Atropatena və Parfiya

Atropatenanın böyük imperiyalarla münasibətinə dair mənbələrdə xeyli məlumat var. Atropateniya və Parfiya münasibətləri haqqında mənbələrə əsaslanaraq aşağıdakıları qeyd etmək olar. Abdulla Fazili qeyd edir ki, Atropatena hökmdarları öz müstəqilliklərini qoruyub saxlamaq xatirinə əvvəllər Selevkilər, sonra isə Roma və Parfiya kimi qüdrətli dövlətlər arasında gedən şiddətli çəkişmələrdən daima istifadə etmişlər. Onlar müəyyən dövrlərdə Selevki, Parfiya, bəzi hallarda isə Romanı müdafiə edirdilər. Bu baxımdan da, Atropat Midiyasında Roma münaqişələri bir sıra hallarda atropatenalıların xeyirinə müvəffəqiyyətlə nəticələnirdi.

Böyük Midiyaya gəldikdə isə, o, iki böyük qrup arasında gedən mübarizələrdə daima parfiyalıların mənafeyini müdafiə edirdi. Vətənlərini yadellilərdən müdafiə edən midiyalılar digər tərəfdən partiyalılarla dil və etnik nöqteyi-nəzərdən yaxın idilər. Vətənpərvərlik əhval-ruhiyyəsi ilə çıxış edib parfiyalılaranı tərəfini saxlayan midiyalılar romalılara şiddətli müqavimət göstərmişdir. Məlum olduğu kimi, Atropatena hökmdarı Artavazd Antoni ilə Fraat arasında olan çəkişmələrdə əvvəllər Fraatın tərəfində olub Antoniyə qarşı vuruşmuş, sonralar qənimətin bölüşdürülməsi üstündə Fraatdan inciyərək Antoninin tərəfinə keçmişdi. Bu səbəbə görə də Fraat Atropatenaya hücum edib, I Artavazdı hakimiyətdən salmışdı. O, Atropatenanın idarə olunmasını müvəqqəti olaraq Ermənistan çarına tapşırmışdı. Belə olduqda, I Artavazd məcbur olub Antoniyə pənah gətirmişdi. Bu zaman I Artavazd, həm də Antoninin oğlu ilə qohumluq münasibəti yaratmışdı. Antonidən sonra Kiçik Asiyaya gələn Avqust I Artavazdın xidmətini bəyənmişdi.

Müasir Türkmənistan və Xorasan antik dövrdə Parfiya adlanırdı. I Dara tərəfindən yazılmış Bisütun, Presepol, Nəqş-e Rüstəm kitabələrində bu ad «Pərsəvə» formasında verilmişdir. Xəzər dənizinin cənub-şərqində yerləşən bu ölkə əkinçilik üçün əlverişli olmayan vadilərlə həmsərhəd idi. Ətrafında olan səhralara görə nazik zolaq olan bu ərazi Xəzər dənizindən şərqə doğru uzanırdı. Parfiyanın heç bir vaxt Assur dövlətinə tabe olmadığına baxmayaraq, bu ərazi haqqında ilkin məlumata Assur mənbələrində təsadüf edilir. Əhəməni imperiyasının Şimal satraplığını təşkil edən Parfiya I Daranın hakimiyyətə keçməsi ilə əlaqədar Midiyada Fraortanın rəhbərliyi altında baş verən üsyana qoşulub farsların zülmünə qarşı mübarizə aparmışlar.

Eramızdan əvvəl III əsrin ortalarından etibarən Selevki dövləti dağılmağa başlayır. Məhz bu zaman (e. ə. 250-ci ildə) Parfiya dövləti təşəkkül tapır. Bu dövlətin tərkibinə Orta Asiyanın cənub-qərb hissəsi, İranın isə şimal-şərqi daxil idi. Parfiya dövlətinin paytaxtı əvvəllər Nisa şəhəri, sonralar isə Ktesifon şəhəri olmuşdur. Ölkəni əsası I Arşak tərəfindən qoyulmuş Arşakilər (Əşkanilər) sülaləsindən olan çarlar idarə edirdi. Geniş ərazinin ayrı-ayrı vilayətlərinin idarəsi isə kiçik çarlara həvalə edilmişdi. Parfiya hökmdarları özlərini şahlar şahı adlandırırdı. Parfiya hökmranlığını 3 dövrə bölmək olar:

1. Parfiya dövlətinin yaranması və Selevkilərin İran ərazisindən tamamilə qovulması.
2. Parfiya dövlətinin Romaya qarşı apardığı müharibələr.
3. Parfiya dövlətinin tənəzzül dövrü.

