Bolşeviklər və Qarabağ

1917-ci ildə Oktyabr inqilabından sonra Rusiyada hökm sürən ikihakimiyyətlilik və davamında başlayan vətəndaş müharibəsində Qafqaz regionu həm bolşeviklər, həm də ağqvardiyaçılar üçün önəmli regiona çevrilmişdi. Ağlar Qafqazı idarə etmək üçün Zaqafqaziya Komitəsini, bolşeviklər isə Qafqazda inqilabı yaymaq üçün Qafqaz Bürosunu formalaşdırmışdılar. Qeyd etmək lazımdır ki, Azərbaycan bolşeviklərin Rusiya ərazisində uğur qazandıqları az sayda regionlardan biri idi.
Şuşa, 1920
Burada 1917-1918-ci illərdə Bakı Soveti (1918-ci ilin aprelindən sonra Bakı kommunası), 1919-cu ildə isə Lənkəranda Muğan Sovet Respublikası qurulmuşdu. Hər iki respublikanın süqutunu yerli müsəlmanların bolşeviklər arasında minimum sayda iştirakına bağlamaq lazımdır. Yerli müsəlmanlar bolşevizmi erməni, rus, yəhudi və digər xristian xalqların ideologiyası kimi qavradıqları üçün bolşeviklər 1919-cu ildən etibarən milli məsələlərdə maksimalist yanaşma konsepsiyasına keçid etdilər. Bu dövrə qədər müsəlmanlara mədəni, milli muxtariyyət verilməsi nəzərdə tutulsa da, bu ildən etibarən artıq öz müqəddəratını təyinetmənin ən ali forması kimi “müstəqil respublika” yaradılması konsepsiyası gündəmə gətirildi. Müsəlman xalqları içərisində bu haqqı alan ilk xalq isə Azərbaycan oldu. 1919-cu il iyulun 19-da Sovet Rusiyası gələcəkdə Azərbaycan ərazisində qurulacaq Sovet Azərbaycanının müstəqil dövlət olması barədə qərar qəbul etdi (Swietochowski, 2004:169). Qeyd edim ki, Antanta Azərbaycanı bundan 7 ay sonra de-fakto olaraq tanımışdı. Bu qərar Müsavat hökumətinə qarşı həm daxildən, həm də xaricdən dəstək toplamaq məqsədi ilə edilmişdi və 1920-ci ilin “Aprel çevriliş”ində önəmli rol oynamışdı.
1918-1920-ci illərdə Qarabağ
1918-ci il mayın 28-də həm Azərbaycanda, həm də Ermənistanda “müstəqil” respublikalar quruldu. Bu respublikaların heç biri nə Sovet Rusiyası, nə RFDR (Rusiya Federativ Demokratik Respublikası), nə də Antanta tərəfindən tanınmadı. ADR-in qurulduğu ərəfədə Osmanlı qoşunlarının “Brest-Litovsk” sülh müqaviləsinin şərtlərini pozaraq Azərbaycana və daha sonra Dağıstana girməsini Sovet Rusiyası öz ərazilərinə aqressiya kimi qiymətləndirdi. I Dünya müharibəsinin sonunda Osmanlının, Mudros müqaviləsi şərtləri daxilində Azərbaycandan geri çəkilməsi və onun yerinə bu əraziyə İngiltərə ordusunun gəlməsi də hüquqi baxımdan işğal sayılırdı. Sovet Rusiyası ADR və EDR-ə burjua və imperialistlərin əlaltısı kimi baxsa da, regionda olan ərazilərə xüsusi baxışı var idi. Qarabağla bağlı fikirləri dövrün məşhur bolşeviklərinin ifadələrində görmək mümkündür. Anastas Mikoyan 22 may 1919-cu ildə Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin hesabatında qeyd edirdi: “Ermənistan hökumətinin agentləri olan daşnaklar Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar. Bu addım Dağlıq Qarabağın, onunla heç bir iqtisadi bağı olmayan İrəvanla birləşməsinə və burda yaşayan əhalinin əsas yaşam mənbəyi olan Bakı ilə əlaqələrin qırılmasına gətirib çıxara bilər. Erməni kəndliləri beşinci qurultayda Sovet Azərbaycanı hökumətini tanıdıqlarını və ona birləşmək arzularını bildiriblər.” .
