Meşə və tikinti sənayesi

Meşə sənayesinin yerləşməsi əlverişli nəqliyyat şəraitindən və xammal ehtiyatlarının olmasından asılıdır. Azərbaycanın 11%-ni tutan meşələrin sənaye əhəmiyyəti çox azdır. Möhkəm oduncaqlı palıd, fıstıq, vələs, qoz, tut, şabalıd və s. ağaclar - mebel istehsalı və müxtəlif tikinti materialları (parket, qapı) hazırlamaq üçün əvəzedilməz xammal olsa da, onlardan olduqca az istifadə edirlər. Azərbaycanın Böyük və Kiçik Qafqaz, Talış dağları əsas meşə tədarükü rayonlarıdır. Mingəçevir, Yenikənd, Şəmkir, S.E.S-ləri tikiləndə Kürün üzərindəki tuqay meşələri qırılmış və ya su altında qalmışdır.
Azərbaycan tələbat ödəmək üçün Rusiyadan taxta alır. Dəmir yolu ilə daşınan bu məhsullar içərisində hazır məhsul üstünlük təşkil edir. Çünki ağacı emal edərkən onun çoxu tullantıya çevrilir. Bu tullantılardan karton hazırlamaq mümkün olsa da Azərbaycanda bu sahə inkişaf etməyib. Buna görə də bu qiymətli xammal yandırıldığından, Rusiyada hazır qapı və pəncərə, mebel almaq daha sərfəlidir.
Əsasən gətirmə xammala əsaslanan mebel sənayesi Azərbaycanın iri şəhərlərində - tələbat rayonlarında inkişaf edib. Mebel sənayesinin ən iri müəssisələri Bakıdadır.
Gətirilmə meşə materialları əsasında - Gəncə, Sumqayıt, Xankəndi, Naxçıvan, Zaqatala, Balakən, Xaçmaz, Lənkəran və Astara ağac emalı müəssisələri, mebel fabrikləri, tara, tikinti üçün taxta, çərçivə, qapı, pəncərə, parket və s. istehsal edən müəssisələr işləyir.
Azərbaycanda polimer (plastik) mənşəli - mebel, qapı və pəncərələr hazırlamaq üçün imkanlar böyükdür. Bu yolla təbii - ağac xammalına qənaət etmək olar.
Tikinti materialları istehsalı 3 sahədən ibarətdir:
a) Mineral-tikinti xammalının (qum, çınqıl, mərmər) çıxarılması;
b) Hörgü materiallarının (sement, gips, əhəng);
c) Beton və dəmir-beton konstruksiyalarının hazırlanması.
Tikinti materialları müəssisələri- Abşeron, Gəncə-Qazax iqtisadi rayonlarında, xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində cəmləşmişdir. Çünki burada tikinti materiallarına tələbat daha çoxdur.
Azərbaycanda 1000-ə qədər tikinti xammal yatağı var. Məsələn: mişarlıq əhəng daşı, üzlük əhəng və but daşı, bişmiş kərpic, gil, qum, mərmər və s. Bu ehtiyatların yalnız 25%-dən istifadə olunur. Kiçik Qafqaz və Abşeronda daha çox tikinti materialları yatağı aşkar edilib.
Azərbaycanda sement (Qaradağda) dəmir-beton konstruksiyalar və panellər, kubik-daş, kərpic, şüşə, şifer və s. hazırlanır. Şüşə və şüşə məmulatları müəssisələri əsasən Abşeron və Naxçıvanda cəmləşib. Son illər linolium, mərmər, travertin, çuqun və dəmirdən santexnika məmulatları da hazırlanır.
Azərbaycanda tikinti materialları istehsalına görə 1-ci yerdə dəmir-beton konstruksiyaları, 2-ci yerdə sement istehsalı, 3-cü yerdə təbii divar daşı və müxtəlif xammal hasilatı tutur.
Tikinti sənayesi müəssisələrinin böyük hissəsi xammal bolluğu və yüksək tələbatın olması ilə əlaqədar Abşeronda cəmləşib. Abşeronda tikinti daşı, şüşə və tikinti qumu, bitum, keramika xammalı ehtiyatları var. Abşeronda - Qaradağ, Güzdək, Şüvəlan, Korgöz daş karxanaları mövcuddur. Azərbaycanın Gəncə-Qazax, Qarabağ, Mingəçevir, Şəki, Kür-Araz bölgələrində də yerli əhəmiyyətli tikinti müəssisələri var.

0 şərh