"Bəxt üzüyü" filmi | Maraqlı məqamlar

Film dramaturq Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında 1991-ci ildə çəkilib. Bəxt uzuyu filmi
Bəxt üzüyü” çəkilməzdən öncə Sumqayıt teatrında bu əsərin çox uğurlu tamaşa həlli olub. O, həmin illərin dillər əzbəri olan tamaşalarından idi. Ona film çəkmək də həmin tamaşanı tarixə salmaq istəyindən yaranıb. 

Bir gün Ramiz Əzizbəyli “Bəxt üzüyü” filmini çəkmək qərarı barədə Vaqif Səmədoğluna bildirib. Bu arada aktrisa Afaq Bəşirqızı özünün baş rola çəkilməsi şərtilə bu filmi çəkəcək rejissor axtarırmış. Təsadüfən istəklər üst-üstə düşdüyündən birləşib filmi çəkməyə başlayırlar.

Film qəhrəmanlardan biri – Saranın bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulub. Burda söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, “xoşbəxtliyə” qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadır.

İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Bu çağırış filmin əsasını təşkil edir. Film bir-birimizə, ətrafdakılarımıza münasibətimiz barədədir.

Film 2 ay ərzində Şüvəlanda çəkilib 
Bədahətən səhnələr filmi daha da baxımlı edir. Məsələn, Söylünün qaçdığı yerdə yıxılması məqsədli deyil, təsadüfən olub. Arağın divara dəyib sınması səhnəsi də düşünülməmiş bir addım idi. Şüşə sınmamalı idi. Ancaq Söylü güclü zərbə ilə yoldan keçənin əlini itələyir və araq şüşəsi divara çırpılır.

Moşu ilə Söylü yol qırağında gedərkən qəflətən sürətlə bir maşın keçir və Söylü qırağa atılır. Bu məqamda aktrisa Afaq Bəşirqızı bərk qorxub. Maşının gəlməsi isə təsadüf idi.

Sevda üzündə maska Söylü və Saraya yaxınlaşanda Söylü ona qarşı “senzuradan keçməyən” bir kəlimə işlədərək ələ salır. Əslində, bu söz ssenaridə olmayıb. Aktrisa Afaq Bəşirqızı özündən əlavə edib. Ona görə o səhnəyə diqqətlə baxdıqda Firəngiz Rəhimbəylinin o sözü eşitdikdən sonra üzündəki heyrəti görmək olar.

Arif Quliyev 6 butulka badamlı içməli olub
Qonşuları motosikletlə qarşısına alıb apardığı səhnədə Arif Qulıiyevin badamlı içdiyi səhnə var. Suyu içib boş butulkanı apardığı adamlara göstərib soruşur: “Su içirsiniz?” Həmin epizod Arif Quliyev 6 butulka badamlını içəndən sonra, nəhayət ki, alınır. Daha doğrusu, Arif Quliyev mədəsinin ağrıdığını deyib daha badamlı içməkdən və həmin kadra bir daha çəkilməkdən imtina edir. 

Debüt edənlərin filmi
Sədrəddin Daşdəmirov və onun “Qara qaya” adlı assosiasiyası filmə sponsorluq edib. Rejissor deyir ki, filmə lazım olan vəsaiti artıqlaması ilə ödədiyi üçün artıq qalan pulu sponsorun özünə qaytarmaq istəyib.
Sponsor “Halal adamsan, onu da sənə halal edirəm”, — deyib.
Ramiz Əzizbəyli də dediyinə görə, vəsaitin yarısını sıravi işçilərə, qapıçıdan tutmuş sürücüyə qədər paylayıb, yarısını isə, özü də daxil olmaqla, yaradıcı qrup arasında bölüşdürüb. “Bəlkə də sponsorun, rejissorun halal adam olmalarının nəticəsidir ki, film dönə-dönə baxılır”. 

Filmdə, əsasən, kinoda debüt edən insanlar çəkilib. Yeganə peşəkar aktyor Muxtar Manıyevdir. Rejissor bu addımını onunla əsaslandırır ki, peşəkar aktyorların içində “mən belə bilirəm” oturub, o da ümumi işə ziyan gətirir: “Mən istəyirdim özüm nə bilirəm, necə bilirəm elə çəkim, çünki bütün dünyada kino – rejissorun əsəridir.
Onları artistlik eləməyə qoymurdum. Artistliyi iki nəfər baş rol ifaçısı edir: Afaq Bəşirqızı ilə Valeh Kərimov, onlar da buna teatrda öyrəndikləri üçün o qəlibdən çıxa bilmədilər. 