Həmin ilin 5 iyununda Semyon Mironoviç Kirovun Leninə göndərdiyi teleqramda deyilirdi: “Sovet hakimiyyətinə can atan müsəlman kütlələri onun yad bir ünsür olacağından qorxurlar. Milli maneələrin aradan qaldırılması və inqilabi hərəkatın uğur qazanması üçün Bakı təşkilatı müstəqil Sovet Azərbaycanını tanıdı. Bu, bizə müsəlman kütlələri arasında inqilabi fəaliyyəti yaymağa köməklik edəcək. Hazırda Lənkəranda və Muğanda Sovet hakimiyyəti qurulub. Qarabağ və Zəngəzur isə Azərbaycan hakimiyyətini tanımır (Müsavat hökumətini nəzərdə tutur). Daşnaklar Qarabağın Ermənistana birləşdirilməsini gözləyirlər. Erməni kəndliləri isə bunun əksinə olaraq V qurultayda Sovet Azərbaycanını tanımaq və ona birləşmək qərarına gəldilər.” (Quliyeva,1989:18). Bu ifadələr də onu göstərir ki, bolşeviklər mübahisəli Qarabağ məsələsində Azərbaycan (bolşevik) tərəfinin istəklərinə cavab verən fikirlərə sahib idilər.
Aprel çevrilişindən sonra Qarabağ məsələsi
XI Qırmızı Ordu bölmələrinin 1920-ci ilin martında Müsavat Azərbaycanının sərhədlərinə çatdığı bir dönəmdə Qarabağda yerləşən Qarabağ Milli Şurası daşnak Ermənistanının təhriki ilə üsyana başladı. Üsyan qısa müddətdə böyüdüyünə görə, Müsavat hökuməti Qarabağa 20 minlik ordu göndərdi. Əsas qüvvələrin Qarabağa göndərilməsi ilə şimal sərhədlərinin mühafizəsi zəiflədi. Bu vəziyyətdə ölkədə başlayan siyasi və hərbi böhrandan istifadə edən Azərbaycan bolşevikləri faktiki olaraq qansız bir hərbi çevrilişlə hakimiyyəti ələ keçirdilər. Bundan sonra XI ordunun bölmələri Azərbaycana daxil oldu. Aprelin 28-də Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu elan edildi. Azərbaycanın yeni bolşevik hökumətinin Qarabağ və Zəngəzurla bağlı mövqeyi RSFSR ilə üst-üstə düşürdü. Azərbaycanın sovetləşməsinin elanından iki gün keçməmiş, 30 aprel tarixində Azərbaycan Xarici İşlər komissarı Mirzə Davud Hüseynov daşnak Ermənistanına ultimatum göndərərək erməni qoşunlarının Qarabağ və Zəngəzurdan çıxarılmasını tələb etdi. Növbəti gün bu tələb Orconikidze, Kirov, Konstantin Mexonoşin və XI Ordu komandiri Mixail Levandovskinin imzaladığı bir teleqramla dəstəkləndi. (Saparov,2014:99).
Azərbaycan ordusu, 1918
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qarabağda erməni üsyanını yatırtmaqla məşğul olan general-qubernator Xosrov bəy Sultanov aprelin 29-da özünü Qarabağ Hərbi İnqilab Komitəsinin sədri elan etdi və Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanova teleqram vurdu.
Sultanov, Müsavat hökuməti və ingilislərlə sıx əlaqəsi olduğu üçün bolşeviklər üçün arzuolunmaz şəxslər siyahısında idi. Buna baxmayaraq, onun xidmətləri müvəqqəti olaraq qəbul edildi. Yerli ermənilər ifrat millətçiliyinə və müxtəlif qətliamlar (Qaybalıkənd, Şuşa) həyata keçirdiyinə görə Sultanova nifrət edirdilər. Bu vaxt Qafqaz cəbhəsinin komandiri general İvan Smilqa yerli azərbaycanlılarla ermənilərin qarşılıqlı talanlarını dayandırmaqdan ötrü Qarabağa doğru hərəkət etməyə başladı. Mayın 12-də Qırmızı Ordu bölmələri Şuşaya daxil oldu.
