IX-XIII əsrin əvvəllərində Azərbaycanın iqtisadi dirçəlişi

Xilafətin dağılması ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpası, Səlcuq imperiyasının parçalanması ilə Eldənizlər (Atabəylər) sülaləsinin Azərbaycanda hakimiyyət sürməsi ölkəmizin təsərrüfat həyatının dirçəlişinə gətirib çıxartdı. O dövrün tarixi mənbələrində Azərbaycan Şərqin ən inkişaf etmiş ölkələrindən biri kimi təsvir olunur. X əsr ərəb müəllifi əl-İstəxri Vətənimiz Azərbaycan haqda belə yazır: “Burada o qədər bolluqdur ki, gözü ilə görməyənlər buna inanmazlar”. Başqa bir ərəb müəllifi lbn> Hövqəl qeyd edirdi ki, Azərbaycanda hər yer buğda zəmiləri ilə örtülmüşdür..., hər cür nemətlə zəngindir və allahın xeyir-bərəkəi ilə doludur. Meyvələri çox ucuz, ərzaq məhsulları isə, demək olar ki, müftədir”. Xll-XIII əsrlərin müəllifi Yaqut əl-Həməvi yazırdı ki, Azərbaycan geniş ölkə və böyük dövlətdir.

Danışılan dövrdə Azərbaycanda kənd təsərrüfatının əsas sahəsi əkinçilik idi. Burada dənli bitkilərin bütün əsas növləri (buğda, arpa, çəltik, darı və s.), habelə müxtəlif texniki bitkilər (pambıq, kətan və s.) əkilib becərilirdi. Kür və Araz çayları boyunca yerləşən torpaqlarda, Şirvanda və Şəkidə əhali daha çox taxılçılıqla məşğul olurdu. Dərbənd ətrafında zəfəran və kətan. Şəki və Lənkəran bölgəsində isə qiymətli çəltik növləri becərilirdi. Azərbaycanda yetişdirilən zəfəran daxili təlabatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac edilirdi. Kənd təsərrüfatında bostan və tərəvəz bitkiləri yetişdirilməsi də mühüm yer tuturdu.

Azərbaycanda məhsuldar qüvvələrin inkişafı ilə bağlı əmək alətləri təkmilləşir, əkinçilik mədəniyyəti yüksəlirdi. Kəndlilər torpağı bir cüt öküz və ya kəl qoşulmuş xışla şumlayırdılar. Bəzi yerlərdə iki, üç, hətta Ərdəbildə dörd cüt öküz qoşulmuş xışlardan istifadə edilirdi. Quraqlığı nəzərə alan əkinçilər torpağı dərindən şumlayırdılar.

Azərbaycanda yüksək inkişaf etmiş təsərrüfat sahələrindən biri də bağçılıq idi. Ərəb müəlliflərinin yazılarına görə, Azərbaycanda olan gözəl və dadlı meyvələr dünyanın başqa yerlərində yox idi. Təbriz, Marağa, Xoy və b. bağ-bağat içərisində idi. Təbriz bağlarını sulamaq üçün şəhərdə qazılan 900-dən çox kəhrizin suyu kifayət etmirdi. Muğanda, Şirvanda bol üzüm yetişdirilirdi. İbn-Hövqələ görə Dərbənd yaxınlığındakı üzümlüklərdə 40 minədək tənək var idi.

IX-XIII əsrlərdə Azərbaycanda ən çox inkişaf etmiş təsərrüfat sahələrindən biri də ipəkçilik idi. Şəki, Şirvan, Bərdə və başqa bölgələrdə ipəkçilik əhalinin əsas məşğuliyyət sahəsinə çevrilmişdi.

Kənd təsərrüfatının əsas sahələrindən biri də maldarlıq idi. Azərbaycanda yaylaq-qışlaq maldarlığı əsas yer tuturdu. Maldarlar iribuynuzlu mal-qara, qoyun, dəvə və at saxlayırdılar.

IX-XI əsrlərdə Azərbaycanda Xilafət dövründə təşəkkül tapmış torpaq sahibliyi formaları davam edirdi. Feodallara məxsus torpaq sahibliyi formalarından mülk daha geniş yayılmışdı. Azərbaycan hökmdarları ərəb dövründə olduğu kimi, ayrı-ayrı qulluq adamlarına iqta torpaqları paylayırdılar. Səlcuqlar və Atabəylər dövründə də (XI əsrin II yarısı-XIII əsrin əvvəlləri) iqta torpaqları bağışlanması geniş miqyas almışdı. Müəyyən zaman kəsiyində iqta torpaqları təkamülə uğrayaraq xüsusi mülklərə çevrilmişdi.

