Toylar

Bu mənada toylara, təkcə iki gəncin evlilik, iki ailənin qohumluq, bir obanın, bir kəndin el şənliyi kimi baxmaq düzgün olmazdı. Əslində toy daha geniş məfhumdur.
Xalq dastanlarından, nağıl və rəvayətlərdən məlumdur ki, 300 il bundan əvvəl toylar (bəylərin və zəngin adamların toyları) 40 gün 40 gecə davam edərdi. Sonralar toyların müddəti 7 günə, ötən əsrin axırlarında isə 3 günə endirildi. Hazırda isə üç günlük toylar, bir günlük və ya 4 — 5 saat müddətə endirilib. Bu çox təqdirə layiq haldır.

Əsası təmiz sevgidən, ülvi məhəbbətdən bəhrələnən iki gəncin toy mərasimi — qız bəyənmədən tutmuş, elçilik, bəlgəvermə, nişanqoyma, xonça aparma, paltarbiçmə, xınayaxma, kəbin kəsdirmə, qız toyu, oğlan toyu və qonaq çağırmaya kimi uzun bir prosesdən keçir.

Toyun ən mürəkkəb və çətin anı elçilikdir. Bu məsuliyyətli iş el içində hörmətli olan ağsaqqallara və ağbirçəklərə həvalə olunur.
Əvvəl elçiliyə bir nəfər ağsaqqal və bir nəfər ağbirçək gedərdi. İndi isə elçiliyə, xüsusən nişanqoymaya bir toyun adamını yığıb aparırlar. Acınacaqlı hal odur ki, bu ağır, mürəkkəb, xoşniyyətli mərasimlərə, «ağsaqqallıq və ağbirçəklik» edənlər cavan oğlan və qızlar olurlar. İrad tutanlara da deyirlər ki, indi dövran dəyişib, biz nə vaxta kimi köhnə adət-ənənələrin quluna çevriləcəyik. Toy mərasimlərimizin ayrı-ayrı mərhələlərinə «köhnəlik donu» geydirən bu cür ərköyün cavanlarımızın «məsləhəti» ilə oturub-duran qız evi elçiliyə, nişana gələn çoxsaylı oğlan tərəfi üçün zəngin süfrə açmalı olur. Süfrəyə cürbəcür içkidən tutmuş, hər cür naz-nemət düzülür. Nəticədə təməli bir stəkan şirin çayla qoyulmalı olan bu mərasim, öz əhəmiyyətini itirərək, yemək — içmək və ya bir-birinə tərifli tostlar demək məclisinə çevrilir. Qeyd etmək lazımdır ki, gəlinin bəzədilməsi, saçının yığılması, onun gül buketi, maşının tutulması və bəzədilməsi hər yerdə ucuz başa gəlmir. Sual olunur? Belə məqamları sadə şəraitdə, yaxınlarının, doğmalarının arasında həll etmək olmazmı? Əlbəttə, olar.

Bu bir həqiqətdir ki, indi toylarımızın əksəriyyəti restoran və şadlıq evlərində keçirilir. Hələ toylar bir yana qalsın, bəziləri ad günlərini, nişan mərasimlərini öz doğma evlərində deyil, şadlıq evlərində keçirməyi üstün tuturlar. Həm də bu mərasimlərə tanınmış musiqiçilər və bir neçə muğam ustasını da dəvət edirlər.

Sual olunur, nişan və toy mərasimləri üçün bu qədər xərc çəkməyə dəyərmi?
«Palaza bürün, elnən sürün» mənəviyyatımızın qayəsinə çevrilən bu məsəli xatırlamaq yerinə düşərdi. Belə mərasimlərdən sonra toy sahibləri lazımsız borca düşməklə, maddi və mənəvi problemlərlə üzləşirlər. Təcrübəmiz və müşahidələrimiz göstərir ki, dədələrimizin və nənələrimizin bizə əmanət buraxdığı adət və ənənələrimiz öz sərhəddindən kənara çıxır.

Toylarımızda ürəkbulandıran səbəblərdən biri də bəylə gəlinin, eləcə də onların dost-tanışlarının, yaxın qohum-əqrəbasının kütləvi şəkildə «dans» oynamasıdır. Yaxud toylarda şampan partlatmaq, qədəhlərə süzülmüş şərabı bəylə gəlinin toqquşdurub içmələri kimi milli mənəvi dəyərlərimizə yad olan hərəkətlər təəssüf doğurur.

Toylarımızda özgə mahnılara və rəqslərə maraq göstərmək pis haldır. Təəssüf və çox təəssüf ki, son vaxtlar adət və ənənələrimizə «köhnəlik damğası» vurmağımızın acı nəticəsidir ki, bundan məharətlə istifadə edən mənfur ermənilər bir sıra xalq mahnılarımızı, rəqslərimizi, oyun havalarımızı öz adlarına çıxırlar. Keçmişimizi unudub toylarımıza «müasirlik» donu geydirmək istəyənlər unutmamalıdırlar ki, milli adət-ənənələrimizə «yamaq» vurmaq olmaz.

Bir neçə kəlmə də yeni ailə qurmuş gənclərə cehiz vermək adəti haqqında öz danışmaq istəyirəm. Əlbəttə, bu adət lap qədim zamanlardan Azərbaycanda mövcuddur. Cehiz yenicə qurulan ailəyə yardım məqsədilə həm oğlan, həm də qız tərəfindən verilən borc kimi qəbul edilir. İndi isə fərqlidir. Cehiz özünü göstərmə, ucuz rəqabət, reklam vasitəsinə çevrilib. Cehiz verən ailə qarşı tərəfə özünün varlı olduğunu göstərmək istəyir. Məhəbbət ülvi, təmiz olub və ləkə götürmədiyi kimi, toylarımız da şöhrətpərəstlik, lovğalıq götürmür. Əsas qayəsi ülvi sevgidən, paklıqdan yoğrulan Azərbaycan toyu keçmişimizdən bizə miras qalan zəngin bir mənəvi xəzinədir. Elə isə gəlin bu mənəvi xəzinədən milli adət-ənənələrimizə uyğun şəkildə istifadə edək.

Müəllif: Nizami Rəhimov, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru
Mənbə: Mədəniyyət qəzeti

0 şərh