1905-1906-cı illərdə mətbuat

1905-ci ildən başlayaraq, Bakıda mətbuat sürətlə inkişafa başladı. Şübhəsiz ki, bu işdə çarın 17 oktyabr tarixli manifesti az rol oynamamışdı. Mətbuat sahəsində senzura qismən zəifləmişdi. Bu illərdə Bakıda 63-ə qədər qəzet və jurnal çap olunurdu ki, bundan yalnız bir neçəsi Bakıdan xaricdə nəşr olunurdu. Qəzetlərdən çoxunun ömrü qısa olsa da elə qəzetlər vardı ki, istər ölkə daxilində və istərsə də xarici ölkələrdə öz yüksək professionallığı və intellektuallığı ilə özünə çoxlu abunəçilər toplaya bilmişdilər. Məsələn, «Molla Nəsrəddin» məcmuəsi Uzaq və Yaxın Şərqdə geniş yayılırdı. Habelə «Füyuzat» məcmuəsi, «Həyat» və "İrşad" qəzetlərinə də  Şərq ölkələrində  çoxlu abunəçi tapılmışdı. Savadsız  abunəçilər «Molla Nəsrəddin» məcmuəsini bəzən onun səhifələrində çap edilən kəskin siyasi karikaturalarına görə alırdılar.
H. Z. Tağıyev «Kaspi» qəzetini pulla almış və Türkiyədən çoxlu hürufat gətirdərək qəzetin nəşrini davam etdirmişdi. Bundan başqa Bakıda iki əsas nəşriyyat yaranmışdı. Bunlardan biri Oruc, Qənbər, Abuzər Orucov qardaşlarının, o biri isə Haşımbəy Vəzirovun nəşriyyatı idi. Hər iki nəşriyyatın özünün xüsusi mətbəəsi vardı. Orucov qardaşlarının elektrik mətbəəsi daha təkmilləşmiş mətbəə idi. Burada hər cür mətbəə maşınları mövcuddu. Qəzetlərdən çoxu Bakı milyonçularının imtiyazı ilə çıxırdı. Məsələn, Tağıyev «Kaspi»  qəzetindən  başqa «Füyuzat»  məcmuəsi  və  «Təzə  həyat»  qəzetinin  də imtiyaz sahibi idi. İsabəy Aşurbəyov «Hümmətçilərin» bir neçə mətbuat orqanını, "İrşad" qəzetini və "Şəlalə" məcmuəsini maliyyələşdirirdi. «Tərəqqi»  qəzeti milyonçu Murtuza Muxtarovun vəsaiti ilə çap olunurdu.
Bir tərəfdən mətbuat azadlığı, o biri tərəfdən onların nəşri üçün maliyyə-pul vəsaitinin olması Bakıda jurnalistlərin sayını xeyli artırmışdı. Hətta Turkiyədən, İrandan və Krımdan da jurnalistlər gələrək, Bakı qəzetlərində işləyirdilər. Qəzet və məcmuələrdən əlavə mətbəələrdə kiçik tirajlarla olsa da Azərbaycan yazıçılarının əsərləri kitab şəklində çap edilib yayılırdı.
Azərbaycanda çap edilən qəzet və məcmuələrin siyahısını 1918-1919-cu illərin görkəmli mühərriri Mirzəbala Məmmədzadə «Azərbaycan türk mətbuatı» adlı əsərində çox yığcam şəkildə vermişdir.
1905-ci ildə Azərbaycan dilində çıxan ilk qəzet «Həyat» oldu. Bu təzetin birinci nömrəsi 1905-ci il iyun ayının 7-də çıxmışdı. Qəzet Topçubaşovun imtiyazı, Əhmədbəy Ağayev və Əlibəy Hüseynzadənin müdirliyi ilə çap olunurdu. Bir müddətdən sonra Əhmədbəy Ağayev qəzetdən gedir və qəzet 1906-cı ilin payızınadək Əlibəy Hüseynzadənin müdirliyi ilə çıxır. «Həyat»ın səhifələrində dövrün qabaqcıl ziyalılarından Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Nəcəf bəy Vəzirov, Ə. B. Haqverdiyev, Həsən Səbri Ayvazov, Məhəmməd Hadi, Mehdibəy Hacınski, görkəmli ruhanilərdən Axund Mirzə Abu Turab, Axund Molla Ələkbər və başqaları çıxış edirdilər.
