Ədəbi dilin normaları

Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normaları əsasında fəaliyyət göstərən formasıdır, yəni xalq dilinin cilalanmış təzahürüdür. Bu cəhətdən ədəbi dil dialektə qarşı durur və ondan fərqlənir. Ədəbi dil bütün üslubların sistemidir.

Ədəbi dilin yazılı və şifahi formaları var.

Müasir Azərbaycan ədəbi dilinin normaları mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Bu cür normalılıq (normativlik) ədəbi dilin nisbi sabitliyindən, əhatəliliyindən və dilin daxili quruluşunu əks etdirməsindən irəli gəlir.

Dilin daxili quruluşunu onun fonetikası, leksikası (lüğət tərkibi) və qrammatikası təşkil edir. Müasir Azərbaycan ədəbi dilinin normaları da buna uyğundur:

  • fonetik norma (orfoqrafik və orfoepik).
  • leksik, yaxud leksik-semantik norma.
  • qrammatik

Fonetik norma

Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik norma, tələffüz qaydası isə orfoepik norma adlanır.

Fonetik normada dəyişmə gec olur. Orfoepik və orfoqrafik normanın pozulması fonetik normanın pozulması deməkdir.

Leksik norma

Leksik norma hər bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün, yerində işlətməyi tələb edir.

Leksik (leksik-semantik) normanın keyfiyyətini milli leksika müəyyən edir. Alınma sözlərin forma və məzmunca milliləşməsi həmin leksik mühitdə gedir. Fonetik və qrammatik norma ilə müqayisədə leksik normada dəyişkənlik daha tez olur.

Milli leksika (əsl türk sözləri) ədəbi dildə alınma sözlərlə müqayisədə daha fəaldır, yüksək işlənmə tezliyinə malikdir. İkinci yeri milliləşmiş alınma leksika tutur.

Ədəbi dildə söyüşlərə, kobud və loru sözlərə yer verilmir.

Dilimizdə özləşmə meylləri

Özləşmə deyəndə alınma sözlərin yerində millisini işlətmə meyli nəzərdə tutulur. Dilimizdə XX əsrin 60-cı illərindən başlayaraq özləşmə meyilləri müşahidə olunur.

Özləşmə hər cür yeni söz yaradıcılığı demək deyil. Bu proses daha çox mövcud alınma sözlərin işlədilməsi əleyhinə yönəlir və məhz həmin sözlər üçün qarşılıq tapmaq cəhdindən ibarət olur.

Özləşmə üç yolla gedir:

  1. hər hansı yazıçının qədim mənbələrdən, xalq dilindən söz götürməsi və ya mövcud oxşarlıq əsasında söz yaratmasıyolu ilə;
  2. cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı «söz partlayışı» yolu ilə;
  3. türk dillərinin təsiri ilə

Vaxtilə qurultay, bildiriş, görüntü, seçki, ildönümü kimi sözlərin yaranması türkləşdirilmə prosesi ilə bağlı olmuşdur. Son zamanlar isə leksik vahidlər öz qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənir və həmin sözlərin sinonimlik imkanlarını artırır:

duracaq, əyləc (tormoz), saxlanc (maliyyə termini kimi), dönəm (mərhələ), çağdaş (müasir), durum (vəziyyət), yüzillik (əsr), qaynaq (mənbə), özəlləşmə (xüsusiləşmə), soyqırım (genosid) nəfəslik (fortuçka), açıqca (otkrıtka), bölgə (ərazi), çimərlik...

Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da (bunlara dirilən sözlər deyilir) özləşmə prosesinin təsiri ilə baş verir: çavuş, yarlıq, ulu, ulus, dürlü, araşdırma.

Qrammatik norma

Qrammatik norma sözlərin düzgün əlaqələndirilməsidir:

  • Miqdar saylarından sonra gələn isimlər təkdə işlədilir: üç adam, beş şagird (üç adamlar, beş şagirdlər demək yanlışdır). Belə halda qrammatik forma pozulur.
  • Adlara (isim, sifət, say və s.) kəmiyyət, mənsubiyyət, hal, xəbər kateqoriyasının əlaməti (şəkilçisi) ardıcıl artırılır: şagird-lər-iniz-in-dir; dost-lar-mız-dan-am;
  • Fel kökünə təsirlilik, növ, şəkil, şəxs-xəbər əlaməti (şəkilçisi) ardıcıl artırılır: gül-dür-ül-məli-dir; (gərək) yaz-ış-a-q;
    Onlar tez-tez bizə gələrlərdi — cümləsində qrammatik norma pozulub. Çünki idi hissəciyinin şəkilçiləşmiş variantı olan -di sırasını pozub. Bu şəkilçi -lar2 şəkilçisindən əvvəl gəlməli idi.
  • Mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə isə kəmiyyətə görə uzlaşır;Sən müəllim-sən; Onlar şagird-dirlər;
  • Cümlədə əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər gəlir; təyin təyin olunan cümlə üzvünün önündə işlənir; zərflik, əsasən, xəbərdən əvvələ düşür.

Nitq normalarının tarixiliyi

Norma tarixi kateqoriyadır. Məsələn, XX əsrin 30-cu illərinə qədər Azərbaycan ədəbi dilinin fonetikasında sağır nun adlı bir səs var idi, əlifbada xüsusi hərflə göstərilirdi: (H). Bu səs XX əsrin 30-cu illərindən sonra fonetik normativliyini itirdi.

Yaxud bir neçə il bundan əvvəl ədəbi dildə fəal işlənən sosializm, kommunizm, kolxoz, sovxoz və s. kimi sözlər artıq fəal nitq prosesindən çıxmışdır.

Ədəbi dilə aid müəyyən istisnalar da mövcuddur:

  • öz dövrünü keçirmiş nitq vahidləri üslublarda «ilişib» qalır;
  • yeni nitq vahidləri bir müddət normativləşmir.

 

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

 

0 şərh