IX-XI əsrlərdə Azərbaycanda kəndlilər başlıca olaraq iki qrupa bölünürdülər: dövlət (xəzinə) və sahibkar kəndliləri. Kəndlilərin ödədiyi əsas vergi xərac idi. X-XI əsrlərdə kəndlilər xəracın bir hissəsini pulla ödəyirdilər ki, bu da əmtəə-pul münasibətlərinin inkişafına imkan yaradırdı. Müstəqillik qazanıldıqdan sonra Azərbaycanda xərac vergisi bir qədər yüngülləşmişdi. Sacilər və Salarilər dövründə Azərbaycandan 2 milyon dirhəm miqdarında xərac toplanırdı.

Böyük Səlcuq imperiyasının yaranması ilə Azərbaycanın torpaq sahibliyi və vergi sistemində bir sıra dəyişikliklər baş vermişdi. Bəzən Aran, Şirvan, Dərbənd kimi böyük ərazilər ayrı-ayrı əmirlərə iqta kimi bağışlanırdı. Sultan Məsudun 1136-cı ildə atabəy Şəmsəddin Eldənizə iqta olaraq bağışladığı Aran torpaqları Eldənizlər xanədanının özəyini təşkil etmişdi.

Səlcuqlar dövründə imperiyanın sərhədlərini qoruyan sərkərdələrə paylanmış torpaqlar uc adlanırdı.

Səlcuqlar dövründə Azərbaycan əhalisindən ənənəvi vergilərlə yanaşı, səlcuq döyüşçüləri üçün mal-üs-silah, şərab bahası, nal bahası kimi vergilər, şəhər sənətkarlarından isə natural vergi alınırdı. Ümumiyyətlə, əhalinin dövlət xəzinəsinə xərac, üşr, cizyə, haqq, alaf, avarizat və sair kimi vergi və mükəlləfiyyətlər ödədiyi məlumdur.

Ərəb ağalığına son qoyulduqdan sonra Azərbaycanda başlayan iqtisadi dirçəliş sənətkarlığın kənd təsərrüfatından ayrılmasını sürətləndirmişdi. Ölkə daxilində iqtisadi əlaqələr genişlənmiş və xarici ölkələrlə ticarət əlaqələri canlanmışdı. Sənətkarlıq və ticarət mərkəzləri kimi yeni şəhərlər meydana gəlmiş, Azərbaycan dünyanın çoxlu şəhərləri olan ölkələrindən birinə çevrilmişdi. Ərəb müəllifləri Azərbaycanda Bərdə, Gəncə, Ərdəbil, Təbriz, Şamaxı, Beyləqan, Marağa, Dərbənd və başqaları da daxil olmaqla, 50-dək şəhər və iri yaşayış məntəqəsinin adını çəkmişlər. Azərbaycanın qiymətli kənd təsərrüfatı bitkiləri və zəngin yeraltı sərvətləri bir çox sənət sahələrini xammalla təmin edirdi. Əbu Duləfin yazdığına görə, Azərbaycanın cənubunda olan Şiz şəhəri ətrafındakı dağlarda 3 növ qızıl, arsen və civə çıxanlırdı. Şizin civəsi o dövrdə məşhur olan Xorasan civəsindən daha keyfiyyətli, ağır və təmiz idi. Şizdən bir qədər aralıda yerləşən Arran şəhərində qızılla yanaşı, gümüş çıxarılan mədənlər var idi. Azərbaycanın şimalında Gəncə, cənubunda isə Savalan ətrafında dəmir və mis çıxarılırdı. Təbriz və Naxçıvanda daş duz, Bakıda neft çıxanlan zəngin mədənlər var idi.

Azərbaycanda ipək, yun, pambıq və kətandan növbənöv parçalar istehsal edilir, xalça və palazlar toxunur, kələğayılar və digər toxuculuq məmulatları hazırlanırdı. Toxuculuq məhsullarının boy anması üçün yerli xammal ehtiyatlarından istifadə edilirdi. Məsələn: Bəzz qalası yaxınlığındakı dağlarda qırmızı kvars çıxanlırdı. Qırmızı kvars yerli təlabatı ödəməklə yanaşı, Yəmənə və İraqa ixrac olunur, orada yun sapların boyadılmasında istifadə edilirdi. Urmiya gölü yaxınlığında yaşayan sənətkarların hazırladıqları qırmızı və sarı mineral boyaqlar İraq, Suriya və Misirə ixrac olunur və bundan böyük gəlir əldə edilirdi. Bərdədə geniş yayılmış və qırmızı rəng almaqdan ötrü çox nadir xammal olan boyaq böcəkləri (qırmız) əl-İstəxrinin yazdığına görə Hindistana ixrac edilirdi.

