahə nitq mədəniyyətinin əsas bölmələrindən biri olub, şifahi nitqin daxili, səslənən tərəfinin ifadəlilik keyfiyyətinin yaranmasına xidmət edir.

İfadəlilik ifadəli olma, yaxşı və aydın ifadə etmək deməkdir. Bu, dilin söz xəzinəsinə, onun qanun-qaydalarına yaxşı bələdlilik, fikrin ifadəsində onlardan məqsədəuyğun istifadə edə bilmək bacarığı ilə bağlıdır. Nitq vərdişlərini möhkəmləndirmək üçün sistematik məşğul olmaq lazımdır. İfadəli nitq üçün bacarıq və vərdiş əsas şərtdir. İfadəli nitqi dinləyənlər onu asanlıqla qavrayır və mənimsəyirlər, yaddaşlarında uzun müddət qalır. Mükalimələrin əvvəlində, ortasında və sonunda eyni sözlərin təkrarı, qoşa sözlərin işlədilməsi, nitqdə ədəbi tələffüz normalarına düzgün əməl olunması, danışıqda fasilə və durğulardan düzgün istifadə kimi cəhətlər nitqin ahəngdarlığına müsbət təsir göstərir, musiqililiyini gücləndirir.

Nitq düzgün, təmiz, məntiqli olmaqla yanaşı, həm də mənalı, təsirli və ifadəli olmalıdır. İfadəlilik dilin əsas kateqoriyalarından biridir. İfadəlilik keyfiyyətinin əmələ gəlməsində dilin bütün sistemləri iştirak edir: fonetika, leksika, semantika, qrammatika, intonasiya, üslubiyyat.

İfadəliliyin müxtəlif tipləri var. Bunun üç əsas şərtini göstərmək olar: ilk şərtlərdən biri ünsiyyət mühitidir. Müəllimin nitqinin ifadəliliyi siyasi natiqin və ya diplomatın, vəkilin məhkəmədəki ifadəliliyindən, məruzəçinin nitqinin ifadəliliyindən fərqlənir. İkinci əsas şərt dilin struktur sahəsidir, tələffüz, leksik, sözyaratma, morfoloji və sintaktik normalarla, intonasiya ilə bağlıdır. Üçüncü şərt üslubi ifadəlilikdir.

Nitqin ifadəli olması müəyyən şərtlərlə bağlıdır: birincisi, ayrı-ayrı şəxslərin nitqinin ifadəliliyi təfəkkürün müstəqilliyi, nitq müəllifinin şüurlu fəaliyyəti ilə əlaqədardır. İkinci şərt nitq müəllifinin hazırlığıdır. Danışan və ya yazan bilməlidir ki, nə haqda danışır, yazır və ya onun danışdığını və yazdığını kim bilməlidir. Belə olmasa, nitq söyləyənin danışığı dinləyicilərə maraqsız görünəcək. Üçüncü şərt dili yaxşı bilmək və onun ifadəlilik imkanı ilə əlaqədardır. Dil haqqında belə bilik elmin köməyi olmadan əldə edilə bilməz. Buna görə də səsləri, vurğunu, sözləri, cümlə üzvlərini, intonasiyanı bilmək vacibdir. Dördüncü şərt dilin üslublarını bilməklə bağlıdır: bədii, elmi, işgüzar, publisistik, danışıq-məişət və s. Bu üslubların hər birində ayrı-ayrı söz qruplarından, dil vasitələrindən istifadə edilir. Beşinci şərt nitq vərdişlərinə sistematik və şüurlu münasibətdir. Əsas vasitə nümunəvi mətnin diqqətlə oxunuşu, bədii, elmi, publisistik və s. üslublarda ifadəli danışmağı bacaran adamların nitqini dinləməkdir. Öz nitqinə nəzarət etməyi öyrənmək lazımdır. Hər bir adamın öz-özünü nəzarət etmək vərdişinə yiyələnməsi vacibdir. Altıncı şərt beşinci ilə əlaqədardır. Müəllif nitqi şüurlu, məqsədlidir. Yeddinci şərt ayrı-ayrı adamların iradə, istək və şüurundan asılı olmayaraq obyektivdir. Nitqin əsas mənbələrindən biri leksikadır.

