Kinomuz, musiqimiz

Musiqi filmin ən mühüm komponentlərindən biridir. Personajların, hadisələrin zaman və məkan xüsusiyyətlərini səciyyələndirmək, əsərin ideyasını ifadə etmək kimi funksiyaları yerinə yetirir. Musiqiyə tələbat kinonun yarandığı ilk illərdə meydana gəlmişdir. Səsyazan aparatların yaranması ilə əlaqədar 20-ci illərin sonu - 30-cu illərin əvvəllərində film daimi fonoqram texnologiyasını əldə etdi. Kinoda musiqi filmin strukturunun ayrılmaz hissəsinə çevrildi.
1916-cı ildə istehsal olunmuş «Arşın mal alan» kinokomediyası 1917-ci il yanvar ayından kinoteatrlarda göstərilərkən instrumental üçlük filmdəki hadisələri musiqi ilə müşayiət edirdi. Ölkəmizdə ilk dəfə milli kino musiqisi dahi bəstəkar Ü.Hacıbəyovun eyniadlı əsərindən istifadə edilmişdir.

Azərbaycanda kinematoqrafiyanın keçdiyi yol çətin və mürəkkəb olmuşdur. Ölkəmizdə kino musiqisi də birdən-birə yaranmamışdır. 1933-cü ildə çəkilən «Neft simfoniyası» sənədli filminə S.Paniyev musiqi bəstələmişdir. Burada neftin fontan vurması, baş verən yanğının söndürülməsi zamanı simfonik orkestrin ifa etdiyi musiqi parçası dramatik funksiyanı yerinə yetirir. «Sovet Azərbaycanının incəsənəti» sənədli filminin (1934) bəstəkarı isə M.Maqomayevdir. Azərbaycan incəsənət ustalarının xalqa xidmətindən danışan bu filmə yazılmış musiqi, ekranda təsvir edilən milli incəsənətimizin emosional təsir gücünü daha da artırır. Bundan sonra kino musiqisinin nümunələrinə «Şöhrətli Azərbaycan» (1935, bəst. S.Paniyev), «Türk qadınının baharı» (1936, bəst. Niyazi), «Ordenli Azərbaycan» (1938, bəst. Niyazi, Q.Qarayev, C.Hacıyev), «İyirminci bahar» (1940, bəst. Niyazi, T.Quliyev) və s. sənədli filmlərdə rast gəlirik. 40-cı və sonrakı illərdə çəkilmiş sənədli filmlərə ən çox musiqi bəstələyən T.Quliyev olmuşdur: «Qayğı» (1943), «Bakı döyüşür» (1944), «Şəfa nəğməsi» (1944), «Qardaşlıq köməyi» (1944), «Əbədi Odlar ölkəsi» (1945), «İran Azərbaycanının paytaxtında» (1945), «Bakıdan Göygölədək» (1947), «Çağırışa cavab» (1947), «Sovet Azərbaycanı» (1948), «Sovet Azərbaycanı» (1950), «Alagöz yaylağında» (1955) və s.
1935-ci ildə «Mavi dənizin sahilində» bədii filminə ilk dəfə musiqi (bəst. S.Pototski) yazılmışdır. O vaxdan musiqi kinonun ayrılmaz hissəsinə çevrilmişdir. 1936-cı ildə C.Cabbarlının eyniadlı pyesi əsasında çəkilmiş «Almaz» bədii filmi səssiz olsa da, burada milli kino musiqisindən (bəst. Niyazi, Z.Hacıbəyov) istifadə olunmuşdur. Onların yazdıqları musiqi lövhələri əsasən tətbiqi rol oynayır. Burada filmi musiqi müşayiət edir, aktyorların dialoqları kadrlararası titrlər vasitəsilə tamaşaçıya çatdırılır.

Bəstəkarlardan Q.Qarayev «Xəzər dənizçiləri» (1944), S.Ələsgərov «Daşkəsən» (1946), Z.Bağırov «Gənc leninçilər» (1952), C.Cahangirov «Arazın sahillərində» (1953), E.Sabitoğlu «Dağlarda zavod» (1962), R.Qasımova «Reportaj haqqında reportaj» (1964) sənədli, R.Hacıyev «Qara Daşlar» (1956), V.Adıgözəlov «Qəribə əhvalat» (1960), F.Əmirov «Səhər» (1960). X.Mirzəzadə «Bizim küçə» (1961), A.Məlikov «Sehrli xalat» (1964), A.Rzayev «Su ərizəsi» (1965), F.Qarayev «Zəncirlənmiş adam» (1964), P.Bülbüloğlu «İstintaq davam edir» bədii filmlərinə musiqi bəstələmişlər. Onların əksəriyyətinin yaradıcılığında sonralar kino musiqisi əsas yerlərdən birini tutmuşdur.
Azərbaycan mədəniyyətinin, o cümlədən kino sənətinin inkişafında və geniş şəkildə tanınmasında bəstəkarlardan Ü.Hacıbəyovun, Q.Qarayevin, F.Əmirovun, T.Quliyevin və Niyazinin rolu böyükdür. Üzeyir bəyin məşhur «Arşın mal alan»(1945,1965) və «O olmasın, bu olsun» (1956), Q.Qarayevin «Bir ailə» (1943), «Bir məhəllədən iki nəfər» (1957), «Uzaq sahillərdə» (1958), «Leyli və Məcnun» (1961), «İnsan məskən salır» (1967), F.Əmirovun «Səhər» (1960), «Böyük dayaq» (1962), «Sevil» (1970), T.Quliyevin «Səbuhi» (1941) , «Bəxtiyar» (1955), «Görüş» (1955), «Ögey ana» (1958), Niyazinin «Kəndlilər» (1939), «Fətəli xan» (1947) filmlərinə yazdıqları musiqi baş verən hadisələrin dərinliyinə nüfuz edir, qəhrəmanların psixoloji vəziyyətlərinin tamaşaçıya çatdırılmasında əhəmiyyətli rol oynayır.
Q.Qarayev bəstəkarın yaradıcılığında kinonun rolundan bəhs edərək yazmışdır: «Mən kino sahəsində çalışmayan müasir bəstəkar təsəvvür etmirəm. Çünki kino öz xarakterinə görə böyük müasir bəstəkarlıq məktəbidir».

