Köhnə bakılı ziyalılar

19-cu əsrin axırları və 20-ci əsrin əvvəllərində Bakı şəhərinin özündən görkəmli ziyalılar yetişmişdi. Bunlar köklü-əsilli bakılılar idi: burada doğulmuş, burada böyümüşdülər. Azərbaycan ziyalıları ilə əl-ələ verib, ölkənin ictimai həyatında xidmət göstərmişlər. Onlar kimlərdi?
ƏBDÜLXALİQ CƏNNƏTİ (1855-1931). Bakı şəhərində anadan olmuşdu. «Məcməə üş Şüəra» cəmiyyətinin fəal üzvlərindəndi. Klassik üslubda Azərbaycan və fars dillərində şer və qəzəllər yazmışdır. 1905-1907-ci illərdən sonra şerlərində ictimai motivlər meydana çıxmış və müasir həyat məsələləri şairi maraqlandırmağa başlamışdır. Onun yeni ruhda yazdığı şerlər o zaman «Təkamül» qəzeti səhifələrində dərc olunurdu. «Qız qalası», «Qılınc və qələm» poemaları maraqla oxunur.
ƏLİABBAS MÜZNİB  MÜTƏLLİBZADƏ (1883-1938). Bakıda anadan olmuşdur. Yazıçı, jurnalist və ədəbiyyatşünas idi. Ədəbi yaradıcılığa «Molla Nəsrəddin» jurnalının təsiri altında başlamışdı. Çarizmin müstəmləkəçilik siyasəti, haqsızlıq, ictimai ətalət, dini fanatizm şerlərində tənqid olunurdu. Ə. Müznibin Azərbaycan mətbuatında xidməti xüsusilə böyük idi. «Babayi əmir», «Zənbur», "Şəhabi-saqi"  satirik  jurnallarının  redaktoru  olmuşdur.  Elə  bu  ucbatdan  polis məmurları tərəfindən həmişə təqiblərə məruz qalmışdı. Bir müddət hətta Sibirə sürgün edilmişdi. Ə. Müznib tərcüməçiliklə də məşğul olmuşdur. 1910-cu ildə «Min bir gecə» nağıllarından tərcümə etdiyi bir parçanı "Əlifleyla" adı ilə çap etdirmişdir. "Ürək yanğısı" və «Tikan kolu» əsərləri oxucularının çox sevdiyi kitablardandı. Öz fəaliyyəti boyu el ədəbiyyatını toplamaqla da məşğul olmuşdur. Uzun illər ərzində topladığı el aşıqlarının, xalq söz sənətkarlarının əsərlərini 1926- cı ildə «Aşıq Pəri və müasirləri» adı ilə kitab şəklində çap etdirmişdir.
MƏŞƏDİ ƏZİZBƏYOV (1876-1918). Bakıda anadan olmuşdur. Mühəndis və ictimai xadimdir. İnqilabçıdır. 1896-cı ildə Bakı realnı məktəbini bitirdikdən sonra Peterburq Texnologiya İnstitutuna daxil olmuş və 1908-ci ildə oranı bitirmişdir. Bakıya qayıtdıqdan sonra az  müddət mühəndisliklə  məşğul olmuşdur. Sonra inqilabi hərəkata qoşulmuş, peşəkar inqilabçı kimi fəaliyyət göstərmişdir. Bakı fəhlələrinin çarizmə qarşı çıxışlarında yaxından iştirak etmişdir. «Nicat» maarif cəmiyyətinin fəal üzvlərindən biri olub. «Dəvət-Qoç» qəzetinin yaranmasında yaxından iştirak edib. 1911-ci ildə Bakı Şəhər Dumasına üzv seçilir. 1918-ci ildə Bakı Xalq Komissarları Sovetində quberniya komissarı, sonra xalq daxili işlər komissarının müavini işləmişdir. 1918-ci il 20 sentyabrda Bakı komissarları sırasında güllələnmişdir.
MƏMMƏD ƏMİN RƏSULZADƏ — Axund Hacı Molla Ələkbər oğlu 1884-cü il yanvarın 31-də Novxana kəndində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almış, sonra təhsilini ikinci «Rus-müsəlman» məktəbində davam etdirmişdir.  Daha  sonralar   Bakı  Texniki  məktəbini  bitirmişdir.  Məktəbdə oxuyarkən inqilabi hərəkata meyl göstərmişdir. Bu illərdə Azərbaycanın siyasi- iqtisadi  həyatında  böyük  dəyişiklər  əmələ  gəlmişdi.  Bakıda  neft  sənayesinin inkişafı onu bütün dünyada tanıtdırmışdı. Azərbaycanın milli burjuaziyası təşəkkül tapmışdı. Sinfi mübarizə qüvvətlənmiş, milli hərəkat qüvvətlənmişdi. Milli şüur, milli düşüncə qabaqcıl gəncləri vahid bir qüvvədə birləşdirirdi. 1904-cü ildə «Hümmət» demokratik təşkilatı yaradıldıqda Məmməd Əmin onun ən fəal üzvlərindən   olur.   «Hümmət»   qəzeti   səhifələrində   iştirak   edir.   «Hümmət»in arxasınca «Təkamül», «Tərəqqi», "İrşad" qəzetləri də çap edilməyə başlayır. Bu qəzetlər Məmməd Əminin bir publisist və jurnalist kimi püxtələşməsinə kömək edir. Təbiidir ki, gənclər içərisındə demokratık, inqilabi əhvali-ruhiyyənin artması çarizmi narahat etməyə bilməzdi. Bu səbəbdən demokratik ruhlu ziyalılar polis tərəfindən təqib olunmağa başlayır. Məmməd Əmin daha Bakıda qala bilməyib, İrana gedir. Həmin illərdə, yəni 1909-1910-cu illərdə bütün İranda, o cümlədən Cənubi Azərbaycanda milli azadlıq uğrunda  mübarizənin qızğın illəri idi. Səttarxanın başçılıq etdiyi hərəkat bütün ölkəni bürümüşdü. Məmməd Əmin də dərhal bu hərəkata qoşulur və hətta "İrani nou" adlı qəzet buraxır. 1910-cu ildə İran demokratik partiyasına daxil olur. Bu partiyanın rəhbəri Seyid Həsən Tağızadə ilə dostlaşır və birlikdə əməkdaşlıq edirlər. Tezliklə partiyanın Mərkəzi komitəsinə üzv seçilir.
