20 yanvar faciəsinin 25-ci il dönümü - Ruhunuz şad olsun!

1990-cı il yanvar ayının 20-də mənfur düşmənlərimizin ərazi bütövlüyümüzü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.

20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.

Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.

Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.  

Heç şübhəsiz ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir. Onları bir araya gətirib dünyanın diqqətinə çıxarmaqla, gec də olsa, beynəlxalq müstəvidə 20 Yanvar barəsində gərəkən rəyin formalaşmasına nail olmalıyıq. 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə qara çərçivədə anılası gün olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq. Ən önəmlisi isə bu tarixi, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı məqsədli qırğın, soyqırımı kampaniyasının bir halqası olduğunu dünyaya tanıtdırmağı bacarmalıyıq. Ona görə yox ki, dünya da bizim hüznə şərik olub matəm tutsun. Ona görə ki, dünya Azərbaycanın və azərbaycanlıların tarixini olduğu kimi dərk etsin.

İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz! Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib. Hər bir şəhid — istər yaşlı, istər gənc, istərsə də körpə — bizim hər birimizin vüqarıdır. Gəlin vüqarlı olaq!

5 şərh

pascal
Bütün şəhidlərimizə Allah rəhmət eləsin.
Ferbara
Daha öncə görmədiyim 1-2 şəkil var burda. Allah rəhmət eləsin. Bizim üçün öldülər.
name
Vətən uğruna ölənlərimizə Allah rəhmət eləsin!
acqarik
Allah bütün şəhidlərimizə rəhmət, ailələrinə səbir versin. Amin.
Diamonds
Allah bütün şəhidlərimizə rəhmət eləsin.