Laçının işğalı

1992-ci ilin yaz ayları Azərbaycan üçün ağır başlamışdı. Xocalının işğalı nəticəsində ölkədə ağır siyasi böhran yaşanırdı. Bu ərəfədə güclənən AXC, “Azadlıq” qəzetində Mütəllibova könüllü istefa etməsini təklif edən ultimatum yayımlayır. Yalnız bu halda AXC ona və ailəsinə təhlükəsizlik və istəsə, ölkədən getməyə zəmanət verəcəkdi. Əks təqdirdə AXC, güc tətbiq edəcəyini və qan tökülməsindən çəkinməyəcəyini bildirmişdi.
Laçının işğalı
Ayaz Mütəllibov müxalifətin təzyiqi ilə prezident vəzifəsindən istefa verdi. Yeni prezident seçkiləri keçirilənə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edildi. Sələfi Ayaz Mütəllibov kimi Yaqub Məmmədov da Rusiya ilə yaxşı münasibətlər qurmağın tərəfdarı idi. Buna baxmayaraq, Xalq Cəbhəsinin güclənməsi hakimiyyəti bəzi güzəştlərə getməyə vadar etdi. Müdafiə naziri vəzifəsi Xalq Cəbhəsinin üzvü Rəhim Qazıyevə verildi. İranda Ermənistan rəhbərliyi ilə danışıqlara gedən Yaqub Məmmədov geri dönərkən, Ermənistan ordusunun atəşkəsi pozaraq Şuşaya hücum edib şəhəri ələ keçirdiyini eşitdi. Şuşanın itirilməsi Azərbaycan ictimaiyyətində çox ağır şok yaratdı və hakimiyyət uğrunda mübarizəni daha da qızışdırdı.
Laçın təhlükədə idi. Erməni qoşunları mayın 8-də Şuşaya girəndən sonra Laçına hücum etməyə tələsmirdi. Qəribə bir vəziyyət yaranmışdı. Erməni qoşunları Laçını tutub Ermənistanla quru dəhlizi yaratmağa, Şuşanın Turşsu kəndində toplaşan Azərbaycan qoşunları isə Şuşanı geri almaq üçün hücuma keçməyə tələsmirdilər. Bu vəziyyət 15 may 1992-ci il tarixinədək davam etdi.

Şuşanın geri qaytarılması planları
Şuşanın işğalı yeni müdafiə naziri Rəhim Qazıyevin vaxtına düşdü. Bu səbəbdən Qazıyev öz reputasiyasını qorumaqdan ötrü şəhəri yenidən ələ keçirmək üçün planlar hazırlamağa başladı. Rəhim Qazıyevin digər cəbhəçilərdən fərqi açıq şəkildə Rusiyameylli olmasında idi. O, Rusiyanın hərbi və iqtisadi gücünü görürdü.
1992-ci il mayın 10-da səhər tezdən Rəhim Qazıyev Moskvaya gedir və burada Rusiyanın müdafiə nazirinin müavini Pavel Qraçovla görüşür. Görüşdən sonra Qraçov 4-cü ordu komandiri, general-mayor Nikolay Popovu yanına çağırır və ona Azərbaycan ordusuna 10 tank və 10 piyadaların döyüş maşını (BMP) verməsini əmr edir. Bundan başqa 104-cü hava-desant diviziyasının komandiri general-mayor Valeri Şerbakla da əlaqə saxlanılır və Azərbaycan ordusuna təlim baxımından yardım edilməsi tapşırılır. Rəhim Qazıyev Moskvadan 4-cü ordu komandiri Nikolay Popovla əlaqə saxlayır. Sonuncu, Azərbaycana veriləcək hərbi texnikanın Göytəpə (Cəlilabad) qəsəbəsində olduğunu, ancaq onlarda mühərrik olmadığını bildirir. Rəhim Qazıyev müdafiə nazirinin müavini Vahid Musayevlə telefonla əlaqə saxlayaraq mühərrik məsələsini həll etməsini tapşırır. Öz növbəsində Vahid Musayev Azərbaycan Dəmir Yollarının rəisi ilə əlaqə saxlayaraq texnikaların təcili Göytəpədən cəbhəyə çatdırılmasını əmr edir. Elə həmin gün axşam saatlarında 20 ədəd hərbi texnika Mincivan dəmiryolu stansiyasına gətirilir. Baş qərargah rəisinin müavini, polkovnik Səfər Əbiyev bu hərbi texnikadan Şuşa şəhərinin geri alınması üçün istifadə etməli idi. Qazıyevin özü həmin ərəfədə Moskvadan Gəncəyə gələrək qoşunların komandanlıq məntəqəsini Yevlaxa köçürməyi tapşırır. Eyni zamanda bəzi təxribatlar başlayır. 1992-ci il mayın 10-dan 11-ə keçən gecə Mincivan dəmir yolu stansiyasında hərbi texnika boşaldılarkən onlardan 8-də elektrik naqillərinin kəsildiyi məlum olur.
Alay komandiri Arif Paşayev xatırlayır: “Biz hazırlaşmışdıq ki, 15 mayda Ermənistanın Gorus rayonunun arxasına keçib böyük bir ərazini ələ keçirək və həmin ərazi ilə ermənilər tərəfindən yenicə işğal olunmuş Şuşanın dəyişdirilməsi tələbini qoyaq. Qəfildən məlum oldu ki, bizim tankların və BTR-lərin motorlarına qum tökülüb. ”
Gəncədə Rəhim Qazıyev 104-cü hava-desant diviziyasının komandiri Valeri Şerbakla da görüşür. Onlar Şuşanı yenidən Azərbaycana qaytarmalı olan 2700 əsgərin Goran təlim mərkəzində təcili təlimi barəsində razılığa gəlirlər. 10-12 may 1992-ci il tarixlərində ordu Turşsu kəndində toplanır. Baş Qərargaha aid 1-ci şöbəsinin müdiri Rasim Muxtarovun əmri ilə üç hücum dəstəsi hazırlanır. Bunlar aşağıdakılar idi.

