Eldənizlər sülaləsinin hakimiyyəti dövrü (1136-1225-ci illər)

Azərbaycan torpaqları Böyük Səlcuq imperatorluğundan 1118-ci ildə ayrılan İraq Səlcuq sultanlığının tərkibində idi. Vətənimizin siyasi cəhətdən dirçəlişi, dövlətçiliyimizin bərpası və güclənməsi Atabəy Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Şəmsəddin İraq Səlcuq sultanlarının sarayında adi qulamdan çox sürətlə yüksələrək nüfuzlu əmirlərdən birinə çevrilmişdi. Şəmsəddin saray əyanları içərisində at çapmaqda və ox atmaqda xüsusilə seçilirdi. Sarayda vəzifə pillələri ilə sürətlə yüksəlməsinin əsas səbəbi bir-birilə rəqabət aparan heç bir siyasi qruplaşmaya qoşulmaması idi. Sultan II Toğrul Şəmsəddini oğlu Arslan şahın atabəyi təyin etmiş, Naxçıvan və çevrəsini ona iqta olaraq bağışlamışdı. II Toğrul öləndən sonra taxta çıxan Sultan Məsud (1 135-1152) Eldənizi sultanın dul arvadı Möminə Xatmia evləndirmişdi. Şəmsəddin Eldənizin bu qadından Nüsrəddin Məhəmməd Cahan Pəhləvan, Müzəffərəddin Osman Qızıl Arslan adlı iki oğul övladı və bir qızı dünyaya gəlmişdi. 1136-cı ildə Sultan Məsud bütün Aranı iqta olaraq Şəmsəddin Eldənizə bağışlamış, o da Bərdə şəhərini özünə iqamətgah seçmişdi. 1136-cı il Azərbaycanda Eldənizlər sülaləsinin hakimyyətə başlaması tarixi kimi qəbul olunmuşdur. Tarixi qaynaqlarda yazıldığı kimi, “Atabəy Şəmsəddin gücləndi, bütün böyük hökmdarları yenərək bir çoxunu özünə tabe etdi, üsyan başçılarını aradan qaldırdı və Aran ölkəsindəki (Azərbaycanın Arazdan şimaldakı torpaqları-Red) qarmaqarışıqlığa son qoydu”.

Görkəmli türk sərkərdəsi və uzaqgörən siyasi xadim Şəmsəddin Eldəniz az vaxtda demək olar ki, bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirə bilmişdi. O, iqta kimi sahibləndiyi Arandan başqa, Azərbaycanın cənub hissəsini və Naxçıvanı müstəqil idarə etməyə başlayaraq öz adından pul kəsdirdi. Eldənizlərin ilk paytaxtı Naxçıvan şəhəri olmuşdu. Müstəqil hökmdar kimi fəaliyyət göstərən Şəmsəddin Eldəniz (1136-1175) İraq Səlcuq sultanlığı sarayında böyük nüfuza malik idi və həmin dövlətin də idarə edilməsində yaxından iştirak edirdi. Sultanlığın əsas hərbi qüvvəsi olan 50 minlik seçmə ordu da Şəmsəddinin ixtiyarında idi.