NİTQİN MƏNTİQLİLİYİ. Obyektiv gerçəkliyi doğru, dürüst əks etdirən hökm, fikir məntiqə əsaslandığı üçün “məntiqi nitq” adlanır. Məntiqlilik nitqin ən mühüm keyfiyyətidir. Elmi informasiya məntiqə əsaslanır, insanlar onu dərk etməkdə çətinlik çəksələr də, fikrin düzgünlüyü və həqiqiliyi kimlərdəsə şübhə doğurmur.

Nitqin məntiqiliyi həm də onun kompozisiyası ilə tamamlanır. Bu danışandan bir neçə vacib şərti gözləməyi tələb edir.

  1. Mümkün olduğu halda öz fikrini yığcam ifadə etməyi;
  2. Fikrini çatdırarkən dinləyicinin diqqətini nitqin predmetinə yönəltməyi.

Kommunikativlik keyfiyyəti kimi məntiqlilik dəqiqliklə əlaqədardır. Onların ümumi cəhətləri çoxdur. Bunlar nitqin konkret aktında birgə çıxış edir. Qarşılıqlı əlaqə onlar arasındakı fərqi aradan qaldırır. Dəqiqlik mətnin mənasını, nitqin semantik bütövlüyü və toplusuna münasibəti qiymətləndirir, məntiqlilik isə nitqin semantik strukturu və onun təşkili ilə səciyyələnir. Dəqiqlik kimi, məntiqlilik nitqin əlverişliliyi, hərəkiliyi və uyğunluğu kimi keyfiyyətləri formalaşmasının bazasıdır.

Məntiqliliyin qanunauyğun şərtləri var. Onlar, əsasən, ikidir: dilxarici və dildaxili (linqvistik). Məntiqliliyin dilxarici şərti mühakimənin məntiqinə yiyələnmək, normaların prinsiplərinə uyğun düzgün düşüncə, yeni həqiqət axtarmaqla, dildaxili şərt isə mənanın bağlılığına təsir göstərən və nitqin strukturunun elementlərinə zidd olmama, dil vasitələrini bilməklə bağlıdır. İkinci şərt kommunikativ nitq səviyyəsində hərəkətlə əlaqədardır.

Düşüncənin məntiqliliyi daxili nitq prosesində həyata keçir, onun nəticəsi sonralar ünsiyyət zamanı zahiri nitqə çevrilir.

Deyilmə səviyyəsində qanunauyğunluğun şərtləri: birinci, bir sözün digər sözlərlə əlaqəsində ziddilik olmamalıdır, ikinci, nitqin məntiqi olmasının vacib şərtlərindən biri də cümlədə sözlərin sırasıdır, üçüncü şərt onun leksik əlaqələrinin bəzi cəhətləri, məntiqi əlaqənin və deyilmənin hissələri arasında münasibətin vacib ifadə vasitəsi kimi köməkçi nitq hissələridir.

Mətnin məntiqi təşkilinin bütövlüyü və möhkəmliyi, bir nitq hissəsinin digərinə keçməsinin aydın ifadə olunması nitqin məhdud bütovlükdə daxili sabitliyinə və tamamlanmasına kömək edə bilər. Belə bütövlük barədə Platon gözəl demişdir: «Hər nitq canlı varlıq təsiri bağışlamalıddır, elə tərtib olunmalıdır ki, sanki varlıqdır. Onun bədəni, başı və ayaqları ilə birgə olmalıdır. Belə ki, gövdə və əl-ayaq bir birinə yaraşmalı və bütövlüyə uyğun gəlməlidir».

Məntiqlilik elmi nitqin ən mühüm keyfiyyətlərindən biridir. Elmi nitqin müxtəlif formaları elmi axtarışların məntiqi haqqında məlumat vermək və yeni elmi biliyin nitqdə formalaşdırılması kimi mövcuddur. Yeni elmi informasiya aydın olmalıdır ki, onu başqa adamlar dərk edə bilsinlər, onun düzgünlüyü və həqiqiliyi qəbul edilsin. Elmi nitqin əsas janrları məqalə, məruzə, mühazirə, monoqrafiyadır.

Bədii nitqdə məntiqlilik xüsusi səciyyəlidir. Burada düzgün təfəkkürün qanunları gözlənilməlidir. Bədii mətndə, sözsüz, ardıcıllıq, izahın ziddiyyətsizliyi, deyilən fikirlər arasındakı əlaqə aydın ifadə olunmalıdır. Lakin məntiqlilik meyarı bədii fikrin ifadəolunma tələblərini çətinləşdirir. Bədii nitqdə məntiqlilik daxili birlik kimi mövcuddur, daha doğrusu, iki görkəmli müəllifin qarşılıqlı əlaqəsidir. Konkret ədəbi janr şəraitində gerçəkliyin əksi və bədii ideyanın ifadəsidir.

