Otel otağı

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Otel otağı” filmi 1998-ci ildə Rasim Ocaqovun rejissorluğu ilə çəkilmişdir. Dram janrının gözəl nümunələrindən olan filmin senari müəllifi, yazıçı Anar Rzayev, əsas rolların ifaçısı isə Fəxrəddin Manafov (Kərim), Rasim Balayev (Sədyar), Muxtar Maniyev (Çopur Cabbar ) idi.

Film qırmızı terrordan bu günümüzə qədər Azərbaycan ziyalılarının başına gətirilən müsibətlər, onların cəmiyyətdə gedən ictimai siyasi proseslərin xaosunda fiziki və mənəvi təzyiqlərə məruz qalmalarından, satqın, yaltaq, simasını şəraitdən asılı olaraq dəyişdirə bilən insanlardan bəhs edir. Filmdə Kərim baş verən haqsızlıqlara, göstərilən təzyiqlərə qarşı ancaq susa bilir. Sovet İttifaqının son günlərini yaşadığı dövrlərdə o da atası kimi apardığı etnik araşdırmalara və xalqın mənsubluğunu sübutlarla təstiqlədiyi halda buna qarşı çıxılır və təzyiqlərə məruz qalır. Əlbəttə o dövrdə türkçülük tarixini sovetlərə qəbul etdirmək mümkünsüz idi. Kommunizm ideologiyası altında “birləşmiş” xalqa isə hansı kökə mənsub olduğunu bilmək o qədər də vacib deyildi.

Dövrünün Çopur Cabbar obrazı altında ümumiləşmiş “ziyalıları”, şəxsi imkan və rahatlıqlarını pozmamaq üçün vicdanlarını boğaraq yaltaqlıq və ikiüzlülüklə özlərini siğortalayırdılar. Sovet dövründə türk əsilli olduğumuzu irəli sürənləri vətən xaini olaraq ifşa etməyi ilə fəxr edən Çopur Cabbar sistem dağıldıqdan sonra əsl türk aşiqi olur. Lakin üzü nə qədər dəyişirsə dəyişsin ucuz mənəviyyatı, çürük xisləti onu tanıyanlara bəllidir.

Əslində bu film öz reallığını hələ də qoruyur. SSRİ-nin dağılmasına, müstəqil olmağımıza baxmayaraq, hələ də bu ölkənin ziyalılar sırasında çopur cabbarlar çoxdur. Doğrudur mənəviyyatlı, vicdanlı savadlı əsl ziyalılar da var, amma onlar sırf yaltaqlığı, ikiüzlüyü bacarmadıqları üçün cəmiyyətdə layiq olduqları yeri tuta bilmirlər. Kərim bəy, əməyinin layiqli qiymətləndirilməməsi, imkansızlıq və ailəsi üçün daha yaxşı şərait yaratmaq üçün qardaş ölkəyə üz tutur. Lakin burada da xəyal qırıqlığına uğrayır.

Ümidini itirməyən Kərim işləri yoluna qoymaq üçün bir müddət də Türkiyədə qalmaq qərarına gəlir. Gecə qalmaq üçün büdcəsinə uyğun yer axtaran Kərim nəhayət ucuz bir otel tapır. Həyatının bu dörd divar arasında sonlanacağından xəbərsiz Kərim bir gün üçün olduqca şəraitsiz və kiçik otaqda qalmağa razı olur. Əslində filmdə elə ən əsas vacib mesaj bu otel otağı ilə verilir. Kərimin gecələmək üçün qaldığı şəraitsiz, dar, sınıq-salxaq otaq elə Kərim obrazı altında ümumiləşmiş Azərbaycanın vicdanlı, savadlı ziyalılarının həyatını, taleyini əks etdirir. Onlarla acınacaqlı şəraitdə təzyiqlərə, həqarətə məruz qalan vicdanlı insanların həyatları da elə bu otel otağı kimi sınıq salxaq və acınacaqlı vəziyyətdə keçir.

Kərimin otaqda qalmasına mane olmağa çalişan yaşlı otel sakini isə həmin ziyalıların həyatlarında ola biləcək digər seçimi göstərir. Onlar da daha rahat və yaxşı şəraitdə yaşaya bilərdilər. Bu seçim həmin ziyalıların həyatı boyu mövcud olan fürsətidir. Lakin onlar rahatlığı yox, xalq üçün çalışmağı, çətin də olsa vicdanla yaşayıb savadlı bir gələcək üçün mübarizəni seçirlər. Elə Kərimin otaqda qalmaqda israr etməsi kimi.

Yataqda planlarını quran Kərim bir anda tutan ürək sancıları ilə xəyallarından ayrılır. Son nəfəsində belə öz ailəsi, qızının gələcəyi haqda düşünür, heyfslənir. Həyatının ən ağrılı dəqiqələrini yaşayan Kərim çarəsiz halda Allaha dua edir, ondan kömək istəyir. Amma hədər yerə...
İstanbul onun üçün böyük ümidlər demək idi, amma o ümidlər onunla bərabər o yataqdaca ölür. Kərimin son dəqiqələrinə şahid olan dar otağın köhnə şkafının içindəki paltarlar o otaqda həyatı sonlanan insanlara aid idi. Elə Kərim kimi, həyatı çəkdiyi bu qədər zəhmətdən sonra acınacaqlı halda sonlanan insanlardan qalan bir neçə dəst paltar…

Yazar: Pənah Azər

0 şərh