İsmin adlıq və yiyəlik halları

İsimlər başqa sözlərlə əlaqəyə girərkən bəzi qrammatik şəkilçilər qəbul edərək formaca dəyişə bilir. Bu cür dəyişilmə zamanı cümlədə sözlər arasında əlaqə yaranır. İsimlərin belə dəyişilməsi hallanma adlanır. Dilimizdə ismin altı halı var:
İsmin halı

Söz Hal şəkilçisi Sualı
Adlıq Vətən
kim? nə? hara?
Yiyəlik
Vətənin

-ın4,(-nın4) kimin? nəyin?haranın?
Yönlük
Vətənə

-a2, kimə? nəyə? haraya?
Təsirlik Vətəni
-ı4, (-ı4) kimi? nəyi? haranı?
Yerlik Vətəndə
-da2 kimdə? nədə? harada?
Çıxışlıq Vətəndən
-dan2 kimdən? nədən? haradan?

Adlıq hal

Əsasən kim? (ata) nə?( qəzet) bəzən də hara? (Təbriz) sualını tələb edir.
Lüğətlərdə isimlər adlıq halda verilir. Adlıq halın xüsusi şəkilçisi yoxdur.
Adlıq halda olan isimlər cümlədə daha çox üç mövqedə işlənir:
Mübtəda: Vətən hamımızın baş tacıdır.
Xəbər: Hamımızın baş tacı vətəndir.
Təyin: Daş bina möhkəm olar.
Xitab:Vətən, səndən ötrü can verməyə hazırıq.

Adlıq halda olan isim cəm, mənsubiyyət və şəxs şəkilçiləri qəbul edə bilər. Bu şəkilçilər ayrı-ayrılıqda və eyni zamanda ismin başlanğıc formasına qoşula bilər: kitab-kitablar-kitablarım-kitablarımdır.
Qeyd: Söz birləşməsi və cümlədə olan sifətləşmiş isimlər adlıq halda olur.

Yiyəlik hal

Yiyəlik hallı isimlər özündən sonra gələn sözlərlə əlaqəyə girərək əşyalar, şəxslər arasında aidlik,mənsubluq mənası gətirir.
Xüsusi şəkilçisi: -in4, -nın4
Sualları: kimin? nəyin? haranın?
Yiyəlik hallı isimdən sonra, adətən, mənsubiyyət şəkilçili söz gəlir və söz birləşməsi yaranır. Bu cür söz birləşməsinin birinci tərəfi yiyə (sahib), ikinci tərəfi isə mənsub (aid) olandır:

Yiyəlik (sahiblik) edən Mənsub(aid) olan
Ağacın yarpağı
Müəllimin qələmi
Atanın məsləhəti

Yiyəlik halın iki növü var:
Müəyyənlik bildirən yiyəlik hal.
Qeyri-müəyyənlik bildirən yiyəlik hal.

Yuxarıda verilmiş nümunələr müəyyənlik bildirən yiyəlik hala nümunə ola bilər. Göründüyü kimi, burada hal şəkilçisi mütləq iştirak edir və konkretlik yaradır.Özündən sonra mənsubiyyət şəkilçili söz gələrsə, ayrılıqda cümlə üzvü olmur. Müəyyən yiyəlik halda yalnız xəbər olur: Kitab Ayxanındır. Biz və siz əvəzliklər yiyəlik halda təyin Sizin (hansı?), bizim (hansı?) qızlar sinif, digər əvəzliklər isə tamamlıq ola bilər: Sizin üçün, onun üçün, hamı üçün (kim üçün?) aldım.

