Atropatena dövləti

Atropatena dövlətinin yaranması. Makedoniyalı İsgəndarin Şərqə yürüşü nəticəsində e. ə. 330-cu ildə Əhəməni dövləti çökdü. Əhəmənilərin taleyini həll edən Qavqamela döyüşündə (e. ə. 331) antik müəlliflərin Midiya (Mada) adlandırdığı satraplığın başçısı Atropatın rəhbərliyi altında kadusilərin, albanların və sakasinlərin İsgəndərə qarşı vuruşmaları tarixi mənbələrdə təsdiq olunmuşdur. Strabon yazırdı ki, Midiyadan (Əhəməni) fərqli olaraq Atropat öz ölkəsinin makedoniyalılara tabe olmasına yol vermədi. İsgəndərə tabe olmadığına görə əvvəl satrap vəzifəsindən uzaqlaşdırılan görkəmli dövlət xadimi və uzaqgörən siyasətçi Atropat makedoniyalılarla savaş əvəzinə danışıqlar yolu tutdu. E. ə. 328-ci ildə o. Makedoniyalı İsgəndər tərəfindən Kiçik Madanın satrapı vəzifəsinə təyin edildi. Nəticədə Kiçik Mada adlandınlan gələcək Atropatena torpaqlan Makedoniya işğalından xilas oldu. E. ə. 324-cü ildə İsgəndərə qarşı Baryaqsın başçılığı ilə baş vermiş üsyanı öz gücü ilə yatıran Atropat qızını İsgəndərin ən yaxın sərkərdəsi olan Perdikkiyə ərə verərək öz mövqeyini daha da möhkəmləndirdi. E. ə. 323-cü ildə Makedoniyalı İsgəndərin ölümü ilə onun imperiyası sərkərdələri arasında bölüşdürüldü. Perdikki dövlət regenti təyin edilərək əslində İsgəndərin yerini tutdu. Görünür, onun səyləri nəticəsində İsgəndərin imperiyasının birinci bölüşdürülməsində Atropatın ölkəsinin adı çəkilməmişdir, E. ə. 321-ci ildə Perdikkinin ölümündən sonra imperiya yenidən bölüşdürülərkən Atropatena yenə yada düşmədi. Beləliklə, e. ə. 321-ci ildə Kiçik Mada, yəni Atropatena müstəqil dövlətə çevrildi. Strabona görə yeni dövlət onun qurucusu olan Atropatın adı ilə Atropatena adlandırılmışdır. Atropat «bu ölkənin Böyük Midiya kimi makedoniyalılara tabe olmasına yol vermədi, təntənə ilə çar elan olunan Atropat bu ölkəni müstəqil etdi». Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması şəraitində Şərqdə siyasi müstəqillik qazanmış ilk dövlət hesab olunur.

Əhalisi və təsərrüfata Atropatena dövlətinin ərazisi indiki Cənubi Azərbaycan torpaqlarını əhatə edirdi. Tarixi şəraitdən asılı olaraq dövlətin ərazisi müxtəlif vaxtlarda müəyyən dəyişiklikliyə uğramış, böyümüş və ya kiçilmişdir.

E. ə. III əsrin 20-ci illərində Atropatenanın ərazisi Roma müəllifi Polibinin yazdığına görə, hətta Xəzər dənizindən o vaxtkı İberiyadan keçən Rioni çayının yuxarı axarlarınadək olan torpaqları əhatə edirdi.

Atropatenanın əhalisi etnik baxımdan yekcins deyildi. Burada matienlər, saqartilər, kadusilər, gellər, utilər, maqlar, kaspilər və başqalan yaşayırdılar. Bu tayfaların dil mənsubiyyəti dəqiq müəyyən edilməmişdir. Çoxsaylı tayfa olan kadusilər Strabona görə 20 min yüngül silahlı piyada və 8 min atlıdan ibarət hərbi qüvvə çıxara bilirdilər. Maqlar isə Zərdüşt dini ayinlərinin əsas icraçısı olub, böyük nüfuza malik idilər. Saqartilərin adı mənbələrdə e. ə. VIII əsrdə, kaspilərin adı isə e. ə. V əsrdə çəkilmişdir.

