Mehmanxana və restoranlar

Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar şəhər həyatı gündən-günə yeni şəkil alırdı. Zəngin, aynalı mağazalarla yanaşı rahat mehmanxana və gur işıqlı restoranlar şəhərə xüsusi gözəllik, verirdi. Rusiyadan və Avropanın bir çox şəhərlərindən axışıb gələn qonaq və işgüzar adamları qəbul etmək və yerləşdirmək işində mehmanxanalar sanki yarışa girmişdilər. 1840-cı ildə Bakıda cəmi bir mehmanxana olduğu halda əsrin əvvəllərində onların sayı birə on qat artmışdı. Şəhərin ən gözəl mehmanxanaları hesab edilən «Metropol» və «Qrand Otel» mehmanxanalarının sahibi Lalayev idi. Hər iki mehmanxana şəhərin mərkəzi hesab edilən Olqa küçəsində idi. «Qrand Otel» bütöv bir kvartalı əhatə edirdi. Mehmanxanadakı nömrələr mebelli, xalılarla döşənmiş, rahat, işıqlı və baha idi. 1918-ci ildə Bakını işğal etmiş ingilislərin hərbi qərargahı bu mehmanxanaya düşmüşdü. Musa Nağıyevin tikdirdiyi ucamərtəbəli «Yeni Avropa» mehmanxanası da bu arada, yaxınlıqda idi. «Yeni Avropa» mehmanxanası ilə «Metropol» mehmanxanası arasında Lalayev döngəsi adlanan yerdə «Avropa» adlı iki mərtəbəli bir mehmanxana da vardı. Bu mehmanxana əvvəllər «Qafqaz» mehmanxanası adı ilə məşhurdu. Şəhərdə ən ucuz mehmanxana hesab edilirdi. Əsrin əvvəllərində Bakıda olmuş Zeynəlabdin Marağayi özünün «Səyahətnaməyi İbrahimbəy» adlı kitabında bu restoran barədə belə yazırdı: «Ertəsi gün səhər biz Bakıya çatdıq və qatardan birbaşa „Qafqaz“ mehmanxanasına yollandıq. Burada nömrə olduqca ucuzdu. Sutkası təxminən bir manata başa gəlirdi. Nömrələr çox çirkli, xidmətçiləri nəzakətsiz olsalar da mehmanxananı dəyişmək istəmədik. Çünki burada cəmi iki gün qalmalı idik.
Mehmanxana sakinlərinin əksəriyyəti müsəlmanlardı. Onlardan çoxu otaqda özlərinə yemək hazırlayır, bəzən də tiryək çəkirdilər».


Musa Nağıyevin uca mehmanxanası hazır olandan sonra Lalayevin «Avropa» mehmanxanası camaat içərisində «Köhnə Avropa», Musa Nağıyevin mehmanxanası isə «Yeni Avropa» adlanırdı. Lalayevin «Avropa» mehmanxanasında hər nömrənin qiyməti sutkada 1 manat 50 qəpikdən 7 manatadək, «Qrand Otel»də 1 manat 50 qəpikdən 8 manatadək, «Metropol»da isə 1 manat 50 qəpikdən 5 manatadək idi.
Bu mehmanxanalardan başqa Lalayevin passajının üst qatında (indiki «Yazıçı» nəşriyyatı) «Bristol» adlı mehmanxana yerləşirdi ki, hər nömrəsinin qiyməti 1 manat 50 qəpikdən 5 manata qədər idi. «Avropa» mehmanxanasında 40 nömrə, «Qrand Otel» mehmanxanasında 60 nömrə, «Metropol»da 38 nömrə, «Bristol»da 35 nömrə vardı. Adları çəkilən mehmanxanaların yaxınlığında şəhərin şimal-qərb hissəsində daha 3 mehmanxana vardı. Bunlar aşağıdakılar idi: «Böyük Moskva mehmanxanası» 33 nömrədən ibarət olub, hər nömrənin qiyməti 1 manat 50 qəpikdən 3 manatadək. Mehmanxana Qoqol küçəsində yerləşirdi. «Ermitaj» mehmanxanası Merkuri (indiki Azərbaycan prospekti) küçəsində Dadaşovun mülkündə yerləşib, 20 nömrədən ibarət idi. Hər nömrənin də qiyməti 1 manat 50 qəpikdən 3 manata qədər idi. «London» mehmanxanası Torqovı küçəsində (Nizami) yerləşib, 18 nömrədən ibarət idi. Hər nömrənin qiyməti 50 qəpikdən 3 manatadək idi. Malakan (indiki Xaqani) küçəsində Musa  Nağıyevin binasında «Yar» adlı bir mehmanxana yerləşirdi. Onunla yanaşı binada isə «Kazino» idi.
Keçmiş Krasnovodsk, indiki Səməd Vurğun küçəsində «Dvortsovıye nomera» adlı bir mehmanxana da fəaliyyət göstərirdi. Onun dəbdəbəli adına baxmayaraq, adi bir mehmanxana idi. Nömrələri də ucuzdu..
«Marsel» və «Madrid» mehmanxanaları da başqa mehmanxanalardan fərqlənmirdilər. Ancaq hər iki mehmanxanada xidmət işi yaxşı təşkil edilmişdi.