  •  771 saylı hərbi hissə, komandan Əzizağa Qənizadə.
  •  773 saylı hərbi hissə, komandan Yunis Teymurov.
  •  776 saylı hərbi hissə, komandan Xəqani Rüstəmov.

Hücumda daxili qoşun bölmələri, polis batalyonu da iştirak etməli idi. Axşam saatlarında əraziyə 12 ədəd hərbi texnika (5 tank və 7 BMP) və 5 ədəd “Qrad” gətirilir. Hücum qoşunlarına Elbrus Orucov rəhbərlik edirdi. Orucov, 771-ci hücum dəstəsini Böyük Kirs yüksəkliyində, 773-cü hücum dəstəsini Salatınkənd ərazisində, 776-cı hücum dəstəsini Zarıslı, 777-ci batalyonu isə İmanqulu yüksəkliyində yerləşdirdi. Bundan başqa, Etibar Məmmədovla birlikdə gələn 135 nəfər könüllü üç qrupa bölünərək Sarıbaba, Kirs hündürlüklərində və Zarıslı kəndi yaxınlığında yerləşdirildi. Elbrus Orucov Laçın alayının komandanlığına Sarıbaba hündürlüyü yaxınlığında mövqelər tutmağı və orada “Qrad” yerləşdirməyi əmr etsə də, Elçibəyə yaxınlığı ilə bilən bu alayın komandanlığı əmrə uymadı. Beləliklə, 10-12 may 1992-ci il tarixlərində Azərbaycan ordusu Şuşada toplansa da, Şuşanın azad edilməsi üçün heç bir əməliyyat keçirilmədi. Elbrus Orucov bunu müdafiə nazirliyindən belə bir əməliyyatın keçirilməsinə dair əmr almaması ilə izah edir.
Mayın 12-də axşam saatlarından etibarən orduda itaətsizlik başladı. Elçibəyə yaxınlığı ilə bilinən Laçın alayının əsgərləri Baş Qərargahın əməliyyat şöbəsinin rəisi, polkovnik Rüfət Əmirovu döyərək rayondan qovdular. Mayın 12-dən 13-nə keçən gecə Laçın alayının qərargahında 704-cü motoatıcı briqada komandiri Elbrus Orucov da döyüldü və Rüfət Əmirov kimi Laçından çıxarıldı. Bundan sonra Elbrus Orucov müdafiə naziri Yevlaxa, Rəhim Qazıyevin də olduğu qərargaha yola düşdü. Qazıyevin özü 11-12 may tarixində Şuşaya göndəriləcək hərbi texnikanın tədarükü və Şuşanın alınması planlarını həyata keçirdirdi. Baş Qərargah rəisi Şahin Musayev də Yevlaxa gəldi. Əməliyyatda iştirak etmək üçün Tərtər, Ağdam və Xocavənd bölgələrinə qoşunların köçürülməsinə başlandı. Komandanlıq bu istiqamətlərdən ermənilərə manevredici zərbələr endirmək planlaşdırırdı. Əsas ordu qüvvələri isə bu zaman Şuşaya hücum edərək şəhəri götürməliydi. Əlikram Hümbətovun komandanlığındakı Lənkəran taboru Xocavənd rayonunun Kuropatkino kəndinə köçürüldü. Surət Hüseynovun rəhbərliyi altında Hərbi Birlik əməliyyatın hazırlanmasında fəal iştirak edirdi. Şuşanın qaytarılması əməliyyatı 17 May 1992-ci il tarixinə planlaşdırıldı. Ancaq Yevlaxda bu plan hazırlanarkən Laçında vəziyyət tamamilə nəzarətdən çıxmışdı. Ordunun bir hissəsi cəbhədən Bakıya doğru geri çəkilirdi.