Atropatena əlverişli təbii — coğrafi mövqeyə və iqlim şəraitinə əsaslanan zəngin təsərrüfata malik olmuşdur. Strabon yazırdı ki, bu ölkənin bütün vilayətləri məhsuldardır. Atropatenada əhali çay vadilərindəki və Urmiya gölü ətrafındakı məhsuldar torpaqlarda əkinçilik və üzümçülüklə məşğul olurdu. Əkinçilikdə buğda və arpa növləri üstün yer tuturdu. Antik müəlliflərdən Strabon, Yevstafi və başqalan Atropatenada torpağın məhsuldarlığını qeyd edərək yazırdılar ki, burada bir üzüm tənəyindən 40 litrə yaxın çaxır hazırlanır, bir əncir ağacı isə 52 litrdən çox məhsul verir. Antik dövr müəlliflərinin əsərlərində Atropatenada heyvandarlığın, xüsusilə atçılığın geniş yayılması haqqında qiymətli məlumatlar var. Pohbinin məlumatına görə Atropatenanın Kaspiana vilayətində maldarlıq, dəvəçilik və atçılıq geniş yayılmışdı. Başqa bir antik müəllif Ammian Marseliniyə görə Atropatenada dünya şöhrəti qazanmiş «Nisa» cinsli atlar bəslənirdi. Hərbi işdə və nəqliyyat vasitəsi kimi istifadə edilən atların yetişdirilməsində yonca əsas yem bazası idi. Plininin «Midiya otu» adlandırdığı yonca toxumu Avropanın digər ölkələrinə Atropatenadan aparılmışdır. Atropatena kənd təsərrüfatı məhsullarının bolluğuna ğörə qonşu ölkələrdən fərqlənirdi.

Ölkənin çaylan və gölləri forel, kütüm, qızıl balıq növləri ilə dolu idi. Kaspilər ovladıqları balıqları xüsusi üsulla duzlayıb qurudur və dəvələrə yükləyib Ekbatanaya aparırdılar. Kaspilər balıq yağı hazırlayır, xüsusilə balığın içalatından çox möhkəm yapışqan düzəldirdilər.

Atropatena qədimdən yüksək inkişaf etmiş sənətkarlıq ölkəsi kimi məşhur olub, müxtəlif sənət sahələrinin inkişafı üçün çox zəngin faydalı qazıntılara malik idi. Burada dəmir, mis, qurğuşun, gümüş, qızıl və s. çıxarılırdı. Arxeoloji qazıntılar zamanı tapılmış bəzək əşyalan ölkə zərgərlərinin yüksək ustalığından xəbər verir. Ərdəbil yaxınlığında tapılmış boyalı, naxışlı və şirli qablar bu ölkədə dulusçuluq məktəbinin olduğunu ğöstərir. Atropatena sənətkarları yüksək keyfiyyətli metal və gil qablar, müxtəlif silah növləri, toxuculuq məmulatı, bəzək şeyləri, təsərrüfat və məişət əşyalan istehsal edirdilər. Əsas yeraltı sərvətlərdən biri də neft idi. Nefti çox vaxt «Midiya yağı» adlandırırdılar. Urmiya gölünün suyundan duz istehsal edilirdi.

Atropatenada şəhərlər sənətkarlıq və ticarət mərkəzləri idi. Ölkənin ərazisindən beynəlxalq ticarət yollarının keçməsi daxili və xarici ticarətin inkişafına, şəhərsalma işinə müsbət təsir göstərirdi. Ellin dövlətlərini birləşdirən mühüm ticarət yollan da Atropatena ərazisindən keçirdi. Baktriya (Orta Asiya), Hindistan və Çin malları Ekbatan şəhərinə, oradan ölkənin paytaxtı Qazakaya gətirilir, buradan isə Pont (Qara) dənizinə. Kiçik Asiya vasitəsilə Aralıq dənizi sahillərinə apanlırdı. Ekbatan — Qazaka beynəlxalq ticarət yolu Kaspi (Xəzər) dənizi sahili ilə Alban ölkəsinə, oradan isə şimala doğru uzanırdı. Strabon yazırdı ki, bu yolla dəvə karvanları Hindistan və Babilistan malları daşıyırdı.

Ticarətdə puldan geniş istifadə edilirdi. Atropatena ərazisində tapılmış ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir. Tədavüldə Parfıya pulları da işlədilirdi. Yerli hökmdarların adına kəsilmiş pullara isə rast gəlinməmişdir.

Qeyd etmək lazımdır ki, ellinizm dövründə Atropatena hökmdarları ölkənin iqtisadi və mədəni inkişafını təmin etmək üçün şəhərsalma işinə xüsusi diqqət yetirirdilər. Yazılı mənbələrdə Qazaka, Fraaspa, Fanaspa, Aqanzana kimi şəhərlərin adlan çəkilmişdir. Dövlətin paytaxt şəhəri Qazaka idi və Atropatena hökmdarlarının sarayı da burada yerləşirdi. Sonralar ərəb müəlliflərinin Cənzə adlandırdıqları bu şəhər Urmiya gölünün cənub — şərqində, indiki Marağa yaxınlığında yerləşirdi.