Şəhərin Bazar küçəsində (indiki Hüsü Hacıyev) bir cərgə salınmış üç mehmanxana vardı: "İslamiyyə" mehmanxanası, sahibi Hacı Mustafa Rəsulov, "İskəndəriyyə" mehmanxanası, sahibi Hacı Məmməd Sadıq Zərbəliyev və «Dağıstan» mehmanxanası. Onlardan bir az aşağıda qala qapısı  ağzında Hacı Hacıağanın  «Təbriz»  mehmanxanası  vardı.  Bu  mehmanxananın  nəzdində  olan "Şəms"  restoranı  bütün  şəhərdə  şöhrət  qazanmışdı.  Burada  ancaq  ləziz  şərq yeməkləri hazırlanırdı. Həmin mehmanxana ilə üzbəüzdə, bir mərtəbəli dükanlarda cızbızxanalar yerləşdirilmişdi. Bu dükanlarda ocaq ortada qurulmuş və üstünə iri tava qoyularaq, cızbız hazırlayırdılar. Cızbız qoyunun içalatından və ciyərlərindən hazırlanırdı. Müştərilər də elə oradaca ocağın dövrəsində oturub, nahar edirdilər.
Nəhayət, «Nobel» adlı bir mehmanxana vardı ki, Sahil küçəsi ilə Sadovı (indiki Niyazi) küçələrinin tinində yerləşirdi. İki mərtəbədən ibarət olan bina indi sökülmüş və sahəsi İnqilab bağına qatılmışdır.
Zəngin Bakı restoranlarının şöhrəti bütün Qafqaza yayılmışdı. Axşamlar gecəyədək onların gur əlvan işıqları ətrafa yayılır, xoş musiqi səsləri kəsmək bilmirdi. Neftdən varlanan, cibləri pulla dolu şəhər varlıları gecə yarıyadək işıqlı, rahat,   bərbəzəkli,   ləziz   yeməklər   və   misilsiz   nemətlərlə   zəngin   olan   bu
restoranlarda kef çəkirdilər. Çil-çıraqban otaqlarda xoş musiqi sədaları altında zərrin paltarlara bürünmuş yarımçılpaq qız və qadınlar şərqilər oxuyur və rəqs edirdiləyr. Belə yüksək səviyyəli restoranlarda təkcə içəri daxil olmaq qızıl pulla idi.
Rəngbərəng ipək paltarlar geymiş gözəl rus və yəhudi qızları xörək paylarkən öz naz və qəmzələri ilə çoxlarının ürəyinə od salardı. Sonralar bu qızlardan çoxu sərvətdarların, tacir və neft sahibkarlarının məşuqələrinə çevrilmişdilər. Onların üstündə tez-tez savaşma və atışma da baş verirdi. Bakı varlıları içərisində matişka (məşuqə) saxlamaq dəb idi. Qəribə görünsə də həmin varlıların kəbin-talaqlı arvadları da bu vəziyyətə dözür və hətta bəziləri ərlərinin matişkası olması ilə fəxr edirdilər. Matişkası olmayanı kişi hesab etməzdilər. Kişilər məşuqələri üçün ayrıca mənzil kirayələyər və dünyanın naz-neməti onların mənzillərinə daşınardı. Öləndə də məşuqələr kişilərin halal, kəbinli arvadları ilə bərabər dərəcədə vərəsəlik payı alırdılar. Məsələn, Musa Nağıyev öləndən sonra onun rus arvadı kəbinli arvadı ilə bir səviyyədə vərəsə hesab olunmuşdu.


Bakı restoran və lokantları içərisində ən zəngin, restoran «Medved» restoranı idi. Burada xörəklər həm ləziz və həm də baha idi. Xidmət isə əla dərəcədə təşkil olunmuşdu. Gələnlərin cibləri gen olmalı idi. Çünki müştərinin hər bir addımı və hər bir hərəkəti qızıl pula başa gəlirdi. Bu restoran şəhərin izdihamlı küçələrindən birində — Milyutin (Əlyarbəyov) küçəsi 14 nömrəli binada yerləşirdi.
İçəri girərkən çilçıraqlı işıqlardan və bədənnüma aynalardan göz qamaşırdı. Bundan başqa  Vorontsov (Əzizbəyov)  küçəsində 5  nömrəli binada,  Parapetlə üzbəüzdə «Dardanel» restoranı, əvvəllər «Metropol» mehmanxanasının aşağısında, sonralar isə yerini dəyişmiş Sadıqov qardaşlarının "Çanaqqala" restoranı şəhərin kübar adamlarının daimi yeri idi. «Elbrus» restoranı isə Olqa və Merkuryev küçələrinin tinində Yusif Dadaşovun mülkündə yerləşirdi. Bura şəhərin mərkəz küçəsi olduğu üçün və bulvara yaxın olduğundan həmişə adamla dolu olurdu.
«Novıy svet» restoranı Qoqol və Torqovı (Nizami) küçələrinin tinində zirzəmidə yerləşirdi. Bura Dəmir yolu vağzalına yaxın olduğu üçün şəhərə gələn qonaqlarla həmişə dolu olurdu. 1919-cu ilin sentyabrında hümmətçilərdən Mir Fəttah Musəvi və Haşım Əliyev bu restoranda öldürülmüşdü.
Sahil küçəsində Seyid Mirbabayevin mülkündə də «Nord» adlı kiçik bir restoran yerləşirdi.
Bunlardan başqa şəhərin müxtəlif yerlərində ikinci və üçüncü dərəcəli restoranlar, aşpazxanalar, pitixanalar mövcud idi.
 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
 

0 şərh