Şəmsəddin 1160-cı ildə 20 minlik qoşunla Həmədana yürüş edərək boş qalmış İraq Səlcuq sultanlığı taxtına oğulluğu Arslan şahı çıxartdı, özü isə “Böyük Atabəy” titulunu alaraq ən yaxın adamlarını yüksək dövlət vəzifələrinə təyin etdi. Böyük oğlu Məhəmməd Cahan Pəhləvanı sultanın hacibi (saray əmirlərinin başçısı), kiçik oğlu Qızıl Arslanı isə sultanın ordusunun baş komandanı (əmir əs silah) təyin etdi. Faktiki olaraq İraq Səlcuq sultanlığı Eldənizlərin əlinə keçdi. Bundan sonra Şəmsəddin sultanlığı təkbaşına idarə etməyə başladı. Bu dövrün müəllifi Sədrəddin Əli əl-Hüseyni yazırdı ki, İraq və Azərbaycan sultan və əmir Atabəy Şəmsəddin Eldənizin vaxtında əmin-amanlıqla sultanın əmirlərini yerinə yetirirdi. Arslan şahın yalnız adı hökmdar idi, Atabəy Eldənizin isə özü əmrlər verir, iqta torpaqları paylayır, xəzinələri sərəncamında saxlayır, bunlan ölkənin istənilən yerinə köçürürdü. Sultan isə bu məsələlərdə onunla münaqişəyə girə bilmirdi. Atabəy Eldənizin idarə işlərindəki müstəqilliyindən, əmrlər verib istədiyi şəxslərə iqta paylamasından ürəyi sıxılan sultan anası və Eldənizin arvadı Möminə Xatına bununla bağlı şikayətlənəndə, anası ona belə söyləmişdi: “fikir vermə, bu adam öz həyatını təhlükəyə qoyaraq dəfələrlə amansız döyüşlərə atılmış,...sənin üçün sultan taxtını ələ gətirmək yolunda var-dövlətinin ən qiymətli hissəsini xərcləmiş, öz döyüşçülərinin çoxunu ölümə göndərmişdir. Səlcuqlardan yaşca səndən böyük olan neçəsi dustaqxanalara salınıb və orada ömür-günlərini çürüdürlər...Sən isə Sultan taxtına oturmusan və o, iki oğlu ilə birlikdə sənə qulluq edərək qarşında durur, sənin düşmənlərinlə vuruşaraq rəqiblərini yox edir, sənin canın isə bütün bu işlərdən azaddır! Atabəy nə edirsə, nə alıb bağışlayırsa-bunun hamısı sənin dövlətini gücləndirmək və hakimiyyətini möhkəmləndirmək üçün edilir. Qoy onun hərəkətləri sənə kədər gətirməsin… Axı o sənin məmlükündür”. Sultan anasından belə sözlər eşidərkən sakitləşib susardı.

Şəmsəddin Eldəniz Şirvanşahlığı da özündən asılı vəziyyətə salmaqla, demək olar ki, bütün Azərbaycan torpaqlarına nəzarət edirdi. Görkəmli alimimiz Ziya Bünyadovun yazdığına görə, Şəmsəddin Eldəniz Qafqaz dağlarından (Dərbənd keçidi) Kəngər (İran) körfəzinə qədər uzanan geniş bir ərazini öz hakimiyyəti altında birləşdirmişdi. “Tiflis qapılarından Məkrana qədər” çox geniş ərazilər: Azərbaycan, Aran, Şirvan, İraq, Həmədan, Mazandaran, İsfahan, Rey Azərbaycan Eldənizlər dövlətinin tərkibinə daxil idi, Xilat, Fars, Mosul və digər hakimlər isə Şəmsəddindən asılı idilər. Şəmsəddin Eldəniz mərkəzi hakimiyyətə tabe olmaq istəməyən əmirlərin əl-qolunu yığmış və mərkəzi hakimiyyəti gücləndirmişdi. 50 min nəfərlik nizami atlı orduya malik olan Şəmsəddin Eldənizin idarə etdiyi Böyük Azərbaycan dövlətində kənd təsərrüfatı, sənətkarlıq, ticarət inkişaf etmiş və mədəni oyanış baş vermişdir.

Şəmsəddin Eldənizin xarici siyasətinin əsas istiqamətlərindən biri Vətənimizi gürcülərin hücumundan qorumaqdan ibarət idi. Torpaqlarınııza və sərvətlərimizə göz dikən, müsəlman türk əhalisinə qənim kəsilən gürcülərin 1139-cu il xəyanətini Eldənizlər yaddan çıxartmamışdılar. Bədbəxtlik üz verdikdə, qonşuya yardım göstərmək kimi insani keyfiyyətdən məhrum olan gürcülər 1139-cu ildə baş vermiş dəhşətli zəlzələ zamanı əhalisinin çoxusunu itirmiş Gəncə şəhərinə hücum edərək burada qırğınlar törətmiş və məşhur Gəncə qala qapılarını qənimət kimi aparmışdılar.