Strabonun göstərdiyinə görə, Parfiya çox da geniş əraziyə malik deyildi. O, farsların hökmranlığı dövründə Hirkaniya ilə birlikdə İrana, onlardan sonra isə uzun müddət makedoniyalılara xərac verirdi. Əhəmiyyətsiz dağlıq hissəsinə gəldikdə isə, onu qalın meşələr örtmüş və olduqca kasıb ölkədir. Çarları böyük qoşun dəstələrini az müddət ərzində belə ərzaqla təmin edə bilmirdi. Halbuki indi onların ölkəsi genişlənmişdir. Parfiya ölkəsinə Komisen, Xoren, Kaspi darvazalarına kimi olan ərazi, o cümlədən, Raqa və tanurların ölkəsi də daxildir.

Strabonun göstərdiyinə görə, Atropaten varisləri ermənilərin, suriyalıların, sonralar isə parfiyalıların çarları ilə qohumluq münasibətləri yaratmışdılar.

Atropatena şahları öz müstəqilliyini qorumaq məqsədilə bu və ya digər qüvvətli ölkənin şahları ilə iqtisadi əlaqəyə meyil göstərməklə bərabər, eyni zamanda, həmin ölkələrlə diplomatik və siyasi əlaqə də yaradırdılar.

Əhəmənilər sülaləsinin son nümayəndəsi olan III Daranın Makedoniyalı İsgəndərlə sonuncu toqquşması eramızdan əvvəl 331-ci ildə Qavqameldə baş vermişdir. Beləliklə, Əhəməni imperiyası dağıldı və onun ərazisi Makedoniyalı İsgəndərin ixtiyarına keçdi. Lakin bu imperiya da Əhəmənilərin dövləti kimi möhkəm deyildi. Ona görə də, İsgəndərin vəfatından sonra (e. ə. 323-cü ildə) imperiya onun sərkərdələri arasında bölüşdürüldü. Sərkərdələrdən biri olan Selevk Suriya, Mesopotamiya, İran və Parfiyanın bir hissəsini özünə tabe etdi. Beləliklə, ellin dövlətləri adlanan dövlətlərdən biri — Selevki dövləti təşəkkül tapdı. Selevkilər Suriya, İran və Mesopotamiyanı tabe etdikləri kimi, Atropatenanı da zəbt etməyə cəhd göstərirdilər. Lakin bütün səylərinə baxmayaraq, bu işdə onlar müvəffəqiyyət qazana bilmirdilər.

E. ə. 222-223-cü illərdə Midiya satrapı Molonun üsyanı baş verən zaman Selevki çarı III Antiox Atropatenaya hücuma keçdi. Atropatena hökmdarı Artabaz düşmənə müqavimət göstərərək, onu geri çəkilməyə məcbur etdi. Artabaz düşməni paytaxt şəhəri olan Selevkiyə qədər təqib etmişdi (e. ə. 220-ci ildə).

E. ə. II əsrdə yaşamış yunan tarixçisi Polibinin yazdığına görə, Selevkilər dövləti «Midiya ilə yanaşı olub, ondan dağ silsiləsi ilə aypılır. Onun bəzi hissələri Fasisdən (Rion çayı) yuxarıdakı yerlərdə Pontun (Qara dənizin) üzərində yüksəlir, digər tərəfdən Girkan dənizinə qədər çatır». Atropatena hökmdarı e. ə. 220-ci ildə Selevkilərlə müharibəni qurtarıb onlarla müqavilə bağladı. O, bu müqavilə ilə öz ərazisini genişləndirdi. Artabazın hakimiyyəti altında Ayrarat vilayətinin baş şəhəri olan Arşavirlə (Onun xarabaları Ermənistan SSR-in Oktamberyan rayonundadır) birlikdə, Araz vadisi də daxil olmaqla, Atropatenadan Kolxidaya qədər bir ərazi birləşdirilmişdi.

Beləliklə, Makedoniyalı İskəndərin vəfatından sonra onun imperiyası üzərində 3 dövlət yaranmış oldu. Selevkilər, Misirdə Ptolemeylər, Avropada isə Makedoniya və Yunanıstan. Bu üç birinci dərəcəli dövlətlərdən başqa digər dövlətlər də mövcud idi. İskəndər və onun canişinləri bu dövlətləri təhdid etsələr də, aradan çıxara bilmədilər. Bu qisim ölkələr aşağıdakılardan ibarət idi: Atropatena, Ermənistan, Kapadogiya, Pont, Bitiniyyə və Perqam.

