Palçıq vulkanları

Planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.
Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin - əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.

Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edirdi.
Azərbaycan hüdudlarında palçıq vulkanı təzahürləri Xəzəryanı – Quba, Şamaxı – Qobustan, Küryanı, Abşeron vilayətlərində, Bakı arxipelağında və Kür və Qabırrı çayları arasında geniş yayılmışdır. Palçıq vulkanları Abşeron yarımadasının qərb hissəsində, Cənubi və Mərkəzi Qobustanda və Xəzəryanı düzənliyi Xəzər dənizinə qovuşan cənub - şərq hissəsində ən çox inkişaf etmişdir.

Palçıq vulkanizminin zəif təzahürləri Böyük Qafqazın cənub yamacında Girdimançayın başlanğıcından şərqdə Həftəsaib, Zəngi kəndləri yanında, Lahıc yaxınlığında, Basqal kəndi ətrafında qeyd edilir.

Xəzəryanı – Quba vilayəti. Böyük Qafqazın cənub-şərq batımının geniş şimal dağətəyi zolağını və Xəzəryanı düzənliyi əhatə edir. Qaynarca vulkanından başqa, vilayət hüdudlarında kiçik sopka, qrifon və salzalar rast gəlinir.

Şamaxı – Qobustan vilayəti. Böyük Qafqazın cənub - şərq hissəsini əhatə edir. Ərazinin şimal zonasında Şıxzəgirli, Mərəzə, Şıxıqaya, Şeytanud, Qırqışlaq və başqa vulkanlar yerləşmişdir. Cənub zonada Torağay, Böyük Kənizədağ, Kiçik Kənizədağ, Dəvəlidağ, Ütəlgi, Ayaz - Ağtirmə (Ayazaxtarma), Nardaran - Ağtirmə (Nardaranaxtarma), Hacıvəli və başqa vulkanlar qeyd olunur. Ələt tirəsi boyu çox iri palçıq vulkanları – Daşmərdan, Solaxay, Ayrantökən, Qoturdağ, Qırdağ və başqa vulkanlar yerləşmişlər.

Küryanı neftli - qazlı vilayəti. Bu vilayət hüdudlarında Kalmas, Mişovdağ, Qırovdağ, Durovdağ, Hamamdağ, Ağzıbir, Kürsəngi kimi iri palçıq vulkanları yerləşmişdir.

Kür və Qabırrı çayları arası sahə, Orta Kür çökəkliyi hüdudlarında palçıq vulkanı təzahürləri sopka, qrifon və salza şəklindədirlər.

Abşeron vilayəti. Bu vilayət eyniadlı yarımadanı və Xəzər dənizinin ona qovuşan sahil zonasını əhatə edir. Palçıq vulkanları vilayətin qərb və mərkəz hissəsində daha geniş yayılmışdır. Vilayətin qərbində və mərkəzində Hökməli, Binəqədi, Saray, Novxanı, Zigilpiri, Keyrəki, Abix, Boğ - boğa, Böyükdaş, Otman -Bozdağı, Lökbatan, Şonqar, Quşxana və başqa çox iri vulkanlar yerləşmişdir. Vilayət hüdudlarında Zığ və Bibiheybət ərazilərində gömülmüş palçıq vulkanları mövcuddur. Abşeron arxipelaqı hüdudlarında Buzovna sopkası, Palçıq sopkası, Neft daşları və başqa iri palçıq vulkanları vardır.

Bakı arxipelaqı vilayəti. Bu vilayət Cənubi Xəzərin şimalda Balıqçı burnundan başlamış cənubda Qızılağac körfəzinədək uzanan geniş qərb hissəsini əhatə edir. Bu vilayətin palçıq vulkanları, konusları su səthindən baş qaldıran ada (Bulla, Oblivnoy, Los, Svinoy, Qlinyannı və s.) və ya sualtı saylardan (Kornilov – Pavlov sayı, Poqorelaya Plita rifi, Qolovaçev sayı və s.) ibarətdir. Bakı arxipelağının dəniz palçıq vulkanları antiklinal qurşaqların davamında zəncirvarı sıra ilə düzülmüşlər. Palçıq vulkanı mənşəli bir sıra sualtı saylar – Yupiter, 1906-cı il sayı, 1933-cü il sayı, Makarov sayı və başqaları Abşeron yarımadasından cənubda yerləşmişdir.