Səttarxan hərəkatı yatırıldıqda Rəsulzadə daha İranda qala bilmir. Yaxın silahdaşı Tağızadə ilə birlikdə Türkiyəyə mühacirət edir. Onun Türkiyəyə gəlişi, burada da milli oyanış hərəkatına təsadüf edir. O zaman Türkiyədə təşkil edilmiş «Türk ocağı» Türkiyənin qabaqcıl ictimai xadimi Ziya Göyalpla birlikdə Azərbaycan ziyalılarından Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağayevi də öz ətrafına toplamışdı. Məmməd Əmin Rəsulzadə də onlara qoşulur. Həmin illərdə çap olunmağa başlayan «Türk yurdu» qəzetində Məmməd Əmin türkçülüyə aid bir sıra məqalələri ilə çıxış edir.
Həmin illərdə Məmməd Əminə xəbər çatır ki, Bakıda «Müsavat» adlı bir partiya yaradılmışdır. Bu xəbər  onu çox sevindirir və  1913-cü ildə Rusiyada Romanovlar sulaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumi elan edildikdə Rəsulzadə dərhal Bakıya qayıdır. Burada qısa müddət içərisində partiyanın lideri olur, onun siyasi istiqamətinin düzgün ifadə edilməsində böyük rol oynayır. Partiyanın məqsəd və vəzifələri barədə məqalələrlə çıxış edir. O illərdə "İqbal" qəzeti və "Şəlalə", «Dirilik» jurnalları səhifələrində onun məqaləlarinə tez-tez rast gəlmək olardı. 1915-ci ildə o «Açıq söz» adlı qəzet nəşr etdirir və onun redaktoru olur. Bu illərdə o Azərbaycanın gələcəyinə dərin inam və möhkəm ümidlə baxırdı. İnanırdı ki, Azərbaycan xalqı tezliklə öz istiqlaliyyətinə qovuşacaqdır. 1917-ci ildə fevral inqilabı baş verdikdə, bu inam onda daha da qüvvətləndi. Bununla belə məsləhət bilirdi ki, bu günü yaxınlaşdırmaq üçün bütün qüvvələri birləşdirmək lazımdır. Çox keçmir ki, Gəncə şəhərində Nəsib bəy Yusifbəylinin başçılığı ilə yaradılmış «Türk ədəmi mərkəziyyət partiyası» ilə Bakıda mövcud olan «Müsavat» partiyası, «Türk ədəmi mərkəziyyət partiyası Müsavat» adı altında birləşərək, vahid bir partiya şəklində fəaliyyət göstərməyə başlayır. Partiyanın sədri M. Ə. Rəsulzadə seçilir. Birləşmiş partiya əsas vəzifəsini milli-ərazi federasiyası üzrə demokratik respublikaların yaradılması məsələsində görürdü. Çar taxtdan salındıqdan sonra 1918-ci ildə Tiflis şəhərində yaradılmış Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət Seym Zaqafqaziyanın ali dövlət orqanı hesab edilirdi. Lakin Seym özünü doğrultmadı. 26 may 1918-ci ildə Seym buraxıldı. Gürcüstan özünü müstəqil respublika elan etdi. Bir gün sonra isə Seymin keçmiş müsəlman üzvlərinin yığıncağı çağırıldı. Bu yığıncaqda müxtəlif partiya nümayəndələrindən ibarət Milli Şura yaradıldı. M. Ə. Rəsulzadə Şuranın sədri seçildi. Eyni zamanda Nəsib bəy Yusifbəylinin başçılığı ilə Azərbaycan höküməti yaradıldı. Hökümətə Məmməd Yusif Cəfərov, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Məmməd Həsən Hacınski və başqaları daxildi. Bu müddətdə türklər artıq Gəncəyə daxil olmuşdular. Bakı isə hələ də bolşeviklərin əlində idi. Hökümət müvəqqəti  olaraq,  Gəncə  şəhərində  yerləşdi,  ta  1918-ci  ilin  16  iyunundan sentyabrın 15-nədək fəaliyyətini burada davam etdirdi.
Vəziyyət çox gərgin bir şəkil almışdı. Yeni təşkil olunmuş hökümət təhlükə qarşısında idi. Bakı kommunası ordusu Gəncə üzərinə hücuma keçmişdi. Onun tərkibində daşnaklarda vardı. Belə şəraitdə bəzi səbəblərdən Milli Şura istefa verdi.
Xan Xoyski 12 nəfərdən ibarət yeni kabinetin tərkibini elan etdi və Milli Şura onu təsdiq etdikdən sonra öz fəaliyyətini dayandırdı. M. Ə. Rəsulzadə isə gənc Azərbaycan hökümətinin taleyini aydınlaşdırmaq məqsədilə İstanbula gedən nümayəndə heyətinə başçı təyin olundu. O İstanbulda olarkən Bakı türklər tərəfindən artıq azad edilmişdi. Hökümət də Gəncə şəhərindən Bakıya köçmüşdü. Lakin türklər gedəndən sonra onların yerinə gəlmiş ingilis komandanlığı Azərbaycan hökümətini tanımaq istəmədi. O bildirdi ki, respublika guya Azərbaycan xalqının ümumi istəyi ilə yaradılmamış, türk komandanlığı tərəfindən təşkil edilmişdir. Bununla əlaqədar olaraq, 7 dekabr 1918-ci ildə Azərbaycan parlamenti çağırıldı. Parlamenti M. Ə. Rəsulzadə açaraq, bildirdi ki, bir kərə yüksələn bayraq bir daha enməz. O bununla demək istəyirdi ki, Azərbaycan xalqını heç vaxt və heç nə həqiqi azadlıq yolundan döndərə bilməyəcəkdir. M.Ə. Rəsulzadə nə hökümətdə, nə də parlamentdə vəzifə tutmasa da parlamentdə milli rəhbər kimi böyük nüfuz və ehtirama malikd Parlamentdə müzakirə edilən məsələlərin düzgün va real həll edilməsində onun həmişə böyük rolu olmuşdur.
1920-ci ilin 27 aprelində Azərbaycan Demokratik Respublikası süquta uğradı. M. Ə. Rəsulzadə də parlamentin bir çox üzvləri kimi xarici ölkələrə getməyə məcbur oldu.
Uzun müddət Türkiyədə yaşadı. 1955-ci il mart ayının 6-da Ankarada vəfat etdi. Deyilənə görə son nəfəsində üç dəfə «Azərbaycan, Azərbaycan, Azərbaycan» deyərək, gözlərini əbədi yummuşdu.