Bakıda siyasi vəziyyət
Sözügedən ərəfədə Şuşanın itirilməsi ilə əlaqədar Bakıda siyasi gərginlik yüksək həddə çatmışdı. 12 may 1992-ci ildə Şuşa rayon İcra kakimiyyətinin başçısı Nizami Bəhmənov Yaqub Məmmədovla görüşür. Nizami Bəhmənov görüşlə bağlı bunları xatırlayır: “Yaqub Məmmədovun kabinetinə girəndə orda keçmiş prezident Ayaz Mütəlibovu da gördüm. Mütəllibov mənimlə söhbətində bir həftə ərzində heç bir tədbir görülməməsini xahiş etdi. Mütəllibov mənə 15 mayda hər şeyin öz yerinə oturacağını, Şuşanın da geri alınacağını bildirdi.”
12 May 1992-ci ildə parlamentdə Şuşanın işğalı ilə bağlı iclası keçirildi. Əvvəlcə Baş nazirin birinci müavini Vahid Əhmədov tribunada çıxış etdi: “Üç gündür, hərbi qərargahın işində iştirak edirəm. Şuşadakı bütün əməliyyatlar Şahin Musayev tərəfindən idarə olunur. Şuşada hər şeylə təchiz olunmuş 2000 nəfərlik bir qarnizon var idi. Şuşanın necə alındığı aydın deyil. Bəzi siyasi oyunlar gedir. Laçında, Ağdamda, Qubadlıda hərbi hissələr cəbhədən çəkilir və Bakıya göndərilir. Bunun hansı məqsədlə və kim tərəfindən edildiyi bəlli deyil. Rəhim Qazıyev dəfələrlə Moskvaya getdi və Qraçovla danışıqlar apardı. Ancaq bu günə qədər heç bir nəticəsi yoxdur. Rus qoşunlarından beş piyada döyüş maşını və beş zirehli transportyor ala bildik. Qoşunlara vahid komandanlıq və nəzarət yoxdur. İşlər belə getsə, ermənilər Füzulini, Bərdəni və Gəncəni ələ keçirəcəklər. Azərbaycan çox çətin vəziyyətdədir. Rusiya ilə hərbi və iqtisadi müqavilə bağlamasaq, böyük itki verəcəyik. Başqa çıxış yolu yoxdur. Nə İran, nə də Türkiyə hələ bizə bircə silah belə verməyib. Onlardan bizə kömək yoxdur və gələcəkdə də bir kömək olacağını düşünmürəm. Respublikada intizamlı və mütəşəkkil bir ordu yoxdur, heç kim əmrləri yerinə yetirmir. Bu vəziyyətdə hansı müharibədən danışmaq olar? Rusiyanın məqsədi bizi 15 maydan əvvəl diz çökdürmək idi və onlar artıq bizi diz çökdürdülər. Gizlədəcək bir şey yoxdur. Laçında vəziyyət çətindir, hamı oradan qaçır. Tərtər və digər bölgələrdə də vəziyyət çox çətindir. Siyasətimiz bizi buna gətirib çıxardı. Necə oldu ki, Ermənistan Rusiya ilə ortaq bir dil tapa bildi, amma biz tapa bilmədik? Belarus və Ukrayna Rusiya ilə ortaq bir dil tapa bilirlər, amma tapa bilmirik? Bunun üçün hamımız günahkarıq.”

Prezident səlahiyyətlərini icra edən Ali Sovetin sədri Yaqub Məmmədov isə çıxışında belə deyirdi: “Cəbhədən Bakıya bir çox silahlı dəstələr gəlməyə başlayıb. Onların Bakıya girməsinin qarşısını almaq üçün postlar qurulub. Bu dəstələrin tərksilah edilməsi üçün təlimat verilib.”