Bir-biri ilə qarşılıqlı əlaqədar olan üç mənbəyi nəzərə almaq lazımdır: gerçəkliyin məntiqi, fikrin məntiqi və nitqin məntiqi. Ziddiyyət gerçəkliyin dialektik məntiqinə daxildir. Bu, nitqin təşəkkülü, müəyyən şəklə salınması ilə ölçülür. Nitq deyimində, əsərlərdə fikrin məntiqliliyi birbaşa, açıq və ardıcıllıqla ifadə olunmalıdır. Fikrin məntiqliliyi deyəndə gerçəklik obyektlərinin, faktlarının əksinin düzgünlüyü nəzərdə tutulur. Onların əlaqəsi ümumi-fərdi, səbəb-nəticə, uyğunluq-fərqlənmə, mahiyyət-görünüş, məzmun-forma, tabelilik-tabesizlik və s. gümanlara, dəlillərə əsaslanır. Müəllif bədii əsərində, Belinskinin sözləri ilə desək, «sübut etmir, amma göstərir, daha dəqiq göstərməklə sübut edir».

NİTQİN AHƏNGDARLIĞI. Nitqin ahəngdarlığı deyiləndə onun səlisliyi, gözəlliyi, axıcılığı, rəvanlığı gözlənilməklə materialın alçaq tondan başlayaraq, uca tona doğru yüksəlməsi, eyni zamanda avazın, tempin dəyişməsi, dinləyiciləri özünə cəlbetmə qabiliyyəti, dilin fonetik imkanlarından bəhrələnməklə cümlədə eyniköklü üzvlərin ardıcıl sıralanması və sadə fikirlərin mürəkkəbə doğru faktlar və rəqəmlərlə ahəngdar verilməsi nəzərdə tutulur.

Estetikakın ən mühüm kateqoriyalarından biri də ahəngdarlıqdır. Estetika ədəbli, incə, mülayim, hazırcavab və bədii-emosional müxtəliflikdir. Nitqdə ahəngdarlıq deyəndə nitqin uyğunluğu, səlisliyi, gözəlliyi başa düşülür. Ahəngdarlığı təmin edən xüsusiyyətlər bunlardır: 1. Azərbaycan sözləri üçün açıq hecalar səciyyəvidir. Açıq hecalar yüksək intonasiya ilə tələffüz olunur. Bu da, şübhəsiz, nitqin ahəngdarlığına, uyğunluğuna, axıcı və musiqili olmasına təsir göstərir. 2. Azərbaycan sözlərində saitlər, sonor və cingiltili samitlər işlənmə tezliyinə və kəmiyyətinə görə fərqlənir. 3. Ahəng qanununun nitqin uyarlığında rolu böyükdür. 4. Cümlədə eyniköklü üzvlərin ardıcıl sıralanması nitqin ahəngdarlığına imkan yaradır. K.S.Stanislavskinin dediyi kimi, “danışıq, şeir özü də musiqi kimidir, mahnıdır. Danışıqda da, şeirdə də səs məlahətli olmalıdır. Skripka kimi səslənməlidir, taxtaya dəyən noxud kimi taqqıldamamalıdır”.

NİTQİN DƏQİQLİYİ. Dəqiqlik nitqin ilk və əsas şərtidir. Dəqiqlik, bir tərəfdən, nitqin gerçəklik və təfəkkürlə əlaqəsinin, digər tərəfdən, fikrin dil vasitələri ilə düzgün verilməsinin göztəricisidir. Dəqiq söz işlətmə dilin leksik sistemində olan sözlərin semantikasını, sinonimliyi, çoxmənalılığı, terminləri, müxtəlif funksional üslubları və qrammatik formaları yaxşı bilməyi tələb edir. Dilin sinonimlik imkanlarından istifadə edərək lazım olan sözün seçilib işlədilməsi nitq üçün çox vacibdir.

NİTQİN YIĞCAMLIĞI. Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur.

Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır. Bu, nitqdə sözçülüyə, uzunçuluğa qarşı qoyulan bir anlayışdır. Sözçülük, əsasən, iki formada özünü göstərir: a) nitqdə artıq, lüzumsuz sözlərin, ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə dəfə ifadə olunması; b) çox danışmaq, uzunçuluq, çərənçilik. “Çox yeməkdən, çox danışmaqdan və çox yatmaqdan uzaqlaşmalıyıq” (İslamın prinsiplərindən).

Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs özünün və başqasının danışığına (eləcə də yazısına) bu cəhətdən tənqidi münasibət bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı bacarmalıdır.

Fikri əhatə etməklə qısa demək bacarığı istedad əlamətidir. İstedadla bağlı olan yığcamlıq söz söyləyəndən deyəcəklərini ölçülü-biçili, geniş mətləbləri yığcam şəkildə deməyi, vaxt almamağı, təkrarçılıqdan qaçmağı, məlum olanları yenidən xatırlatmamalı, başqalarını yormamağı tələb edir.

Yığcam nitq danışandan dərin bilik, həssas düşüncə, zəngin lüğət ehtiyatı tələb edir. Yığcamlıq məzmunu dolğun əhatə edən adekvat formadır. Burada fikir geniş, sözlər az, məna dərin olmalıdır. Babalarımız həmişə yığcamlığı gözləmiş, uzunçuluğa, yoruculuğa qarşı mübarizə aparmışlar. Məsələn, “uzun sözün qısası” (Atalar sözü), mənası genişdir, qafiyəsi dar.

Yığcamlıq nitqin bəzəyidir, təsirliliyidir. «Yığcamlıq nitqi qüvvətləndirir. Elə ifadələr var ki, günəş şüalarına bənzəyir, nə qədər çox olursa, o qədər şiddətlə yandırır» (H.Suit); «Yığcamlıq ağlın bacısıdır» (A.P.Çexov).

FİKRİN SADƏLİYİ. Nitqin aydın, asan, anlaşıqlı, düzgün olması tez başa düşülməsinin rəhnidir. Sadə nitq hər cür sünilikdən, yalançı pafosdan, qondarma ifadələrdən, təmtəraqdan, ibarəçilikdən, əllaməçilikdən uzaq nitqdir. «İfadə nə qədər gözəl olarsa, fikir və hisslər o qədər zərif olar» (D.N.Pisaryev).

Nitqin sadəliyi üçün yığcamlıq, aydınlıq, anlaşıqlıq və cümlənin qısalığı əsas şərtdir. Vaxtilə Flober yazırdı: «Əgər cümləni qısaltmaq mümkünsə, qısalt. Bunu həmişə etmək olar. Ən yaxşı cümlə? — Ən qısa cümlədir».

“Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb cümlələrdən qaçmaq, məzmunu mümkün qədər sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun.

Dinləyicilərin ümumi səviyyəsinə uyğun olmaqla hər cür qondarma, süni ifadələrdən, təmtəraqlı, gurultulu, yabançı pafosdan, gerçəkliyi əks etdirməyən söz birləşmələrindən (vicdanın böyük heykəli, ölməzlik zirvəsi, şeirin günəşi, kadr potensialı və s.) istifadə nitqin sadəliyi baxımından məqbul sayılmır.

NİTQİN MÜNASİBLİYİ . Dil ünsiyyəti müxtəlif şəraitdə, müxtəlif tərzdə və məzmunda olur. Nitq məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə və s. görə müxtəlif şəkildə təzahür edir.

Nitqin münasibliyi deyəndə aşağıdakılar nəzərə alınmalıdır: Ünsiyyət neçə şəxs arasındadır?; Natiq (müəllim və başqaları) yığıncaqdamı, auditoriyadamı danışır, mühazirə oxuyur, yaxud radio və ya televiziya vasitəsilə çıxış edir?; Danışan kimdir?; Kimə müraciət olunur?; Dinləyən kimdir?: uşaqdırmı?, ağsaqqaldırmı?, məktəblidirmi?, tələbədirmi?, alimdirmi?; Savadı, təhsili necədir?; İxtisası nədir?; Nitqin məzmunu, məqsədi, istiqaməti necədir?; Danışan nə haqda məlumat verir?; Nəyi sübut etmək istəyir?; Dinləyiciləri nəyə sövq edir və ya nədən çəkindirmək fikrindədir? və s. Qarşıya qoyulan məqsəddən, dinləyicilərin tərkibindən, səviyyəsindən və s. asılı olaraq nitqdəki sözlər, ifadələr, sintaktik konstruksiyalar müxtəlif olur.