Bir tərəfdən Volqaboyu və Şərqi Avropanı Yaxın və Orta Şərqlə, Hindistanla, digər tərəfdən Orta Asiya, Çin, Hindistan və İran körfəzi bölgələrini Aralıq dənizi və Qara dəniz sahillərindəki iri ticarət mərkəzləri ilə birləşdirən beynəlxalq karvan yollarının Azərbaycandan keçməsi sənətkarlığın, ticarətin və şəhərlərin inkişafı üçün əlverişli iqtisadi şəraiti təmin edirdi. X əsr ərəb müəllifləri Azərbaycan şəhərlərindən danışarkən Bərdəni xüsusi qeyd edirlər. Əl-İstəxri 930-933-cü illərdə qələmə aldığı kitabında yazırdı: “İraqda və Xorasanda Reydən və İsfahandan sonra Bərdə qədər böyük, çiçəklənən və gözəl şəhər yoxdur”. İbn-Hövqəl 951-ci ildə yazdığı kitabında Bərdədə ipəkdən çox məhsullar hazırlandığını və xaricə ipək ixrac olunduğunu göstərmişdir. Ərəb müəlliflərindən Əl-İstəxri, İbn-Hövqəl və Əl- Müqəddəsi Azərbaycanın Arazdan cənubdakı torpaqlarından danışarkən Ərdəbili bütün bu yerlərin “ən böyük şəhəri”, “ən mühüm vilayəti və böyük şəhəri”, “bütün iqlimin əsas şəhəri” hesab etmişlər.

Əl-İstəxrinin “Ərdəbildən daha böyük” şəhər hesab etdiyi Dərbənd ölkənin ən iri liman şəhəri idi. Bu liman vasitəsilə Azərbaycan Xəzər sahili ölkələr, müsəlman ölkələri və bu dənizə çıxışı olan “kafir torpaqları” (qeyri-müsəlman ölkələri-Red.) ilə geniş ticarət əlaqələri saxlayırdı. Cənubi Qafqazda ən yaxşı kətan parçalar burada toxunurdu. Dərbənd kətan istehsalı üzrə Cənubi Qafqazda yeganə toxuculuq mərkəzi idi. Dərbənd sənətkarlarının kətan parçadan hazırladıqları müxtəlif paltarlar satış üçün xarici ölkələrə göndərilirdi. Dərbənd bazan bütün Şərqdə məşhur idi. Şəhər həm də təmizliyi və məişət mədəniyyəti ilə başqalarından seçilirdi. Əl-Müqəddəsinin məlumatına görə, çirkli suları kənara axıtmaq üçün hələ X əsrdə Dərbənddə kanalizasiya sistemi yaradılmışdı.

X əsrdə ölkənin cənubunda Ərdəbildən sonra böyüklüyünə görə Marağa və Urmiya şəhərləri gəlirdi. Təbriz isə Rəvvadilərin dövründə dövlətimizin paytaxtı olduqdan sonra, X əsrin sonlarında Azərbaycanın ən böyük şəhərlərindən birinə çevrilmişdi. Təbriz Azərbaycanın daxili ticarət və beynəlxalq karvan yollarının qovşağında yerləşirdi. Əl-Müqəddəsi Təbrizin Bağdaddan daha üstün şəhər olduğunu qeyd etmişdir. Ərəb səyyahı “gözəlliyinin bənzəri olmayan”, qiymətlərin ucuz olduğu və hər cür meyvə ilə bol olan Təbriz şəhərini “saf qızıla” bənzədir və “ağlasığmayan bir möcüzə” hesab edirdi.

IX-XI əsrlərdə Bakı şəhərinin də iqtisadi əhəmiyyəti yüksəlirdi. Ərəb səyyahı əl-Məsudi Bakını “Şirvan məmləkətinin neft çıxan torpağı və sahil şəhəri” adlandırmışdı. Bakının ağ neft mədənlərindən danışan əl- Məsudi “dünyada buradan savayı ağ neft çıxan başqa bir yerin olduğuna” şübhə ilə yanaşırdı.