Müzakirələrdən sonra Ali Sovetin sessiyasının 14 mayda çağırılması barədə qərar qəbul edilir. İclas bitmədən Yaqub Məmmədov yenidən söz alır: “15 mayda Daşkəndə getmək və ya getməmək qərarı yoxdur. Rəhim Qazıyev inanır ki, getməyim məsləhətdir. Şahin Musayevin Şuşanı təslim etməsinə gəlincə isə, bu istintaqla müəyyənləşəcək. 30 Mart 1992-ci ildən bəri ölkədə artıq 2 dəfə çevrilişə cəhd olub. İlk olaraq bu 1 mayda, mən İranda olduğum zaman həyata keçirildi. Mayın 6-da yenidən tanklarla parlament binasını ələ keçirmək üçün cəhd edildi. Bütün bunların arxasında kimin olduğunu bilmirəm. Bunun ordu tərəfindən edildiyi barədə söz-söhbətlər var. Şahin Musayevi Bakı qarnizonuna kimin təyin etdiyini bilmirəm. Bu sual mənimlə razılaşdırılmadan həyata keçirilib. Musayevin Bakı qarnizonunun rəisi vəzifəsinə təyin olunmasını televiziyadan öyrəndim. Ölkədə hökumət iflic olub, dövlətin gücü yoxdur ”.
1992-ci ilin mayında baş verən siyasi hadisələr Azərbaycanın növbəti xarici siyasət səhvinin davam oldu. 14-15 may 1992-ci il tarixlərində Daşkənddə Rusiya Federasiyasının himayəsi altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaradıldı. Ermənistan KTMT-yə üzv olsa da, Azərbaycan KTMT-yə üzvlükdən imtina etdi. AXC iqtidara gəldikdən sonra Türkiyənin Baş naziri Süleyman Dəmirəl AXC rəhbərliyinə KTMT və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olmasını, Rusiya rəhbərliyi ilə ortaq dil tapmasını tövsiyə etmiş, lakin AXC hökuməti bundan imtina etmişdi. 16 may 1992-ci ildə rus hərbçilərinin Ağdamdan çıxdığı və Əsgərana qarşı bir hücum olmayacağı xəbərindən dərhal sonra erməni ordusu bu istiqamətdəki ordusunu Şuşa-Laçın xətti boyunca yığmağa başlamışdı.

Ayaz Mütəllibovun yenidən hakimiyyətə gəlməsi
13 may 1992-ci il səhəri Elbrus Orucov Yevlaxa gəlir və Rəhim Qazıyevə Laçın hadisələri barədə danışır. Rəhim Qazıyev Laçına zəng edərək bütün komandirlərdən Elbrus Orucova tabe olmalarını tələb edir. Daha sonra Rəhim Qazıyev, Surət Hüseynov, Şahin Musayev, Elbrus Orucov və 104-cü hava-desant diviziyasının rəisi, polkovnik-leytenant Vladimir Selivanov Şuşa əməliyyatının təfərrüatları barədə müzakirə aparırlar. Plana görə, 15 may 1992-ci ildə Tərtər, Ağdam və Xocavənddən manevredici zərbə endirilməli, Əsgəran istiqamətdə isə rus qoşunları Əsgəranı ələ keçirməli idi. Bu hücumların məqsədi ermənilərin əhəmiyyətli qüvvələrini sözügedən istiqamətə çəkmək idi. Eyni zamanda Turşsu və Zarıslıda olan Azərbaycan qoşunları Şuşaya hücuma keçməli idilər. Rus hərbçiləri Elbrus Orucova 104-cü hava-desant diviziyasının qərargahı və Yevlaxdakı polkovnik-leytenant Vladimir Selivanovun qrupu ilə əlaqə qurmaq üçün bir tezlik təyin edirlər və hücuma keçmək üçün şərti siqnalı gözləməsini söyləyirlər. Elbrus Orucovun təhlükəsizliyini təmin etmək üçün Viktor Mudrakın 778-ci xüsusi təyinatlılar batalyonundan 20 döyüşçü onun ixtiyarına verilir.
13 May 1992-ci il axşamında Elbrus Orucov Laçına qayıdıb komandanlığı yenidən əlinə aldı. Bu ərəfədə (9-13 may) erməni ordusu da hər hansı aktiv hücum əməliyyatları aparmamışdı, cəbhədə sakitlik hökm sürürdü. Ancaq mayın 14-də erməni qoşunlarının Laçın istiqamətində hücumu başlandı. Erməni qoşunları səhər saatlarında Zarıslı istiqamətində güclü hücuma keçdilər. 14 may gecəsi Ayaz Mütəllibovun Ali Sovetin qərarı ilə prezident vəzifəsinə bərpa edildiyi xəbərləri gəldi. Bu xəbərdən sonra Azərbaycan ordusuna aid bəzi dəstələr özbaşına cəbhə bölgəsini tərk etməyə başladı. Mayın 14-dən 15-nə keçən gecə AXC batalyonunun döyüşçüləri cəbhə bölgəsindən geri çəkildilər. Arif Paşayevin rəhbərlik etdiyi Laçın alayının xeyli sayda döyüşçüsü də Bakıya getməyə başladılar. Etibar Məmmədovun gətirdiyi 135 döyüşçü də mövqelərini tərk etdi. Onlar geri çəkilərkən ordunun içində panika yaradacaq xəbərlər yaymağa başladılar, nəticədə digər hərbi hissələrdə olan əsgərlərdə böyük ruh düşkünlüyü yarandı. Beləliklə, mayın 14-dən 15-ə keçən gecə ordunun bir hissəsinin ön xətdən icazəsiz geri çəkilməsi prosesi başladı. Bu xəbərlər digər istiqamətlərdə olan orduda da ciddi ruh düşkünlüyü yaratmışdı. Milli Qurtuluş batalyonu Tərtəri, Lənkəran taboru isə Xocavənd bölgəsini tərk edirdi.