NİTQİN RABİTƏLİLİYİ. Natiq fikrini sərbəst, aydın, ardıcıl, yığcam və təsirli ifadə edə bilmək üçün ədəbi tələffüz qaydalarını gözləmək, cümlələri düzgün qurmaq, sözləri yerli-yerində işlətməklə yanaşı, nəzərdə tutduğu məzmunu özünəmüvafiq forma ilə ifadə etməyi də bacarmalıdır. Başqa sözlə, nitq həm də rabitəli olmalıdır.

Nitqin rabitəliliyi üçün aşağıdakılara əməl edilməlidir:

  1. Nitq məzmunca dolğun olmalıdır. Bunun üçün natiq nitqin predmetini -haqqında danışacağı (və ya yazacağı) əşyanı, hadisəni, əhvalatı və s.-ni yaxşı mənimsəməli, onun mahiyyətini hərtərəfli dərk etməlidir. Əgər şərhçi beynəlxalq aləmdə baş verən hadisəni, onu doğuran səbəbləri özü yaxşı bilmir, aydın təsəvvür etmirsə, həmin hadisənin nə ilə nəticələnəcəyi proqnozunu verə bilmirsə, onun söhbəti, şübhəsiz ki, dinləyici üçün qənaətləndirici ola bilməz. Başqa bir misal. Əgər müəllim təhlil edəcəyi bədii əsəri oxumayıb, onun haqda başqalarının fikirləri əsasında təhlil aparır, rəy söyləyirsə, bu, lazımi effekti verə bilməz.
  2. Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır.Başqa cür desək, fikrin izah olunması ardıcıllığı məntiqə əsaslanmalıdır. Məsələn, tutaq ki, mühazirəçi Azərbaycan dilinin orfoqrafiyası barədə danışmağı (yazmağı) planlaşdırmışdır. O, fikirlərini belə bir ardıcıllıqla şərh etməlidir.
  • Orfoqrafiya haqqında məlumat, orfoepiya anlayışı
  • Orfoqrafik qaydalara əməl olunmasının vacibliyi.
  • Orfoqrafiyanın orfoepiya ilə əlaqəsi. Onların oxşar və fərqli cəhətləri.
  • Azərbaycan dili orfoqrafiyasının tarixi, onun formalaşması və inkişafı.
  • Müasir Azərbaycan dili orfoqrafiyasının əsas qaydaları:
  1. saitlərin təsnifatı;
  2. samitlərin təsnifatı;
  3. bəzi qrammatik formaların yazılış qaydaları.

Belə bir ardıcıllıqla şərh olunan material, söylənilən fikir yaxşı dinlənilir, asan başa düşülür. Əks halda nitqdə rabitə pozulur, fikirdə ümumi bir qarışıqlıq yaranır, deyilənlər çətin anlaşılır, yadda qalmır.

  1. Danışan (yazan) əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarmalıdır. Natiq şərhində əsas məsələ üzərində xüsusi dayanmalı, söhbətin mahiyyətini dinləyiciyə çatdırmalıdır. Onun nəzərində tutduğu məsələdə ikinci dərəcəli fikirlər əsas fikrin izahına, anlaşılmasına kömək etməlidir. Amma bəzən nitqdə bu tələb gözlənilmir. Danışan mövzuda az əhəmiyyətli məsələlər üzərində daha çox dayanır, uzunçuluğa yol verir ki, belə nitqdə fikir zəif və natamam ifadə olunur. Əsas fikri çatdıra bilməyən natiqin nitqi, şərhi maraqsız olur, dinləyici belə söhbətdən tez can qurtarmağa çalışır.
  2. Natiq öz sözü, cümləsi, düşüncəsi, üslubu ilə danışmalıdır. Özgə dili ilə, hazır cümlələrlə danışmaq nitqin keyfiyyətini aşağı salır, onu canlılıqdan məhrum edir. Natiq məlum olanları şərh etdikdə belə onları öz dili -ifadə tərzi ilə daha bitkin, daha maraqlı bir formada dinləyicilərə çatdırmağı bacarmalıdır.

