Niyazi Bədəlov

Azərbaycan kinematoqrafiyası tarixində parlaq iz qoyan görkəmli sənətkarlardan biri də sənədli filmlər ustası, kinorejissor Niyazi Bədəlov olub.

Niyazi Mustafa oğlu Bədəlov 10 iyul 1909-cu ildə Şəkidə dünyaya göz açıb. 1927-ci ildə Şəkidə “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilir. Kino dünyasına bağlanan gənc 1931-1936-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alır. Burada görkəmli sənətkar S.Eyzenşteyndən rejissorluq sənətinin sirlərini öyrənir.

Bakıya döndükdən sonra “Azərbaycanfilm” kinostudiyasında işə düzəlir və ilk işlərini — “Komsomol nəsli” və “Azərbaycan aşıqları” (1938) sənədli filmlərini ərsəyə gətirir. Sonra görkəmli rejissor H.Seyidzadə ilə birgə “Ayna” adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılır. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə “Sovqat” adlı qısametrajlı bədii filmini hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunur, döyüşçülərdə yüksək əhval-ruhiyyə yaradır.

Onu da qeyd edək ki, “Sovqat” filmi N.Bədəlovun bədii kinoda ilk və son işi olur. O, bütün bacarığını sənədli filmlərin çəkilişinə həsr edir. Bəzən sənədli filmlərin çəkilişində bədii kadrlara da yer ayırır. Belə nümunələrdən biri “Məhəmməd Füzuli” (1958) sənədli filmidir. Bu film kinematoqrafçılarda Füzulinin poetik irsinə dərin maraq yaradır.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə araşdırmasında yazır ki, N.Bədəlov 1930-cu illərin sonunda Bakı Teatr Texnikumunda kino texnikası fənnindən dərs deyib. 1941-ci ilin əvvəllərində “Böyük həyat”, “Tüfəngli adam”, “Oyanmış torpaq” və digər bədii filmləri Azərbaycan dilinə dublyaj edib.
N.Bədəlov gözlənilmədən kinematoqrafiyadan ayrılır və 1944-cü ilin fevral ayında Salyan şəhərinə ezam olunur. Burada Salyan Dövlət Dram Teatrını təşkil edir və teatrın bədii rəhbəri işləyir. Bir müddət sonra yenidən kinoya qayıdır.

Görkəmli sənətkar ümumilikdə 40-a qədər sənədli film, “Sovet Azərbaycanı”, “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “İncəsənət”, “İdman” və s. kinojurnallar üçün süjetlər çəkib. Lentə aldığı sənədli filmlərin əksəriyyəti Azərbaycanın qəhrəmanlıq tarixinə, Böyük Vətən müharibəsində xalqımızın igid övladlarının şücaətinə, milli-mənəvi dəyərlərimizə, mədəniyyət xadimlərimizə və zəhmət adamlarına həsr olunub. “Azərbaycan aşıqları”, “General Həzi Aslanov”, “Biz Bakını müdafiə edirik”, “Mirzə Fətəli Axundov”, “Məhəmməd Füzuli”, “Xalq şairi Səməd Vurğun”, “Dağlarda ada”, “Hanı mənim övladlarım?”, “Onun adı Serafino idi”, “Əbədi iz” və digər sənədli filmləri kino salnaməmizi zənginləşdirib.

Kinorejissor “Mirzə Fətəli Axundov” filmində tamaşaçını böyük dramaturqun uşaqlıq illəri, keşməkeşli həyat yolu və ədəbiyyata gətirdiyi yeniliklərlə tanış edib. Filmə eyni zamanda “Hacı Qara” pyesindən də bir fraqment daxil edərək ekran əsərinin ideya-məzmununu daha da cilalayıb. 1967-ci ildə lentə aldığı “Hanı mənim övladlarım?” adlı tammetrajlı sənədli filmdə müəllif Cənubi Azərbaycanda milli azadlıq hərəkatını əks etdirib. “Onun adı Serafino idi” hərbi və vətənpərvərlik sənədli filmi isə vətəndən uzaqlarda II Dünya müharibəsinin od-alovundan keçən igid həmyerlimiz Tahir İsayev haqqındadır. Döyüş yoldaşları T.İsayevi “Serafino” deyə çağırıblar. O, “Fiamma Verdi” beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşub. Filmdə T.İsayevin qəhrəmanlıqla dolu döyüş yolu parlaq şəkildə əks olunub. Tiflisdə Zaqafqaziya respublikaları, Rostov-Don, Orconikidze studiyalarının sənədli filmlər baxışında ən yaxşı rejissor işinə görə diploma layiq görülən N.Bədəlov təqaüdə çıxdıqdan sonra da sevimli sənətindən ayrıla bilmir. 1988-ci ildə axırıncı filmini — “Xəzər üzərində körpü”nü lentə alır.

Niyazi Bədəlov 2 noyabr 1997-ci ildə, 88 yaşında vəfat edib.

«Mədəniyyət» qəzeti
Savalan Fərəcov

0 şərh