Daşkənd görüşü və Mütəllibovun istefası
Ali Sovetin Ayaz Mütəllibovu yenidən prezident seçməsi Rəhim Qazıyevin də planlarına daxil deyildi. O, 1992-ci il mayın 15-də Gəncədən Bakıya, oradan da dərhal MDB dövlət başçılarının görüşünün keçirildiyi Daşkəndə getdi. Qazıyev burada Pavel Qraçovla, daha sonra Boris Yeltsinlə görüşdü. Rəhim Qazıyevin özü Daşkənd görüşünü belə xatırlayır: “15 may 1992-ci ildə MDB üzvü olan dövlətlərin başçılarının görüşünün keçirildiyi və SSRİ-yə aid silahların bölüşdürülməsi məsələsinin həll olunduğu Daşkəndə getdim. Daşkəndə gəldikdən sonra ilk iş olaraq Qraçovla görüşdüm. Səhər yeməyində Qraçov mənə dedi: “Təbrik edirəm, Ayaz qayıtdı, hər şey yaxşı olacaq.” Dövlət başçılarının görüşünün əvvəlində prezident Nazarbayev Azərbaycan nümayəndə heyətinin üzvlərini Ayaz Mütəllibovun yenidən hakimiyyətə gəlməsi münasibəti ilə təbrik etdi. Fasilədə Baş nazirin müavini Abbas Abbasovla birlikdə Yeltsinə yaxınlaşmağa çalışdım, ancaq onun həmin ərəfədə Ter-Petrosyanla danışdığını gördüm. Növbəti fasilədə Yeltsinə yaxınlaşmağı bacardım. Aramızda belə bir dialoq baş verdi.

 – Mən Azərbaycanın Müdafiə Naziriyəm.
– Nə olsun ki ?
– QKÇP çevrilişi olanda sizə dəstək olan ilk biz idik.
– Nə olsun ki ?
– O olsun ki, siz demokratsınız, amma Azərbaycanda indi hakimiyyətə gələn kommunistdir. Ayaz Mütəllibov QKÇP-ni dəstəkləyən adamdır. Sizi də “Pravda” qəzetində şizofren adlandırmışdı.

