Manna dövləti haqqında

Azərbaycan dünyada qədim dövlətçilik ənənələrinə malik olan bir ölkə kimi tanınır. Fəxrlə belə söyləmək olar ki, Azərbaycan türklərinin adı ən qədim çağlardan dövlət yaradan və dövlətçilik ənənələrini qoruyub saxlaya bilən xalqların sırasında çəkilir. E. ə. III minillikdə erkən dövlətlər yaratmaqla tarixin səhnəsinə çıxan Azərbaycan türkləri e. ə. I minilliyin əvvəllərində Azərbaycanın cənubunda Manna adlı yeni bir dövlətin əsasını qoymuşdular. Mannanın adı ilk dəfə e. ə. 843-cü ildə Assur mixi kitabəsində «Munna» kimi çəkilmişdir. Urartu yazılarında bu dövlətin adı Mana, Tövratda isə Minni kimi verilmişdir. Urmiya gölündən cənubda İç Zamuada yaşayan mannalılar bu bölgədə mövcud olan siyasi qurumları — «ölkələri» öz dövlətlərinin tərkibində birləşdirmişdilər. Nəticədə Mannanın coğrafi hüdudları xeyli genişlənmişdi.

E. ə. 843-cü ildə Assur çarı III Salmanasar İç Zamuadakı bəzi məntəqələri ələ keçirdikdən sonra Manna ölkəsinə qədər gedib çıxmış, ancaq müqavimət nəticəsində bu ölkəyə girə bilməmişdi. E. ə. 829-cu ildə Assuriyanın Mannaya yeni hücumu ilə bağlı mixi yazısında bu dövlətin hökmdarı Udakinin və paytaxt şəhəri Zirtanın (sonralar İzirtu) adı çəkilmişdir. Mannanın bir dövlət kimi formalaşmağa başlaması e. ə. IX əsrin ortalarına düşür. Həmin əsrin 30 — 20-ci illərində Urmiya gölünün bütün cənub və cənub — şərqindəki «ölkələr»in çoxu Udakinin hakimiyyəti altında birləşdirilmişdi.

E. ə. IX əsrin sonu — VIII əsrin əvvəllərində Manna dövləti dəfələrlə qonşu Assuriya və Urartu kimi çox qüdrətli dövlətlərin çoxsaylı talanedici yürüşlərinə məruz qalmışdır. Bu amansız savaşlarda Manna böyük əhali və təbii sərvətlərini qurban vermək bahasına öz təhlükəsizliyini və dövlətçiliyini qoruyub saxlaya bilmişdir. Manna imkan düşən kimi ona düşmən kəsilən dövlətlərin üzərinə yürüşlər edirdi. E. ə. 776 — 775-ci illərdə Manna Urartu üzərinə hücum etmiş və bu hadisə Urartu yazısında «Manna ölkəsi gəldi» kimi verilmişdir.

Mannanın vüksəlişi. E. ə. 743-cü ildə assurların Mannanın əsas düşməni olan Urartuya ağır zərbə endirməsi ölkəmizi talanedici hərbi yürüşlərdən xilas etdi. Qədim dövlətimizin çiçəklənmə dövrü başladı. Manna hökmdarı İranzu (e. ə. 740 — 719) güclü Assuriya dövlətinin bölgədə siyasi üstünlüyünü qəbul edərək onun gücündən əsas düşməni olan Urartuya qarşı istifadə etməyə çalışırdı. Assuriya isə Urartu ilə apardığı müharibələrdə Mannaya öz müttəfiqi kimi yanaşırdı. Belə əlverişli beynəlxalq şəraitdən istifadə edən İranzu vaxtilə Urartunun ələ keçirdiyi əraziləri Assuriyanın köməyi ilə geri qaytarmışdı. Onun dövründə Cənubi Azərbaycanın demək olar ki, bütün torpaqlan Manna dövlətinin tərkibində idi və dövlətin şimal hüdudları Araz çayına çatmışdı. Nəticədə Manna qədim Şərqin dörd qüdrətli dövlətindən biri olmuşdu. İranzu mərkəzləşdirmə siyasəti yeridərək bütün vilayətlərin hakimlərini özünə tabe edə bilmişdi. Assuriya ilə müttəfiqlik, yaxınlıq siyasəti İranzuya ölkəsini bütöv saxlamağa imkan verirdi. Ancaq bəzi vilayətlər mərkəzə tabe olmasınlar — deyə Urartuya meyllənir, bu isə dövlətin parçalanması üçün böyük təhlükə yaradırdı. E. ə. 719-cu ildə bəzi vilayət və şəhərlər İranzuya qarşı çıxaraq üsyan qaldırsalar da, assurların köməyi ilə bu üsyan yatınidı.