Sovet bölmələri Şuşaya daxil olandan sonra Azərbaycan İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov Qarabağ İnqilab komitəsini ləğv edərək Sultanovu vəzifəsindən kənarlaşdırdı. Onun yerinə 14 may tarixində Dadaş Bünyadzadə Qarabağın Fövqəladə komissarı təyin edildi (Geukjian, 2012:67). Bundan başqa, Sovet Azərbaycanı Qarabağın bəzi dağlıq ərazilərində bolşeviklərə qarşı mübarizə aparan general Dronun dəstələrinin dərhal geri çəkilməsini tələb etdi. Qırmızı ordunun gəlişi ilə yerli erməni əhalisinin əhval-ruhiyyəsi kəskin şəkildə dəyişdi. Yerli ermənilər Müsavata qarşı üsyanda və Şuşada erməni məhəlləsinin dağıdılmasında daşnak Ermənistanını günahlandırdı. Bu vəziyyətdə əhalinin dəstəyindən məhrum olan Dro bolşeviklərin geri çəkilmək tələblərini yerinə yetirməyə qərar verdi və mayın 25-də daşnaklar Zəngəzura geri çəkildi.
Erməni millətçi qüvvələrinin Qarabağdan çəkilməsi ilə Sako Hambartsumyanın rəhbərlik etdiyi yerli erməni bolşevikləri mayın 26-da Tağaverd kəndində Qarabağ ermənilərinin X qurultayını keçirdi. Qurultayda Qarabağ ərazisində Sovet hakimiyyətinin qurulduğu elan edildi. Qurultay nümayəndələri bu münasibətlə Lenin və Nərimanova təbrik teleqramı göndərdilər (Saparov,2014:96).
Mayın 26-sında baş tutan qurultayda Nərimanova təbrik teleqramı göndərilməsi özü-özlüyündə regionun Azərbaycanın yurisdiksiyasında olduğunu göstərir. Bunu digər görkəmli bolşeviklərin fikirlərində və rəsmi açıqlamalarında da görmək mümkündür. 1920-ci ilin iyun ayında RSFSR Xarici İşlər komissarı Çiçerinə Orconikidze tərəfindən imzalanmış belə bir teleqram göndərildi: “Qarabağda və Zəngəzurda Sovet hakimiyyəti elan edildi və adı çəkilən ərazilər özlərini Azərbaycan Sovet Respublikasının bir hissəsi hesab edirlər.”
19 iyun tarixində Nərimanov, Mdivani, Mikoyan və Nuricanyan daşnak ordusunun Qazax və Gədəbəyə olan hücumları barədə Çiçerinə teleqram göndərdilər. Bu teleqramın bir nüsxəsi Orconikidzeyə ünvanlandı. Teleqramda deyilirdi: “Ermənistan faktiki olaraq Azərbaycanla müharibə vəziyyətindədir. Sovet Azərbaycanına daxil olmuş, mübahisəli olduğu iddia edilən Zəngəzur və Qarabağ məsələsinə gəldikdə isə bildiririk ki, bu ərazilərin mübahisəli olduğunu qəbul etmirik və qətiyyətlə bildiririk ki, bu ərazilər Azərbaycan torpaqlarıdır. (Nərimanov,1989:419). Bolşeviklərdən, xüsusən, Orconikidze bu məsələdə Azərbaycan yönümlü çıxışları ilə fərqlənirdi. Onun bu mövqeyi Çiçerinə göndərdiyi teleqramda da hiss olunur: “Azərbaycan Qarabağ və Zəngəzurun dərhal və qeyd-şərtsiz özlərinə verilməsində israr edir. Zənnimcə, bunu etmək daha doğrudur, çünki nə Qarabağın, nə də Zəngəzurun iqtisadi baxımdan İrəvanla heç bir bağı yoxdur və bu ərazilərin sakinləri özlərini Azərbaycan vətəndaşı hesab edirlər.”