Atropatenanı Atropatlılar sülaləsindən olan hökmdarlar idarə edirdilər. Hökmdar hakimiyyəti irsi idi. Cəmiyyət əyanlardan, kahinlərdən (maq), kəndlilər, sənətkarlar, tacirlər və qullardan ibarət idi. Tarixi mənbələrə görə Misir və Assuriyada mövcud olmuş quldarlıq sisteminə Atropatenada rast gəlinməsə də, burada da qul əməyindən istifadə edilirdi.

Atropatenanın sivasi tarixinin başlıca məsələləri Atropatdan başlayaraq Atropatena hökmdarları dövlətimizin siyasi, hərbi və iqtisadi qüdrətini möhkəmləndirməyə çalışırdılar. Atropat ölkəmizi Şərqdə ən böyük dövlətlərdən biri olan Seleyklilərin hücumundan qoruya bilirdi. Atropatenanın malik olduğu çox güclü 50 minlik ordunun 40 min nəfərini piyadalar, 10 min nəfərini isə atlı (süvari) döyüşçülər təşkil edirdi. E. ə. III əsrin 20-ci illərində Atropatena hökmdarı Artabazan Araz çayından nəinki cənubda, hətta şimala doğru çox geniş ərazilərə malik olmuşdur. Dövlətimizin sərhədlərinin Xəzər dənizindən Rioni çayının yuxarı axarlarınadək çatması onu göstərir ki, Ermənistan (Arminiya — indiki Türkiyə ərazisində yerləşirdi — Red.) və Iberiya da onun tərkibinə daxil idi.

Selevki hökmdarı III Antioxun (e. ə. 223 — 187) Şərq yürüşü zamanı selevkilərlə savaşda məğlubiyyətə uğrayan Atropatena hökmdarı Artabazan sülh bağlayaraq onlardan asılılığı qəbul etməli oldu. E. ə. 190-cı ildə Maqneziya döyüşündə romalılara məğlub olan selevkilərin Asiyadakı mövqeləri də xeyli zəiflədi. Bundan istifadə edən Atropatena asılılıqdan çıxıb, tam müstəqil oldu.

E. ə. III əsrdə yaranmış Parfıya dövləti Şərqdə geniş işğalçılıq planlarını həyata keçirməyə çalışan Roma ilə rəqabət aparırdı. Ön Asiyada ağalıq uğrunda bu iki dövlətin apardığı müharibələrdə Atropatena əvvəlcə onunla dini baxımdan qohum olan Parfiyanı müdafiə edirdi. E. ə. 53-cü ildə Parfıya -Atropatena müttəfiq qoşunlarının Romaya qarşı apardıqları Karr döyüşündə romalılar 20 min döyüşçü itirərək ağır məğlubiyyətə uğradılar. E. ə. 36-cı ildə Roma triumviri Mark Antoni Parfiyanı və onun müttəfiqi Atropatenanı sıradan çıxarmaq üçün böyük yürüşə başladı. Roma ordusu o dövr üçün çox müasir olan 300 mühasirə maşını və qalauçuran qurğu ilə silahlanmışdı. Antoni indiki Təxti — Süleymaniyyədə yerləşən Fraaspa şəhərini mühasirəyə alsa da, şəhərin müdafiəçiləri böyük qətiyyət göstərdilər, qala darvazalarını açıb romalılara ağır zərbələr vurdular. Geri çəkilməyə məcbur olan Antoninin itkisi çox böyük idi. Atropatena torpağında 35 min Roma döyüşçüsü məhv edildi. Atropatena hökmdarı I Artabazd (e. ə. 59 — 20) bu qələbəni təntənə ilə qeyd etdi. Roma tərəfində vuruşan Pont çarı Polemonu, xeyli hərbi əsiri, Roma bayraqlarını və çoxlu qənimət ələ keçirən Atropatena hökmdarı Artabazdla, onun müttəfiqi Parfıya çarı IV Fraat arasında ixtilaf yarandı. Parfıyanın Atropatenanı özünə tabe etmək cəhdi Artabazdın Roma ilə yaxınlaşmasına səbəb oldu. Pont çarını və Roma bayraqlarını Antoniyə qaytaran Artabazd qızı İotapeni Antoninin Misir kraliçası Kleopatradan olan oğlu Aleksandrla nişanlayaraq e. ə. 34-cü ildə Parfıyaya qarşı mübarizədə güclü bir müttəfiq qazandı. Antoninin və e. ə. 30-cu ildən sonra Oktavian Avqustun dövründə Artabazd öz taxt — tacını qoruyub saxlamaqla yanaşı, ölkədə böyük nüfuz sahibinə çevrildi. E. ə. 20-ci ildə Roma imperatoru Oktavian Avqustun vasitəçiliyi ilə Artabazdın qızı İotape hakimiyyətə Roma tərəfindən gətirilmiş III Mitridata ərə verilmiş və nəticədə o, Kommagena kraliçası I İotape kimi tarixə düşmüşdür. Omm qadın varislərinin hamısı İotape adlanırdı. Türkiyədə antik liman şəhəri olan İotapenin qalıqlan tapılmışdır. Bu şəhər Kommagena çarı IV Antioxun həyat yoldaşı olmuş VI İotapenin adını daşıyırdı. I İotapenin varisləri uzun müddət Kommagena, Emesa, İudeya və Kilikiyada hökmranlıq etmişdilər.

