Azərbaycan kulinariyasında işlənən dadlandırıcılar

Xörəyin dadını, rəngini və ətrini dəyişdirmək üçün Azərbaycan kulinariyasında müxtəlif məhsullardan istifadə edirlər. Bunlardan ən çox işlənəni aşağıdakılardır:

Abqora – kal üzümün sızılmış suyundan hazırlanır. Müxtəlif cür xəmir xörəklərinə və kalorili xörəklərdə dadlandırıcı kimi istifadə edilir.

Albuxara – girdə, çəyirdəkli, açıq sarı, meyxoş təmli meyvədir. Albuxara bağ gavalısının bir növüdür. Azərbaycan kulinariyasında ət xörəklərində istifadə edilir.

Alça – növündən asılı olmayaraq qurudulmuşu, xörəklərə turşməzə dad vermək üçün istifadə edilir.

Sumaq – Azərbaycanın cənub bölgəsində yabanı və mədəni şəkildə bitən kol meyvəsinin bitkisidir. Quru və üyüdülmüş halda istifadə edilir. Ən çox kabablara dadlandırıcı kimi vurulur.

Nar – kulinariyada həm dənələrindən, həm də suyundan istifadə edilir. Sıxılmış suyu ağır yeməklərin yanında, sousu isə balıqla birlikdə süfrəyə verilir.

Zoğal – Azərbaycan xörəklərinə turş dad vermək üçün işlədilir. Sousu balıq yeməklərinin yanında istifadə edilir.

Ərik qurusu – kulinariyada iri və şirin əriyin qurusundan istifadə edilir. Plovlarda, salatlarda istifadə edilir.

Lavaşana – alça, sumax, zoğal və sair meyvələrin şirəsindən hazırlanır. Həmin meyvələrin şirəsi nazik lavaş şəklində qurudulur, qutab və xəmir xörəklərində istifadə edilir.

Limon duzu – qoxusuz turşu olduğuna görə bəzi xörəklərə sirkə əvəzinə vurulur. Kompotlarda, mürəbbələrdə və unlu şirniyyatlarda işlənir.

Narşərab – qaynadılmış nar şirəsidir. Turşaşirin dad verir, şərq kulinariyasında ət və balıq xörəklərinin hazırlanmasında istifadə edilir.

Sirkə – bir çox xörək və qəlyanaltılar üçün əvəzedilməz təmli məhsuldur. Sirkə yeməyə tökülməzdən əvvəl suya qatılmalıdır. Uşaqların yediyi yeməklərə sirkə əlavə etmək düzgün hesab edilmir.

0 şərh