SEYİD HÜSEYN SADİQ (1887-1937). Bakının İçərişəhər hissəsində dənizçi ailəsində doğulmuşdur. Atası Mir Kazım  ticarət gəmilərindən  birində kapitan işləmişdir. Seyid Hüseyn dörd yaşında ikən atasını itirir. Ailə ağır maddi ehtiyac içində qalır. Seyid Hüseyni babası  böyüdür. Babası onu  əvvəlcə mollaxanaya qoyur, sonra onu rus-tatar məktəbinə göndərir. Məktəbi bitirdikdən sonra ailənin maddi vəziyyəti onu işləməyə məcbur edir. Əvvəllər «Kaspi» mətbəəsində mürəttib işləyir. Bir müddətdən sonra korrektor olur. Seyid Hüseynin ədəbiyyata meyli də həmin illərdən başlayır. 1903-cü ildən tənqidi məqalələrlə dövrün qəzetlərində çıxış etməyə başlayır. Azərbaycanda Demokratik hökümət zamanı onun fəaliyyəti daha da genişlənir. Mahir bir jurnalist və ədib kimi tanınır. Keçirilən bütün ədəbi disputlarda fəal iştirak edir. Sovet hakimiyyəti illərində Bakı məktəblərində müəllimlik etməklə yanaşı jurnal və qəzetlərdə həm əməkdaşlıq edir, həm də məqalə, hekayələri ilə çıxış edir. Onun bu illərdə yazdığı «Yeni həyat yollarında» və "İki həyat arasında" romanları Azərbaycan oxucularının ən çox sevdikləri kitablardı. Məhz bu illərdə Seyid Hüseyn incə, lirik hekayələr ustası kimi şöhrət tapmışdı. 1937-ci ildə Seyid Hüseyn repressiya edilmiş və güllələnmişdir. Qəbri yoxdur.
HÜSEYN ƏRƏBLİNSKİ — Azərbaycanın görkəmli tragik aktyoru Hüseyn Ərəblinskinin əsl adı Hüseynbala, familiyası isə Xələfovdur. O 1881-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ərəblinski Azərbaycan professional teatr sənətinin banilərindəndir. Özünün gur səsi, böyük aktyorluq istedadı ilə bütün tamaşaçıların qəlbini ələ ala bilmişdi.Adı afişalarda elan edildiyi gün teatr salonları ağzınadək tamaşaçı ilə dolu olurdu. Tamaşanın  axırında  onun  şərəfinə  ucaldılan  səslər  susmaq  bilməzdi.  Onun səhnədən eşidilən hər bir sözü tez-tez alqışlarla qarşılanırdı. Ərəblinski ürək və zəka sənətkarı idi. Buna görə ta ölənədək teatr həvəskarlarının sevimlisi idi. Bəzən hələ səhnəyə daxil olmamışdan səhnə arxasından səsi eşidildikdə salonda elə gurultu qopardı ki, aktyor susub tamaşaçıların sakitləşməsini gözlərdi. Roldan çıxmadan başının hərəkəti ilə onlara öz təşəkkürünü çatdırardı.
Hüseyn də bakılıların çoxu kimi dənizçi ailəsində doğulmuşdu. İlk təhsilini mollaxanada aldıqdan sonra rus-müsəlman məktəbinə daxil olmuşdur. Hələ skamya arxasında ikən teatrla maraqlanmış, tez-tez Bakı həvəskarlarının və habelə başqa yerlərdən Bakıya qastrola gəlmiş tanınmış aktyorların oyunlarına tamaşa edər, onların oyunlarından böyük zövq alardı. Beləliklə, teatra olan marağı, nəhayət, onu səhnəyə gətirib çıxarır. 1897-ci ildə ilk dəfə səhnəyə qədəm basır. Dövrünün tanınmış aktyoru və rejissoru olan Cahangir Zeynalov M. F. Axundovun «Lənkəran xanının vəziri» komediyası əsasında hazırladığı tamaşada ona kiçik bir rol verir. Bu adicə bir mehtər rolu idi. Lakin Ərəblinski bu kiçik rolu elə məharətlə oynayır ki, Zeynalovun diqqətini cəlb edir. Sonralar Ərəblinskinin bu kiçik rolla səhnəyə açdığı yol, getdikcə genişlənir. Zeynalov artıq onun qüvvəsinə inandığı üçün ona daha mürəkkəb rollar tapşırır, hətta əsərlərdə qəhrəman rollarını da ona həvalə etməkdən çəkinmirdi.
1905-ci ildə Zeynalovun truppası Lənkəranda qastrolda olarkən Ərəblinski N. Vəzirovun «Müsibəti Fəxrəddin» pyesində ilk dəfə çıxış etd Bu, Ərəblinski üçün bir növ sınaq idi və o bu sınaqdan məharətlə çıxdı. Sanki bu oyunundan sonra Ərəblinski böyük tragik aktyor kimi parladı. Xeyriyyə cəmiyyətlərinin aktyor truppaları hər tərəfdən Ərəblinskini öz kollektivlərinə dəvət etməyə başladılar. Beləliklə o əvvəllər «Nicat», sonralar «Səfa» xeyriyyə cəmiyyətlərinin və habelə Ü. Hacıbəyov qardaşlarının truppalarında həm aktyor və həm də rejissor kimi çıxış etməyə başlayır. İndi o ölkədə yeganə tragik aktyor sayılırdı. Onun repertuarı getdikcə genişlənir və zənginləşirdi. O, Ə. B. Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» pyesində Qacar, Ş. Saminin «Gaveyi ahəngər» pyesində Gavə, F. Şillerin «Qaçaqlar» pyesində baş rolları böyük ustalıqla ifa edir. Tamaşaçıların haqlı məhəbbətini qazanırdı. Qəzetlər onun misilsiz oyunlarını ağız dolusu tərifləyirdilər.
1910-cu ildə Ərəblinski Şekspirin «Otello» faciəsində Otello rolunu oynaması ilə özünə yüksək şöhrət qazandı. Onun yüksək romantik bir pafosla ifa etdiyi Otello Ərəblinski yaradıcılığının yüksək zirvəsi oldu. Ərəblinski yuxarıda dediyimiz kimi eyni zamanda bacarıqlı rejissor idi. 1908-ci ildə «Leyli və Məcnun» operasının ilk quruluşçu rejissoru Ərəblinski olmuşdur.
