Azərbaycan kinosunun əcnəbi qəhrəmanı Lev Bordukov

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Rejissor Tofiq Tağızadənin İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur “Uzaq sahillərdə” filmi Azərbaycan tamaşaçılarının sevə-sevə baxdığı ekran əsəridir. 1958-ci ildə çəkilən kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin II Dünya Müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr olunub.

Filmdə yadda qalan obrazlardan biri də Karrantidir. Alman faşistlərinə xidmət edən amerikalı Karranti partizanların arasına soxularaq, “Mixaylo” adı ilə tanınan azərbaycanlı qəhrəman Mehdi Hüseynzadənin öldürmək məqsədi güdürdü. O, bir dəfə məqsədinə yaxınlaşaraq “Mixaylo”nu bıçaqlasa da, Mehdi bu yaradan xilas ola bilir.  

“Uzaq sahillərdə” filmi çəkilərkən Karranti roluna rusiyalı aktyor Lev Bordukov dəvət olunur və o, tapşırığın öhdəsindən məharətlə gəlir. Aktyor Lev Bordukov Karranti obrazını peşəkarlıqla canlandıraraq, onu tamaşaçıların yaddaşına həkk edir.

“Uzaq sahillərdə” filmi çəkilərkən maraqlı bir hadisə də baş verir. Bir gün Karranti rolunda çıxış edən aktyor Lev Bordukov xəstələnərək çəkilişə gələ bilmir. Filmin yaradıcı heyəti bu ekstremal vəziyyətdən çıxış yolu taparaq, problemi belə həll edirlər: Karranti ilə Mehdinin görüşdüyü səhnədə filmin II rejissoru Rüfət Şabanovu Karranti roluna çəkirlər. Əlbəttə ki, çəkiliş zamanı R.Şabanov arxadan və yan tərəfdən lentə alınır ki, üzü görünməsin. Bu epizoddan sonra Lev Bordukov öz rolunu oynamağa davam edir. 

Lev Bordukov 1933-1941-ci illərdə Moskva Bədaye Teatrının (MXAT) aktyoru olub. 1940-cı illərin sonu 50-ci illərin əvvəllərində Tambov teatrında çalışıb. 1941-66-cı illər ərzində 6 filmə çəkilib. Əsasən, hərbi, macəra və dram janrlarının aktyoru kimi tanınır. 
 
Aktyor Lev Bordukov “Uzaq sahillərdə” filmindən başqa, Azərbaycanda daha iki filmdə rol alıb. O, 1966-cı ildə çəkilmiş “İstintaq davam edir”də Xouk-Martinov rolunu canlandırıb. 1967-ci ildə lentə alınan “Poçt qutusu” filmində isə rusiyalı aktyor məhkəmə sədri rolunda oynayıb.

Qeyd edək ki, Rusiya KİV-ləri Lev Bordukova demək olar ki, həddindən artıq xəsisliklə yanaşıblar, onun barəsində heç bir ətraflı məlumat verilmir.
 

0 şərh