İranzunun ölümündən sonra taxta onun böyük oğlu Aza (e. ə. 718 — 716) çıxdı. Urartunun fitnəsinə uyan və ondan kömək alan bəzi vilayət hakimləri onu devirdilər və qardaşı Ullusununu (e. ə. 716 — 680) hakimiyyətə gətirdilər. Ullusunu Urartu ilə ittifaqa girdi və 22 qalanı ona bağışladı. Manna kimi müttəfiqin və Urartuya qarşı mühüm strateji əhəmiyyətli qalaların və ərazinin itirilməsi ilə barışmayan Assuriya hökmdarı II Sarqon e. ə. 716 — 715-ci və e. ə. 714-cü ildə Mannaya yürüşlər etdi. Nəticədə Mannada Assuriyanın siyasi üstünlüyü təmin edildi, 22 qala geri qaytarıldı, urartupərəst qüvvələr sıradan çıxarıldı. II Sarqon Ullusununun Mannanın hökmdar taxtında yenidən əyləşməsi ilə banşmalı oldu. E. ə. 714-cü ildə II Sarqonu Urartuya uğurlu yürüşü nəticəsində bir sıra Manna vilayətləri geri qaytanldı, Mannanın Urartu təcavüzündən yaxa qurtarıb tam müstəqil dövlətə çevrilməsi üçün əlverişli şərait yarandı.

Manna e. ə. 714-cü ildə Urartuya qarşı aparılan müharibə ilə əlaqədar Assuriyaya bac versə də, sonrakı dövrlərdə uzun müddət belə məlumatlara rast gəlinmir. E. ə. 713-cü ildə Ullusunu Sarqonu bacla deyil, hədiyyələrlə qarşılamışdır. II Sarqon da Manna hökmdarını öz yaxın müttəfiqi kimi kətan və yundan toxunmuş rəngli geyimlər, xəncər və üzüklər bağışlamaqla dəyərləndirmişdi. II Sarqon ölkədən çıxan kimi Ullusunu Assuriyanın siyasi üstünlüyünü tanımaqdan imtina etmiş, hətta Assur torpaqlarına yürüşlərə başlamışdı. Assur qaynaqlarında e. ə. VIII əsrin sonu-VII əsrin əvvəllərində Mannanın Assuriyaya boyun əyməməsi haqqında çoxlu məlumatlara rast gəlirik. Manna, hətta öz ərazilərini Assur torpaqları hesabına genişləndirməyə başlamışdı və onun bir sıra qalalarını ələ keçirmişdi. E. ə. 674-cü ildə Manna hökmdarı onun ölkəsinə gəlib məskunlaşmış iskitlər və kimmerlərlə Assuriyaya qarşı ittifaqa girmişdi. Tarixdə qədim türk etnosları kimi xatırlanan kimmer və iskitlərin Manna ərazisində e. ə. VII əsrin ortalarında bir hökmdarlıq yaratması haqqında məlumatlara rast gəlinir. İskit padşahlığının hökmdarı Tuqdamme olmuşdur. İskitlər Mannaya qonşu olan Midiyada da 28 il (e. ə. 653 — 625) ağalıq etmişdilər. Assurlar Mannanın iskitlərlə ittifaqını pozmağa çalışır və bəzən buna nail olurdular.

