Milli Parklar

Milli Parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

* * *

Hirkan Milli Parkı

Yaradıcılığı il: 2004

Sahə (hektar): 21435

Olduğu yer: Lənkəran və Astara rayonlarının ərazisində.

Qısa məlumat: Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmışdır. Milli Park Azərbaycanın cənubi-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir.

Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.

Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Burada ən isti ayın orta temperaturu 270S olur. Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fısdıq meşələri əvəz edir.

Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. novlərə rast gəlmək olar.

 * * *

Şirvan Milli Parkı

Yaradıcılığı il: 2003

Sahə (hektar): 54373,5

Olduğu yer: Salyan rayonunun ərazisində, həmçinin Bakı şəhərinin Qaradağ və Neftçala rayonlarının ərazilərini.

Qısa məlumat: Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının «Qırmızı kitabı»na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.

Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir.

Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağa (Pelobates syriacus), yaşıl quru qurbağası (Bufo viridis), Kiçik Asiya ağac qurbağası (Hyla arborea savigini) və göl qurbağasıdır (Rana ridibunda). Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün «Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı»na və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmişdir, qanunla qorunur.

Şirvan Milli Parkının heterofaunasını 17 növ sürünən heyvanlar təşkil edir. Aralıqdənizi və ya quru tısbağası nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün «Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı»na və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»a daxil edilmişdir, qanunla qorunur. Jənubi Qafqaz gürzəsi Milli Parkın ərazisində geniş yayılmış sürünən növlərdəndir. Tibbi xammal olan zəhərinə görə gürzə ilanları qiymətli sürünən növü hesab olunur.

Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər (Anas platyrhynhos), fitçi cürə (A.crecca), boz ördək (A.strepera), marek (A.penelope), bizquyruq (A. aguta), cırıldayan cürə (A. querqudela), enliburun ördək (A. clypeata), flaminqo (Phoenicopterus ruber), fısıldayan qu (Jygnus cygnus), qaşqaldaq (Fulica atra), dərin su sahələrində isə qırmızıburun (Netta rufina), qırmızıbaş (Aythya ferina), kəkilli (A. fuligula) və dəniz dalğıcları (A.marila), güləyən ördək (Bucephala clangula) və digər ördək növləri toplantılar əmələ gətirirlər. Göstərilən biotoplarda iyrəncələrə (Podicipedidae), qutanlara (Pelcanidae), qarabattaqlara (Phalacrocoracidae) və qağayılara (Laridae) rast gəlinir. Göllərin ətrafındakı açıq bataqlıq sahələrdə, dənizsahili nəmli qumsallıqlar və laqunalarda çovdarçılar (Jharadridae), bizdimdiklər (Recurvirostridae) və bekaslar (Scolopacidae) toplantılar əmələ gətirir.

Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın «Qırmızı Kitabı»na, 10-u ancaq «Beynəlxalq Təbiəti Mühafizə Jəmiyyətinin Siyahısı»na, 10-u isə həm Azərbaycanın «Qırmızı Kitabı»na (1989), həm də «Beynəlxalq Təbiəti Mühafizə Jəmiyyətinin Siyahısı»na (2002) daxil edilmişdir. Ceyran, safsar və çöl pişiyi respublikamızın «Qırmızı Kitabı»na daxil edilmişdir. Xəzər suitisi, ceyran və safsar «Beynəlxalq Təbiəti Mühafizə Jəmiyyətinin Siyahısı»nda müxtəlif statusla qorunan növlər elan edilmişdir. Bütün yarasa növləri EUROBATS Sazişinə görə mühafizə olunurlar.

* * *

Ağ göl Milli Parkı

Yaradıcılığı il: 2003

Sahə (hektar): 17,924

Olduğu yer: Ağcabədi və Beyləqan rayonlarının ərazisində.

Qısa məlumat: Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının «Qırmızı Siyahı»sına və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır.

Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında» Ramsar Konvensiyasının «Ramsar Siyahısı»na daxil edilmişdir. Ağ göl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.

Göl əsasən qamışlıqlarla əhatə olunmuşdur. Milli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır. Ağ göl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır.

Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin güclü populyasiyasına təsadüf olunur.

* * *

Akademik H. Əliyev adına Ordubad Milli Parkı

Yaradıcılığı il: 2003

Sahə (hektar): 12131

Olduğu yer: Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun ərazisində.

Qısa məlumat: Ordubad Milli Parkının yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus iqlim, relyef və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı, ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Ordubad Milli Parkının ərazisində olmaqla 3906 metrdir.

Ordubad Milli Parkının ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvar ayında 3-100J-dək, iyulda 10-250J-dəkdir. Əsasən boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqlar yayılmışdır. Naxçıvan Muxtar Respublikası ərazisində 38 növ və yarımnöv sürünənlər mövcuddur. Bunlardan 5 növ tısbağa, 12 növ və yarımnöv ilanlara rast gəlmək olar. Xəzər tısbağası, Aralıq dənizi tısbağası, yovşanlıq girdaban kərtənkələsi, Kiçik Asiya gürzəsi, Kiçik Asiya kərtənkələsi, Zaqafqaziya təlxəyi, ox ilanı qorunduğu üçün «Qırmızı Kitab»a salınmışdır. Ərazidə 217 növ və yarımnöv quşa rast gəlinir ki, bunlardan 15 növü «Qırmızı Kitab»a daxil edilmişdir.

Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə təsadüf edilir. Bunlardan 32 növ və ya yarımnövə Ordubad Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində rast gəlinir. Naxçıvan Muxtar Respublikası ərazisində 12 növ yırtıcı heyvan yayılmışdır. Bunlardan Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi və s. rast gəlmək mümkündür. Ordubad Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi ali və nadir bitkilərə görə də zəngindir. Belə ki, Muxtar Respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın və Yasaqlığın ərazisində mövcuddur.

* * *

Abşeron Milli Parkı

Yaradıcılığı il: 2005

Sahə (hektar): 783

Olduğu yer: Bakı şəhərinin Əzizbəyov rayonunun ərazisində, Abşeron yarımadası.

Qısa məlumat: Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park nın cənub-şərq qurtaracağında - Şah Dili ərazisində yerləşir.

Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.

Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi «Ginnes»in rekordlar kitabına daxil edilmişdir.

* * *

Altıağac Milli Parkı

Yaradıcılığı il: 2004

Sahə (hektar): 11035

Olduğu yer: Xızı və Siyəzən rayonlarının ərazilərində.

Qısa məlumat: Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu orpaqlarının bazasında 11035 hektar ərazidə yaradılmışdır. Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub-şərqi yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət (rekreasiya) üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.

Milli Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılmışdır. Ərazidə qışı quraq keçən mülayim-isti və yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Milli Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Burada yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu və s. kimi kol bitkiləri üstünlük təşkil edir.

Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq və s. növlərə rast gəlinir. Ərazidə adları Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmiş qonur ayı, çol qartalı kimi məməli heyvan və quş növləri diqqəti daha çox cəlb edir.

 

0 şərh