Aqrar-sənaye komplelsi

A.S.K. dedikdə bir-biri ilə əlaqədar olan k/t və sənaye müəssisələrinin birliyi nəzərdə tutulur. Onun əsas vəzifəsi əhalinin ərzaq və yeyinti məhsulları ilə, heyvandarlığı yemlə, sənayeni xammalla təchiz etməkdir. ASK-nin tərkibində k/t aparıcı rol oynayır. K/t-nın inkişafı iki-intensiv və ekstensiv yolla aparılır. Ekstensiv yol - əkin sahələrini genişləndirməklə və heyvanların sayını artırmaqla məhsuldarlığın artırılması üsuludur. Intensiv yol - mövcud əkin sahələrini genişləndirmədən və heyvanların sayını çoxaltmadan məhsuldarlığın artırılması üsuludur. Intensiv inkişafa düzgün suvarma, kimyalaşdırma, mexaniklaşdırma və avtomatlaşdırma yolu ilə nail olmaq olar. Azərbaycan son zamanlar intensiv yola qədəm qoyub.

Azərbaycanda k/t-nı inkişaf etdirmək üçün əlverişli torpaq - iqlim şəraiti mövcuddur. Azərbaycanın dağlıq ərazilərini çıxmaq şərti ilə qalan ərazilərdə - Kür-Araz, Lənkəran, Gəncə-Qazax, Abşeronda ildə 2 dəfə məhsul götürmək olar. Lakin düzən ərazilərdə yerləşəm Kür-Araz, Samur-Dəvəçi, Lənkəran, Gəncə-Qazax, Abşeron və Naxçıvanın Arazboyu düzənliklərində rütubət çatışmadığından bu ərazilərdə suvarmasız məhsul götürmək mümkün deyil. Bu torpaqları suvarmaq üçün su anbarları və kanallar tikilib. Əkin sahələrinin suvarılmadan becərilməsi üsuluna dəmyə əkinçiliyi deyilir. Dəmyə əkinçiliyi Böyük və Kiçik Qafqazın alçaq və orta dağlıq rayonlarında inkişaf edib. Azərbaycanın 8,6 mln. hektar torpaq sahəsinin 50%-i yararlı, 40%-i yararsız, 11%-i isə meşələrdən ibarətdir. Azərbaycanda adambaşına 0,2 hektar torpaq sahəsi düşür.

Azərbaycanın k/t-da bitkiçilik heyvandarlıqdan üstün inkişaf edib. K/t məhsulunun 61%-ni bitkiçilik, 39%-ni isə heyvandarlıq verir. Əkinə yararlı torpaq sahələrinin geniş yayılması, fəal temperatur cəminin böyük olması Azərbaycan düzənliklərində əkinçiliyin heyvandarlığa nisbətən yaxşı inkişaf etməsinə səbəb olub.

Əkinçilik. Azərbaycanın əlverişli iqlim şəraiti, torpaq örtüyü əkin sahələrində müxtəlif növ bitkilərin becərilməsinə imkan verir. Xüsusilə pambıqçılıq, tərəvəzçilik, tütünçülük və üzümçülük Azərbaycanın k/t-nın ixtisaslaşmış sahələri hesab olunur və bu sahələr əsasən Azərbaycanın daxili tələbatını ödəyir.

K/t bitkiləri arasında taxıl (buğda, qarğıdalı, çəltik, arpa və s.) istehsalı l-ci yer tutur. Bu sahə Azərbaycanın ən qədim bitkiçilik sahəsidir. Taxıl əkinləri Azərbaycanın bütün rayonlarında əkilsə də, əhalinin tələbatının yalnız 20%-ni ödəyir. Buna olan tələbatı ödəmək üçün xaricdən məhsul alınır. Azərbaycanın dağlıq və dağ ətəyi rayonlarında dəmyə, aran rayonlarında isə suvarılan taxılçılıq inkişaf edib. Azərbaycanda taxıl bitkilərindən payızlıq buğda və arpa daha çox əkilir. Qışın mülayim keçməsi Azərbaycanın düzən - Kür-Araz, Gəncə-Qazax və Böyük və Kiçik Qafqazın dağətəyi ərazilərində payızlıq buğdanın becərilməsinə imkan verir. Böyük və Kiçik Qafqazın alçaq və orta dağlığında isə qış çox soyuq və şaxtalı keçdiyindən burada yalnız yazlıq buğda becərilir. Azərbaycanda əsasən bərk buğda sortları yetişdirilir.

