Azərbaycan kino sənətinin tarixi

Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. Hətta sovet rejimində belə filmlərimizdə bizə xas olan dəyərlərimiz elə ustalıqla verilib ki, hər dəfə bu filmlərə baxanda tamaşaçı özü üçün yenilik tapır. Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetlər - "Bibiheybətdə neft fontanı yanğını", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi"ndən və bir bədii kinosüjetdən - "İlişdin"dən ibarət idi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətlər (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradıldı. 1915-ci ildə adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olundu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolu Hüseyn Ərəblinskiyə həvalə edildi.


1918-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorlarının milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s. kinoteatrlar da var idi.1924-cü ildə AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi" (rejissor V.V.Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdi.Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, N.M.Şenqelaya, M.E. Çiaureli kimi məşhur kinorejissorlar, eləcə də Q.M.Lemdeq, V.R.Lemke, A.V.Qalperin, İ.S. Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olundu, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edildilər.AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşıyaraq 1961-ci ildən C.Cabbarlı adına "Azərdaycanfilm" kinostudiyası adlandı.Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah" , "Vulkan üzərində ev" , "Hacı Qara"  kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.


XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı.20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətlərlə tanış edən "Azərbaycan ekranı" kinojurnalı buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A. Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S. Monakov kimi operatorlar çalışırdılar. 30-cu illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V. Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə respublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchizi və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir.30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: "Lətif", "İsmət" , "Almaz" və "Yeni horizont" , "Bakılılar" , "Kəndlilər" və s.1935-ci ildə "Azərfilm"in Moskvanın "Mejraypromfilm" kinostudiyası ilə birgə yaratdığı "Mavi dənizin sahilində" bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. Filmdə baş rollarda görkəmli sovet kinoaktyorları L.N.Sverdlin, N.A.Kryuçkov, V.A.Kuzmina və başqaları çəkildilər.


1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxıldı.İkinci Dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunan "Vətən oğlu" və "Bəxtiyar" kinonovellaları, M.F.Axundovun həyat və fəaliyyətinə dair "Səbuhi" vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət "Bir ailə", müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş "Sualtı qayıq T-9" ( rejissor A.İvanov) bədii filmləri çəkildi. 1945-ci ildə Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar R.Təhmasib və N.Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bildilər. Film keçmiş SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş olundu. "Arşın mal alan" filminə görə rejissorlar R.Təhmasib və N.Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev 1946-cı ildə SSRİ Dövlət Mükafatına layiq görüldülər.40-cı illərin sonu, 50-ci illərin əvvəllərində, "Bakı kinostudiyası"nın əsas istiqamətinin bədii-sənədli və publisistik filmlərin çəkilməsinə yönəldiyi bu dövrdə yalnız "Fətəli xan" və "Bakının işıqları" bədii filmləri çəkildi.50-ci illərdə ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı. "Qızmar günəş altında", "Kölgələr sürünür", "Onun böyük ürəyi", "Onu bağışlamaq olarmı?", "Bizim küçə", "Böyük dayaq", "Telefonçu qız",  "Ögey ana" filmlərində biz bunu görürük. Bu filmlərin əksəriyyətində sovet quruculuq illərində kolxozlarda çalışan insanların əməyə olan münasibəti ön plana çıxarılsa da, rejissorlar milli koloriti və dəyərlərimizi də unutmamışdı. Kim bilir bəlkə də buna görə həmin filmlər indi də çox sevilir.Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilən "Uzaq sahillərdə"  filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir.