Azərbaycanda şəhər əhalisinin əsas məşğuliyyət sahəsi sənətkarlıq və ticarət idi. Əhali kənd təsərrüfatı məhsullarına təlabatını ödəmək üçün əkinçilik, bağçılıq, qismən də maldarlıqla məşğul olurdu. Şəhərlərdə eyni peşədən olan sənətkarlar Avropada olduğu kimi, sənətkar birlikləri (qardaşlıqlar) yaradırdılar. Dulusçular, dabbaqlar, boyaqçılar, dəmirçilər, silah- qayıranlar və başqaları ayrı-ayrı qardaşlıqlarda birləşmişdilər. Sənətkar emalatxanasında əmək bölgüsü yox idi: sənətkar hər hansı bir məmulatı əvvəldən axıradək özü hazırlayırdı. Sənətkar emalatxanasında usta ilə birlikdə usta köməkçisi və şagird çalışırdı. Sənətkar birlikləri tərəfindən məhsulım keyfiyyəti və qiyməti üzərinə ciddi nəzarət qoyulurdu və məhsul qabaqcadan müəyyən olunmuş qiymətə satılmalı idi. Normadan artıq məhsul istehsalı qadağan edilmişdi. Çünki bu, qiymətlərin aşağı düşməsinə və sənətkarların müflisləşməsinə səbəb ola bilərdi. Azərbaycanda sənətkar qardaşlıqlan orta əsrlər Avropasındakı sənətkar birlikləri olan sexlərə oxşayırdı. Avropada olduğu kimi, Azərbaycanda da sənətkar qardaşlıqları müəyyən bir dövrdə sənətlərin inkişafında böyük rol oynamışdı. Yüksək keyfiyyətli sənətkarlıq məhsulları Şərq ölkələrindən tutmuş uzaq Avropanın iri ticarət mərkəzlərinə qədər alımb-satılır və tacirlərə böyük qazanc gətirirdi. Ancaq vaxt keçdikcə sənətkar qardaşlıqları əvvəlki mütərəqqi rolunu itirir, qapalı, mühafizəkar təşkilat kimi çıxış edirdilər. Bu və ya digər sənət sahəsini öz inhisarı altında saxlamağa çalışan qardaşlıqlar sənətkarlığın inkişafı yolunda əngələ çevrilirdilər.

Azərbaycanda Eldənizlər sülaləsinin hakimiyyətə gəlməsi və Şirvanşahlığın güclənməsi ilə XII-XIII əsrlərin əvvəllərində ölkədə kənd təsərrüfatı, sənətkarlıq və ticarət öz yüksəliş dövrünü yaşayırdı. XIII əsrin əvvəllarində iki dəfə Azərbaycanda olmuş ərəb səyyahı Yaqut əl-Həməvi yazırdı: “Azərbaycan geniş bir ölkə və böyük bir dövlətdir”. Eldənizlərin hakimiyyəti dövründə Gəncə, Naxçıvan, Beyləqan, Təbriz, Şamaxı şəhərlərinin Azərbaycanın iqtisadi həyatında rolu xeyli artmışdı. Bu şəhərlərin hər birində on minlərlə, hətta bəzilərində 100 min nəfərdən çox əhali yaşayırdı. Eldənizlər dövründə dövlətimizin paytaxtlarından biri olan Gəncədə bir neçə yüz min nəfər əhalinin yaşaması haqqında mənbələrdə məlumatlar vardır. Gəncə Azərbaycanın böyük ipəkçilik və mühüm dulusçuluq mərkəzlərindən biri idi. Gəncədən dünyanın bir çox ölkələrinə xam ipək, ipək və pambıq parçalar və s. ixrac olunurdu. Dövlətimizin pa)tot şəhərlərindən biri olmuş Naxçıvan böyük sənətkarlıq və ticarət mərkəzi idi.

Eldənizlər dövründə daha da tərəqqi etmiş Beyləqan şəhərində 40 min nəfərə yaxın əhali yaşayırdı. Şəhərdə toxuculuq, boyaqçılıq, silahqayır- ma, dulusçuluq və s. kimi otuzdan çox sənət və peşə növü inkişaf etmişdi. Şəhərdə bir neçə bazar var idi. Eldənizlərin pul zərbxanalarından biri Bey- ləqanda yerləşirdi. Eldənizlər dövründə dövlətimizin paytaxtı Təbriz şəhəri Asiya və Avropa arasında çox mühüm beynəlxalq ticarət mərkəzi idi. Təbriz sənətkarlarının toxuduğu xalçalar, atlas, xətayi, tafta və başqa ipək parçalar dünya bazarlarında əlbəəl gəzirdi. Eldənizlərin əsas pul zərbxanalarından biri Təbrizdə yerləşirdi. Yuxanda adı çəkilən Yaqut əl-Həməvi Təbrizi “ölkənin ən məşhur şəhəri” adlandırmışdır.