Onu da qeyd etmək lazımdır ki, Rusiya SFSR-in mübahisəli ərazilər məsələsində Azərbaycan yönümlü olmasının digər bir səbəbi Türkiyə amili idi. Həm Sovetlər, həm də kemalistlər Ermənistandakı hakim daşnak partiyasına “Qərb imperializminin agenti” kimi baxırdılar. Bu səbəbdən həm Türkiyə, həm də Sovet Azərbaycanı ilə müharibə aparan Ermənistanda mövcud rejimi dəyişdirənə qədər Sovet Rusiyası, Azərbaycana hər şəkildə dəstəklədi. Bununla belə, erməni əhalidə özlərinə qarşı antipatiya yaratmamaqdan ötrü Qarabağ və Zəngəzurla bağlı yekun qərar verilmədi. Bolşeviklər mübahisəli əraziləri öz idarəsi altında saxlamağın doğru olduğunu düşünürdülər. Bu, regionda gələcəkdə ədalətli həll üçün əlverişli şərait yaratmaq və Cənubi Qafqaz xalqları arasında qardaşlıq qurmaq siyasəti baxımdan önəmli idi.
Sovet Rusiyası və Ermənistan arasında DQ məsələsi
Sovet Rusiyası və Ermənistan arasında DQ məsələsi
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Rusiya SFSR-in Azərbaycan meylli mövqeyi daşnak Ermənistanı üçün ağır zərbə olmuşdu. Qarabağda may ayında Sovet hakimiyyəti elan olunandan sonra Rusiya Hərbi İnqilab Şurasının sədri Serqo Orconikidze və Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasının əlaqələndiricisi Saak Ter-Karapetyanın Dağlıq Qarabağın Həkəri çayına qədər olan ərazisinin Azərbaycana məxsus olduğunu elan etməsi Ermənistanda şok effekti yaratdı. Ermənistan Xarici İşlər Nazirliyi bu qərarı qınayan rəsmi açıqlama verdi. Ermənistan hökuməti Sovet Rusiyasına müraciət edərək mübahisənin sülh yolu ilə həllini dəstəklədiyini bildirdi və bu məqsədlə yazıçı Levon Şantın rəhbərlik etdiyi erməni nümayəndə heyətini Moskvaya göndərdi. Levon Şant Moskva danışıqlarında Qarabağın statusunu plebisit yolu ilə xalqın iradəsi əsasında həll etməyə hazır olduğunu bildirdi. Şant heyəti bu danışıqlar zamanı Ermənistanın RSFSR tərəfindən tanınması və Türkiyənin şərq vilayətlərinə olan iddiası barədə müzakirələr apardı. Lakin Sovet Rusiyasının Xarici İşlər üzrə komissarı Qriqori Çiçerin nümayəndə heyətinə Sovet Rusiyasının ermənilərin Anadoluya olan iddialarını dəstəkləməyəcəyini və Ermənistan dövləti ilə ittifaqdan daha ziyadə kemalistlərlə ittifaqı gücləndirməkdə maraqlı olduğunu açıq şəkildə bildirdi (Geukjian, 2012:67). Bu danışıqlar zamanı Ermənistan nümayəndə heyəti Qarabağ məsələsi ilə bağlı bəzi güzəştlərə gedilə biləcəyini, bunun da ərazi kompensasiyası ilə mümkün ola biləcəyini dilə gətirmişdi. Çiçerin, Ermənistan nümayəndə heyətinin Qarabağı və Zəngəzuru mübahisəli ərazi kimi tanımağa hazır olduğunu, ancaq Naxçıvan və Şərur-Dərələyəz uyezdinin Ermənistan ərazisi kimi tanınmasında qəti şəkildə israr etdiyini bildirmişdi .
Həmin danışıqlar gedən ərəfədə yerli bolşeviklər Ermənistanda hərbi çevriliş etməyə cəhd göstərdi. Burda da eyni ilə Azərbaycan ssenarisində olduğu kimi hakimiyyət ələ keçirilən anda dərhal XIci Qırmızı Ordunun müdaxiləsinə ümid bəsləndi. Lakin çevriliş baş tutmadı. Çevrilişin alınmamasında Rusiyanın yerli bolşeviklərə Ermənistanda inqilabın tezliyi barədə iradı rol oynamışdı. Rusiyanın yardımı olmadan həyata keçirilən çevriliş uğursuz nəticələndi, qiyamın lideri Avis Nuricanyan Azərbaycana qaçaraq canını qurtara bildi.