Çar III Georginin başçılığı ilə 1161-ci ildə gürcü və qıpçaq qoşunları Azərbaycanın Aran bölgəsinin Ani şəhərini ələ keçirib, çoxlu müsəlman əhalini qılıncdan keçirtdilər, sonra isə kafir düşmən Azərbaycanın Dvin şəhərində soydaşlarınııza qarşı böyük qətllər törətdilər. Şəmsəddin Eldəniz azğın düşməni cəzalandırmaq və günahsız tökülən qanların qisasını almaq üçün 1163-cü ildə Azərbaycan ordusu ilə Naxçıvandan yürüşə çıxıb, Dvini (Dəbil) kafir düşməndən geri aldı, sonra isə Gürcüstana yürüyən müsəlman-türk ordusu “Allahu əkbər” sədaları altında savaşa girdi və qalib gələrək 10 mindən çox kafir döyüşçüsünü qılıncdan keçirtdi.

Şəmsəddin Eldəniz 1164-cü ildə düşməni daha bir ağır məğlubiyyətə uğradıb Ani şəhərindən qovdu və şəhərin bərpası haqqında əmr verdi. 1174-1175-ci illərdə gürcülərin Azərbaycana quldur basqınlarının qarşısını almaq üçün Azərbaycan hökmdarı Şəmsəddin Eldəniz və oğlu Məhəmməd Cahan Pəhləvan gürcülərə qarşı böyük bir yürüşə çıxdılar. Gürcülər darmadağın edildi və gürcü çarı qaçmaqla canını qurtardı. Mənbələrə görə müsəlmanlar kafirlər üzərində elə bir parlaq qələbə qazanmışdılar ki, beləsini kimsə xatırlaya bilməzdi. Döyüş meydanında gürcülərə aman verməyən Şəmsəddin Eldəniz dinc xristian əhalisinə toxunmurdu. Dövrün erməni və gürcü mənbələrində Şəmsəddinin hakimiyyəti altında olan xristian bölgələrinin əhalisinə qayğı göstərilməsi, xristianlar yaşayan torpaqlarda əmin-amanlığın hökm sürməsi haqqında təkzib olunmaz faktlara rast gəlinir.

1175-ci ildə Şəmsəddin Eldəniz arvadı Möminə Xatının ölümündən bir ay sonra Allahın rəhmətinə qovuşdu. Məhəmməd Cahan Pəhləvan Həmədandan Naxçıvana gələrək orduya, xəzinəyə və Azərbaycan taxt-tacına sahib çıxdı. İraq Səlcuq sultanı Arslan şah öldüyünə görə III Toğrulu sultan taxtına çıxartdı, özü isə “böyük atabəy” titulu aldı. Azərbaycan və Aranın idarəsini qardaşı Qızıl Arslana verərək Təbrizi Azərbaycan dövlətinin paytaxtı elan etdi. O, Mosul, Hilat, Fars, Xuzistan, Ərməniyyə (indiki Türkiyənin ərazisindədir-Red.) və digər bölgələrdə sultan III Toğrulun adına xütbə oxunması və pul kəsdirilməsi haqqında əmr verdi. İraq Səlcuq sultanlığında ali hakimiyyəti gücləndirdi, itaət etməyənləri, xüsusilə Əcəm-İraqının əmirlərini yola gətirdi, bacarıqsız sərkərdələri və məmurları vəzifədən götürdü. Ən önəmli dövlət vəzifələrinə 70 nəfər şəxsi məmlükünü (qulluqçusunu) təyin etdi və hər birinə iqta torpaqları bağışladı. İraq Səlcuq sultanlığını və Azərbaycan taxtını öz hökmü altında saxlamaqla, Bağdadda oturan Abbasi xəlifəsinin dövlət işlərinə bumunu soxmasının qarşısını aldı, onun səlahiyyətlərini azaltdı. Məhəmməd Cahan Pəhləvan xəlifəyə məktubunda bildirirdi: “Əgər xəlifə imamdırsa, onun daimi məşğuliyyəti namaz qılmaqdan ibarət olmalıdır, çünki namaz dinin dirəyi və işlərin ən gözəlidir. Bu sahədə xalqa örnək olmaq və öndə getmək xəlifə üçün yetərlidir. Bu həqiqi padşahlıqdır. Xəlifənin padşahın işlərinə qarışmasına ehtiync yoxdur. Bu işləri sultanın ixtiyarına buraxmaq lazımdır.