Arrianın göstərdiyinə görə, Atropat Makedoniyalı İskəndərin III Dara ilə olan son vuruşunda Daranın sərkərdələrindən biri idi. Daranın məğlubiyyətindən sonra o, İskəndərin tərəfinə keçib Midiyanın hakimi olmuşdu. Suz təntənəsində isə İskəndərin sərkərdəsi Perdikka Atropatın qızı ilə evlənmişdi. Perdikkanın dövründə Atropat öz hökmranlığını bir daha möhkəmləndirmiş oldu. Atropatdan sonra onun nəsli 350 ilə yaxın həmin ərazidə hökmranlıq etmişlər.

Məlum olduğu kimi, midiyalıları, kaspiləri, albanları, sakasenləri və digər tayfaları Əhəmənilər öz ordularına cəlb etmişdilər. Midiyalılar və Kaspilər piyada qoşunları ilə yanaşı, həm də donanmada xidmət edirdilər. III Dara İskəndərlə müharibə etmək üçün bütün əyalətlərdən hərbi qüvvə toplanmışdı. Daranın ordusunda o dövrdə Kiçik Midiya satrapı olan Atropatın komandanlığı altında Midiya atlılarından təşkil olunmuş böyük bir süvari dəstəsi olmuşdur. Beləliklə, müstəqil Atropatena dövləti Atropatın başçılığı ilə eramızdan əvvəl 223-cü ildən etibarən təşkil edilmişdi. Bu sülalə eramızın III əsrinin I rübünə kimi hakimiyyətdə olmuşdur.

Parfiya şahlarının Atropaten nəslindən olan qolu: III Artabanın anası parfiyalı IV Fraatın qızı, atası isə Atropatın nəslindən olmuşdur. Beləliklə, III Artabandan etibarən Parfiya şahları Atropatın nəslindən olmuşlar. IV Artaban Ermənistanın da şahı olmuş Pakor. (Atropatenanın şahı)
Tirdat
Balaş (Valaqez)
Xosrov
II Pakor
II Balaş
III Balaş
IV Balaş
V Artaban
V Balaş

Atropatena (e. ə. 250, eramızın 224-cü illəri) demək olar ki, tam müstəqil olmuşdur. Lakin Atropatena şahları bəzi hallarda öz istiqlaliyyətini qorumaq məsqədi ilə Parfiya şahlarına az miqdarda vergi verməli olurdular. Bundan başqa, müharibə zamanı əsgəri qüvvə ilə də onlara kömək edirdilər. Parfiya şahları bunun müqabilində bu vilayətin qayda-qanunlarına toxunmayaraq, həm də onların daxili işlərinə qarışmırdılar. Bəzi hallarda Atropatena şahları ölkəni Parfiya işğalından qorumaq məqsədilə romalılarla ittifaqa girdilər. Romalılar hələ birinci dəfə eramızdan əvvəl 190-cı ildə III Antioxun dövründə Asiya qitəsinə qədəm qoyub, Termopol döyüşündə Antioxu məğlub etmişdilər. Lakin onlar sülh bağladıqdan sonra geri çəkilmiş və e. ə. 92-91-ci illərə qədər Asiya qitəsinə gəlməmişlər. Selevkilər parfiyalıların ardı-arası kəsilməyən hücumlarına tab gətirə bilməyib məğlubiyyətə uğradıqdan sonra istər-istəməz işğal etdikləri ərazilərdən əl çəkməli oldular. Bu müharibələrdə atropatenalıların böyük rolu olmuşdur.

Belə ki, e. ə. 222-220-ci illərdə III Antioxun Atropatenaya hücumu Artavazd tərəfindən dəf edilmiş, eyni zamanda, atropatenalılar əks hücuma keçib düşməni paytaxt şəhərləri olan Selevkiyə kimi təqib edib sülh bağlamağa məcbur etmişlər. Lakin Selevkilərin süqutundan sonra Asiya qitəsinə yeni və güclü bir işğalçı olan romalılar gəlməyə başladılar. Selevkilərə qarşı Artavazd da üsyan qaldırmış, lakin məğlub edilmişdi. Onun ərazisi yenidən Selevki dövlətinin ixtiyarına keçmişdi. E. ə. 189-cu ildə isə Artaşes Selevki hökmdarlığına qarşı apardığı mübarizədə qalib gələrək, ölkəsində müstəqil dövlət yaratmışdı. Lakin bir qədər keçdikdən sonra, e. ə. 155-ci ildə Parfiya şahı I Mitridat Ermənistan adlanan ərazisini işğal etdi. I Mitridat Ermənistanın idarəsini öz qardaşı Valarşaqa tapşırmışdı. Beləliklə, qədim Oğuz yurdu Ermənistanda Parfiya mənşəli Arşakilər dövləti yaranmışdı. E. ə. 64-cü ildə isə Kiçik Ermənistan romalılar tərəfindən işğal edildi. Bu tarixdən etibarən Ermənistan uğrunda iki böyük dövlət arasında mübarizənin təməli qoyuldu.