Ermənistanın sovetləşməsi
Türkiyəyə qarşı ərazi iddialarında Sovet Rusiyasından hər hansı bir dəstək almayan daşnak Ermənistanı 1920-ci ilin payız aylarında ağır vəziyyətdə qaldı. Sentyabrda başlayan Türkiyə-Ermənistan müharibəsi nəticəsində türk ordusu qısa müddətdə Qars vilayətini nəzarət altına aldı. Hücumlara davam edən TBMM qoşunları Aleksandropol şəhərini də ələ keçirərək İrəvanın 10 km-liyində dayandı. Qısa müddətdə ərazisinin 2/3-sini itirən Ermənistan noyabrın 18-də Türkiyə ilə danışqlara başladı. Bu məğlubiyyət ölkə ərazisinə böyük sayda qaçqının gəlməsinə və hökumətə qarşı ciddi narazılıq dalğasının yaranmasına səbəb oldu. Bu vəziyyətdən istifadə edən yerli bolşeviklər noyabrın 29-da ölkədə çevriliş həyata keçirdi. Bu dəfə XI Qırmızı Ordu hissələri rahatlıqla İrəvana daxil oldu və ölkədə Sovet Ermənistanının qurulduğu elan edildi. Bu vəziyyət Sovet Rusiyasının, eyni zamanda Sovet Azərbaycanının Ermənistana qarşı əvvəlki münasibətini dəyişdirdi. Bu dəyişiklik indi də erməni mənbələri tərəfindən əsas arqument kimi istifadə edilən “Nərimanov bəyannaməsi” ilə özünü göstərdi.
1 Dekabr 1920-ci ildə Ermənistanın sovetləşməsinin qələbəsinə həsr olunmuş Bakı Şurasının təntənəli iclasında Nərimanov tərəfindən elan edilmiş “Azrevkom” bəyannaməsi Dağlıq Qarabağın taleyi üçün vacib əhəmiyyətə malik idi: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurdakı kommunist yoldaşlarımızın günahsız qanını tökən daşnakların hakimiyyətinə qarşı vuruşan erməni zəhmətkeşlərinin mübarizəsini alqışlayaraq bəyan edir ki, bundan sonra heç bir ərazi məsələsi ermənilərin və müsəlmanların qarşılıqlı qan tökməsinə səbəb ola bilməz.“ (Şükürov, 1990:13). Nərimanov və Xarici işlər komissarı Mirzə Davud Hüseynov tərəfindən imzalanan ikinci bir bəyannamə mübahisəli ərazilərin Ermənistana verilməsi ilə bağlı idi: “Bu gündən etibarən Ermənistan və Azərbaycan arasındakı sərhəd mübahisələri həll olundu. Zəngəzur və Naxçıvan Ermənistan Sovet Respublikasının bir hissəsidir, Dağlıq Qarabağ ermənilərinə isə öz müqəddəratlarını təyin etmək haqqı tanınır.”
Əslində isə real vəziyyət başqa idi. Qafqaz Bürosunun bolşevik liderləri (xüsusən də Serqo Orconikidze) Erməni İnqilab komitəsinin daşnak meylli bolşeviklərdən təşkil olunduğunu və bunun Qafqaz üçün təhlükə olduğunu görürdü. Məhz bu kontekstdə Ermənistanın sovetləşməsi ərəfəsində Ermənistanla Azərbaycan arasında bəyannamə mübadiləsi ilə ola biləcək üsyanların qarşısını almağı düşünürdü .
