Sifət,sifətin quruluşca növləri

Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəngini bildirir. Əlamət dedikdə əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Məsələn: əşyanın həcmi (uzun, qısa, böyük, kiçik və s.), zahiri görkəmi (nurani, yaşlı, kök, artıq və s.) onun əlamətidir. Əşyanın daxili xüsusiyyəti, yəni dadı, xasiyyəti, vərdişi, mənəvi cəhətləri (məsələn: çalışqan, əliaçıq. ürəyiyumşaq, ağıllı və s.) onun keyfiyyətidir. Əşyanın rəngi də onun əlaməti sayılır.
İsim əşyanın adını, sifət isə əlamətini bildirir. Buna görə də sifət həmişə ismə aid olur və ondan əvvəl işlənir.

Sifətin quruluşca növləri


Sifətlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə sifətlər
Sadə sifətlər bir kökdən ibarət olur. Məsələn: ağ, qara, uzun, gödək, qısa, hündür, qalın, nazik və s. Azaltma və çoxaltma dərəcələrinin şəkilçilərini qəbul edən sifətlər də quruluşca sadə sayılır. Məsələn: sarışın, uzunsov, ağımtıl, qıpqırmızı, gömgöy, qapqara və s.

Düzəltmə sifətlər



Düzəltmə sifətlər isimlərin və fellərin sonuna leksik şəkilçi artırmaqla düzəlir. Hansı nitq hissəindən düzəlməsinə görə düzəltmə sifətlər iki qrupa bölünür: isimdən düzələn sifətlər, feldən düzələn sifətlər.

İsimdən düzələn sifətlər
Bu növ düzəltmə sifətlər isimlərə aşağıdakı leksik şəkilçiləri artırmaqla düzəlir:
— lı4: maraq-lı (dərs), tərbiyə-li (uşaq), su-lu (xörək), ütü-lü (paltar) və s.
— sız4: dad-sız (meyvə), bilik-siz (tələbə), ot-suz (yer), güc-süz (uşaq) və s.
— cıl": zarafat-cıl (oglan), iş-cil (adam), söhbət-cil (qonşu), qohum-cul (kişi), ölüm-cül (yara) və s.
— dakı2: kitab-dakı (şəkillər), həyət-dəki (ağac) və s.
-ı4: badam-ı (göz), çərkəz-i (papaq), armud-u (stəkan), gümüş-ü (saç) və s. Sonu saitlə bitən sözlərdə bu şəkilçi -yı və -yi səklində islənir: xurma-yı (saç), qəhvə-yi (rəng) və s.
— i (- vi): Yalnız ərəb və fars mənşəli sözlərə qoşulan bu alınma şəkilçi ahəng qanununa tabe olmur və bir cür yazılan tarix-i (hadisə), dövr-i (mətbuat), daxil-i (siyasət), dairə-vi (masa), ailə-vi (dostluq) və s.
— kı, — ki, — kü: qabaq-kı (sıra), çoxdan-kı (əhvalat), axşam-kı (söhbət), dünən-ki (külək), bildir-ki (hadisə), bugun-kü (xəbər) və s. Misallardan göründüyü kimi, bu şəkilçi, əsasən, zərflərdən sifət düzəldir. "
— lıq4: ay-lıq (maaş), il-lik (plan), don-luq (parça), üz-lük (daş) və s.
Bu şəkilçilərdən -lı4 və -sız4 antonim şəkilçiləridir: yağ-lı -yağ-sız (ət), duz-Iu — duz-suz (xörək), ağıl-lı — ağıl-sız (insan) və s. -lı4, -lıq4, -ı4 şəkilçiləri isə həm də isim düzəltdiyi üçün omonim şəkilçilərdir: Sultan-lıq -isim, ağıl-lı (uşaq) -sifət; yaxşı-lıq -isim, qurban-lıq (qoç) -sifət; yaz-ı -isim, palıd-ı (rəng) -sifət və s.
Qeyd: Sifət düzəldən -lı şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq [-rı4], [-nı4], [-dı4] şəklində tələffüz olunur. Məsələn: qarlı [qarrı], dadlı[dəddı], buludlu [hulutdu] və s.

