Kələkoş

Bilirəm, yəgin çoxunuz bu adı oxuyanda deyəcəksiniz ki — NƏ? Bəli, bəli, Kələkoş. Bəzi mənbələrdə buna Kəlləkooş da deyilir.Təəccüblənməyin. Şorbadır, özüdə Azərbaycan milli mətbəxinə aid. Amma sözün düzü, mən Bakıda yaşadığım müddət ərzində bu şorbanın nə adını eşitmişdim, nə də ki danına baxmışdım. Artıq Amerikadaykən kulinariya kitabımın üzərində işləməyə başladığımda, bir neçə mənbədə bu ada rast gəldim. Amma reseptsiz.

Bakıdan əlimə çatan qadın jurnallarının birində Kələkoş sözü diqqətimi cəlb etdi. Bu, elə reseptini axtardığım Kələkoş idi! Amma bu dəfə adın yanında resept də var idi! Beləliklə sirr dolu Kələkoşu bişirmək fürsətini əldə etmiş oldum. Çox ləzzətli şorbadır! Tez-tez menyumuza qonaq olur. Buyurun, siz də dadına baxın. 

kələkoş

4 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar:
3 stəkan yağlı qatıq
1 ½ xörək qaşığı un
1 yumurta
3 stəkan soyuq su
1 xörək qaşığı yuyulmuş və süzülmüş yumru düyü
½ stəkan xırda doğranmış qoz
2 diş əzilmiş sarımsaq
1 ½ xörək qaşığı quru nanə
2 xörək qaşığı bitki və ya kərə yağı
1 orta baş xırda doğranmış soğan
duz¸ zövqə görə
istiot¸ zövqə görə

Hazırlanması:
1. Bir kasada qatığı, unu, yumurta və suyu yaxşıca qarışdırın. Sonra isə üzərinə düyünü, qozu, sarımsağı, və quru nanəni əlavə edin və yenə qarışdırın.

2. Bir qazanda yağı qızdırın və soğanı əlavə edib təxminən 6-7 dəqiqə qızardın.

3. Qatıqlı qarışığı soğanın üzərinə əlavə edin və taxta qaşıqla ara vermədən qarışdıraraq orta odda təxminən 20 dəqiqə müddətində və ya düyü yumuşalana qədər bişirin. Kənara çəkin və üzərinə zövqə görə duz və istiot əlavə edib qarışdırın. Süfrəyə isti-isti verin.

Mənbə: azcookbook.com 

0 şərh