NİTQİN ORİJİNALLIĞI. Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə özünəməxsusluqdur, bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır. Nitqin orijinallığı bir neçə cəhətdən özünü göstərir ki, bunlardan birincisi fərdi tələffüz tərzidir. Nitqin tələffüz baxımından fərqlənməsi, nəzərə çarpması aşağıdakı amillərlə daha çox bağlı olur:

  1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü.
  2. Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü.
  3. Bir qədər ucadan, aramla danışmaq və oxumaq.
  4. Bir qədər astadan danışmaq, nitq fasilələrində daha münasib sözlər fikirləşib tapmaq və nitqini davam etdirmək.
  5. Danışıq və xüsusən oxu prosesində intonasiya çalarlarından daha bacarıqla, məzmuna uyğun şəkildə istifadə edə bilmək.
  6. Danışanın səciyyəvi söz, ifadə, sitat, sintaktik konstruksiyalar, frazeoloji ifadələr, aforizmlər, atalar sözü, zərb-məsəllər və s. işlətməsi, nitqin xüsusi tərzdə qurulması.

Nitqin orijinallığını təmin edən vasitələrdən biri də bədii təsvir vasitələridir. Bədii təsvir vasitələrindən (məcazi mənada işlədilən söz və ifadələr, təşbeh, metafora, mübaliğə və s.; müxtəlif üslubi priyomlar — sözlərin təkrarı və ya buraxılması, inversiya, ritorik-natiqanə suallar və s.) yerində, həm də uyarlı bir şəkildə istifadə nitqi təsirli, parlaq, obrazlı etməklə bərabər, ona orijinallıq da gətirir. Həmin vasitələrdən nitqdə istifadə bacarığına yiyələnmək üçün natiq müntəzəm olaraq bədii əsərləri mütaliə etməli, yazıçı və şairlərin dilindəki natiqlik sənəti baxımından daha yararlı və münasib söz və ifadələrə, digər təsvir vasitələrinə diqqət yetirməli, onlardan yeri gəldikcə istifadə etməyə çalışmalıdır. Volterin təbirincə desək, “adamlar yaxşı yazıçıları mütaliə etdikcə, yaxşı danışmağa vərdiş edirlər”.

NİTQİN EKSPESSİVLİYİ VƏ EMOSİONALLIĞI. Ekspressivlik (mənalılıq, təsirlilik, ifadəlilik) nitqin obrazlığı, emosional keyfiyyəti, təsirliliyi deməkdir. Emosionallıq (həyəcan) emosiyanın ifadə edilməsi, emosiya ilə dolu olan, həyəcanlı, tez təsirlənən, tez mütəəssir olan mənadır.

Ekspressivlik, emosionallıq və obrazlılıq bir-bir ilə əlaqədardır, onlar birgə təzahür edir. Emosionallıq ancaq patetik çıxışlarda, qızğın və coşqun nitqlərdə, məntiqi ardıcıllıq və təmkinlə söylənilən mühazirələrdə özünü göstərir.

Ekspressivlik dilin bütün səviyyələrində müxtəlif vasitələrin köməyi ilə əldə edilir: fonetika, intonasiyanın ünsürləri (ton, vurğu, temp, fasilə və s.); leksika (sinonim, antonim, frazeologizm və s.); morfologiya (zaman, növ, şəkil, nida və s.); sintaksis (nəqli, əmr, elliptik, ritorik sual və s. cümlələrlə); ekspressivliyə xidmət edən vasitələrlə.

Emosionallıq yaradan başlıca dil vahidləri bunlardır:

  • hiss adları olan sözlər (təəssüf, kinayə, sevinc və s.);
  • deyilən fikrə danışanın emosional münasibətini ifadə edən səciyyələndirici sözlər (alçaq, şərəfsiz, dələduz, fırıldaq, əziz);
  • neytral sözlərdə emosional qiymətləndirici sinonim kimi işlənən sözlər (qaçmaq-əkilmək, getmək - sürüşmək, ölmək-gəbərmək, cəhənnəmə vasil olmaq və s.);
  • məcazi mənalı sözlər və birləşmələr;
  • sintaktik və morfoloji ekspressiv vasitələr (ritorik fiqurlar, emosional qiymətləndirici şəkillər və s.;
  • emosional nidalar və ədatlar (heyhat, əfsus, yazdı ki, ay gəldi ha). Emosional boya əlavə məna çalarıdır. Emosional boya dil faktı, dil hadisəsidir. Emosionallığın “rəngli” növləri üslubi cəhətdən neytral olan nitq fonunda təzahür edir. Sözün bütün emosional boyalarını iki böyük qrupda əks etdirmək olar:
    a) müsbət çalarlı emosional boyalar (təntənəli, dəbdəbəli, adi və s.);
    b) mənfi çalarlı emosional boyalar (etinasızlıq, dolama, həqarət və s).

0 şərh