Şeşrəngi

Ərzaqlar:
Qoyun və ya dana əti – 2 kq.
Soğan – 1 kq.
Kişmiş – 1 kq.
Zoğal axtası (quru zoğal) – 250 qr.
Şirin alça turşu – 100 qr.
Ərik qurusu – 200 qr.
Xurma – 250 qr.
Şəkər tozu – 100 qr.
Alma qaxı (qurusu) – 100 qr.
Kərə yağı – 350 qr.
Yumurta — 6 ədəd.

Hazırlanması:
Laçında böyük mərasimlərin arzulanan yeməyi ŞEŞRƏNGİ həm aş qarası kimi, həm də ayrıca xörək kimi verilir. Reseptdə qeyd olunan kişmiş, zoğal, alça, ərik, alma qaxı təmiz yuyulur, elə nəm halda üzərinə şəkər tozu əlavə edilib bir kənara qoyulur.

Ət doğranılır, qaynadılıb bişirilir, süzülür, suyu ayrıca qabda saxlanılır. Soğan fal –fal doğranılır, kərə yağında qızılı rəng alana kimi qovrulur. Qovrulana yaxın ət əlavə olunub qarışdırılır. Əvvəlcədən şəkər tozunda saxlanılan ərzaqlar, həmçinin xurma əlavə olunur, bayaqkı ət suyu tökülür. Yemək yağa düşənədək bişirilir. Xörək yağa düşəndən sonra geniş qaba qoyulur, bişmiş yumurta fal-fal doğranılıb, yeməyin üzərinə masada olacaq adamların sayına görə düzülür.

Yeməyin yanında ayrıca düyü də süzüb verə bilərsiz. Nuş olsun!

Mənbə: T.Əmiraslanov və A.Əmiraslanovanın “QARABAĞ MƏTBƏXİ” kitabı

0 şərh