E. ə. VII əsrin 70 — 50-ci illərində Manna hökmdarı Ahşerinin (e. ə. 675-650) tam müstəqilləşməsi və Assuriyaya qarşı çıxması yeni savaşlara səbəb oldu. Assur hökmdarı Aşşurbanipal Mannanın ələ keçirdiyi qalaları geri qaytarmaq niyyətində idi və Mannaya yürüş edərsə, uğur qazanıb qazanmayacağı haqda öz tanrısının rəmmalına belə bir sorğu ilə müraciət etmişdi: «Assur ordusu Mannanın tutduğu Assur qalalarını geri qaytarmaq üçün getsə, müqavilə və ya döyüşlə, fərqi yoxdur, o, bu qalaları qaytaracaqmı?». Göründüyü kimi. Manna öz gücünə görə elə bir həddə gəlib çatmışdı ki. Şərqin ən qüdrətli dövlətlərindən biri olan Assuriyanın hökmdarı bu ölkəyə yürüşünün nə ilə nəticələnəcəyini bilmədiyindən rəmmaldan soruşmağa məcbur olmuşdu.

E. ə. 660 — 659-cu ildə assurlarla mannalılar arasında baş verən savaşda Ahşeri məğlub olmuşdu. Bu məğlubiyyətdən sonra Mannada daxili çəkişmələr başlamış və Ahşeri e. ə. 650-ci ildə üsyan nəticəsində öldürülmüşdü. Ahşerinin oğlu Ualli (e. ə. 650 — 630) Assuriyayla ittifaqı bərpa etməyə məcbur olmuşdu. E.ə. VII əsrin sonlarında Assuriya Babilistan ilə ölüm-dirim savaşına çıxanda Manna müttəfiqlik borcuna sadiq qalıb, ona hərbi qüvvə ilə yardım göstərmişdi.

Mannanın adı e. ə. 593-cü ildə Bibliyada çəkilmişdir. Burada Manna iskitlər və Urartu ilə birlikdə Babilə qarşı mübarizəyə çağırılmışdır. E. ə. 590- cı ildə Manna torpaqları Midiya ordusu tərəfindən işğal olunmuş və nəticədə Manna dövləti süquta uğramışdı. Manna ilə təxminən eyni vaxtda İskit padşahlığına da Midiya tərəfindən son qoyulmuşdur.

Mannanın dövlət quruluşuu. Manna dövlətinin paytaxtı, yəni hökmdar şəhəri İzirtu idi. Dövlətimizi həmin şəhərdə taxtda oturmuş hökmdar idarə edirdi. E. ə. VIII — VII əsrlərdə Mannada hakim sülalənin hakimiyyəti irsən ötürülürdü. İranzudan sonra taxta onun böyük oğlu Aza, sonra digər oğlu Ullusunu oturmuşdu. Ahşerini oğlu Ualli əvəz etmişdi. Hökmdarın səlahiyyətləri kifayət qədər geniş idi: o, dövlətin daxili və xarici siyasətini özü müəyyən edir və ya dövrün hərbi — siyasi hadisələrinə uyğun olaraq dəyişdirirdi. Mannada hökmdarın yanında fəalIyyət göstərən Ağsaqqallar Şurası məşvərətçi orqan idi.

Vilayətləri hökmdarın təyin etdiyi hakimlər və canişinlər idarə edirdilər. Dövlətin idarə olunmasında əyanlar, müşavirlər və hakim sülalənin üzvləri iştirak edirdilər. Mannanın sərhədboyu və ucqar vilayətlərinin hakimləri bəzən mərkəzi hakimiyyətə tabe olmaq istəmir, separatçılıq hərəkətlərinə yol verərək bu zaman qonşu Urartuya arxalanırdılar. Urartu onlardan Mannanın daxili işlərinə qarışmaq üçün istifadə edirdi. Urartimun Mannaya qarşı açıq təcavüzkar siyasət yeritməsi Manna hökmdarlarını dövlətin torpaq bütövlüyünü qorumaq üçün daha çox Assuriya ilə ittifaqa girməyə vadar edirdi.