30 Noyabr 1920-ci il tarixində Azərbaycan Siyasi Bürosunun Orconikidzenin iştirakı ilə keçən iclasında Nərimanova, Sovet Ermənistanının Zəngəzur və Naxçıvanın Ermənistana verildiyini və Qarabağın dağlıq hissəsinin öz müqəddəratını təyinetmə hüququna sahib olduğunu bildirən bir bəyannamə hazırlanması tapşırıldı (Xarmandaryan 1969: 99). Orconikidze Ermənistana təklif olunan ərazilər barədə danışarkən bu əraziləri çılpaq dağlar və bataqlıqları xəstəliklə dolu, “heç bir dəyəri olmayan yerlər” adlandırdı. Onun fikrincə, bu ərazilər Sovet Azərbaycanına bir yük idi və önəmli olan Sovet xalqlarının birliyini simvollaşdıran qırmızı bayraqdı. 1920-ci il dekabrın 2-də Orconikidze, Lenin və Stalinə Azərbaycanın Qarabağı, Zəngəzuru və Naxçıvanı Sovet Ermənistanına verdiyini bildirdi. Dekabrın 4-də Stalin “Pravda” qəzetində Azərbaycanın mübahisəli ərazilərdən imtina etdiyini rəsmən təsdiqlədi. Yazıda deyilirdi: “Sovet Azərbaycanı mübahisəli ərazilərdən rəsmən imtina etdi. Ermənistanla, müsəlman qonşusu Azərbaycan arasındakı əsrlik münaqişə tək bir həmlə ilə həll edildi.”
Mübahisəli ərazilərdə Azərbaycanın iddialarından imtina etməsi Ermənistanda hakimiyyətin rahat bir formada ötürülməsini təmin etmək planının parçası idi. Dekabrın 28-də Erməni İnqilab Komitəsi buna oxşar bir bəyanat verdi. Sovet Ermənistanı Naxçıvan ərazisində yaşayan azərbaycanlıların öz müqəddəratını təyinetmə hüququnu təsdiqlədi. Bu açıqlamaların səmimiliyi şübhəli idi və ilk növbədə təbliğat forması kimi nəzərdə tutulmuşdu. Ermənilər Naxçıvana qarşı iddialarından könüllü imtina etmədikləri kimi, Nərimanov da bu mübahisəli ərazilərə dair iddialarından əl çəkməmişdi (Saparov,2014:102). Nərimanovun bəyannaməsinin beynəlxalq hüquq baxımından da heç bir qanuni qüvvəsi yox idi. Reallıqda ərazilərin hansı dövlətdə qalması ilə bağlı yekun qərar haqqı nə Milli Məsələlər üzrə Dövlət Komitəsində (rəhbəri Stalin), nə Sovet Azərbaycanında, nə də Sovet Ermənistanında idi. Yekun qərar RKP-nin Qafqaz Bürosu, ciddi mübahisələr olduğu təqdirdə isə RKP-nin Mərkəzi Komitəsi tərəfindən verilirdi .
Azərbaycan və Ermənistan arasındakı mübahisəli ərazilərlə bağlı ilk qərar 1921-ci ilin fevralında Sovet-TBMM danışıqları zamanı verildi. Sovet Ermənistanı əvvəlki daşnak hökumətinin Van və Bitlis vilayətlərinə olan iddiasından əl çəkdi. Aleksandropol müqaviləsinin ağır şərtlərini tanımayan RSFSR, Türkiyə ilə Azərbaycan və Ermənistan arasında ayrı-ayrılıqda müqavilə imzalanmasını təklif etdi. Türkiyə Aleksandropol müqaviləsi ilə bəzi ərazilərin Ermənistana qaytarılacağını bildirsə də, protektoriatı olduğu Naxçıvanın özünün qarantiyası ilə Azərbaycana verilməsi şərtini irəli sürdü. Ermənistanın etirazına baxmayaraq, bu şərt RSFSR tərəfindən qəbul edildi. Beləliklə, Naxçıvan ərazisində Azərbaycan SSR-ə daxil olacaq muxtar vilayət qurulmasının ilkin addımları atıldı. Naxçıvanla bağlı qərardan sonra Azərbaycan Kommunist Partiyası Siyasi Bürosu, Qarabağ və Zəngəzuru Ermənistana verən Azərbaycan İnqilab Komitəsinin əvvəlki qərarını tanımaqdan imtina etdi. Siyasi Büronun bu qərarı təsdiqləməsi Azərbaycan ərazilərinin Ermənistana verilməsi barədə 30 noyabr fərmanının Ermənistandakı bolşeviklərə dəstəyi təşviq etmək üçün bir təbliğat hiyləsi olduğunu göstərdi. Azərbaycanın Qarabağ və Zəngəzurdakı ərazi hüquqları təsdiqləndi .

