Ağasadıq Gəraybəyli

Ağasadıq Gəraybəyli 1897-ci ilin bir yaz günündə, martın 15-də Şamaxıda dünyaya göz açıb. Körpə yaşlarından ailəsi Bakıya köçüb. Məktəbdə oxuyarkən M.Maqomayevdən və M.Terequlovdan musiqi təhsili alıb. 1916-cı ildə Politexnik məktəbinə daxil olub. Burada C.Cabbarlı ilə dostluğunun təməli qoyulub. Tələbəlik illərində “Nicat”, “Səfa” cəmiyyətlərinin teatr truppalarında epizod rollar oynayıb.

1920-ci ildə Milli Dram Teatrının yeni təşkil olunan truppasına işə götürülüb. Müəyyən fasilələrlə (1921-1932) Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında işləyib. 1925-ci ildə Bakı Türk İşçi və Kəndli Teatrı, 1927-ci ildən Türk İşçi Teatrı adlandırılan teatrın kollektivi 1933-cü ildə Gəncəyə köçüb. Gəraybəyli bir müddət Gəncədə qaldıqdan sonra yenidən Akademik Dram Teatrına qayıdıb. Ömrünün sonunadək burada çalışıb.

Çox vaxt kino və teatrın sevilmə səbəbini araşdırır, həyat üçün niyə bu qədər əhəmiyyət kəsb etdiyini anlamağa çalışırıq. Cavab sadədir, bu mühüm sənət növlərini bizlərə sevdirən məhz peşəkarlardır. 

Azərbaycan teatr və kino sənətində özünəməxsus dəst-xətti ilə yaddaşlarda və qəlblərdə yaşayan unudulmaz sənətkarlarımızdan biri də Xalq artisti Ağasadıq Gəraybəylidir. Onun adı milli teatr və kinomuzun inkişaf tarixi ilə sıx bağlıdır. O, hər iki sahədə milli kadrlara ehtiyacın olduğu bir vaxtda sənətə gəldi, uzun sənət ömrü yaşayaraq teatrda faciə, komik və dramatik rolları böyük məharətlə ifa etdi, kinoda maraqlı obrazlar qalereyası yaratdı. 

Sənətlə bağlı belə bir fikir var. Əsl sənətkarlıq üzdə sadə görünənin alt qatdakı dərin mənasını üzə çıxarmaq məharətidir. Müəlliflərin və rejissorların ideyalarının, dərin fikirlərinin tam mənasını görkəmli aktyor A.Gəraybəylinin yaradıcılığında görmək mümkündür. Onun istər teatr, istərsə də kino obrazlarının həyat mövqeyi, amalı, düşüncəsi yaradıcılığının təfsirində xırdalığına qədər cilalanıb. O, Azərbaycan teatr sənətinin keşiyində duran sənətkarlarımızdandır. Səhnədə oynadığı rolları tamaşaçılarda sənətə qarşı məhəbbət hissi aşılayıb, yaratdığı obrazların real və yaşarı olduğuna tamaşaçını inandırıb.

Peşəkar aktyorun coşqun potensialı tanınmış kino rejissorlarımızın da diqqətindən yayınmayıb. Ona 17 bədii filmdə müxtəlif xarakterli rol həvalə olunub.