Manna hökmdarları Assuriya və Urartu hücumlarından qorunmaq üçün sərhədlərdə müdafiə qurğuları və qalaların inşasına ciddi fikir verirdilər. Manna ordusunun döyüşçüləri ox-yay, xəncər, qılınc, nizələrlə silahlanır və döyüş arabalarından istifadə edirdilər.

Mannanın təsərrüfat həvatı Əlverişli təbii — coğrafi mövqeyi Mannada əkinçiliyin və maldarlığın inkişafına şərait yaratmışdı. Burada dəmyə əkinçiliyi ilə yanaşı, azyağıntılı torpaqlarda süni suvarma əkinçiliyi yayılmışdı. Mannada iki və altı cərgəli arpa, bir neçə növ buğda və darı əkilirdi. Əkinçilikdə dəmir toxalardan, oraqlardan və tunc kotanlardan istifadə edilirdi. Assur yazılarında Mannada taxıl (buğda və arpa), un ehtiyatı, yağ və çaxır anbarları haqqında çox dolğun bilgilər verilmişdir. Assur hökmdarı II Sarqona aid mixi yazısında Mannadakı anbarlardan götürülmüş «keyfiyyətli çaxırı onun döyüşçülərinin çay suyu kimi içməsindən» bəhs edilir.

Manna dağlıq ölkə olduğundan burada maldarlığın inkişafı üçün hər cür şərait var idi. Mixi yazılarında Manna torpaqlarında iri və xırdabuynuzlu mal saxlanılması və at ilxıları bəslənilməsi haqqında maraqlı məlumatlar verilmişdir. Manna əhalisi oturaq olduğundan burada yaylaq maldarlığı geniş yayılmışdı. Xarici işğalçılar Mannaya hücumlar zamanı buradan qənimət kimi qaramal, davar at və dəvə aparırdılar. E. ə. 780-ci ildə Mannadan qənimət kimi Urartuya 22529 qaramal, 36830 davar (qoyun — keçi), 100 dəvə, e. ə. 779-cu ildə isə 6257 qaramal, 33302 davar, 606 at və 184 dəvə sürülüb aparılmışdı. Mannada atçılığın inkişafı atdan daha çox hərbi işdə və qoşqu vasitəsi kimi istifadə edilməsi ilə bağlı idi. Həsənlidə tapılmış qablar üzərindəki təsvirlərə görə Mannada bir və ya iki at qoşulmuş döyüş arabaları var idi.

Manna çox zəngin faydalı qazıntılara malik idi. Mis, dəmir, qızıl və qurğuşun yataqlarının olması Mannada dağ — mədən işinin və sənətkarlıq sahələrinin yüksəlişi üçün əlverişli şərait yaratmışdı. Burada mis qab-qacaqlar, zərgərlik məmulatları hazırlanırdı. Manna sənətkarları yüksək kefiyyətli saxsı qablar istehsal edə bilirdilər. Mannada ayrı-ayrı sənət sahələri üzrə (dəmirçilik, misgərlik, zərgərlik və silah istehsalı) emalatxanalar fəaliyyət göstərirdi. Həsənli, Ziviyə və Marlıqtəpədə tapılan qızıl və gümüş qablar, zərgərlik məmulatları (qızıl kəmərlər, sırğalar, boyunbağılar, bilərziklər və s.) bədii metalişləmənin çox yüksək səviyyədə olduğunu göstərir. Ziviyə dəfinəsinə aid qızıl döşlük (pektoral) hakimiyyət rəmzi sayılırdı. Mannada memarlıq, daşyonma və bənnalıq sənətləri də yüksək səviyyəsi ilə seçilirdi. Toxuculuq və boyaqçılıq sənəti də inkişaf etmişdi.