XI-XIII əsrin əvvəllərində Azərbaycanın mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri də Şamaxı şəhəri idi. Şamaxıda 100 minə yaxın əhali yaşayırdı. Şamaxı Azərbaycanın ipəkçilik mərkəzlərindən biri idi. Dərbənddən Gəncəyə və Bərdəyə, həmçinin Azərbaycanın cənub bölgələrinə gedən karvan yolları Şamaxıdan keçirdi. Şirvanın xam ipəyini, növbənöv zərif ipək parçalarını almaq üçün dünyanın hər yerindən buraya tacirlər gəlirdi. Xam ipək Şimali İtaliya şəhərlərinə və Fransaya ixrac olunurdu.

XI-XIII əsrlərdə Azərbaycanın daxili və xarici ticarət əlaqələrində Dərbənd və Bakı limanlarının rolu daha da artmışdı. Bakıdan Azərbaycan şəhərlərinə və qonşu ölkələrə neft ixracı xeyli genişlənmişdi.

Bu dövrdə daxili iqtisadi əlaqələrin genişlənməsində gəmiçilik böyük rol oynayırdı. Urmiya gölünün qərb və şərq sahilləri arasında daim gəmilər üzürdü. Mənbələrin verdiyi məlumata görə, Kür çayının Bərdədən Xəzər dənizinə qədər olan hissəsində gəmilər gedib-gəlirdi. Azərbaycanın xarici dəniz ticarəti isə Xəzər dənizi vasitəsilə həyata keçirilirdi.

Bu dövrdə Azərbaycanda iki böyük beynəlxalq bazar var idi. Avropada belə bazarlar yarmarka adlanırdı. İlin müəyyən vaxtlarında belə bazarlara dünyanın bir çox yerlərindən tacirlər axışıb gəlirdi. Azərbaycanın birinci beynəlxalq bazarı «Aranın ana şəhəri» Bərdədəki Əl-Kürki bazarı idi. Əl-İstəxri, İbn-Hövqəl və Əl-Müqəddəsinin məlumatlarına görə, təxminən 1 kvadrat fərsəx (6-7 kvadrat kilometr) böyüklüyündə olan Əl-Kürki bazarında dünyanın müxtəlif ölkələrinin tacirləri qızğın alver edirdilər. Bu bazar xalq arasında o qədər məşhur idi ki, həftənin bazar gününü “Əl-Kürki günü” adlandırırdılar. Azərbaycanın ikinci böyük beynəlxalq bazarı Ərdəbil-Marağa ticarət yolunun üstündə yerləşən Gülsəra bazarı idi. İlin müəyyən vaxtmda, bir qayda olaraq, təzə ayın əvvəlində açılan Gülsəra bazarına gələn xarici tacirlər buradan Azəraycanda, Hindistanda və başqa ölkələrdə toxunmuş ipək parçalar, qızıl-gümüş, misgərlik məlumatları, ətir, mal-qara, qoyun-quzu və sair alıb aparırdılar. İbn-Hövqəlin yazdığına görə, bu bazarda bir dəfəyə on minlərlə baş qoyun-quzu satılırdı. Qeyd etmək lazımdır ki, Əl-Kürki və Gülsəra bazarlarına bənzəyən beynəlxalq yarmarkalar Avropa ölkələrində Azərbaycandan gec meydana çıxmışdı. Məsələn, Fransanın məşhur Şampan yarmarkası XIII əsrdə yaranmışdı.

Azərbaycandan xaricə aparılan mallardan gömrük rüsumu alımrdı. İbn-Hövqəlin verdiyi məlumata görə, Azərbaycandan Reyə gedən ticarət yolu üzərində yerləşən Xunəc gömrükxanası ildə dövlət xəzinəsinə 100 min dirhəmdən 1 milyon dirhəmə qədər gəlir gətirirdi. Bu qədər böyük gəlirə təəccüblənən ərəb səyyahı dünyanın başqa heç bir ölkəsində buna bənzər bir şey olmadığını qeyd etmişdir.

XI-XIII əsrin əvvəllərində kənd təsərrüfatı, sənətkarlıq və ticarətin inkişafı əmtəə-pul münasibətlərinin geniş miqyas almasına əlverişli şərait yaratmışdı. Bu dövrdə ayrı-ayrı Azərbaycan hökmdarları öz adlarından pullar kəsdirirdilər. Tədavülə əsasən qızıl və gümüş pullar buraxılırdı.

Beləliklə, IX-XIII əsrin əvvəllərində Azərbaycanın iqtisadiyyatı, təsərrüfat və şəhər həyatı böyük yüksəliş və çiçəklənmə dövrünü yaşamışdır.

 

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

0 şərh