Ərəblinski bir kino aktyoru kimi də sənətimizin tarixinə daxil olmuşdur. 1916-cı ildə Bakıda çəkilmiş «Neft və milyonlar səltənətində» filmində Lütfəli bəy rolunu məharətlə ifa etmişdir. Hüseyn Ərəblinski təxəllüsünü Azərbaycanın görkəmli generalı Ərəblinskinin familiyasından  götürmüşdür.
SƏMƏD MƏNSUR KAZIMOV — 1879-cu ildə Bakıda anadan olmuşdur. Şair, jurnalist və mədəniyyət işçisi idi. Bakı xeyriyyə cəmiyyətlərinin ən fəal üzvlərindən olub. «Bəsirət», «Tuti», «Molla Nəsrəddin» jurnal və qəzetlərində şair kimi çıxış edirdi. Kəskin siyasi qələmə malik idi. Şerlərinin əksəriyyəti ictimai haqsızlığa, ədalətsizliyə, yalana, riyaya qarşı yonəldilmişdi. Eyni zamanda "Şeypur" adlı satirik bir jurnal da çap etdirirdi. «Rəngdir» şeri onun yaradıcılığında bir növ proqram bir şeirdir. Şeir başdan-ayağa bədbin və həyatdan küsgün bir əhvali-ruhiyyə ilə dolu olsa da şair həyatda təsadüf etdiyi xəyanət və riyakarlığı, mədəniyyətsizlik və yalanı güclü satirik qələmi ilə ifşa etmişdir. Yuxarı dairələrə, yüksək vəzifəli adamlara yaxın olduğundan onların iç üzünü dərindən duymuş, əməllərinə bələd olmuşdu. «Rəngdir» şeirinin gücü də buradan əmələ gəlirdi. Səməd Mənsur 1927-ci ildə vəfat etmiş və Bakıda dəfn edilmişdir.
ƏZİM ƏZİMZADƏ — Azərbaycanın görkəmli rəssamıdır. 1880-ci ildə Bakının Novxana kəndində dünyaya gəlmişdir. Heç bir rəssamlıq məktəbi qurtarmayıb. Azərbaycanda satirik qrafika və siyasi plakat janrları sahəsində ölməz əsərləri ilə tanınmışdır. 1906-cı ildən «Molla Nəsrəddin» jurnalında öz satirik rəsmləri ilə çıxış etməyə başlamışdır. Onun özünə məxsus yaradıcılıq üslubu, təsvir tərzi vardı. Bu cəhətdən o heç kimə oxşamırdı.
1910-cu ildən Bakının bir sıra məktəblərində rəsm müəllimi kimi çalışmışdır. Pedaqoji fəaliyyəti ilə yanaşı o zamanlar Bakıda çap olunan «Zənbur», «Tuti», «Babayi əmir», «Məzəli», «Kəlniyət» satirik jırnallarda öz karikaturaları, yumoristik şəkilləri ilə çıxış edirdi. Onun üslubunda mövcud olan xalq yaradıcılığına xas obrazlılıq, yığcamlıq Əzimzadəni öz oxucularına sevdirmişdi.
Yaratdığı bütün satirik və yumoristik əsərləri xalq həyatından gəlirdi. Bu əsərlərdə satirik fikirlə yanaşı xalq həyatının, xalq məişətinin gözəl, zəngin təsvirləri də vardı. Çünki onun fırçasından  çıxan həyatda tez-tez təsadüf olunan insanların həyatındandı. Həyatda və məişətdə gördüyü eybəcərlik, dözülməz hallar, qırmızı saqqallı hampalar, zalım hökmdarlar, müftəxor bəylər, yalançı mollalar, bütün xürufat əhli Əzimzadə satirasının hədəfinə çevrilmişdi. Əzimzadə karikatura sahəsində, demək olar ki, M. Ə. Sabir idi. Sabir «Hophopnamə»sinə çəkdiyi karikaturalar Sabirin satirik şerləri ilə birləşib, çox təsirli bir harmoniya təşkil edirdi.
Əzimzadə teatr tamaşaları sahəsində də fəaliyyət göstərirdi. Ayrı-ayrı dram və opera əsərlərinə verdiyi quruluş, bədii tərtibat və geyim eskizləri ilə tamaşaların bədii və estetik təsirini xeyli artırırdı.
1920-ci ildən sonra, Sovet hakimiyyəti illərində Əzimzadə yaradıcılığı üçün daha geniş imkanlar açılmışdı. Əvvəla o Bakıda ilk dəfə olaraq, Rəssamlıq məktəbi təşkil etmiş və uzun müddət onun direktoru olmuşdur. İndiki rəssamların yaşlı nəsli əsas etibarilə Əzimzadənin yetirmələridir.
Sovet hakimiyyəti illərində Əzimzadə ictimai və  pedaqoji  fəaliyyəti ilə yanaşı olaraq, satirik karikatura sahəsində də fəaliyyətini davam etdirirdi. İstər «Molla Nəsrəddin» məcmuəsinin və istərsə də respublikanın başqa mətbuat orqanlarının səhifələrindən onun çəkdiyi şəkillər əskik olmurdu. O, Azərbaycan Respublikasının xalq rəssamı adına layiq görülmüşdü.
Əzim Əzimzadə 1943-cü ilin 15 iyununda 63 yaşında vəfat etmişdir.
ƏLİİSKƏNDƏR CƏFƏRZADƏ (1875-1941). Bakı şəhərində doğulmuşdur. Görkəmli maarifpərvər, publisist, tərcüməçi olmuşdur. İbtidai təhsilini rus-müsəlman məktəbində, sonra Mixaylov sənət məktəbində almışdır. Sonralar N. Nərimanovun təşkil etdiyi və o vaxtlar üçün böyük mədəni bir hadisə olan kitabxanada işləmişdir. 1906-1908-ci illərdə çap olunan «Dəbistan» jurnalının redaktoru olmuşdur. O zaman dövrün qabaqcıl ziyalılarından H. B. Zərdabini, N. Nərimanovu, M. Ə. Sabiri, M. Hadini, A. Şaiqi, S. M. Qənizadə və başqa maarif xadimlərini jurnalın ətrafında toplamışdı. «Dəbistan» demokratik istiqamətli jurnal idi.
