Soğan bozbaşı

Dünyanın zəngin və dadlı mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin qədim yeməklərindən hesab edilən “Soğan bozbaşı” zəngin tərkibi və fərqli ləzzəti ilə illərdir evlərimizin qış süfrələrini bəzəyir.

Bu xörəyin qış mövsümünə xas olan meyvə və tərəvəzlərlə hazırlanması bir çox xanımların tərkibi vitaminlərlə zəngin və bəzən də uşaqlar tərəfindən sevilməyən qida məhsullarını bişirmək üçün bir bəhanədir. İstəyə görə su və yaxud ət bulyonu ilə hazırlanan yemeyimiz üçün aşağıdakı məhsullar lazımdır.

Lazım olan ərzaqlar:
– 4 ədəd böyük soğan
– 2 ədəd kartof
– 1 ədəd heyva
– 7-8 ədəd şabalıd
– 2 xörək qaşığı yumru düyü
– yarım stəkan qaragöz lobya
– 2 yumurta
– su və ya ət bulyonu
– yağ
– duz
– sarıkök
– quru nanə.

Hazırlanması:
Əvvəlcə lobyanı suda yumşalana qədər qaynadıb suyunu süzürük. Qıraqda şabalıdı qaynadırıq və qaynadılmış şabalıdın qabığını təmizləyirik. İlk öncə kartofu kub şəklində, daha sonra heyvanı xırda-xırda doğrayırıq.

Soğanları yarımhalqa şəklində nazik doğrayıb kərə yağında tam yumuşalıb rəngi qızarana qədər bişiririk. Qazanda 1 litrə qədər suyu qaynadıb qızarmış soğanları əlavə edirik. Daha sonra heyva, lobya və şabalıdı da bişməkdə olan şorbaya əlavə edirik. Kartof və düyünü yumuşalana qədər xörəyi bişiririk.

Şorba bişdikdən sonra yumurtaları ayrı bir qabda çalıb isti-isti şorbanın üzərinə tökürük. Süfrəyə verdikdə üzərinə quru nanə səpməyi unutmayın. Nuş olsun!

Hazırladı: Mujgan Hasanlı
«Züleyxa» jurnalı
 

0 şərh