Bu sözü dedikdən sonra Boris Yeltsinin Qraçova tərəfə baxdığını və “lazım deyil” sözünü dediyini eşitdim. Həmin anda bu sözün hansı anlama gəldiyini başa düşmədim. Gəncəyə qayıtdıqdan sonra Gəncə polis şöbəsinin rəisi Eldar Həsənov və 104-cü hava-desant diviziyasının komandiri Şerbakla görüşdüm. Məni Şerbak qarşıladı və dedi: “Gecə saat 3-də Mütəllibova dəstək olmaq üçün Bakıya girməli idim. Lakin sizin Yeltsinlə danışıqlarınızdan sonra bundan imtina edildiyi barədə əmr aldım.”
Pavel Qraçov və Boris Yeltsinlə danışıqlardan sonra Rəhim Qazıyev Daşkənddən Bakıya, oradan da dərhal Gəncəyə gəldi. 15 may 1992-ci ildə Bakıda dramatik hadisələr başlandı. 14 may 1992-ci ilin axşamı Xalq cəbhəsinin, Ayaz Mütəllibovun Ali Sovetinin qərarı ilə yenidən prezident vəzifəsinə qaytarılması əleyhinə mitinqi başladı.
Könüllülər, “Boz qurd” təşkilatının rəhbəri İsgəndər Həmidovun təşkil etdiyi əks-əməliyyata qoşulmaq üçün Xalq Cəbhəsinin qərargahına axışırdılar. Mayın 15-də günorta çağı Həmidov parlamentin binasını və şəhər televiziya stansiyasını tutmaq üçün hücuma keçdi, onun arxasınca əsgərlər və zirehli texnika gəlirdi. Atışma zamanı 10-a yaxın əsgər həlak oldu. Bu dəfə Mütəllibov həmişəlik olaraq devrildi, müxalifət öz qələbəsini möhkəmləndirdi. İsa Qəmbər təkcə parlamentin spikeri yox, eyni zamanda prezident seçkilərinə qədər dövlətin fəaliyyətdə olan başçısı oldu. Çevrilişə başçılıq etmiş İsgəndər Həmidova isə Daxili İşlər naziri vəzifəsi verildi. Qazıyev müdafiə naziri vəzifəsində qaldı. Bundan sonra yeni hakimiyyətin təzyiqi altında parlament özünü buraxdı və səlahiyyətlərini 50 nəfərdən ibarət Milli Şuraya verdi.
Ayaz Mütəllibov hakimiyyətdə qalmaq üçün Rusiya qoşunlarının köməyinə ümid edirdi, ancaq Rusiyanın müdaxilə etməyəcəyini anlayanda sərt tədbirlər görmədi və mayın 16-da Azərbaycanı tərk etdi. AXCP rəhbərliyi Mütəllibovun Rusiya ilə yaxın olduğunu bilirdi və buna görə də ilk olaraq ultimatum irəli sürüldü. Yalnız diplomatik kanallardan rus qoşunlarının müdaxilə etməyəcəyi barədə məlumat əldə edildikdən sonra silahlı hücum başladıldı. Rusiyanın son anda Ayaz Mütəllibovu dəstəkləmədiyi faktını eks prezidentin özü də müsahibələrinin birində təsdiqləyir. Rəhim Qazıyevin Daşkənddə Yeltsinə dedikləri həlledici olmuşdu. AXC-ni isə Türkiyə dəstəkləyirdi. Hətta çevrilişin uğursuz olacağı təqdirdə Türkiyədə mühacirətdə Azərbaycan hökumətinin yaradılacağı barədə də vəd verilmişdi.
Ordunun geri çəkilməsi
Ayaz Mütəllibovun istefa xəbəri gəldikdən sonra Əsgəran istiqamətində hücuma başlayan rus ordusu əməliyyatdan imtina etdi və 15 may 1992-ci il tarixində Ağdamdan çıxdı.
Əsas hadisələr isə Şuşa-Laçın istiqamətində baş verdi. Mayın 15-də günortadan sonra 776-cı hücum dəstəsinin komandiri Xaqani Rüstəmov Zarıslı kəndi yaxınlığındakı döyüşdə şəhid oldu. Komandirin ölümündən sonra əsgərləri onun cəsədini də götürüb cəbhə bölgəsini tərk etdilər. Ermənilər buranı ələ keçirdikdən sonra Turşsu istiqamətində hücuma başladılar.
776-cı hücum dəstəsinin cəbhəni tərk etməsi Şırlan-Sarıbaba bölgəsindəki Azərbaycan qoşunlarının müdafiəsində boşluq yaranmasına səbəb oldu. Elbrus Orucov cəbhə xəttini qısaltmaq üçün bütün Azərbaycan hissələrinə geri çəkilməyi əmr etdi. Ancaq bu formada geri çəkilmə də ümumi panikaya gətirib çıxardı. Mayın 15-də axşam Orucovun özü də Laçına getdi. Həmin gün Azərbaycan qoşunları Şuşa və Laçın rayonu boyunca geri çəkilməyə başladı. Salatınkənd yaxınlığındakı körpü partladıldı. Ancaq panikanı dayandırmaq mümkün deyildi. 777-ci xüsusi təyinatlı batalyon Laçında dayanmadan dərhal Qubadlıya, 771-ci hücum dəstəsi isə icazəsiz olaraq Qubadlıya, oradan da Yevlaxa getdi. 773-cü hücum dəstəsi də 16 may 1992-ci ilin səhəri Laçını tərk etdi.
 
