Kələfir

Milli ensiklopediyamızda adı “Kalapir”, “Kələfir” qeyd olunmuş xörək növü bölgələrimizdə toy-bayram süfrələrinin belə bəzəyidir. Klassik reseptində mal və ya qoyun ətinin müxtəlif hissələrindən tikə ət və soğandan başqa bir ərzağı yoxdur. Yeməyə bişdikdə azca su qatılır. Yanında sarımsaqlı qatıq verilir.

Biz isə daha dadlı və görünüşü gözəl olsun deyə, pomidor və bibər əlavəli reseptini təqdim edirik. Hazırda restoranda bu reseptlə daha çox bəyənilir. Tərəvəzlər yeməyin dadını az da olsa fərqləndirir.

Ərzaqlar:
Qoyun və ya mal əti tikə — 250 qr.
Baş soğan böyük -1 ədəd
Bibər -2 ədəd
Pomidor – 2 ədəd
Bulyon və adi su – 400 ml.

Hazırlanması:
Ət tikələnir, soğan nazik doğranılır. Tərəvəzlər iri hissələrə bölünür. Qazana tikələr qoyulur, üzərinə bir çömçə bulyon (və ya adi su) əlavə olunur, duzlanır. Sonra soğan düzülüb bişirilir. Hazır olmağa 15 dəqiqə qalmış bibər və pomidorlar düzülür. Yarım kəfkir bulyon əlavə olunur. Vam odda bişir.
Su tam azalmalıdır. Yeməyin ümumi bişmə vaxtı 1,5 saat çəkir. Süfrəyə sarımsaqlı qatıqla verilir. Nuş olsun!

sufrem.az

0 şərh