Əliiskəndər Azərbaycanda ilk dəfə olaraq, divar təqviminin əsasını qoyanlardandır. O Sovet hakimiyyəti illərində də bu nəcib işi davam etdirmişdir. Sovet hakimiyyəti illərində Azərbaycan Maarif Komissarlığında Nəşriyyat İdarəsinin müdiri olmuşdur. «Füqəra füyuzatı» və «Maarif» jurnallarında da əməkdaşlıq etmişdir.
MİRZƏAĞA ƏLİYEV — Azərbaycanın görkəmli komik artisti 1883-cü ildə Bakının Hövsan kəndində kəndli ailəsində dünyaya gəlmişdir. İbtidai təhsilini mollaxanada almış, sonra Bakı rus-müsəlman məktəbini bitirmişdir. Hələ ilk gəncliyindən teatrla maraqlanmağa başlayır, həvəskar teatr truppalarında iştirak edir. Səhnəyə ilk addımını 1902-ci ildə N. B. Vəzirovun «Müsibəti Fəxrəddin» pyesinin tamaşasında atmışdır. O Şahmar bəy rolunda çıxış etmişdi. Tamaşada gənc aktyorun gözəl oyununu görən o dövrün görkəmli aktyor və rejissoru Cahangir Zeynalov və dramaturq N. B. Vəzirov sonralar onun bir aktyor kimi yetişməsinə böyük təsir göstərmişlər. Xüsusilə komik aktyor olan C. Zeynalov onun istedadını yüksək qiymətləndirərək, tamaşalarda komik rolları cəsarətlə ona tapşırırdı.
Əvvəllər, yəni 1906-1907-ci illərdə həvəskar «Həmiyyət» truppasının həm rəhbəri olmuşdu, həm də baş rollarda çıxış edirdi. 1907-1912-ci illərdə isə M. A. Əliyev artıq yetgin bir aktyor kimi «Nicat» cəmiyyətinin aktyor truppasında öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirirdi. Bu illərdə o eyni zamanda ölkənin ictimai həyatında da yaxından iştirak edirdi. Məhz bu fəaliyyətinə görə M. A. Əliyev 1912-ci ildə Həştərxana sürgün edilmişdi. Sürgün şəraitində də o səhnədən ayrılmamışdı. Bu müddətdə o bütün Volqaboyu şəhərlərində, sürgündən qayıtdıqdan sonra da Tiflisdə, Yerevanda, habelə Türkiyə və İranın bir sıra iri şəhərlərində tamaşalar vermişdir.
O artıq bir çox şəhər və ölkələrdə görkəmli aktyor kimi tanınmışdı. Ü. Hacıbəyovun «O olmasın, bu olsun», «Arşın mal alan», "Ərlə arvad", Zülfüqar bəy Hacıbəyovun "Əlli yaşında cavan", «Evli ikən subay» musiqili komediyalarında yadda qalan parlaq obrazlar yaratmışdı.
1920-ci illərədək M. A. Əliyevin, oynadığı rollar içərisində C. Məmmədquluzadənin "Ölülər" komediyasında oynadığı İskəndər obrazı uzun müddət xatirələrdən silinməmişdi. M. A. Əliyev bu obraza sanki elə möhür basmışdı ki, ondan sonra çoxları bu rolda çıxış etməyə cəsarət etməmişdilər. İskəndər obrazı ilə M. A. Əliyev Azərbaycan teatrı tarixində ölməz bir obraz yaratmışdı.
Sovet hakimiyyəti illərində M. A. Əliyevin fəaliyyəti daha da genişlənmişdi. M. Əzizbəyov adına Akademik Dram Teatrında bir-birinin arxasınca bir silsilə parlaq obrazlar yaratmışdı, İstər klassik və istərsə də müasir yazıçıların əsərlərində yaratdığı obrazlar silsiləsi Azərbaycan teatr sənətinin qızıl fonduna daxil olmuş birər incilərdi. A. Əliyev kino sənəti sahəsində də həmişə uğurla çıxış etmiş İlk çəkildiyi «Bismillah» filmindən sonra «Hacı Qara», «Almas», «Bakının işıqları» və başqa filmlərdə M. A. Əliyev öz oyun orijinallığı ilə  həmişə  fərqlənmişdir.  O sözün əsl mənasında böyük gülüş ustası idi.
SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı M. A. Əliyev 1954-cü ildə 71 yaşında vəfat etmişdir.
SÜLEYMAN RÜSTƏM — Azərbaycan SSR-in xalq şairi. Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatıdır.
1906-cı ildə Bakıda dəmirçi ailəsində anadan olmuşdu. N. Nərimanov adına Sənaye Texnikumunda, sonra Bakı darülmüəllimində oxumuşdur. 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olmuşdur. 1929-cu ildə Moskvada 1-ci Moskva Dövlət Universitetinin  ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir.
Bakıya qayıdandan sonra «Gənc işçi», «Komsomol», «Gənc bolşevik», «Maarif və mədəniyyət» qəzet və jurnallarında çalışmışdır. 1937-1938-ci illərdə Azərbaycan Dövlət Dram Teatrının direktoru olmuşdur. 1955-1956-cı illərdə "Ədəbiyyat qəzeti«nin redaktoru olmuşdur.
Süleyman Rüstəm respublikanın böyük, görkəmli şair və dramaturqudur.
Ədəbi fəaliyyətə sənaye texnikumunda oxuduğu illərdə başlamışdır. İlk şeiri 1925- ci ildə „Maarif və mədəniyyət“ jurnalında  dərc edilmişdir.  Bundan sonra o respublikanın ədəbi qəzet və jurnallarında bir-birinin ardınca gözəl lirik şeirlər yazmağa başlamışdır. Cəsarətlə demək olar ki, 20-ci illərdən sonra  yeni Azərbaycan şerinin banilərindən biridir. O Azərbaycan şeirinə yeni nəfəs, yeni mövzu gətirmişdi. Həmin  vaxtdan  respublikanın  ədəbi-ictimai  həyatında  fəal iştirak etmiş və mübariz bir şair kimi tanınmışdır. Şeirlərində yeni həyatı coşğun bir həvəslə tərənnüm edir, köhnə cəmiyyətin qalıqlarına qarşı kəskin qələmlə çıxış edirdi. Şeirlərindən birində deyirdi ki, „İnqilab oğlu inqilabam mən“. Bu doğrudan belə idi. Köhnə cəmiyyətə qarşı nifrət yağdıran, yeni həyatın xoş duyğularını ürək dolusu ilə tərənnüm edən şair yeni şairlər nəslinə bir örnək olmuşdu. Şerə dövrün ictimai-siyasi hadisələrini  gətirmək  Süleyman  Rüstəm  poeziyasının  səciyyəvi cəhəti idi.