Artabazd Roma hökmdarı Oktavian Avqustun tapşrığı ilə e. ə. 20-ci ilədək eyni zamanda Ermənistanı (Arminiya — Red.) da idarə etmişdir. Bölgədə Romanın siyasi üstünlüyünü qoruyub saxlamağa çalışan II Ariobarzanın dövründə (e. ə. 20 — b. e. 2-ci ili) də Ermənistan ərazisi Atropatenanın tabeliyində olmuşdur. Eramızın 20-ci ilində Atropatena ərazisi Parfiya tərəfindən ələ keçirilmişdi. Nəticədə 350 ilə qədər mövcud olan Atropatena dövləti siyasi müstəqilliyini itirərək Parfiyanın tərkibinə qatılmışdı.

Mədəniyyət Atropatena zəngin mədəniyyətə malik olmuşdur. Burada yüksək şəhərsalma mədəniyyətinin olduğunu arxeoloji qazıntılar nəticəsində tapılmış şəhər qalıqları da sübut edir. Şəhərlər mühüm ticarət yolları üzərində yerləşən oturaq yaşayış məskənlərinin inkişafı nəticəsində, böyük məbədlərin ətrafında yaranır və yaxud hökmdarlar tərəfindən salınırdı. Şəhərlər ölkənin inzibati — iqtisadi və mənəvi-ideoloji mərkəzləri rolunu oynayırdı. Şəhərlərdəki binalarda daş sütunlardan, kirəmitdən geniş istifadə edilirdi. Evlərin üstü yastı və ya tağ şəklində örtülürdü. Atropatena memarları antik Avropa və qonşu Şərq ölkələrinin memarlıq üslubları ilə teınış idilər.

Şərqdə Ellin mədəniyyətinin yayılması nəticəsində Atropatenada da yunan yazısı və dilindən istifadə olunurdu. Kerefto adlı möhtəşəm memarlıq abidəsi üzərində yunan dilində yazı həkk olunmuşdur. Zaqros dağlarında tapılan və dəri üzərində yazılmış üç əlyazmada icarə müqavilələrindən bəhs olunur. Əlyazmalar yunan dilində olsa da, müqavilədə iştirakçı şəxslər yerli ad daşıyırdılar.

Atropatenadə əhali zərdüşt dininə sitayiş edirdi. Bu dinin yaradıcısı Zərdüştün e. ə. VII əsrin ortalarında Azərbaycanda anadan olması və e. ə. 595-ci ildə özünü peyğəmbər elan etməsi haqqında tutarlı dəlillər vardır. Zərdüştlüyün müqəddəs kitabı «Avesta» dır. Zərdüştlükdə Od mühüm yer tutduğundan bu din Atəşpərəstlik də adlanır. Zərdüştlüyə görə dünyada Xeyir (Hörmüzd) və Şər (Əhriman) adlanan iki əsas qüvvə arasında daima mübarizə gedir və son nəticədə xeyir şərə qalib gəlir. Zərdüştlük dini təlimi antik çağların mənəvi-əxlaqi keyfiyyətləri: yüksək zəka və xeyirxahlıq üzərində qurulmuşdur. Bu dində ailə və övlad tərbiyəsinə xüsusi diqqət yetirilirdi. Zərdüşt dininə inam gətirən hər bir şəxs cəmiyyətin həyatında fəaliyyətsiz qalmamalı, əkinçilik və ya maldarlıqla məşğul olmalı, bataqlıqlan qurudub məhsuldar torpağa çevirməli, gündəlik həyatında yalançılığa yol verməyərək düz danışmalı və doğru yol tutmalı idi. Zərdüştlüyün baş məbədi Atropatena ərazisindəki Qazakada yerləşirdi. Baş məbədin mehrablarında daima od yanır və heç vaxt onu sönməyə qoymurdular.

 

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan — XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar

0 şərh