Omonim sözlər

Çoxmənalı sözlərdə mənalardan biri əsas, digərləri isə ondan törəmə olur. Yəni çoxmənalılıq sözün əsas mənasının məcazlaşması yolu ilə yaranır. Məsələn: ət maşını, minik maşını
Əgər sözün mənaları arasında heç bir bağlılıq yoxdursa, deməli, bunlar ayrı-ayrı leksik vahidlərdir, yəni omonimlərdir. Məsələn: ləpə–su dalğası, ləpə-qoz ləpəsi.
Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
Lüğətlərdə omonimlər ayrı-ayrı sözlər kimi verilir və onların üzərində sıra nömrəsi qoyulur:

  • Divan – oturmaq üçün vasitə;
  • Divan – şeirlər külliyyatı.

Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər ayrı-ayrı mənaları bildirir.
Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər yalnız həqiqi mənada olur.
Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər həm eyni, həm də ayrı-ayrı nitq hissələrinə aid olur.

Aşağıdakı sözlər omonim kimi götürülə bilməz:

1. Ümumi və xüsusi isimlər:

  • çiçək – gül Çiçək – xüsusi ad
  • alim-elm sahibi Alim-xüsusi ad

2. Eyni cür yazılıb, vurğularına görə fərqlənən sözlər:

  • ə’kin (fel) əki’n (isim)
  • a’lın (fel) alı’n (isim)

Belə sözlər omoqraf adlanır.

3. Yazılışı və tələffüzü eyni olan, lakin kökləri müxtəlif olan sözlər:

  • əs-ir ( fel) əsir (isim)
  • daşı (fel) daş-ı (isim)

Belə sözlər omoform adlanır.

4. Xüsusi isimlər:
Araz (çay) Araz (ad)

5. Səslənməsinə görə eyniləşən sözlər:

  • xeyr xeyir
  • mətn mətin

Belə sözlər paronim adlanır.


Dilimizdə elə sözlərə də rast gəlinir ki, həmin sözlər həm çoxmənalı, həm də omonim ola bilir. Məs: boğaz, yar, say, al, at, inci, quru, ağrı, kök, dil, tut, bel, yay, qaş, qol, yol, düz, dolu və s.
Belə sözlərin çoxmənalılığından danışarkən mütləq konkret bir nitq hissəsindən bəhs olunmalıdır. Məs: tut felinin çoxmənalılığından, kök sifətinin çoxmənalılığından. Omonimlərdə isə söz bütöv şəkildə götürülür, sözün mövcud fərqli mənaları məhz sonradan, zərurət yarandıqda, nitq hissələrinə mənsubluğu cəhətdən fərqləndirilir.

Aşağıdakı sözlər daha çox omonim olurlar: ağıl, dəf, cır, zindan, yara, tala, dava, aşıq, qaz, qır, don, balaq, qurd, boylu, boğaz, qol, lil, dolu, ay, küt, yel, dil, bel, çən, şiş, üz, tut, qat, qurum, ləpə, ox, ov, çay.


Qeyd: Dilimizdə elə omonimlər var ki, onun leksik mənaları bir-biri ilə antonimlik təşkil edir: yaman (bir mənası pis – yaman adamdır, digər mənası yaxşı-yaman qızdır ha)
Qeyd: Səslərin uzanması deyilişlə yazılış arasında fərq yaratmadığından nərə-nə:rə, əyan- [ə:yan] tipli səslər omonim hesab olunur.

4 şərh

tenqo

Məqaləni oxudum, amma «yara» sözünün omonim olmağına şübhəm var. Əgər ikinci məna kimi yönlük halda olan yar sözündən söhbət gedirsə, onda bunu omonim saymaq olmaz. Səhv etmirəmsə, omoform gedir bunlar. Qrammatik şəkilçi əlavə olunandan sonra hansısa sözə oxşardırsa, omonimlik yaratmır. Amma ola bilsin başqa mənası da var yara sözünün. Əgər varsa, yazın bilək biz də.

tenqo

Yəqin yaramaq mənasında imiş. Birdən ağlıma gəldi. Üzrlü hesab edin :)

Nicat_66
bir iwe yaramaq menasi bir de ki, yara yeni yarami sari