Taxıl əkini sahəsinin 1/3-nü tutan arpa bitkisi buğda əkin sahələri ilə üst-üstə düşür. Qarğıdalı əkin sahələri isə Şəki-Zaqatala zonasında üstünlük təşkil edir. Son illərdə Azərbaycanda - Lənkəran və Şəki-Zaqatala bölgələrində çəltikçilik (düyü) inkişaf edib.
Yem bitkiləri - Azərbaycanda taxıl əkinlərindən sonra 2-ci böyük sahəyə malikdir. Azərbaycanın bütün rayonlarında inkişaf edib.
Texniki bitkilər - əkinçilikdən gələn gəlirin əsas hissəsini verir. Bura pambıq, tütün, üzüm, çay və s. bitkilər aiddir. Pambıqçılıq Azərbaycanın ən çox gəlir gətirən, strateji bitkisi olub, həm yüngül, həm də yeyinti sənayesi üçün xammaldır. Pambıq Kür-Araz ovalığının boz, boz-qonur və boz-çəmən torpaqlarında əkilir. Son illər pambıq istehsalı xeyli aşağı düşüb. Azərbaycan kəndlisinin güzəranını yaxşılaşdırsa da, insanların səhhətinə, torpaqların məhsuldarlığına mənfi təsir göstərmişdir. Azərbaycanda pambıq parça istehsal edən müəssisələrin az olmasından pambığın çox hissəsini xaricə göndərirlər. Xammal istehsalı bu ərazidə yerləşdiyindən Azərbaycanın bütün pambıqtəmizləmə zavodları Kür-Araz zonasında yerləşir.

Tütünçülük - əhəmiyyətinə görə Azərbaycanın 2-ci texniki bitkisi sayılır. Tütünçülük əsasən Şəki-Zaqatala (75%) və Naxçıvanda inkişaf edib. Azərbaycanda «Samsun», «Trabzon» və «Itiyarpaq» kimi qiymətli tütün növləri əkilir. Tütünün bir hissəsi Azərbaycandakı son məhsula - siqaretə çevrilir, digər hissəsi isə xaricə göndərilir.
Çayçılıq Azərbaycanın rütubətli subtropik iqlim səraitinə malik Lənkəran, Astara, Masallı və qismən də Zaqatala rayonlarında əkilir. Azərbaycan çay becərilməsinə görə keçmiş SSRI-də Gürcüstandan sonra 2-ci yeri tuturdu.
Bu bitkilərdən başqa Azərbaycanın Qanıx- Əyriçay vadisində, Şamaxı, Ismayıllı rayonlarında yağ, toxum və silos üçün günəbaxan, Abşeronun Bilgah qəsəbəsində zəfəran, Naxçıvanda, Kürdəmirdə, Salyan və Zaqatalada xına əkilir.

Tərəvəzçilik üzrə Xaçmaz, Lənkəran, qismən isə Aran və Abşeron rayonları ixtisaslaşıb. Xaçmaz zonası gecyetişən, Lənkəran zonası isə faraş (tezyetişən) tərəvəzçilik üzrə ixtisaslaşıb. Bakı və Gəncə ətrafındakı istixanalarda xeyli tərəvəz yetişdirilir. Son illər Ağdaşda kələm sahələri genişləndirilib.

Bostançılıq Azərbaycanın Aran, Abşeron və Lənkəran zonalarında daha yaxşı inkişaf edib. Kürdəmir öz yemişi, Sabirabad və Zirə isə öz qarpızı ilə məşhurdur.

Kartofçuluq dəmyə şəraitində Azərbaycanın Gədəbəy, Tovuz, Şəmkir, qismən də Daşkəsən, Xanlar və Qusar rayonlarında becərilir. Yerli kartof əhalinin tələbatını ödəmədiyindən xaricdən kartof alınır.

Üzümçülük Azərbaycanın ixtisaslaşmış k/t sahəsidir. 1970-1985-ci illər arasında Azərbaycan keçmiş SSRI-nin ən iri üzümçülük zonası olmuş və 2 mln. ton üzüm istehsal olunmuşdur. 1985-ci ildən sərxoşluqla mübarizə aparmaq məqsədilə üzümlüklərin çoxu qırılmışdır. Azərbaycanda üzümün 60%-i suvarılan, 40%-i isə dəmyə şəraitində yetişir. Azərbaycanda 250-dan çox üzüm sortu yetişdirilir ki, bunun da çoxu texniki sort olub, şərabçılıqda istifadə olunur. Son illərdə Azərbaycanda süfrə və kişmişi üzüm sortlarının sayı artır. Azərbaycanda istehsal olunan üzümün yarısını Qazax-Gəncə, Kür-Araz və Kiçik Qafqazın cənub-şərq ətəklərində yerləşən təsərrüfatlar verir. Üzüm məhsulunun ilkin emalı əkin sahələri yaxınlığında, qablaşdırılması isə Bakı, Şəmkir, Xanlar, Göyçay, Naxçıvan, Xankəndi və s. şəhərlərdə yerləşən şərab və konyak zavodlarında aparılır.