Elbrus Orucov məhkəmədə bunları deyirdi: “Hər kəs avtomat silahlarını və texnikalarını da ataraq qaçdı.” Məhkəmədə polkovnik-leytenant Rasim Muxtarov Şuşa ilə Laçın arasındakı ərazidə ordunun düşmənə müqavimət göstərmədən geri çəkildiyini öz gözləri ilə müşahidə etdiyini bildirmişdi.
Elbrus Orucovun cəbhə xəttini düzəltmək üçün verdiyi geriçəkilmə əmri böyük səhv idi. Lakin geriçəkilmə Xalq Cəbhəsi bölmələrinin Ayaz Mütəllibovu devirmək üçün özbaşına Bakıya getməsi nəticəsində vermişdi. Beləliklə cəbhəni qorumaq üçün verilən bu qərar cəbhənin tamamilə çökməsinə gətirib çıxarmışdı. Azərbaycan qoşunlarının bir hissəsinin mövqelərindən icazəsiz çəkilməsi faktı Müdafiə Nazirliyinin rəhbərləri tərəfindən də təsdiqlənir. Müdafiə naziri Rəhim Qazıyev sözügedən hadisələr barədə bunları deyir: “Mayın 12-nə qədər müxtəlif bölgələrdən Gorandakı təlim bazasına 2700 əsgər və hərbi texnika gətirmişdik. 104-cü hava-dеsant diviziyasının zabit-təlimatçıları bu əsgərləri hazırladılar. Bu əsgərləri Şuşa və Laçında gedən döyüşlərdə iştirak üçün yetişdirmişdik. Daşkənddən qayıtdıqdan sonra, demək olar ki, bütün əsgərlərin Bakıya aparıldıqlarını öyrəndim. Goranda yalnız 500-700 nəfər əsgər qalmışdı. 16 mayda Bakıya gələndə gördüm ki, Ali Sovetin binasının ətrafında çoxlu silahlı əsgər dayanır.”
 
Laçının işğalı
Mayın 16-da erməni ordusu Turşsu kəndini, Kirs və Sarıbaba yüksəkliklərini ələ keçirdilər. Ruhdan düşmüş Azərbaycan qoşunları heç bir müqavimət göstərə bilmədilər. Elbrus Orucov Laçın alayının qərargahına gəldi, ancaq qərargah boş qalmışdı. 16 may 1992-ci ildə qoşunlar Laçından çıxmağa başladı. Jurnalist Çingiz Mustafayev Azərbaycan əsgərlərinin Laçından necə çıxdıqlarını lentə alaraq televiziyada göstərdi. Jurnalist tanklarda və piyadaların döyüş maşınlarında qaçan əsgərlərdən ərazini tərk etməmələrini xahiş edir, əraziyə bir dənə də mərmi düşmədiyini, bir güllə də atılmadığını, heç bir erməni əsgərinin görünmədiyini deyir, qəzəblənərək fərariləri “qorxaq” adlandırırdı.
1992-ci il mayın 15-dən 16-a keçən gecə Rəhim Qazıyev Gəncəyə gəlir. Hava limanında ona AXC nümayəndələrinin Gorandakı təlim mərkəzinə gəldikləri və ordakı əsgərləri Bakıya apardıqları bildirilir. Rəhim Qazıyevə Azərbaycan qoşunlarının Laçından qaçdığı barədə də məlumat verilir. Dərhal Bakıya qayıdan Qazıyev Ali Sovetin qarşısında öz əsgərlərini görür. ANS telekanalının lentə aldığı videoda Ali Sovetin qarşısındakı meydanda Rəhim Qazıyevin bir əsgəri necə yumruqladığı və Bakıya hansı əsasla gəldiyini soruşduğu göstərilir. Daha sonra kürsüyə qalxan Qazıyev çıxışında Xalq cəbhəsi rəhbərliyini əsgərləri cəbhədən geri gətirərək Laçını təhlükədə qoymaqda günahlandırır.
16 may 1992-ci il tarixində ermənilər az qüvvə ilə Turşsudan Qaladərəsi istiqamətində hücuma başladılar, lakin bu hücum dəf edildi. 17 mayda Laçın şəhərinin özündə Azərbaycan ordusu və əhalisi, demək olar, qalmamışdı. Yalnız Qaladərəsi istiqamətində 30-40 əsgər öz mövqelərini qoruyurdu. Qoşunların böyük əksəriyyəti Qubadlı istiqamətində çəkilmişdi, qalan az sayda qoşunlar isə geri çəkilməkdə davam edirdi. Axşam saat 5 radələrində Elbrus Orucov Laçın şəhərində Eldar Həşimovun komandiri olduğu “Qartal” dəstəsinin əsgərləri tərəfindən tutularaq zorla Qubadlıya aparıldı, onun mayın 18-də xain kimi edam ediləcəyi bildirildi. 1992-ci il mayın 17-dən 18-nə keçən gecə sonuncu Azərbaycan əsgəri Laçından çıxdı. Elbrus Orucovun öldürülməsinin qarşısını isə müdafiə naziri Rəhim Qazıyev ala bildi.
18 may 1992-ci ildə ermənilər Laçın şəhərini və Gorus-Laçın-Şuşa yoluna bitişik kəndləri də döyüşsüz ələ keçirdilər. Beləcə, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz açıldı. Erməni tərəfi də Laçını, demək olar ki, müqavimətsiz ələ keçirdiyini təsdiqləyir. Robert Koçaryan xatirələrində yazır: “Şuşanı aldıqdan sonra düşmən ruhdan düşdü. Biz isə əksinə, qələbədən ilhamlanaraq Laçın istiqamətində irəliləməyə davam etdik. Ermənistanla Qarabağı birləşdirən dəhlizin tutulması bizim üçün həyati əhəmiyyətli idi. Düşmənin müdafiəni təşkil etməsinə imkan verməmək və yenidən toparlanmasına mane olmaq üçün tempi saxlamaq lazım idi. Hücum sürətlə həyata keçirildi, dəstələrimiz kəndləri, demək olar ki, müqavimət olmadan ələ keçirdi. Düşmən hər şeyi – silahları, texnikanı, döyüş sursatını tərk edərək panika içində geri çəkildi. Qələbə sayəsində təkcə hərbi yox, həm də digər resurslarımızı da artırdıq. Tərk edilmiş bütün kəndlərdə qida, yanacaq təchizatı, ev heyvanları, ehtiyacımız olan hər şey var idi. Yalnız bir həftə ərzində qoşunlarımız bütün Laçın bölgəsini azad etdi və 18 mayda Laçına daxil olduq. Hər şey Şuşadakı ssenaridə olduğu kimi baş verdi. Laçının müdafiəçiləri hücum ərəfəsində onu tərk etdilər və biz boş şəhərə girdik.”
19 may 1992-ci il tarixində Baş Qərargah rəisi, general-mayor Şahin Musayev qoşunların idarəetməsini bərpa etmək üçün Qubadlıya gəldi. 20 mayda Laçını geri qaytarmaq məqsədi ilə əks hücuma başlamaq qərarı verildi. 20 may 1992-ci il tarixində Azərbaycan qoşunları Laçına hücuma başladı. Ancaq hücum əsnasında Qorxmaz adlı yerli dəstənin komandirlərindən biri öldürüldü və bu da yenidən Azərbaycan qoşunları sıralarında panikaya, təxribat və xəyanət söhbətlərinə səbəb oldu. Nəticədə bu hücum da uğursuz oldu. 20 may 1992-ci il axşamında Eldar Həşimovun dəstəsinin əsgərləri yenidən Elbrus Orucov və Baş qərargah rəisi Şahin Musayevi həbs etdilər və bir neçə saat həbsdə saxladıqdan sonra Qubadlı bölgəsindən qovdular. Bununla da Laçın uğrunda döyüşlər sona çatdı.
 
