Həmcins üzvlər

Həmcins üzvlər eyni üzvlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlərdir. Həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur. Bütün cümlə üzvləri həmcins ola bilər: Sadəlik və təvazökarlıq insana hörmət gətirər.

Həmcins üzvlər bir-birindən vergüllə ayrılır. Həmcins üzvlər arasında və, ilə bağlayıcıları işləndikdə vergül qoyulmur.

Həmcins üzvlər bir-biri ilə ya sadalama intonasiyası, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir.

Yox, deyil sözləri də həmcins xəbər mövqeyində çıxış edir.

Bədii təkrirlər həmcins hesab edilmir.

ÜMUMİLƏŞDİRİCİ SÖZLƏR

Həmcins üzvlərin hamısına aid olan və onları ümumiləşdirən cümlə üzvü ümumiləşdirici söz adlanır.

Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra iki nöqtə qoyulur, ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl tire qoyulur:

  • Dərs ləvazimatı: qələm, dəftər, kitab stolun üstündədir.
  • Qələm, dəftər, kitab — dərs ləvazimatı stolun üstündədir.

Həmcins üzvlərdən əvvəldə işlənən ümumiləşdirici sözdən sonra yəni, məsələn sözləri işləndikdə ümumiləşdirici sözdən sonra vergül, həmin sözlərdən sonra isə iki nöqtə qoyulur.

Həmcins üzvlərdən sonra işlənən ümumiləşdirici sözlə həmcins üzvlər arasında bir sözlə tipli yekunlaşdırıcı sözlər işlənsə, həmcins üzvlərlə yekunlaşdırıcı söz arasında tire işarəsi, ümumiləşdirici sözdən əvvəl isə vergül qoyulur.

HƏMCİNS MÜBTƏDALAR

Müxtəlif şəxslərdə olan həmcins mübtədalardan biri:

  • I şəxsdə olduqda xəbər I şəxsin cəmində olur; Mən və sən gedəcəyik.
  • II və III şəxsdə olduqda xəbər II şəxsin cəmində olur; Sən və o gedəcəksiniz.
  • III şəxsdə olduqda xəbər III şəxsin həm təkində, həm də cəmində ola bilər:
    Elmar və Nigar qalib gəldilər.
    Alma, armud və heyva stolun üstündədir.

Həmcins mübtədalar:

  • insan anlayışı bildirib III şəxsdə olduqda xəbər III şəxsin cəmində olur;
    Müəllimlər söhbət edirlər.
  • heyvan anlayışı bildirdikdə xəbər III şəxsin həm təkində, həm də cəmində olur:
    Fillər mənim dostumdur.
    Durnalar qatarlaşıb uçdular.
  • cansız varlıqları bildirdikdə xəbər III şəxsin təkində olur:
    Ağaclar yaşıllaşdı.

QEYD: Təyinlər iki cür — həmcins və qeyri-həmcins olurlar.

Şəkilçilərin ixtisarı

  • Həmcins mübtədalarda cəm şəkilçisi,
  • həmcins tamamlıqlarda hal şəkilçisi,
  • həmcins xəbərlərdə şəxs şəkilçisi, cəm şəkilçisi idi, imiş hissəcikləri,
  • həmcins üzvlərdən sonra gələn ilə qoşması ixtisar olunur.

 

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

0 şərh