palçıq vulkanlarının yayılma xəritəsi

Azərbaycan ərazisində palçıq vulkanları qeyri-bərabər yayılmışlar. Onlar bu və digər ölçüdə – kiçik və çox iri yüksəklikdən ibarət olub, Böyük Qafqazın cənub - şərq batımının, Küryanı ovalığın, Bakı arxipelağı, Abşeron yarımadası və Abşeron arxipelağının müasir relyefinin əmələ gəlməsində böyük rol oynayırlar. Morfoloji cəhətdən palçıq vulkanları nisbi hündürlüyü 5 - 150 m-dən 400 - 500 m-dək olan kəsik konus şəklində olub, xarici görünüşünə görə maqmatik vulkanları xatırladır. Onların təpəsi kraterə uyğun gəlir. Kraterin diametri 400 - 500 m, əsasının diametri isə 6000 - 10000 m və daha artıq olur.

Şimali və Mərkəzi Qobustanın palçıq vulkanları, əsas etibarilə, Təbaşir və Paleogen çöküntüləri üzərində yerləşmişdir. Bu zonalardan cənubda, yəni Cənubi Qobustan, Küryanı ovalığı və Abşeron vilayətində onlar nisbətən coşqun fəaliyyət göstərən vulkanlardır. Ayrı - ayrı iri vulkanlara, Xəzər dənizi akvatoriyasında da rast gəlinir.

Geomorfoloji əlamətlərinə görə, Abşeron vilayəti şimal - qərb, cənub - qərb, şərq və Xəzər dənizi akvatoriyası kimi dörd hissəyə bölünür. Qərb zonasında Keyrəki, Zigilpiri, Qobu – Bozdağı, Güzdək – Bozdağı və s. palçıq vulkanları yerləşir. Cənub - qərb zonası Abşeron yarımadasının mərkəzi və qərb hissələrini əhatə edir. Bu zonada Lökbatan, Quşxana, Torpaqlı – Ağtirmə (Axtarma) və başqa palçıq vulkanlarının konusları ucalır. Yarımadanın şərq zonası Abşeron yarımadasının ən alçaq şərq hissəsini əhatə edir və onun relyefi zəif dislokasiyaya uğramış abşeron əhəngdaşları örtüyü ilə müəyyənləşmişdir. Bu zonada Boğ - boğa, Qırmaku və s. palçıq vulkanların kiçik konusları yüksəlir.

Abşeron yarımadası dərinliyi 30 - 50 m-ə qədər olan Xəzər dənizi akvatoriyası ilə əhatə olunmuşdur. Bu zona hüdudlarında Pirallahı (Artyom), Jiloy, Qum adaları, Darvin, Neft daşları, İkiqardaş daşları, Qriqorenko sualtı sayları yerləşmişdir. Tektonik cəhətdən yarımada Böyük Qafqazın cənub - şərq batımında yerləşir. Yarımada hüdudlarında 36 palçıq vulkanı Abşeron yarımadasında, 8 palçıq vulkanı isə Abşeron arxipelağında öyrənilmiş və təsvir olunmuşdur.

Azərbaycan ərazisinzdə PALÇIQ VULKANLARI

1. Lökbatan
2. Keyrəki
3. Keçəldağ
4. Bozdağ-Güzdək
5. Qaradağ Pilpiləsi
6. Otmanbozdağ
7. Üçtəpə
8. Dəmirçi
9. Şıxzərli
10. Kiçik Mərəzə
11. Pirəkəşkül
12. Qələndəraxtarma
13. Çeildağ
14. Torağay
15. Bahar
16. Daşgil
17. Diləngəz
18. Ayrantökən
19. Qoturdağ
20. Axtarma-Paşalı
21. Ağzıbir

Mənbə: http://ecostyle.az/ekologiya.asp?id=40

0 şərh