Məlum olduğu üzrə o dövrlərdə xarici xəbərləri çap etmək bütün yerli türk qəzetlərinə qadağan edilmişdi. Vaxtı ilə "Əkinçi" qəzeti səhifələrində də dünya xəbərlərini yayınlamağa H. Zərdabiyə icazə verilməmişdi. «Həyat» qəzeti isə dünya xəbərlərini müntəzəm olaraq dərc edirdi.
"İrşad" qəzeti. — Əhmədbəy Ağayev «Həyat» qəzetindən gedəndən sonra "İrşad" adlı yeni bir qəzet çıxarmağa başlayır. "İrşad" siyasi, ictimai, iqtisadi və elmi bir qəzet idi. Əhmədbəy Ağayev dövrünun görkəmli ədib və mühərrirlərini qəzet ətrafına toplaya bilmişdi. Bunlardan Haşımbəy Vəzirovu, M. Ə. Rəsulzadəni, Üzeyir bəy Hacıbəylini, Ə. A. Müznibi və başqalarını göstərmək olar. Qəzet birinci il həftədə üç dəfə, ikinci il həftədə 4 dəfə və bəzi hallarda isə həftədə 5 dəfə çıxırdı. «Tərəqqi» qəzeti. — "İrşad" qəzeti bağlandıqdan sonra Əhmədbəy Ağayev tərəfindən  çıxarılırdı.  Birinci  nömrəsi  1908-ci  il  iyun  ayının  3-də  çıxmışdır. İmtiyaz sahibi M. Muxtarov idi. Qəzetin adı «Tərəqqi» sözünün altında «Hürriyyət, müsavat, ədalət» sözləri yazılmışdı. Siyasi, ədəbi, ictimai və iqtisadi bir qəzet idi. «Tərəqqi» əvvəllər həftədə 5 dəfə, ilin axırına doğru gündəlik çıxırdı. Əhməd bəy Ağayev İstanbula gedir, qəzet də bir müddətdən sonra bağlanır. Bundan sonra Muxtarov «Tərəqqi» mətbəəsini alıb Haşım bəy Vəzirovun sərəncamına vermişdi.
"Füyuzat" məcmuəsi. — «Həyat» qəzeti bağlandıqdan sonra Əlibəy bu məcmuənin nəşrinə başlamışdı. İlk nömrəsi 1906-cı il 1 noyabrda çıxmışdır.İmtiyaz sahibi H. Z. Tağıyev idi. Ədəbi, siyasi, fənni və ictimai həftəlik məcmuə idi. Onun səhifələrində əsasən Ə. B. Hüseynzadə özü, M. Hadi, Abbas Səhhət, Əhməd Kamal, M. Ə. Rəsulzadə, Sabir, Həsən Səbri Ayvazov və başqaları çıxış edirdilər. Məcmuənin nəşri 1 noyabr 1907-ci ilədək davam etmişdir.
"Dəbistan" məcmuəsi. — Məktəblilər üçün idi. Birinci nömrəsi 1906-cı ildə çıxmışdır.  Məcmuənin  səhifələrində  o  dövrun  görkəmli  müəllimləri  iştirak edirdilər. Naşiri Məhəmməd Həsənbəy, mühərriri isə Əliİskəndər Cəfərzadə idi. Məcmuə 1908-ci il martın 10-dək davam etmişdir. Lakin çapa başlandığı gündən məcmuənin sayı ildən-ilə azalırdı. Məsələn, birinci il 18 nömrə, ikinci il, yəni 1907-ci ildə 7 nömrə çıxmışdısa, üçüncü ildə — 1908-ci ildə cəmi 2 nömrə çıxmışdı. «Təkamül»  qəzeti.   —  Həftəlik  sosialist  qəzeti  idi.  1906-cı  ildən  nəşrə başlayıb və həmin ildə də bağlanıb. Qəzetdə iştirak edən mühərrirlər: Soltan Məcid Əfəndizadə, M. Ə. Rəsulzadə, Seyid Musəvi, Əsədulla Axundov və başqaları idi.