A.Gəraybəylinin kinoda debütü “Qız qalası” (1924) filmindəki həkim roludur. Film səssizdir, rol epizoddur, eyni zamanda yaradıcı heyətin böyük hissəsi başqa millətlərin nümayəndələri olduğundan, ssenari yerli adət-ənənələrə uyğunlaşdırılmadığından (ssenari müəllifi N.Breslav-Lurye, rejissor V.Ballyuzek, operator V.Lemke və s.) film uğurlu alınmayıb. 1929-cu ildə görkəmli Azərbaycan dramaturqu C.Cabbarlının ssenarisi əsasında çəkilən “Sevil” filmində aktyora əsas rollardan biri – Balaş obrazı həvalə olunur. Film səssiz olsa da, aktyorların (M.Mərdanov, İ.Orucova, Ə.Məmmədova və s.) peşəkar oyunu əsərin ekran variantını emosional və baxımlı edib. Eyni zamanda Gəraybəylinin teatr səhnəsində C.Cabbarlının bir çox əsərlərinə nəfəs verməsi (“Ədirnə fəthi”ndə Nazim paşa, “Aydın”da Dövlət bəy, “1905-ci ildə”də Salamov, General-qubernator və s.) kino obrazının yaşarı alınmasına imkan yaradıb.

Aktyorun “Fətəli xan” (1947) tarixi bioqrafik filmində oynadığı Sərdarın elçisi rolu kiçik planlı olsa da, yaddaqalandır. Personajın hiyləgər, kinli xüsusiyyətlərini mimika cizgiləri və jestləri ilə dəqiq xarakterizə edən sənətkar kiçik bir kadrda rolun mövqeyini açmağı bacarıb. O, kiçik planlı ekran obrazlarının xüsusiyyətlərini incə ştrixlərinə qədər cilalayar, rolun dar imkanı çərçivəsində belə yaradıcı potensialının çoxluğunu, daha geniş planlı, hətta aparıcı rolları məharətlə ifa etmə bacarığını anons edərdi.

Gəraybəylinin kinoda ilk böyük rolu “Bəxtiyar” kinokomediyasındakı (1955) Ağabala surətidir. Bu, tamaşaçıların obrazın həyat mövqeyinə gülümsəyərək, sevgi ilə xatırladığı bir personajdır. Bu isə o deməkdir ki, aktyor komik nüansları vəziyyət komediyasına çevirib, mənfi prototipin qeyri-normal, fərdi cəhətini təbii boyalarla, incə yumorla yaradıb. Meşşan xüsusiyyətinə görə gülüş hədəfinə çevrilən Ağabala obrazı filmin zəngin və dəyərli musiqilərinin bolluğu zəminində, məşhur müğənni, ustad sənətkar Rəşid Behbudovun möhtəşəm ifası, tanınmış aktyorların peşəkar oyunu fonunda belə filmin aparıcı qüvvəsi kimi yadda qalır. Bu mənada aktyorun ustalıqla yaratdığı kiçik planlı rolları da uğurlu və baxımlıdır.



Sənət haqqında olan maraqlı fikirlərdən biri də “Həqiqi sənətkar təkcə başının ağlı ilə deyil, həm də ürəyin ağlı ilə yaşayır” deyimidir. A.Gəraybəylinin ekran personajları da ürəyinin ağlı ilə yaratdığı rollardır. Onların hər biri sənətkarın düşüncəsinin və ürəyinin vəhdətinin məhsuludur.

O, mimika cizgiləri ilə personaja olan mövqeyini incə ştrixlərlə göstərirdi. Məsələn, görkəmli kinorejissor H.Seyidzadənin 1956-cı ildə quruluş verdiyi “O olmasın, bu olsun” kinokomediyasında aktyorun oynadığı Rüstəm bəy obrazı nə qədər iddialı, özündənrazı olsa da, filmin finalında Gülnazın yolasalma səhnəsində onun kədərli, düşüncəli, eyni zamanda ironik, təəssüf dolu ifadəylə xudahafizləşdiyini görürük. Aktyorun mövqeyindən obrazın doğru yaşam tərzinin olmadığı, qeyri-normal prinsiplərə köklədiyi həyat mövqeyinin cılızlığı, eləcə də cəmiyyətdə gülüş hədəfinə çevrildiyi təəssüf dolu baxışıyla bildirilir. Sənət bilicisinin mənfi personajlarına olan tənqidi yanaşması nəticəsində də məntiqli gülüş komizm səviyyəsinə yüksəlir, keyfiyyətli komediya həyatın tipik inikasına çevrilir, şəxsi və ictimai qüsurları tənqid edir. Peşəkar aktyor oyunu sayəsində də əsərin uğurlu ekran təfsilatı təsirsiz qalmır.