Nəticə
Laçın uğrunda döyüşlərdə Azərbaycan ordusu ümumilikdə 31 nəfər itki verdi, 43 nəfər isə yaralandı. Bu, demək olar ki, rayonun döyüşmədən təslim edilməsi demək idi. Seyran Ohanyanın Laçında döyüşən Azərbaycan ordusu barədə bunu deyirdi: “Məndə elə bir fikir yarandı ki, onlar yalnız əhalinin şəhərdən çıxmasını təmin etmək üçün bizim qarşımızı kəsmişdilər.”
Ermənistan ordusu isə cəmi 25 itki verdi. Laçının işğal edilməsində əsas faktor AXC və Mütəllibov arasındakı hakimiyyət davası idi. Mütəllibov hakimiyyətə gələcəyi təqdirdə Şuşanı yenidən Azərbaycana qaytaracağına söz vermişdi. AXC isə nəyin bahasına olursa olsun, bunun qarşısını almağa çalışırdı. Hollandiyalı jurnalist Tomas de Vaal da Laçının işğal edilməsində əsas səbəbkar kimi AXC-ni görürdü: “Bakıdakı siyasi dəyişikliklərdən sonra Azərbaycan silahlı qüvələri Qarabağı tərk etməyə başladılar. Xalq cəbhəsinin “Goranboy batalyonu” və digər kiçik silahlı bölmələr cəbhəni tərk edib, Mütəllibovun devrilməsində iştirak etmək üçün Bakıya tələsdilər. Ən əsası, Dağlıq Qarabağ və Ermənistan arasındakı dar dəhlizdə yerləşmiş Laçın heç kimi maraqlandırmırdı”. Beləcə, siyasi hərc-mərclik sayəsində Laçın itirildi. Laçının kəndlərinin əksəriyyəti 1992-1993-cü illərdə geri qaytarılsa da, şəhər heç vaxt azad edilmədi. Bunun üçün 28 il gözləmək lazım gələcəkdi.
 
 
 
Müəllif: Tural Həmid
Mənbə: azlogos.eu

0 şərh