Bağçılıq (meyvəçilik) Azərbaycanın k/t-nın ixtisaslaşmış sahələrindəndir. Azərbaycanda tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Zaqatala-Şəki, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan M.R., quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələr (naringi, portağal, feyxoa, limon) üzrə Lənkəran, Cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşıb. Azərbaycanın ən iri meyvəçilik rayonu Qubadır. Istehsal olunan meyvənin 2/3 -ni Quba-Xaçmaz, 15%-ni isə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları verir. Qərzəxli meyvələrin istehsalının 95%-ni Şəki-Zaqatala iqtisadi rayonunda cəmləşib. Kür-Araz və Yuxarı Qarabağda çoxlu tut ağacı var.

Heyvandarlıq - Azərbaycanda k/t-nın ən mühüm sahəsi olsa da, əhalinin ət, süd, yumurta məhsullarına olan tələbatının yalnız yarıya qədərini ödəyir. Otlaqların geniş yayılması və əkinə yararlı torpaqların azlığı Azərbaycanın dağlıq ərazilərində heyvandarlığın əkinçiliyə nisbətən daha yaxşı inkişaf etməsinə səbəb olub. Heyvandarlıq Azərbaycanın dağlıq yerlərində xüsusilə Dağlıq Şirvan və Kəlbəcər-Laçın iqtisadi rayonlarında daha yaxşı inkişaf edib.

Maldarlıq - Azərbaycanda istehsal olunan heyvandarlıq məhsulunun ümumi dəyərinin yarıdan çoxunu, ət istehsalının 45%-ni verir. Maldarlıqda əsas yeri qaramal tutur. Azərbaycanın Aran və Şəki-Zaqatala zonasında camışçılıq, Lerik və Yardımlı rayonlarında isə ətlik-südlük zebu heyvanı saxlanılır. Azərbaycanın bütün rayonlarında maldarlıq inkişaf edib. Azərbaycanda mal-qaranın 70%-ni inək və camışlar təşkil edir.

Qoyunçuluq Azərbaycanın dağlıq və dağətəyi zonasında inkişaf edib. Azərbaycanda dağ merinosu, Qala, Qarabağ, Balbas qoyun cinsləri bəslənilir. Qoyunların ətindən, dərisindən və yunundan istifadə olunur. Qoyunların sayının tez artması, az əmək tutumlu olması, yemə az tələbatı - qoyunçuluğun Azərbaycanda əhalinin ətə olan tələbatını daha tez ödəmək üçün sərfəli olan heyvandarlıq sahəsinə çevirmişdir. Azərbaycanda qoyunçuluğun inkişafı üçün kifayət qədər təbii yem bazası, yaylaq və qışlaqlar mövcuddur. Son illərdə yaylaqların çoxunun işğal olunması Azərbaycanda qoyunçuluğun inkişafına mane olur.

Quşçuluq- əhalinin quş əti və yumurtaya olan tələbatını ödəyir. Ən iri quşçuluq kompleksləri Bakı, Gəncə və Naxçıvan kimi iri şəhərlərdə yerləşib. Azərbaycanda yem bazasının zəifliyi quşçuluğun inkişafına mane olur.

Baramaçılıq - Şəki-Zaqatala, Kür-Araz, Yuxarı Qarabağ və Naxçıvanın düzən və dağətəyi zonalarında inkişaf edib.

Arıçılıq - Azərbaycanın dağətəyi və dağlıq rayonlarındakı subalp və alp çəmənlərində inkişaf edib.

Azərbaycanda ixtisaslaşma dərəcəsinə görə bir-birindən fərqlənən 3 qrup k/t rayonu var:
1. Suvarılan k/t rayonları (Kür-Araz, Lənkəran, Samur-Dəvəçi ovalıqları, Naxçıvanın Arazboyu düzənlikləri);
2. Dəmyə k/t rayonları (dağətəyi və orta dağlıq əraziləri);
3. Otlaq və heyvandarlıq rayonlar.
Azərbaycanda əhalinin tələbatını ödəmək üçün heyvandarlıq, taxılçılıq, şəkər çuğunduru sahələrini genişləndirmək lazımdır. Azərbaycanda k/t-nın ixtisaslaşmış. sahələri-pambıqçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik, tütünçülük; hələ ixtisaslaşmamış sahələri isə baramaçılıq, arıçılıq, çəltikçilik və s.-dir.

Həmçinin kənd təsərrüfatı haqqında oxuyun

0 şərh