60-cı illərin əvvəllərindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi. "Koroğlu"  bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsidir. "Arşın mal alan" filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyil gücləndi. "Görüş", "Bəxtiyar",  "O olmasın, bu olsun" , "Romeo mənim qonşumdur", "Əhməd haradadır?", "Ulduz", "Arşın mal alan", "Qayınana"  və s. filmlərdə bu ənənə davam etdirildi.70-ci illərdə "Uşaqlığın son gecəsi", "Gün keçdi" filmləri özünə tamaşaçı topladı və indi də baxımlı filmlər sırasındadır.70-ci illərin sonralarında və 80-cı illərdə Azərbaycan kinosunda mənəvi-əxlaqi problemlərə diqqət daha da artır. Ssenariçi R.İbrahimbəyovla rejissor R.Ocaqovun filmlərində mürəkkəb psixoloji vəziyyətlər, əsil insan ləyaqəti ilə əlaqədar müşahidələr, xudbinlik, sərtlik, mərhəmətsizliyə qarşı etiraz kimi mövzulara meyil güclüdür. "İstintaq", "Bağlı qapı", "Park", "Özgə həyat", "Ölsəm, bağışla" filmlərində biz bunu aydın hiss edirik. Həmin mövzular "De ki, məni sevirsən" ,  "Gümüşü furqon", "Şeytan göz qabağında", "Babamın babasının babası", "Bağ mövsümü", "İlıq dənizdə buz parçası" (rejissor Y.S.Qusman), "Gümüş göl əfsanəsi", "Burulğan", "Təxribat" filmlərində yeni cəhətlərdən açılır. Hətta bu filmlərdə rejissorlar sovet dövrünün cəmiyyətə sırımaq istədiyi bayağı ideyaları da tamaçılara açıb göstərir, onları düşünməyə vadr edirdilər. 60-80-ci illərdə tarixi-inqilabi janrda bir sıra maraqlı, orijinal filmlər çəkilib. "Mosfilm" kinostudiyası ilə birgə yaradılmış N.Nərimanovun fəaliyyətindən bəhs edən "Ulduzlar sönmür" filmi bu baxımdan diqqətəlayiqdir. S.Vurğunun "Komsomol poeması"nın motivləri üzrə çəkilən "Yeddi oğul istərəm" filmi 20-ci illərin komsomolçularına həsr olunub. Yüksək ideyalılıq, vətəndaşlıq motivləri ilə kinematoqrafiyanın ifadə vasitələrinin uyarlığı, gözəl aktyor oyunu bu filmin mühüm məziyyətlərindəndir. "Axırıncı aşırım", "Qatır Məmməd" filmlərində sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi mübarizədən bəhs olunur. "Sevinc buxtası", "Atları yəhərləyin" , "İşarəni dənizdən gözləyin" filmlərində bu mübarizə çox gözəl nümayiş olunur."Nəsimi" filmində feodal dünyasının haqsızlıqlarına qarşı çıxan şairin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini tapıb. "Dədə Qorqud"  filmi poetikliyi ilə fərqlənir. "Babək" filmində IX əsr Azərbaycan sərkərdəsi Babəkin başçılığı ilə xilafətə qarşı xalqın mübarizəsi təsvir edilib. "Nizami" filmində N.Gəncəvinin, "Qəm pəncərəsi" filmində isə C.Məmmədquluzadənin obrazı canlandırılıb.Azərbaycan bədii televiziya filmlərindən "Ad günü" xüsusilə fərqlənir. "Dantenin yubileyi", "Təkcə adanı özünlə apara bilməzsən", "Ötən ilin son gecəsi", "Bilmək istəyirəm" və s. bədii filmlər də Azərbaycan Televiziyasının istehsalıdır. "Uzun ömrün akkordları" isə televiziya filmi olaraq geniş arxiv materialları əsasında yaradılıb.Bəzi filmlərimizə diqqət etdikdə isə İkinci Dünya müharibəsi mövzusu əksini tapıb - "Bizim Cəbiş müəllim", "Tütək səsi" və s. Hər dəfə maraqla baxdığımız "Şərikli çörək" filmində isə müharibənin son aylarında Bakının həyatı xüsusi səmimiliklə təsvir olunur. Müharibə mövzusunda çəkilən "Mən sizi həyatımdan artıq sevirdim"  filmi isə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr edilib. Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da mühüm əhəmiyyət verilir: "Bir qalanın sirri", "Sehrli xalat", "Qərib cinlər ölkəsində", "Şirin evdən getməsi", "Mən mahnı qoşuram",  "Gəmi saatının sirri", "İsmayıl bəyin mücrüsü" və s.


1989-cu ildə ilk fantastik Azərbaycan bədii filmi - "Əlaqə" çəkilir. Ötən əsrin sonlarında milli kinomuzda durğunluq illəri yaşansa da, filmlər çəkilirdi. Qarabağda gedən müharibə və onun fəsadları kinolentlərə köçdü - "Fəryad", "Ağ atlı oğlan" və s. İndi milli kinomuza dövlət qayğısı filmlərin çəkilişinə daha da təkan verib. Dövlət sifarişi ilə çəkilən filmlərin sayı artır, gənc rejissorlara öz potensiallarını nümayiş etdirmək üçün yeni imkanlar verilir. Bir sözlə, milli kinomuzda yeni simalar, yeni ideyalar görürük. "Qala", "Qırxıncı qapı", "Cavad xan", "Niyyət", "Hökmdarın taleyi" və daha neçə-neçə filmlərimiz ölkəmizdən kənarda da öz tamaşaçılarını heyran qoyur. Deyə bilərik ki, bir çox problemlər hələ də öz həllini tapmasa da, kino ictimaiyyəti bu maraqlı sənəti yaşatmaq üçün əzmlə çalışır. Çünki kino sənəti qəliz olduğu qədər də maraqlıdır.



Mənbə: Palitra qəzeti | Nüşabə Zövqət

 

0 şərh