“Qızmar günəş altında” (1957, rejissor Lətif Səfərov) filmindəki Niyaz Sərdarov obrazı qəliz və qəribə xarakterlidir. O, çay əkini zamanı quraqlıqla mübarizə aparmaqda, tarlaların suvarılması üçün lazım olan su anbarının tikilməsində, kanalın çəkilməsində, tibb məntəqəsinin bərpa olunmasında əmək adamlarına kömək etmək istəmir, hadisələrə birmənalı yanaşır. Bununla yanaşı, cəsarətsiz kolxoz sədri kimi görünən Sərdarov Eldarın və həkim Aydın Zeynalovun mərd cəhətlərini də alqışlayır. O, cəsurluğun insana yaraşan xüsusiyyət olduğunu bilir, bəyənir, özü isə ətrafdakılara qarşı biganə yanaşır. Hətta həyat yoldaşının (aktrisa Barat Şəkinskaya) aşırı həddə olan tənə və iradlarına normal, sakit münasibət bildirir. Bununla da obrazın qüsurlu cəhətlərini ifşa edir. 

Aktyorun teatral fəaliyyəti, səhnə plastikasının zənginliyi, kamera qarşısında mimika cizgilərindən məharətlə istifadə etmə bacarığı rolların mövqeyini dəqiq çatdırmasına, ədəbi əsərlərin məzmununun açılmasına imkan verir. Bu isə onun həyat müşahidəsinin dəqiqliyi, mütaliəsinin zənginliyi, zamana, mühitə, hadisələrə, insanlara və müasirlərinə olan dəqiq münasibəti deməkdir. Məqamında işlətdiyi jest və frazalar isə birbaşa personajların həyat mövqeyinin açılmasına hesablanıb. Buna görə də Gəraybəylinin iştirak etdiyi filmlər bu gün də uğurlu ekran taleyini yaşayır. 

A.Gəraybəyli kinoda əsasən komik rollar yaratsa da, oynadığı personajları ciddi obrazlar kimi qəbul edirik. Çünki o, rol aldığı filmlərdə komik surətlər yaratmağa yox, vəziyyətdən və xarakterdən yaranan ciddi gülüşü, məntiqli yumoru təqdim etməyə çalışıb və buna da nail olub. Bu isə aktyor texnikasının mahir bilicisi və sənət sirlərinə dərindən bələd olmaq deməkdir.

Aktyor “Məşədi İbad-80, yaxud köhnə tanışlar”, “Nəvəmin nəvəsinin nəvəsi” kimi “Mozalan” satirik kinosüjetlərində canlandırdığı obrazlara da koloritli ifasıyla baxımlılıq gətirib. 

Ağasadıq Gəraybəylinin ekran personajları haqqında ayrı-ayrılıqda çox danışmaq olar. Onun səhnə və ekran fəaliyyəti böyük bir tədqiqat obyekti olacaq qədər zəngindir. Hər hansı bir obraz vasitəsilə tamaşaçılarla həmsöhbət olmaq, dərdləşmək, dövrün hadisələrinə öz münasibətini bildirmək isə əsl sənətkar qüdrətidir. Bu mənada yalnız peşəkar sənət biliciləri müxtəlif həyat hekayələrinin məcmusunu vizual ədəbiyyata çevirməyi, müdrik, ibrətamiz nəsihətləri ilə həmsöhbətimiz, sevimlimiz və heç bir zaman unutmadığımız doğmamız olmağı bacarırlar. Ustad sənətkar, Xalq artisti Ağasadıq Gəraybəyli kimi…



Şəhla ƏMİRLİ
kinoşünas

0 şərh