«Molla Nəsrəddin» məcmuəsi. — 1906-cı ildə  Tiflisdə  çap  olunmağa başlayan siyasi, ictimai, ədəbi, satirik məcmuə idi. 1915-ci ilədək müntəzəm çıxmışdır. Ondan sonra məcmuənin nəşri dayandırılmış, sonra təzədən çıxmışdı. 1920-ci ildə Təbriz şəhərində 8 nömrəsi çıxmışdır. Nəşri Sovet hakimiyyəti illərində də davam etmişdir.
«Təzə həyat» qəzeti. Birinci nömrəsi 1907-ci il 1 apreldə çıxmışdır. Naşiri H. Z. Tağıyev, mühərriri isə Haşımbəy Vəzirov idi. Gündəlik ədəbi, siyasi qəzet idi. 1908-ci il 7 oktyabrda hökümət tərəfindən bağlanmışdır. Qəzetin səhifələrində   Haşımbəy   Vəzirov,   Seyid   Hüseyn   Sadiq,   Əliabbas   Müznib,Məhəmməd Hadi, Hacı İbrahim Qasımov və başqaları çıxış edirdilər.
"Bəhlul" məzhəkə məcmuəsi. — Ömrü çox qısa olmuş məcmuələrdən biridir. 1906-cı ildə çap olunmağa başlamış, bir-iki nömrə çıxandan sonra bağlanmışdır. Müdiri Ələsgər Əliyev idi.
"İttifaq" qəzeti. — Bu qəzet «Təzə həyat» qəzeti bağlandıqdan sonra Haşımbəy Vəzirov tərəfindən buraxılmışdır. Qəzet artıq «Kaspi» mətbəəsində deyil, yeni təşkil olunmuş Orucov qardaşları mətbəəsində nəşr edilirdi. Qəzetin birinci  nömrəsi  1908-ci  il  dekabrın  1-də  çıxmışdı.  1909-cu  ildə  isə  hökümət tərəfindən bağlanmışdı. Qəribə idi ki, qəzetin mühərriri H. B. Vəzirovu cəzalandırmaq əvəzinə Rəşid bəy Yusifzadə Türküstana sürgün edilmişdi.
"Dəvət-Qoç" qəzeti. Azərbaycan və erməni dillərində çıxırdı. Qəzet əsas etibarilə erməni-müsəlman qırğınının qarşısını almaq uğrunda mübarizə aparırdı. Qəzet İsabəy Aşurbəylinin müdirliyi altında çıxsa da qəzetin təşkilində mühüm rolu Mir Həsən Mövsümov oynamışdı. Qəzetin səhifələrində onun bir sıra felyetonları dərc edilmişdi.
"Zənbur" məzhəkə məcmuəsi. — Həftədə bir dəfə şəkilli çıxırdı. Birinci nömrəsi 1906-cı il 13 martda çıxmışdır. Naşiri Əbdülxalıq Axundov idi. Birinci ilin ikinci yarısında məcmuəyə Əzim Əzimzadə müdirlik etmişdir. 1907-ci ildə Əzimzadəni knyaz Murtuz Palavandov əvəz etmişdir. 1967-ci il iyun ayının 25-dən məcmuənin baş mühərriri Əliabbas Müznib olmuşdur.
"Rəhbər" məcmuəsi. — Birinci nömrəsi 1906-cı ildə buraxılmışdı. Aylıq məcmuə idi. Məcmuənin naşiri və müdiri müəllim Mahmudbəy Mahmudbəyov idi. Cəmi 3-4 nömrə çıxmışdır. Ən fəal müəlliflər Mirzə Ələkbər Sabir ilə Abbas Səhhət idi.

RUS DİLİNDƏ MƏTBUAT


 «Baku» qəzeti. — 1902-ci ildən çıxırdı. 1907-ci il 20 apreldə Bakı qradonaçalniki Konevski tərəfindən bağlanmışdır.
