Samitlər

Səs tellərinin iştirakına görə samit səslər iki növə bölünür: kar, cingiltili.
1) Kar samitlərin yaranmasında səs telləri iştirak etmir və ona görə də təkcə küydən ibarət olur.
Dilimizdə 11 kar samit var: [ç], [f], [h], [x], [k], [p], [s], [ş], [t], [k`], [x`]. Son iki səsin hərfi işarəsi yoxdur.
2) Cingiltili samitlərin yaranmasında səs telləri iştirak etdiyi üçün küylə yanaşı avaz da olur.
Cingiltili saitlərin sayı 14-dür: [b], [j], [d], [g], [ğ], [c], [q], [l], [m], [n], [r], [v], [y], [z].

Yadda saxla!
Dilimizdə 25 samit səs var. Bunlardan 23-nün yazıda xüsusi işarəsi var.
Səslərdən [k`], [x`] səslərinin xüsusi işarəsi yoxdur. [q] samitinin kar qarşılığı olan [k`] samiti alınma sözlərdə işlənir. Əlifbamızda bu səsin adı –ka kimi göstərilir. Kolxoz, kartof sözlərindəki [k`] səsini kənd, köz sözlərindəki [k] ilə qarışdırmaq olmaz.
[h] kar samitin cingiltili qarşılığı, [l], [m], [n], [r] cingilitili samitlərinin isə kar qarşılığı yoxdur.
[l], [m], [n], [r] samitləri sonor samitlər adlanır. [m], [n] samitlərinin tələffüzündə hava axını burun boşluğundan çıxdığı üçün burun samitləri də adlanır.
ka və ke samitlərini qarışdırmamaq üçün ka-da ştrixdən (`) istifadə olunur: [k`]

Sonu cingiltili samitlə bitən sözlərin yazilişi və tələffüzü

Sonu b, d, g, c samitləri ilə bitən sözlərdə tələffüz zamanı iki fərqli cəhət yaranır:
1) Yazıldığı kimi tələffüz olunur. Bu zaman həmin söz ya saitlə başlayan şəkilçi qəbul edir, ya da özündən sonra gələn söz saitlə başlayır. Məs: corabı, tüfəngin, qılınc oynatmaq, palıd ağacı.
2) Həmin samitlər kar qarşılığı kimi tələffüz olunur. Bu zaman həmin sözlər ya samitlə başlayan şəkilçi qəbul edir, ya da özündən sonra samitlə başlayan söz gəlir. Bu cür sözlər şəkilçisiz işləndikdə də kar tələffüz olunur. Məs: bulud topası [bulut topası], buludlu [bulutdu], corab [corap] və s.

Yadda saxla!
Sonu c samiti ilə bitən sözlər d, l, t, z, s, n samiti ilə başlayan şəkilçi qəbul edərsə c samiti [ş] kimi tələffüz olunur. Məs: əlacsız [əlaşsız ] və. s
Sonu z samiti ilə bitən bəzi sözlər də kar tələffüz olunur.Məs:yersiz cavab, [yersis cavap], almaz [almas], palaz [palas] və s.
Tələffüz zamanı dəyişikliyə uğrayan hərf orfoqram adlanır.

0 şərh