Feldən düzələn sifətlər
Aşağıdakı leksik şəkilçilərin köməyi ilə fel köklərindən sifət düzəlir:
-ağan (-əyən): qaç-ağan (at), gül-əyən (uşaq) və s. Ağla-ğan (körpə) düizəltmə sifəti də bu şəkilçinin köməyi ilə düzəlmişdir. Burada fel kökü saitlə bitdiyi üçün şəkilçidəki birinci sait səs düşmüşdür.
-qan (-kən): çalış-qan (şagird), dalaş-qan (uşaq), sürüs-kən (yer), döyüş-kən (asgər) və s. Deyingən (qoca) düzəltmə sifəti də bu şəkilçinin köməyi ilə düzləmişdir. Bu sözdə fel cingiltili samitlə bitdiyi üçün şəkilçinin ilk samiti də kar yox, cintilili samitdir.
-gın4 (-gin -ğun, -gün). Bu şəkilçi sonu cingiltili samitlə bitən fel köklərinə qoşulur: az-ğın (düşmən), dal-ğın (baxış), gər-gin (iş), əz-gin (sifət), sol-ğun (çiçək), yor-ğun (adam), süz-gün (baxış), duz-gün (cavab) və s.
-qın4 (-qın, -kin, -qun, -kün): Yuxarıdakı şəkilçinin variantı olan bu şəkilçi sonu kar samitlə bitən fel köklərinə qoşulur: sat-qın (adam), kəs-kin (söz), bit-kin (fıkir), coş-qun (dəniz), tut-qun (hava), küs-kün (baxış), öt-kün (söz) və s.
-q4 (-q -k) aç-ıq (qapı), əz-ik (paltar), yan-ıq (çörək), uç-uq (ev), sök-ük (divar), soyu-q (su), çürü-k (meyvə), böyü-k (usaq) və s.
-ıcı4: qır-ıcı (təyyarə), keç-ici (xəstəlik), qür-ucu (əllər), öldür-ücü (gülüs).
-aq1 (-q, -k): qorx-aq (adam), ürk-ək (at), parla-q (saç), titrə-k (səs) və s.
-unc, ünc: qorx-unc (hadisə), gül-ünc (iş) və s.
Qeyd 1: Feldən sifət düzaldən bu şəkilçilərdən -qın, -ğın şəkilçiləri ifo bə zi isimlər də düzəlir. Məsələn:basqın, yanğın, qırğın, sürgün və s.
Qeyd 2: -ıq va -aq şəkilçiləri həm də feldən isim düzəldir:bacar-ıq, bili-ik, yat-aq, sanc-aq, və s. Bu şəkilçilər omonim şəkilçilər sayılır.
Qeyd 3: -kan, -kin, -kün şəkilçilərinin ilk samiti tələffüzdə cingiltili tələjfüz olunur. Məsələn:sürüşkən — [sürüşgən], kəskin -[kəsgin), ötkün — [ötgün] və s.

Mürəkkəb sifətlər


Mürəkkəb sifətlər bir neçə yolla yaranır:
1. İki sadə sözün birləşməsi ilə: qaraqaş (qız), uzunsaç (gəlin), hazırcavab (oğlan), diribaş (uşaq) və s.
2. Birincisi sadə, ikinci düzəltmə olan sözün birləşməsi ilə: ucaboylu (oğlan), taleyüklü (məsələ), məqsədyönlü (iş), sözdəyişdirici (şəkilçi), qarabuğdayı (sifət), beşmərtəbəli (ev) və s.
3. İki düzəltmə sözün birləşməsi ilə: açıqürəkli, sınıqqəlbli, soyuqqanlı (adamlar) və s. Belə mürəkkəb sifətlərin birinci tərəfi feldən düzələn sifət, ikinci tərəfi isə isimdən düzələn sifət olur.
4. Biri mənsubiyyət şəkilçisi qəbul etmiş sözün iştirakı ilə: dılışırin (uşaq), yaxasıaçıq (köynək), dağüstü (park), ölkələrarası (yarış) və s.
5. Sadə və düzəltmə sifətlərin təkrarı ilə: yaşıl-yaşıl (çəmənlər), uzun-uzun (yollar), dadlı-dadlı (meyvələr), qalaq-qalaq (odun), yığın-yığın (daşlar), böyük-böyük (evlər) və s. Belə sifətlər əşyanın çoxluğunu bildirir və onlardan sonra gələn isimlər daha çox cəmdə işlənir.
6. Biri (bəzən də hər ikisi) ayrdıqda işlənməyən sözlərin birləşməsi ilə: uzun-uzadı (söhbət), kələ-kötür (yol), əzik-üzük (dəsmal), əyri-üyrü (yol), qarma-qarışıq (yuxu) və s.
7. Yaxın və ya əks mənalı düzəltmə sifətlərin birləşməsi ilə: güllü-çiçəkli (həyət), daşlı-kəsəkli (yol), irili-xırdalı (daşlar), elmi-kütləvi (jurnal) və s.
İlk dörd qayda üzrə düzələn mürəkkəb sifətlər bitişik, qalan qaydalar üzrə düzələnlər isə defislə yazılır.

1 şərh

heyatin-ellerinde
Sifet duzelden i sekilcisi de vardir.Bu sekilci tesdidli «iyy»den yaranmisdir.«yy»lar duserek i qalmisdir.Bezen sehv kimi onu alinma sekilci kimi qebul edirler,halbuki i oz dilimizin daxili imkanlari hesabina aheng qanununa tabe olaraq 4 cur yazilir,meselen,gumusu,qizili,qehveyi,armudu ve s....etrafli idi emeye gore tesekkurler