«Bakinskaya izvestiya» adı altında 1876-cı ildən başlayaraq müxtəlif zamanlarda eyni adda üç qəzet çıxmışdır: 1. Rusiya texnika cəmiyyəti Bakı şöbəsinin həftədə iki dəfə çıxan qəzeti (Redaktor və naşiri V. Neruçev idi). 1876- 87-ci illərdə çap edilmişdir. 2. Gündəlik ictimai, siyasi və ədəbi qəzet idi. 1902- 1907-ci illərdə çap edilirdi. (Naşiri və redaktoru Qrinyov və başqaları idi). 3. Gundəlik axşam qəzeti idi. 1915-ci ildən çıxırdı. (Redaktoru Koçarov idi).
«Mayaq» — həftəlik dənizçilik, ticarət və sənaye və ədəbi qəzet idi.
«Yakor» gündəlik, ictimai, siyasi ədəbi qəzet idi. Birinci nömrəsi 1906-cı il 1 yanvarda çıxıb.
«Qafqazskoye slovo» gündəlik ictimai, siyasi, iqtisadi və ədəbi qəzet idi.
«Bakinskaya jizn» gündəlik ictimai, siyasi, ədəbi qəzet idi. Birinci nömrəsi 1906-cı il 13 yanvarda çıxıb. Həmin ilin 12 martında bağlanıb.
«Bakinskiye otqoloski» gündəlik qəzet idi. Birinci nömrəsi 1906-cı il 25 yanvarda çıxmışdır.
«Trud» gündəlik qəzet idi. İlk nömrəsi 1906-cı il 14 apreldə çıxıb. Sənaye və kənd təsərrüfatı fəhlələrinin mənafeyini qorumağı öz qarşısına məqsəd qoymuşdu.
«Trudovaya  jizn»  qəzetinin  ilk  nömrəsi  1906-cı  il  11  iyunda,  26-cı
nömrəsi isə 12 iyulda çıxmış və sonra general-qubernator Fadeyev tərəfindən bağlanmışdır.
«Prizıv» axşam qəzeti idi. Fəhlə sinfinin mənafeyini qorumağı öz qarşısına məqsəd qoymuşdu. İlk nömrəsi 1906-cı il 12 iyunda, 3-cü nömrəsi isə həmin ilin 14 iyulunda çıxmışdır.
«Bakinskaya qazeta» — gündəlik qəzet idi. Sənaye və  kənd təsərrüfatı fəhlələrinin mənafeyini qoruyurdu. İlk nömrəsi 1906-cı ilin 13 iyulunda çıxmış və bununla da qəzet öz fəaliyyətinə son qoymuşdu.
«Bakinets» qəzeti həftəlik ictimai, siyasi, ədəbi qəzet idi. 1907-ci ildən çap edilməyə başlamış, 1920-ci ilədək davam etmişdir.
«Bakinski raboçi» qəzeti neft sənayesi fəhlələrinin həftəlik ictimai, siyasi, ədəbi orqanı idi. İlk nömrəsi 1906-cı ildə gizli şəraitdə çap olunmuşdur. Lakin polis təqibləri nəticəsində sonrakı nömrələri çıxmamışdır. 1908-ci ilin 6 sentyabrından həftəlik qəzet kimi təzədən leqal çap edilməyə başlamışdır. 1908-ci ilin oktyabrında hökümət tərəfindən bağlanmışdır. 1917-ci ilin 22 aprelindən RSDFP-nın Bakı komitəsinin orqanı kimi yenidən çap edilməyə başlamışdır. Qəzetin axırıncı 267-ci nömrəsi (Bakıda Sovet hakimiyyəti devrildikdən sonra) 1918-ci ilin 11 avqustunda gizli şəraitdə çap edilmişdir. 1920-ci il iyulun 15-dən «Azerbaydjanskaya bednota» adı ilə öz nəşrini davam etdirmişdir. 1920-ci il noyabrın 7-dən təzədən «Bakinski raboçi» adı ilə çıxmağa başlamışdır.
«Bakinski dosuq» — 1906-cı il 18 dekabrdan 1907-ci il martın 12-dən çıxan həftəlik menşevik qəzeti idi.
«Nabat» — təxminən 1906-cı ilin mart-aprel aylarında cəmi iki nömrə çıxmış tələbə demokrat təşkilatının inqilabi məcmuəsi idi. Lakin onun nüsxələrindən heç biri bizə gəlib çatmamışdır
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
 

0 şərh