Cız-bız

Ərzaqlar:
  • Qoyun içalatı (ağciyər, qaraciyər, böyrək, ürək, bağırsaqlar)
  • Kartof – 1 kq.
  • Soğan – 2-3 baş
  • Pomidor – zövqə görə
  • Quyruq (yoxdursa, yağla əvəz etməli)
  • Duz-istiot.

Hazırlanması:
İçalat yaxşıca yuyulur, doğranılır, duz-istiot vurulub birlikdə qovrulur. Əgər bağırsaq da vuracaqsınızsa, o zaman onları daha diqqətlə və bol su ilə yumaq lazımdır.

Yeməyi kərə yağı ilə deyil, quyruqla bişirəcəksinizsə, onda quyruğu da xırda-xırda doğrayıb yuyursunuz. Tavaya töküb qovurursunuz. Quyruqlar qızardıqca “cız-bız” etdiyi üçün yeməyimizin adı da oradan götürülüb.

Sonra tavaya içalatı əlavə edirik, qovurub qızardırıq. Soğan və kartof soyulur, doğranılır. Başqa tavada soğanla kartof qızardılır. Hazır olandan sonra içalatın üzərinə tökülür, bir qədər də birlikdə qızardılır.

Süfrəyə verərkən zövqdən asılı olaraq, üzərinə göyərti səpmək, nar dənələri tökmək olar. Həmçinin yeməyin yanında ayrıca qızardılmış pomidorlar vermək, onu daha da ləzzətli edər. Nuş olsun!

0 şərh