Ermənistanda daşnakların üsyanı
Türkiyə Ermənistanının əldən çıxması, Naxçıvanın Azərbaycanda qalması və Sovet Azərbaycanının Zəngəzur və Qarabağ üzərində iddiasını yenidən təsdiqləməsi Ermənistandakı siyasi vəziyyəti gərginləşdirdi. Erməni ictimaiyyətində güclü dayaqları olan daşnaklar 13 fevralda bolşeviklərə qarşı üsyan başlatdılar. Üsyan qısa müddətdə Zəngəzura və Dağlıq Qarabağa qədər ərazilərə yayıldı. Ermənistanda yerləşən bolşevik ordusu bu formada geniş üsyana hazırlıqlı deyildi. Daşnaklar fevralın 18-də İrəvana daxil oldular və Qırmızı ordu Naxçıvan istiqamətində geri çəkilməyə məcbur qaldı. İrəvan ələ keçiriləndən sonra keçmiş Baş nazir Simon Vratsyanın rəhbərliyi altında “Vətən Qurtuluş Komitəsi” quruldu. Yeni bir hökumət qurulana qədər ölkəni bu təşkilat idarə etməli idi. 42 gün davam edən üsyan boyu daşnaklarla bolşeviklər arasında qanlı döyüşlər baş verdi. Fevralın 27-də bolşeviklər İrəvana hücum etmək istəsələr də, martın 1-də geri çəkilmək məcburiyyətində qaldılar. İki həftəlik fasilədən sonra bolşevik birləşmələri yenidən hücum edərək martın 16-da Artaşat şəhərini ələ keçirdilər, lakin ertəsi gün daşnak qüvvələri hücuma keçərək şəhəri geri aldılar. Naxçıvan istiqamətindən Sovet Azərbaycanı ordusu qüvvələrinin qoşulması vəziyyəti tamamilə dəyişdirdi. Martın 24-də başlayan güclü hucumdan sonra Aparan və Kotayk şəhərləri ələ keçirildi. 2 aprel tarixində Qırmızı Ordu İrəvana girdi .
Qareqin Njdenin rəhbərliyindəki daşnaklar bu dəfə Zəngəzur istiqamətində geri çəkilərək burada 26 aprel tarixində “Dağlıq Ermənistan respublikası”nın qurulduğunu elan etdilər. Ermənistanda baş verən üsyanların ərazi məsələsi ilə əlaqəli olduğunu anlayan bolşeviklərin mövqelərində müəyyən dəyişikliklər başladı. Kirov və Orconikidze Nərimanovdan, Zəngəzur və Qarabağ məsələsində Ermənistanla sərhədlərin tənzimlənməsi ilə bağlı güzəşt istədilər. Lakin Nərimanov geri çəkilmək istəmədi. Azərbaycan nümayəndə heyətinin 25 iyun iclasındakı barışmaz mövqeyi Orconikidze və Kirovu ertəsi gün Nərimanova təcili teleqram göndərməyə məcbur etdi: “Zəngəzurdakı mövcud vəziyyət nəzərə alınaraq Ermənistanla sərhədin yaradılması ilə bağlı danışıqların dayandırılması kifayət qədər mənfi təəssürata səbəb olacaq. Sizdən dərhal Siyasi Büronun, Xalq Komissarları Sovetinin toplanmasını və Qarabağ məsələsini sabah həll etmənizi (27 iyun) xahiş edirik. Fikrimizi bilmək istəyirsinizsə, o zaman belədir – Dağlıq Qarabağ məsələsini həll edərkən bütün ziddiyyətləri həll etmək və həqiqətən dostluq münasibətləri qurmaq üçün aşağıdakı prinsipi rəhbər tutmaq lazımdır – heç bir müsəlman kəndi Ermənistana, heç bir erməni kəndi də Azərbaycana birləşdirilməməlidir.” (Xarmandaryan 1969: 103).