Mənəvi mədəniyyət Mannada bütpərəslik və çoxallahlılıq yayılmışdı. Şəhərlərdə allahların heykəlləri saxlanan məbədlər fəaliyyət göstərirdi. Həsənlidə tapılan qızıl camın üzərində mannalıların ibadət və qurbanvermə mərasimi belə təsvir olunmuşdur: Qatır və öküz qoşulmuş üç arabanı saçları kürəyinin ortasına çatan və saçaqlı uzun paltar geyinmiş qanadlı allahlar sürürdülər. Allahlara tərəf gələn iki kahin ibadət mərasimini icra edir, iki xidmətçi isə qurbanlıq qoyun gətirir. Qızıl camda mannalıların ibadət etdikləri Tufan və ya Müharibə, Günəş və Ay allahları təsvir edilmişdir.

Mannada Dirilik həyat ağacına sitayiş geniş yayılmışdı. Ziviyədə tapılmış qızıl pektoralda dirilik ağacının yanında dağ keçiləri və qanadlı öküz təsvir olunmuşdur. Marlıqtəpədə tapılan və e. ə. IX əsrə aid edilən böyük qızıl qədəh üzərində dörd sırada verilmiş təsvirlərdəki dirilik ağacı mövzusu təbiətin gəlimli-gedimli olmasına, insanların yaranışa, doğuluşa və axirət dünyasına inamını əks etdirir. Birinci sıra doğuluş mövzusundadır: keçi öz balasını əmizdirir. İkinci sırada bala artıq buynuz çıxarmışdır və Dirilik ağacının yarpaqlarını yeyir. Ücüncü sırada canavar sürüsü və uçan yırtıcı quş göstərilib, yəni yeni varlıq üçün ölüm təhlükəsi yaranmışdır. Dördüncü sırada isə keçinin cəmdəyini iki çalağan sökməkdədir.

Mannada əhalinin həyatında xüsusi yer tutan at da ilahiləşdirilirdi. Atın ayrıca qəbirdə insansayağı dəfn edilməsi bunu sübut edir.

Azərbaycan e, a. VI-V əsrlərdə. E. ə. 590-cı ildə Manna öz müstəqilliyini itirdikdən sonra onun ərazisi Midiyanın tərkibinə qatılmışdı. Azərbaycanın şimal torpaqları isə Midiyanın sərhədlərindən kənarda qalmışdı. Keçmiş Manna torpaqları e. ə. 550-ci ildə Midiya dövlətini sıradan çıxararaq onun yerində yaranmış Əhəməni dövlətinin tərkibinə daxil edildi. Əhəməni hökmdarı II Kir Azərbaycanın şimal torpaqlarını ələ keçirmək üçün e. ə. 530-cu ildə Arazdan şimala massagetlər üzərinə yürüş etdi. “Tarixin atası” adlandırılan Herodot massagetləri Araz çayının o tayında yaşayan çoxsaylı və olduqca cəsur xalq adlandırmışdır. II Kirin Arazdan şimaldakı Azərbaycan torpaqlarını ələ keçirmək cəhdi boşa çıxmışdı. Cəsur qadın Tomrisin qoşunu ikinci döyüşdə əhəməniləri darmadağın etmiş və II Kir öldürülmüşdü.

I Daranın dövründə (e. ə. 522 — 486) əhəmənilərin Arazdan şimaldakı Azərbaycan torpaqlarına (Albaniya) tez — tez baş vermiş yürüşləri buradakı sakların ciddi müqaviməti ilə qarşılanmışdı. Buna baxmayaraq həmin torpaqlar ələ keçirilmiş və Əhəməni imperiyasının satraplıqlarından (canişinlik) birinə daxil edilmişdi. Nəticədə Arazdan şimalda yaşayan tayfalar əhəmənilərə vergi verməklə yanaşı, hərbi xidmətə də cəlb olunurdular. E. ə. V əsrdə baş vermiş fars-yunan müharibəsində kaspi-alban hərbi dəstələrinin də iştirakı haqqında Herodotun «Tarix» əsərində məlumatlara rast gəlirik.

 

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan — XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

0 şərh