Süleyman Rüstəm 1925-ci ildə təşkil edilmiş „Gənc Qızıl Qələmlər“ İttifaqının əsas qurucularından biri idi. Sonra, yəni 1928-ci ildə Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi vəzifəsində işləmişdir. 1927-ci ildə çap edilmiş „Ələmdən nəşəyə“ şerlər kitabı köhnə cəmiyyətdən yeni azad cəmiyyətə keçidin ən parlaq inikası idi. O yeni cəmiyyətdən kənarda qalan, onun qaynar həyatına qatılmayan bədbin şairlərə həmişə ikrah hissi ilə yanaşırdı. Adamları böyük həvəslə qurub-yaratmağa səsləyirdi.
1930-cu ildə dərc etdirdiyi „Addımlar“ kitabı, 1932-ci ildə çapdan çıxmış „Səs“ və „Atəş“ kitabları onun mübariz bir şair kimi püxtələşdiyini sübut edirdi. Daha sonralar yazdığı „Gecənin romantikası“, „Çapayev“, „Ulduzlar“ şeirləri ilə Azərbaycan poeziyasına yeni çalarlar əlavə etmişdi.
1941-ci ildə Böyük Vətən müharibəsi başladığı zaman Süleyman Rüstəm əyninə  şinel  geyərək,  komissar  kimi  cəbhəyə  getmişdi.  Onun  vətənpərvərlik hissləri ilə qaynayan şeirləri müharibə illərində döyüşçüləri düşmən üzərində qələbəyə, cəbhə arxasındakı adamları daha fədakarcasına işləməyə səsləyirdi. Xalqların faşizmə qarşı ölüm-dirim mübarizəsi S. Rüstəm üçün tükənməz bir mövzuya çevrilmişdi. Müharibə illərində yazdığı „And“, „Gün o gün olsun ki“, „Qafqaz ordusu“, „Ana və poçtalyon“ şeirləri elə bil şairin odlu ürəyinin parçaları idi.
O müharibə illərində Cənubi Azərbaycanda da olmuşdur. Bu illərdə Cənubi Azərbaycandan yazdığı şeirlərində şairin ürəyində çoxdan köz bağlamış yaraları sanki təzələnmişdi. O rus çarizmi tərəfindən ikiyə bölünmüş hər iki Azərbaycanın yanıqlı sinələrindən qopan fəryadları bağıra-bağıra dünyaya səs salmışdı. Bir millətin iki doğma övladının bir-birindən ayrı düşməsi şairi ədalətsizliyə qarşı üsyana qaldırmışdı.
Cənubda olarkən Süleyman Rüstəmə elə bil ikinci nəfəs gəlmişdi. Bu illərdə heç bir şair Cənubun dərdini belə ürək ağrısı ilə tərənnüm edə bilməmişdi. Cənubluların Şimal həsrəti şair üçün böyük dərd olmuşdu. Həmin illərdə şairin sinəsindən qopan odlu misralar sonralar onun „Təbrizim“ kitabında toplanmışdı.
Süleyman Rüstəm eyni zamanda böyük dövlət xadimi idi. O VIII — XI çağırış Azərbaycan Ali Sovetinin sədri olmuşdur. Süleyman  Rüstəm  1992-ci  ildə  Bakıda  vəfat  etmişdir.  Qəbri  Fəxri xiyabandadır. Süleyman Rüstəmi hər iki Azərbaycan özlərinin şair oğlu kimi həmişə yad edəcəkdir.
HƏNƏFİ ZEYNALLI — Görkəmli ədəbiyyatşünas, folklorşünas və ədəbi tənqidçi olan Hənəfi Baba oğlu Zeynallı əsl-nəsəbli bakılıdır. 1896-cı ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini Bakıda  aldıqdan sonra  1916-cı ildə Moskva Ali Texniki İnstitutuna daxil olmuş, lakin təhsilini başa vura bilməmişdir. O inqilabi  fəaliyyəti  üstündə  tezliklə  institutdan  xaric  edilmişdi.  Bakıya qayıtdıqdan sonra bir müddət müəllimlik etmişdir. Bununla yanaşı inqilabi fəaliyyətini davam etdirərək, 1917-ci ildə Bakıda inqilabi proletar gənclər təşkilatının yaradılmasında yaxından iştirak etmişdir. Bu illərdə eyni zamanda folklorşünaslıqla məşğul olmağa başlayır, ədəbi-tənqidi məqalələr yazır.
1924-cü ildə Hənəfi Zeynallı Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor işləyir. 1929-cu ildən SSRİ EA Azərbaycan filialında dil, ədəbiyyat və folklor şöbələrinin müdiri olmuşdur. O Azərbaycanı Tədqiq və Tətəbbə Cəmiyyətinin folklor komissiyasına da başçılıq etmişdir. Həmin illərdə Azərbaycan folklor nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsində xidmətləri ilə Azərbaycanda görkəmli folklorçu kimi tanınmışdır. „Azərbaycan atalar sözü və məsəlləri“, „Azərbaycan tapmacaları“, „Ağız ədəbiyyatı“, „Azərbaycan folkloru“ kitablarının müəllifidir. Onun görkəmli bir ədəbiyyatşünas kimi klassik və müasir Azərbaycan ədəbiyyatına həsr edilmiş əsərləri də diqqətə şayandır. Zeynallının yarım əsr bundan qabaq yazdığı „20 əsr Azərbaycan ədəbiyyatı“, „Oktyabr və ədəbiyyatımız“, „Oktyabr və gənc qələmlər“, „M. F. Axundovun ədəbi və ictimai fəaliyyəti“ adlı məqalələri bu gün üçün də öz əhəmiyyətini itirməmişdir. Hənəfi Zeynallı Hüseyn Cavid yaradıcılığını da diqqətlə izləmişdir. Böyük dramaturq barədə yazdığı „Şeyx Sənan“, „Peyğəmbər“, „Maral“ məqalələri buna sübutdur.
Zeynallı da bir çox ziyalılarımız kimi repressiya dövrünün qurbanı olmuşdur. 1937-ci ildə həbs edilib, güllələnmişdir. Qəbri yoxdur.