Məhəmməd Cahan Pəhləvan Azərbaycan dövlətinin ərazisini Şərqi Anadolu hesabına xeyli genişləndirmiş, ölkənin şərq sərhədlərində güclü Xarəzmşah dövləti ilə atasının dövründə gərgin olmuş münasibətləri nizama salmışdı. Onun sayəsində Sultan III Toğrul 10 il dövlət işlərinin qayğısından azad yaşadı (əslində Məhəmməd Cahan Pəhləvan onu heç bu işlərə yaxın da buraxmırdı-Red.) və qaynaqlara görə böyük Atabəy onun bütün arzularını həyata keçirtmiş, Məlikşah və Səncər kimi böyük sultanların əldə edə bilmədiklərini ona qazandırmışdı.

Tarixi qaynaqlara görə, 1186-cı ildə “İslam padşahı, qüdrətli hökmdar, böyük Atabəy və Əcəm xaqanı” Məhəmməd Cahan Pəhləvan vəfat etdi. Hələ həyatda ikən oğlu Əbu Bəkri Azərbaycan və Aranın hakimi təyin etmiş, ölkənin digər vilayətlərinin idarəsini isə qalan üç oğluna tapşırmışdı. Məhəmməd Cahan Pəhləvanın ölümündən sonra hakimiyyət uğrunda övladları, İnanc Xatun, Sultan Toğrul və qardaşı Qızıl Arslan böyük savaşa başladılar. Bu savaşda xəlifənin də köməklik göstərdiyi Qızıl Arslan qalib gəldi və o, Eldənizlər sülaləsindən sultan tituluna layiq görülən ilk hökmdar oldu. Xəlifə əl-Nasirin Qızıl Arslanın adına oxuduğu xütbədə o, ”Hökmdar, möminlərin əmirinin yardımçısı” adlandırılmışdı. Paytaxtı Həmədan olan İraq Səlcuq sultanlığını və Azərbaycan dövlətini idarə etməyə başlayan Qızıl Arslan daxildə siyasi çəkişmələrə son qoymaq üçün Məhəmməd Cahan Pəhləvanın dul arvadı ilə evlənərək qardaşı oğulları ilə barışığa getmişdi. O, 1190-cı ildə sultan III Toğrulu Həmədan yaxınlığında döyüşdə məğlubiyyətə uğradaraq Naxçıvanda qalada həbsə atmış və bu yolla əsas siyasi rəqibini zərərsizləşdirmişdi. Qızıl Arslan qısa vaxtda Azərbaycan, Aran, Həmədan, İsfahan, Rey, Fars, Xuzistan üzərində öz hakimiyyətini möhkəmləndirə bilmişdi. Ancaq 1191-ci ildə arvadı İnanc Xatunun başçılıq etdiyi sui-qəsdçi qüvvələr tərəfindən öldürülmüşdü.