Eramızdan əvvəl 66-cı ildə Roma qoşunları Kaspi dənizi sahilində möhkəmlənməyə çalışır və Albaniyadan keçib Hindistana gedən ticarət yolunu zəbt etmək istəyirdilər. Plini bu haqda yazır ki, Pompeyin yürüşü zamanı təsdiq edilmişdi ki, yeddi gün ərzində Hindistandan Baktriyaya, Oks (Amu Dərya) çayına tökülən Bentra (Belxa) çayına və bu çaydan Kaspi dənizinə, ordan Kir (Kür) çayına qədər gəlmək, buradan isə Hindistan mallarını beş gündən az müddətə quru yolla Ponta və Fazisə çatdırmaq olar. Görünür, romalılar Parfiya dövlətinə şimaldan zərbə endirmək və Asiyanın içərilərinə doğru irəliləmək üçün Albaniya ərazisindən istifadə etmək istəyirmişlər.

E. ə. 36-cı ildə Antoni 100 min nəfərlik ordu ilə Atropatenaya hücuma başladı. Romalıların 13 legionuna qarşı Parfiya çarı IV Fraat 50 minlik ordu çıxara bilmişdi. Atropatena şahı Artavazd bu müharibədə böyük rol oynaya bildi. O, romamılara qarşı IV Fraatın tərəfində çıxış edirdi. Antoninin 100 min nəfərlik qoşun dəstəsi o dövrün ən böyük hərbi qüvvəsi olmaqla bərabər, bütün Asiyanı təşvişə salmışdı. Antoni Araz çayını keçərək, Atropatena ərazisinə daxil oldu.

Atropatena şahları 350 ilə yaxın müstəqil hökmranlıq etmişdilər. Onlar öz ölkəsini yadellilərin hücumundan qurtarmaq üçün bu və ya digər qüvvətli dövlətlə iqtisadi və siyasi əlaqəyə girirdilər. O dövrün ən güclü dövlətlərindən olan Parfiya və Roma bu qəbildəndir. Antoni Atropatenaya hücum edən zaman atropatenalılar dərhal parfiyalıların müttəfiqi kimi romalılara qarşı vuruşdular. Bu müharibə Atropatena ərazisində baş verdiyinə görə, müharibənin əsas ağırlığı atropatenalıların üzərinə düşdü. IV Fraatın qoşun dəstələrinin romalılara qarşı arabir hücum etmələrinə baxmayaraq, onlar bu müharibədə həlledici rol oynaya bilmədilər. Atropatenanın hər iki paytaxt şəhəri işğalçıların hücumuna məruz qalmışdı.

Atropatenalılar bəzən də romalılarla qohumluq əlaqəsi yaradıb Parfiya şahlarına qarşı ittifaq bağlayırdılar. Hər halda atropatenalıların başqa ölkələrə nisbətən parfiyalılarla iqtisadi və ictimai əlaqələri daha möhkəm və səmimi olmuşdur.

Məlumdur ki, Selevkilərdən sonra İran yaylasında ən qüdərtli dövlət Parfiya dövləti olmuşdur. Parfiyalıların əsas peşəsi maldarlıq və qoyunçuluq olmuşdur.

Lakin onların yaşadıqları susuz, otlaqsız və böyük qumsallıqlara malik olan geniş ərazi maldarlıq, habelə, qoyunçuluq təsərrüfatının inkişaf etdirilməsi üçün olduqca əlverişsiz idi. parfiyalılar yarımköçəri həyat sürür, vaxtlarını müharibələrdə, yeni otlaqlar axtarmaqda, qonşu tayfaların hesabına varlanıb yaşamaqda keçirirdilər. Təqribən 500 ilə yaxın geniş bir ərazidə hökmranlıq etmiş parfiyalılar Yaxın və Orta Şərq xalqları ilə daima iqtisadi-ictimai və siyasi əlaqədə olduqları kimi, uzun müddət atropatenalılarla da iqtisadi-ictimai əlaqə çox hallarda atropatenalıların xeyirinə olmuşdur.

Vahid ÖMƏROV
fəlsəfə üzrə fəlsəfə doktoru
 

0 şərh