AXUNDOV  RUHULLA  ƏLİ  OĞLU  (1897-1938).  Görkəmli  ictimai, dövlət xadimi, publisist olmuşdur. Bakının Şüvəlan kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini mədrəsədə almışdır. Sonra realnı məktəbdə oxumuş və daha sonra ticarət məktəbini bitirmişdir. İngilis, fransız, rus və fars dillərini mükəmməl  bilirdi.
1916-cı ildən Bakı qəzetlərində korrektor və tərcüməçi işləmişdir. Tərcüməçilik  sahəsində  xüsusilə  fəaliyyət  göstərmişdir.  Müstəsna   hafizəyə malikdi. 1919-cu ildən jurnalistika və publisistika sahəsində çalışmışdır.  Kəskin siyasi məqalələrlə çıxış edirdi. „Kommunist“, „Hürriyyət“ qəzetlərinin redaktoru olmuşdur. 1928-ci ildən sonra bir sıra partiya və dövlət işlərində çalışmışdır. Azərbaycan Kommunist Partiyası MK katibi, Azərbaycan SSR maarif naziri, Azərnəşrin direktoru olmuşdur. Sonralar SSRİ EA Azərbaycan filialında, partiya tarixi institutunda işləmiş, Azərbaycanın XKS yanında İncəsənət İşləri İdarəsinin rəisi olmuşdur. K. Marks, F. Engels, V. İ. Leninin əsərlərinin Azərbaycan dilinə tərcüməsinə rəhbərlik etmişdir. İlk Rus-Azərbaycan lüğətinin yaradıcısıdır. Tarix, ədəbiyyat və incəsənətə aid bir sıra ciddi məqalələrin müəllifidir.
ƏMİN ABİD GÜLTƏKİN (1898-1937). Bakıda anadan olmuşdur. Ədəbiyyatşünas və tənqidçidir. Azərbaycan klassikləri barədə bir sıra dərin elmi- tədqiqat əsərləri vardır. Milli şüurun oyanmasında onun əsər və çıxışlarının böyük rolu olmuşdur. 1919 — 1925-ci illərdə İstanbul universitetində oxumuşdur. 1926-cı ildə Bakıya qayıtdıqdan sonra müəllimlik və elmi-tədqiqat işləri ilə məşğul olmuşdur. Türkiyədə təhsil alarkən arxivlərdən Füzulinin „Söhbətül əsmar“ əsərini tapıb, ilk dəfə aşkara çıxarmışdır. Əmin Abid eyni zamanda şer də yazmışdır. O da başqa görkəmli sənətkarlarımız kimi 1937-ci ildə repressiyanın qurbanı olmuşdur.
Adları çəkilən bakılı ziyalılardan əlavə şəhər və kəndlərdə yaşayan bir sıra ziyalılarımız və şairlərimiz də olmuşdur ki, onların barəsində C. Rəmzi „Deyilən söz yadigardır“ adlı tərtib etdiyi kitabında daha geniş məlumat verir.
FEYZULLA QASIMZADƏ. Azərbaycan EA-nın akademiki (həqiqi üzvü), filologiya elmləri doktoru, professor, respublikanın əməkdar elm xadimi və əməkdar müəllimi idi. 1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olmuş, bir neçə nəsl onun dərslikləri ilə təlim-tərbiyə, təhsil almışdır. O uzun müddət M. Ə. Rəsulzadə adına BDU-da və N.Tusi adına Pedaqoji universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olmuşdu Şəxsən 30 elmlər doktoru və 120 elmlər namizədi yetişdirmişdir. Keçmiş Sovet orden və medalları ilə, o cümlədən üç dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. 600-dək çap edilmiş elmi əsərlərin, onlarla dərslik və monoqrafiyaların müəllifidir.
Feyzulla Qasımzdə 1976-cı ilin 29 martında vəfat etmiş və doğma Mərdəkan kəndində dəfn edilmişdir.
ATABABA DAŞDƏMİR OĞLU MUSAXANLI — 1905-ci il, dekabrın 20-də Bakıda sənətkar ailəsində anadan olmuşdur. İbtidai təhsilini rus-tatar məktəbində almışdır. 1920-ci ildə Sovet hakimiyyəti dövründə təhsilini davam etdirərək, şəhər orta məktəbini bitirmişdir. 1921-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur. İnstitut tələbələri içərisində öz ağıl və fərasəti ilə fərqlənən Atababa 1924-cü ildə institutu fərqlənmə diplomu ilə qurtarmışdır. Həmin ildən Bakı Pedaqoji Texnikumunda dil və ədəbiyyat müəllimi işləmişdir. O eyni zamanda dil və ədəbiyyat fənləri üzrə tədqiqat işləri ilə də məşğul olmuşdur. Məktəblər üçün dərsliklər yazmış və proqramlar hazırlamışdır. Ədəbi fəaliyyətə şeir və hekayələr yazmaqla başlamışdır. Lakin sonralar ədəbi tənqid sahəsinə keçmiş və bu sahədə bir-sıra yüksək səviyyəli məqalələr çap etdirmişdir. Sonralar ədəbi tənqidi özünə daimi peşə seçmişdir. 1930-1940-cı illər onun ədəbi fəaliyyətinin ən məhsuldar dövrləri idi. Ədəbi mövzular üzrə keçirilən mübahisə və disputlarda, həmçinin ayrı-ayrı ədəbi əsərlərin müzakirəsində fikir və mülahizələrini təmkin və ardıcıllıqla izah edərdi. Astadan danışardı, onun hündürdən danışdığını heç kəs eşitməmişdi. O zamanlar ədəbi disputlar adətən Müəllimlər evində keçirilərdi. Elə vaxt olmazdı ki, Atababa ədəbi əsərlərin müzakirəsində iştirak etməmiş olsun. Onun ədəbi-tənqidi fəaliyyətində „Ədəbiyyatımızın tarixində Sabir“, „Mirzə Fətəlinin ictimai-tərbiyəvi mülahizələri“, „Şaiq sair və müəllim“, „Aran köçü və müəllifi“ və sair ədəbi problemlərə həsr olunmuş məqalələri o dövrdəki ədəbi tənqidin ən gözəl nümunələri idi.Xüsusilə H. K.S anılının „Aran köçü“ kitabı barədəki  çıxış  və  məqaləsi ədəbi ictimaiyyət tərəfindəi rəğbətlə qarşılanmışdı.