1191-ci ildə Məhəmməd Cahanın Azərbaycan taxtına çıxan başqa bir oğlu Əbu Bəkrin (1191-1210) dövründə İraq Səlcuq Sultanlığı dövlətimizin nəzarətindən çıxdı. Paytaxt şəhəri Naxçıvanda oturan Əbu Bəkr yalnız Azərbaycan və Aranın idarəsi ilə kifayətlənməli oldu. Üstəlik gürcü Baqratuni çarlığının başçısı Tamara Şirvanşah I Axsitan və İnanc Xatunun oğulları Əmir Mahmud və Əmir Ömər ona qarşı hərbi ittifaq qurmuşdular. Müttəfiqlərin qoşunları 1194-cü ildə Şəmkir və Beyləqan döyüşlərində onu ağır məğlubiyyətə uğratmışdılar. Əmir Ömər Vətənimizə xəyanət edərək gürcülərlə birlikdə Gəncə şəhərini mühasirəyə almışdı. Gəncə əhalisi Eldəniz şahzadəsi əmir Ömərin tabe olmaq əmrinə belə cavab vermişdi: “Əgər sən tək gəlsəydin, biz şəhəri sənə verərdik, ancaq bir yığın kafirlə gəldiyin üçün şəhəri sənə təslim etməyəcəyik”. Sonda çətinliklə də olsa, şəhərə yiyələnən və Aran bölgəsinin idarəsini ələ alan Əmir Ömərin hakimiyyəti cəmi 22 gün çəkmişdi. Gürcü qoşunları Azərbaycanı tərk edən kimi, gəncəlilər Əmir Öməri öldürdülər. Əbu Bəkr dönəmində Azərbaycanda mərkəzi hakimiyyətin və dövlətin hərbi gücünün zəifləməsindən gürcülər məharətlə istifadə edirdilər. Tamaranın göndərdiyi gürcü qoşunu Dvində elə bir qətliam törətmişdi ki, mənbəyə görə “bunu eşidən insanın tükləri biz-biz dururdu”. Əbu Bəkr Xarəzmşahların ona verdiyi böyük dəstəkdən də lazımi şəkildə yararlana bilmədi. Ölkədə tam xaos, özbaşınalıq və tənəzzül hökm sürürdü. Gürcülər ölkəmizin bütün qərb bölgələrində at oynadırdılar. 1204-1205, 1210-1211-ci illərdə Azərbaycan gürcülərin irimiqyaslı quldur basqınlarına məruz qaldı. Dövrün tarixçisi İbn əl-Əsirin yazdığına görə “gürcülər ölkəmizdə böyük qətliam, soyğun və qarətlər törədir, çox sayda insanımızı əsir götürürdülər”. Azərbaycanın bütün qərb torpaqları bir yanğın bölgəsini xatırladırdı. Gürcülərin törətdikləri vəhşiliklərin həddi hüdudu yox idi. Əbül Fərəcin obrazlı şəkildə söylədiyi kimi, ölkəmizdə “yox olan bir şey daha var idi: bütün bunların qarşısını ala biləcək bir güc”.

1210-cu ildə Əbu Bəkr vəfat etdi və taxta bacarıqsızlıqda və gününü əyyaşlıqda keçirməkdə ondan geri qalmayan qardaşı Müzəffərəddin Özbək çıxdı. Azərbaycan Eldənizlər sülaləsinin sonuncu nümayəndəsi olan Özbəyin hakimiyyətinin (1210-1225) son beş ili monqol istilası və Xarəzmşah Cəlaləddinə qarşı mübarizə şəraitində keçmişdir. Bu dövrdə Özbəyin yeganə fəaliyyəti bu istilalar qarşısında canını və malını qorumaqdan ibarət olmuşdur. Onun monqol yürüşləri qarşısında bir dövlət adamı kimi aciz qalıb. Vətənimizi düşməndən qorumaq üçün hər hansı bir tutarlı addım atmayaraq tam fəaliyyətsiz qalmasını kəskin şəkildə pisləyən dövrün tarixçisi İbn əl- Əsir yazırdı: “O, heç bir xeyirli işlə maraqlanmaz və öz mənliyini sevməzdi. Onun ölkəsi zəbt edilir, əsgərləri özbaşınalıq edib xalqın malına əl uzadır, nəticədə rəiyyət əldən düşürdü. Gecə-gündüz içki ilə məşğul idi. Bir təhlükə eşidəndə, qorxudan əl -ayağı titrəyirdi. Azərbaycan və Aran tamamilə onun ixtiyarında idi. O isə ona qarşı gələn düşməndən ölkəsini müdafiə etməkdə Allahın yaratdığı adamların ən acizi və bacarıqsızı idi”.

Bütün bunların nəticəsidir ki, monqol istilası nəticəsində zəifləmiş Eldənizlərin hakimiyyətinə 1225-ci ildə Xarəzmşah şahzadəsi və sərkərdəsi Cəlaləddin tərəfindən son qoyulmuşdur.

 

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

0 şərh