Seva Los-Ancelesdə milyonçu olub
Bu film Firəngiz Rəhimbəyovanı Los-Ancelesdə milyonçu edib, bunu özü deyib. Ramiz Əzizbəyliyə təklif edib ki, indi mənim pulum var, yenidən o filmi çəksəm, filmin bir neçə milyonunu verə bilərəm: “Firəngizi o filmdə mənə model lazım olduğu üçün çəkdim. Onun müğənniliyini göstərməmişəm, o, bir qədər də dırnaqarası modeldir. Bu qadın keçdiyi yerdə bütün kişilər özünü itirir. Filmdə heç kim də bilmir o, kimdir”. 

“Moskva atamı yandırardı ” 
“Qatıq satan aktyor deyil. Şüvalan bir kənddir, insanlar yaşayır. Qatıq satan çəkiliş prosesini, səsi eşidib hasardan boylanır, rejissor da onu kadra salıb. 

Nəsir Sadıqzadə rejissorluqdan dərs deyirdi. Ömründə filmə çəkilməmişdi, “Bəxt üzüyü ”ndən sonra bir neçə filmə çəkilib. 

“Moşunun milis işçisinə ağ dəsmal atması, Rasimin qapı arasında papağının düşməsi, Arifin “Su içirsiniz?” cümləsiı, “ekologiya budur...” hamısı, üstəlik çox şeylər öz ideyam olub. Orda Sovet İttifaqının dağılmasını, hələ dağılmamış göstərmişəm. İrəlini görmüşəm, SSRİ dağılmasaydı, o filmə görə Moskva atamı yandırardı”. 

Aktyorların hər biri evə bir torba pulla gedib
Hüseyn obrazının ifaçısı Ayşad Məmmədovun çəkildiyi ilk film olub: “Xoşbəxtliyim onda di ki, Ramiz Əzizbəyli ustadım Hüseynağa Atakişiyev üslubunu bilirdi. Ona görə mənə çətin olmadı. Üstəlik, müəllimim Nəsir Sadıqzadə ilə birgə çəkilirdik.

Filmin səsləndirmə prosesində Ramiz əlimdən tuturdu, inanırsınız ondan enerji alıb filmi səsləndirirdim. Çəkiliş gedişatında Firəngiz Rəhimbəyovanın ad günü oldu, bağda məclis qurulan səhnə ilə onun ad gününü qeyd etməyi bir yerə saldıq ki, onsuz da məclis qurulur, bir güllə ilə iki dovşan vuraq. Mən də ağac üzərində oyma işi ilə də məşğul oluram, öz işlərimdən birini bağışladım ona.

Yaxşı qonorar aldıq, o qədər yaxşı ki, o vaxt borc götürüb ev almışdım, o borcu da qaytardım, artıq da qaldı. Nəsir Sadıqzadə ilə hər birimiz evə bir torba pulla getdik”.


Bir filmi “yarı bölə” bilmirlər
İndi Ramiz Əzizbəyli ilə Afaq Bəşirqızı arasında mübahisə gedir. Hər ikisi filmin müəllifliyinin ona məxsus olduğunu iddia edir.
Mütəxəssislər belə filmin bütün dünya miqyasında rejissora məxsus olduğunu sübut etməklə bu münaqişəni səngidə bilmirlər. 

1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsi olub. “Bəxt üzüyü”nün quruluşçu rejissoruna tamaşaçı rəğbətinə görə mükafat verilib. Bu məsələ Afaq Bəşirqızı ilə Ramiz Əzizbəyli arasında olan mübahisəni bir qədər də qızışdırıb. Afaq Bəşirqızı mükafatı ona verəcəklərini zənn edirmiş. 

Film Hüseynin monoloqu ilə kulminasiyaya çatır və sonda onun “İngiltərədə pivənin bakalı iki fennidir, bizim pulla havayı” deməsi ilə qurtarır. Bir də film boyu onun bir kəlmə danışmayan qızı “Tanrıverdi dayı, yağış yağacaq”-deyir. Bu da nəyinsə uğurlu sonluğuna və daha bir uğurlu başlanğıca işarədir.


Müəllif: Ramilə Qurbanlı

0 şərh