Kino sənətini yüksək qiymətləndirən görkəmli bəstəkarın istər Azərbaycan, istərsə də xarici ölkə kinofilmlərinə bəstələdiyi musiqi, kino əsərlərinin dramaturgiyasının əsas komponentlərindəndir. «Xəzər neftçiləri haqqında dastan» və «Dənizi fəth edənlər» bədii-sənədli kinodilogiyasının müəllifi R.Karmen yazmışdır: «Burada, ləpələrin sədaları altında Qara Qarayevin filmə yazdığı musiqi dünyanın bütün ekranlarını dolaşmışdır».
«Kino musiqisi beş dəqiqə üçün bəstələnmir, o, müstəqil yaşaya bilər. Bu şərtlə ki, həmin əsərin buna haqqı olsun». Bəstəkar F.Əmirovun dediyi bu sözlər eynilə onun öz əsərlərinə də aiddir.
Azərbaycan kino musiqisinin inkişafında bəstəkar Rauf Hacıyevin də xidməti xüsusi qeyd olunmalıdır. Onun «Romeo mənim qonşumdur» və «Əhməd haradadır?» kinokomediyalarına, «Qaraca qız» kinonovellasına bəstələdyi gözəl musiqi əsərləri öz poetikliyi, estrada və milli mahnı janrlarının ustalıqla üzvi surətdə birləşdirilməsi ilə seçilir.
Arif Məlikov bir çox filmlərə, o cümlədən «İyirmialtılar», «Axırıncı aşırım», «Ulduzlar sönmür», «Qərib cinlər diyarında», «İşarəni dənizdən gözləyin», «Gecə qatarında qətl» və s. bədii, sənədli və animasiya filmlərinə musiqi bəstələmişdir. Onun simfonik musiqisi və lirik mahnıları filmlərin bədii məzmununun və obrazların daxili aləmlərinin açılmasına imkan yaratmışdır.
Yaradıcılığında lirik mahnılar əsas yer tutan E.Sabitoğlu bu üslubu kinoya da gətirmiş, bir çox filmlərə («Ad günü», «Dantenin yubileyi», «Dədə Qorqud», «İstintaq», «Bizim Cəbiş müəllim», «Gün keçdi», «Bizi bağışlayın», «Təhminə» və s.) bəstələdiyi mahnı və musiqi parçaları xalq musiqisinin ən xarakterik cizgilərini özündə birləşdirmişdir. Onun filmlərə yazdığı mahnılar melodikliyi baxımından rəvan və axıcıdır.
E.Sabitoğlunun musiqisi filmlərin əksər epizodlarını müşayiət edir, kadrarxası və kadrdaxili səslənir, o bir çox funksiyaları yerinə yetirir: hadisələrin inkişafını xarakterizə edir, əsas epizodların ab-havasını tamamlayır, personajların rəftarını və xarakterlərini şərh edir.


P.Bülbüloğlunun kino musiqisi dolğun ifadə tərzi, özünəməxsus rəngarəngliyi ilə diqqəti cəlb edir. Musiqinin müxtəlif janrlarından ustalıqla istifadə edən bəstəkar filmlərdə («Uşaqlığın son gecəsi», «Qorxma, mən səninləyəm», «Babək», «Mən nəğmə qoşuram», «Hökmdarın taleyi» və s.) yüksək və əhəmiyyətli dramaturgiya əsasında ciddi və yüngül musiqinin mürəkkəb sintezini professionallıqla yarada bilib. «Hökmdarın taleyi»ndə Polad Bülbüloğlu musiqi vasitəsilə öz mövqeyini bildirmiş və faciəyə öz konsepsiyasını vermişdir.
A.Əlizadənin filmlərə yazdığı musiqi dramaturji musiqidir, illüstrativlikdən uzaqdır. Onun musiqiləri filmin məzmununu açır, onu dərinləşdirir, bədii təsirini gücləndirir. «Tütək səsi», «Gözlə məni», «Təkcə adanı özünlə apara bilməzsən», «Ötən ilin son gecəsi», «Sizi dünyalar qədər sevirdim» filmlərində musiqi məzmuna uyğun bəstələndiyi, hadisələri ardıcıllıqla müşayiət etdiyi üçün kino əsərinin ideyasını açır, qəhrəmanların xarakterlərini üzə çıxarır, filmdə hadisələrin baş verdiyi dövrün ab-havasını yaradır.
Azərbaycan kino tarixindən məlumdur ki, C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında istehsal olunan bir çox filmlərə yazılmış kino musiqisi - mahnılar və musiqi lövhələri qısa vaxt keçəndən sonra ayrıca yaşamaq hüququ qazanmışdır. Bu mahnılar və musiqi lövhələri xalq arasında geniş yayılmışdır.



Müəllif: Aydın Kazımzadə, əməkdar incəsənət xadimi
Mənbə: Mədəniyyət qəzeti

 

0 şərh