Teleqram – sərhəd probleminin gecikmədən həll edilməsi üçün Azərbaycanın Qarabağın erməni əhalisi olan bölgələrindəki iddialarından imtina etməsinə dair üstüörtülü bir tələb idi. Bu ərəfədə üsyanları tezliklə yatırtmaqdan ötrü Sovet Rusiyası, Sovet Ermənistanının Qarabağa Fövqəladə komissar göndərməsinə icazə verdi. Azərbaycan hökuməti belə bir komissarın Qarabağa göndərilməsi ilə Ermənistanın iddialarının güclənəcəyini və nəticənin Azərbaycan üçün xoşagəlməz olacağını gördü. Nəticədə Nərimanov bu ehtimalı təsirsiz hala gətirmək üçün dərhal hərəkətə keçdi. Orconikidze və Kirovun teleqramı gələndən sonra – iyunun 26-da Bakıda Azərbaycan Siyasi Bürosu və Xalq Komissarları Sovetinin iclası keçirildi. Azərbaycan bolşevikləri cəsarətli bir mövqe tutdular və Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinə qarşı səs verərək Orconikidze və Kirovun məsləhətlərinə məhəl qoymamaq qərarına gəldilər. Milliyyətçilik ittihamlarından qaçmaq üçün isə ərazinin Azərbaycanla olan iqtisadi bağlılığı əsas gətirildi. Eyni zamanda Azərbaycan hökuməti, Qafqaz Bürosuna və Ermənistan hökumətinə Qarabağdakı erməni fövqəladə komissarının səlahiyyətlərinin ləğv edilməsi və Qarabağdan geri çağırılması haqqında teleqram göndərdi (Saparov,2014:108-109).
Bu addım vaxt qazanmaq baxımından əhəmiyyətli idi. Nərimanov Qarabağla bağlı təzyiqin Zəngəzurdakı üsyanlarla bağlı olduğunu başa düşürdü. Bunun üçün Qarabağla bağlı məsələnin mümkün qədər uzadılması və Qırmızı ordunun Zəngəzurdakı fəaliyyətinin uğurla nəticələnməsini gözləyirdi. Bu baxımdan qiymətli bir vaxt uduldu və Qarabağla bağlı yekun qərarın verilməsində əsas rolu oynadı.
 
Qarabağla bağlı yekun müzakirələr
1921-ci ilin iyulunda Azərbaycan SSR, Qarabağ məsələsinə Qafqaz Bürosunun plenar iclasında baxılmasında israr etdi. Zaqafqaziya respublikaları arasındakı sərhədləri həll etmək üçün iki azərbaycanlı, iki gürcü və bir ermənidən ibarət komissiya təşkil edildi. Qeyd edim ki, Sovet Azərbaycanı və Sovet Gürcüstanı Ermənistanla bağlı mübahisəli ərazilərdə biri-birilərinə dəstək verirdi. Belə ki, Qafqaz Bürosunun iclasında Ermənistan təmsilçisinin Dağlıq Qarabağ, Axalkalaki və Lori ərazisinə olan iddiası Azərbaycan – Gürcüstan tərəfindən qəbul edilmədi. Nümayəndələr arasında konsensus olmadığı üçün Qafqaz Bürosu Cənubi Qafqazdakı ərazi mübahisələrini həll etməkdən ötrü 1921-ci il iyulun əvvəlində Tiflisdə iclas keçirməyə qərarlaşdırdı (Geukjian, 2012:70).
4 və 5 iyul tarixlərində Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu plenumunun iclaslarında Büronun üzvləri Kirov, Maxaradze, Myasnikov, Nazaretyan, Nərimanov, Oraxelaşvili, Orconikidze, Fiqatner Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Stalin, Azərbaycan SSR Xalq Komissarı Mirzə Davud Hüseynov, Komsomol Qafqaz Bürosunun katibi Breytman, Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Tsintsadze, Mdivani və Svanidzenin iştirak etdiyi iclasda Qarabağ məsələsi müzakirə edildi. 4 iyul 1921-ci il tarixli 11 nömrəli protokolun çıxarışını aşağıdakı cədvəldə görmək mümkündür.
 
 
 
Müəllif: Tural Həmid
Mənbə: azlogos.eu

0 şərh