Musaxanlının „Kitabi-Dədə Qorqud“ və başqa klassik əsərlərə aid məqalələri də ədəbi tənqid tariximizi zənginləşdirmişdir. Atababa Musaxanlı 1941- ci il avqustun 14-də, yaradıcılığının ən bəhrəli dövründə 36 yaşında vəfat etmişdir.
ƏLİAĞA VAHİD — 1895-ci il oktyabrın 15-də Bakıda xarrat ailəsində doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almışdır. Ailəsinin ağır maddi vəziyyəti ilə əlaqədar kiçik yaşlarından fəhləliyə başlamışdır. Sonralar atası ilə birlikdə xarratlıq etmişdir. 18-19 yaşlarında ikən onda şerə həvəs oyanır. Füzulinin, Seyid Əzimin, M. Ə. Sabirin təsiri altında xırda-xırda şeirlər yazır və bir müddətdən sonra onları Bakının qəzet və jurnallarında çap etdirir. Beləliklə orta təhsili belə olmayan Ə. Vahid öz şeirləri ilə Bakıda çap olunan „İqbad“, „Bəsirət“, „Babayi əmir“ qəzet və jurnallarının səhifələrində çıxış etməyə başlayır. Onda fitri bir istedad vardı. Sinədən şeir demək qabiliyyətinə malik idi. Buna görə də yaradıçılığının ilk illərində meyxanalarda da iştirak edirdi. Lakin Vahid tezliklə öz yolunu tapır. Özünü bütünlüklə qəzəl janrına həsr edir. Bu sahədə çox keçmir ki, müasirləri tərəfindən qiymətləndirilir. „Tuti“, „Məzəli“ jurnallarının səhifələrində öz fəaliyyətini davam etdirir.
Sovet hakimiyyəti illərində bir qəzəl şairi, qəzəlxan kimi tanınır. Qəzəl janrı sahəsində getdikcə püxtələşir. Füzuli və Seyid Əzim ondan ötrü əsl məktəbə çevrilir. Qəzəllərindəki rəvanlıq və axıcılıqla oxucularının ona rəğbət və məhəbbətini artırır. Onun qəzəlləri xanəndələrin ağzından düşmürdü. Vahid qəzəlini oxumaq xanəndələr üçün bir növ sınaq olmuşdu. O, ədəbiyyatda Füzulinin məktəbini davam etdirən yeganə şair hesab olunurdu. Vahidi həmişə xalqın içərisində görərdin. Pərəstişkarları onun qəzəllərini əzbərdən bilirdilər.
Ə. Vahid Böyük Vətən müharibəsi illərində öz kəskin satirik qələmi ilə düşməni ifşa edir, döyüşçüləri yeni qələbələrə ruhlandırırdı.
Vahid Azərbaycan klassiklərindən Nizaminin, Xaqaninin, Fələki və başqalarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. O, demək olar ki, bütün Bakı kəndlilərinin sevimlisi idi. O 1965-ci il sentyabrın 30-da Bakıda vəfat etmişdir. Xalq öz sevimli şairini böyük ehtiram və hörmətlə Fəxri xiyabanda torpağa tapşırmışdır. Hazırda İnqilab bağında ona abidə ucaldılmışdır.
İKİ BAKILI ADMİRAL. Bakı liman şəhəri olduğu üçün burada gəmiçilik çox inkişaf etmişdi. Nadir şahın öldürülməsindən sonra özünü Bakı xanı elan etmiş Dərgahqulu  oğlu  Mirzə  Məhəmməd  əyalətin  bərbad  hala  düşmüş  iqtisadiyyatını qaydaya salıb, inkişaf etdirmək üçün birinci növbədə Xəzərdə gəmiçiliyin inkişaf etdirilməsi qayğısına qaldı. Bu məqsədlə Avropa dənizçilik  ölkələrinə  səyahətə gedir və orada gəmi inşası ilə yaxından tanış olurdu. Həmin illərdə Bakıda olmuş səyyah Lerx yazırdı ki, admiral Bakı xanı Mirzə Məhəmməd tez-tez Langertə gedərək orada sifariş verdiyi gəmilərin inşasına rəhbərlik edirdi. Beləliklə o Bakıda admiral kimi tanınmağa başlamışdı. Özü şəxsən zəhmli olduğu üçün camaat onu Atmaral adlandırırdı. Bu söz indiyədək işlənir. Zəhmli və iş bacaran bazburudlu adamlara  atmaral  deyirdilər.
İkinci bakılı admiral İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovdur. O sözün həqiqi mənasında ali dənizçilik təhsili almış admiral idi. Aslanbəyov 1822-ci  il sentyabrın 10-da Bakıda anadan olmuşdur. 1837-ci ildə Peterburqda dənizçilik məktəbini bitirmişdir. Məktəbi qurtarandan sonra əvvəllər „Aleksandr Nevski“, „Prozergin“ freqatlarında miçman işləmişdir. Sonralar dənizçilik məktəbinin zabitlər sinfinə daxil olur. 1842-ci ildə oranı bitirdikdən sonra Qara dəniz hərbi nəzarət gəmilərində işləməyə başlayır. O öz vəzifəsində getdikcə yüksəlir və 1854- cü ildə „Elbrus“ hərb gəmisinə komandirlik etməyə başlayır. Komandanlığın diqqətini cəlb edən Aslanbəyov həmin ilin avqust ayında desant gəmisinin döyüşən batareyasına komandir təyin olunur. Burada göstərdiyi xidmətlərə görə ona kapitan-leytenant rütbəsi verilir. 1854-cü ilin sentyabrında döyüşən Sevastopol qarnizonunda olmuş və döyüşlərdən birində kontuziya almışdı.
1860-cı illərdə Aslanbəyov Aralıq dənizində üzən „Sokol“ hərb gəmisinə komandanlıq etmişdir. Sonralar həmin gəmini Kronştadta gətirmişdi. 1878-ci ildə Aslanbəyova kontr-admiral rütbəsi verilərkən o 8-ci donanma ekipajının rəisi idi.Aslanbəyov eyni zamanda dənizçiliyə aid bir sıra əsərlərin müəllifi idi. O rus dənizçilik elminə çox şeylər əlavə etmişdir.1887-ci ildə ona misilsiz xidmətlərinə görə vitse-admiral rütbəsi verilmişdir.Aslanbəyov 1900-cü il 7 dekabrda Peterburqda vəfat etmişdir. Ölümündən sonra Saxalində bir yarımada onun adı ilə adlandırılmışdır. Oxot dənizində də bir boğaz onun adınadır.


Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
loading...

0 şərh