Dovğa və Xəmraşı

Sizlərə Azərbaycan mətbəxinin ən dadlı yeməklərindan olan Dovğa və Xəmraşı barədə, və onların necə hazırlanması qaydalarından danışacayıq. Ümüd edirik ki, yeməklərinizi hazırlamaqda sizə köməyi olacaq.
Dovğa-(1 litr qatıq, 1 litr su (0.5 litr toyuq bulyonu+0,5 litr su daha ləzzətli olur), 100 gr çiy düyü, 1 yumurta, Təzə göyərti (100 qram) - keşniş, şuyud, kəvər, təzə (yaşıl) sarımsaq, Bir ovuc noxud).
Qöyərtini yaxşıca yuyun. Kəvəri və başqa göylərin saplaqlarını ayrıca seçib narın doğrayın (bunlar daha gec bişir). Göyərtinin qalan hissəsini də doğrayıb başqa qaba yığın. Düyünü yuyub qazana tökün (qazan böyük olmalıdır), yumurtanı vurub yaxşıca çalın. Qatığı və su ilə qarışmış bulyonu əlavə edib qarışdırın, qoyun orta odun üstünə. Qatıq çürüməmək üçün, qaynayanacan arası kəsilmədən qarışdırın. Sonra düyünün bişməsini yoxlayın. Düyü bişənə yaxın, kəvərlə başqa göyərtinin saplaqlarını, varsa göy sarımsağı əlavə edib 2-3 dəqiqə qaynadın. Sonra qalan göyərtini əlavə edib qazanı plitədən götürünDiqqət edin ki, duz ancaq dovğa bişəndən sonra əlavə olunur, çünki dovğanı çürüdə bilər. Qatıqla su arasında nisbət haqqında qeyd edim ki, qatıq nə qədər qatıdırsa, su o qədər çox əlavə olunmalıdır. Qatığı yalnız su ilə də açmaq olar. Ancaq bulyon əlavə edəndə daha dadlı olur. Dovğaya bişmiş noxud da əlavə etmək olar. Dovğa süfrəyə soyuq halda verilir. Yağlı Azərbaycan plovundan sonra isə onun xüsusi ləzzəti var.Azərbaycanın qərb zonasında dovğa su və ya bulyon qatılmadan bişirilir. Belə dovğa qatı olur və ona düyünü ayrıca suda bişirib əlavə edirlər. Bu cür dovğaya göyərtidən - ispanaq, şüyüd, nanə və kişniş qatılır. Kişnişin miqdarı nisbətən az olmalıdır ki, dovğaya acılıq verməsin. Belə dovğa da yuxarıdakı texnologiya ilə bişirilir və ona noxud əlavə olunmur.


Xəmraşı(əriştə)-(Xəmir, Un, 1 yumurta, Su, Duz)

Bu şorbanı adətən mal və qoyun ətinin bulyonu əsasında hazırlayırlar. Mal və ya qoyun ətinin qiyməsinə duz və istiot qatılır, xırda küftəciklər hazırlanır və suda bişirilir. Bulyonun kəfi yığılır və süzgəcdən keçirilir. Bulyon şəffav olmalıdır. Mən adətən toyuq bulyonuna üstünlük verirəm. Əgər hazır əriştəniz varsa, şorbanın hazırlanması çox asandir. Əgər hazır əriştə yoxdursa, onda adi düşbərə xəmiri yoğurub, 2-3 mm qalınlığında yayın və əriştə kəsin. Sonra əriştə dəsmalın üstünə səpələnir və 1 gün qurudulur. Əriştəni və bulyonu hazırlayın, bir ovuc "bül-bül göz, qara göz" lobya bişirin.Əgər bulyon toyuqdandırsa, onda xəmraşida toyuq tikələri olmalıdır. Toyuq bişəndən sonra onu sümükdən ayırın və parçalara xırdalayın. Bulyonu qaynadın və qaynayan kimi 5-6 saplaq zə'fəran atın. 3 dəqiqə qaynadıqdan sonra əriştəni əlavə edin. Adi şorba ilə müqayisədə əriştə daha çox olmalıdır, ancaq o dərəcədə yox ki, bulyonu tamamilə özünə çəksin. Mən bir toyuğun bulyonuna 4-5 porsiya hazır əriştəni (şəkildəki kimi) əlavə edirəm. Əriştə bişən kimi, toyuğu və lobyanı bulyona qatın. Şorba hazırdır. Süfrəyə xəmraşı isti verilir və üstünə mütləq quru nanə tökülür.Orijinal xəmraşını, qeyd etdiyim kimi, xirda küftəciklərlə hazyrlayırlar. Süfrəyə verəndə küftəcikləri və lobyani əlavə edin. Xəmraşini sarmısaqlı sirkə ilə də süfrəyə vermək olar.

Mənbə: azerifood.com saytına istinadən hazırlanmışdır.
 

0 şərh