Qeyri-müəyyənlik bildirən yiyəlik halın xüsusi şəkilçisi yoxdur; vətən sevgisi, dövlət dili dedikdə qeyri-müəyyənlik olduğu aşkar görünür.Nümunələrdən göründüyü kimi daha çox kim? nə? suallarına cavab verir. Cümlədə bu sualı adlıq halın sualı ilə qarışdırmaq olmaz. Bunun üçün üç əsas məsələyə diqqət etmək lazımdır:
Qeyri-müəyyən yiyəlik halda olan ismə asanlıqla kimin? nəyin? sualını vermək olur: müəllim (nə? kimin?) məsləhəti.
Qeyri-müəyyən yiyəlik halda işlənən isim ayrılıqda cümlə üzvü olmur. Özündən sonra gələn III şəxsin təki mənsubiyyət şəkilçili sözlə məna və qrammatik cəhətdən birləşərək bir suala cavab verir: Ata məsləhəti (nə?) faydasız olmaz.
Nümunədən göründüyü kimi, adlıq halda olan isim cümlədə fellə əlaqəyə girir. Qeyri-müəyyən yiyəlik halda olan isim isə mənsubiyyət şəkilçili sözlə.

Qeyd: Müəyyənlik bildirən yiyəlik haldan fərqli olaraq, qeyri-müəyyən yiyəlik hal ayrılıqda cümlə üzvü ola bilmir.
Yiyəlik halın şəkilçisi ilə II şəxs təkinin mənsubiyyət şəkilçisi omonimdir. Fərqləndirmək üçün:

Yadda saxla!
Yiyəlik hallı isim digər hallarda olduğu kimi ikinci dəfə hallana bilmir. Mənsubiyyət şəkiliçisi isə qəbul edir. Sənin kitabın-kitabını-kitabında-kitabından və s.
Mənsubiyyət şəkilçili sözün əvvəlinə sənin əvəzliyini əlavə etmək olar: Kitabın məndədir. Sənin kitabın məndədir.

 

7 şərh

ayxansevda
 "Yiyəlik hallı isim digər hallarda olduğu kimi ikinci dəfə hallana bilmir.Mənsubiyyət şəkiliçisi isə qəbul edir məs: sənin kitabın sənin kitabını. burda kitab-ın -ı  yəni ı mənsubiyyət sonra təsirlik haldı" hansı isim və hansı halda ikinci dəfə hallana bilir ki? ümumiyyətlə isimdə kateqoriyaalar üzrə 1. cəm 2. mənsubiyyət 3.hal 4. xəbərlik şəkilçisi qəbul edir. məs: kitab-lar-im-da-dır. 
heyatin-ellerinde
dialektlerimizde islenen obasdandan sozu(erken,tezden demekdir) iki defe cixisliq hal sekilcisi qebul edir.Bu soz mence artiq umumislek seviyyesine gelir cunki cox yerde islenir artiq. 
ayxansevda
onda güldan sözündə güldandan deyəndə iki dəfə çıxışlıq hal şəkilçisi hesab olunur? elə deyil hal şəkilçisi bir sözdə  bir dəfə ola bilər 
heyatin-ellerinde
İstisnaları unutmayın.

Məsələn  bizimkindən, sizinkindən… Burada «bizim» sözündəki «im » yiyəlik hal, " dən " isə çıxışlıq hal şəkilçisidir.

O ki qaldı " obaşdandan" sözünə, mən qeyd etmişdim axı bu söz dialektlərdə işlənir və dildə xüsusi istisnadır.
müasir ədəbi dillə çox da əlaqələndirilməməlidir

Buradakı 1ci " dan " şəkilçisi sizin qeyd etdiyiniz " dan " şəkilçisi deyil. Sizin dediyiniz sadəcə bu şəkilçinin omonimliyidir. Çünki bu sözün kökü «obaş» yəni «tezdən» sözüdür. «obaşdan » yəni «tezdəndən ». Bu sözün məhz yenidən çıxışlıq hal şəkilçisi qəbul etməsi, dilçilikdə demək olar ki, yeganə nümünədir.
babayeva_sabina
ayxansevda seninle eyni fikirdeyəm
güldan sözündə birinci dan leksik şəkilçi
ikinci dan çıxışlıq hal şəkilçisidir
heyatin-ellerinde
Mən də bu fikirlə razıyam çünki düzgündür, amma diqqətlə fikir verin söhbət güldan sözündən getmir. " Obaşdandan " və bir sözün iki dəfə hal şəkilçisi qəbul etməsindən gedir.

heyatin-ellerinde
Dil istisnalarla zəngindir və sadəcə bir fikri deyib üstündə durmaq olmaz. İstisnalar öyrənilməlidir