Qarabağda erməni separatizminə qarşı mübarizə

Xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəldi. O, çox çətin şəraitdə fəaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı 23 ay müddətində gənc dövlət böyük işlər gördü. Ölkənin ərazi bütövlüyünü qoruyub saxladı.
Erməni millətçiləri AXC yarandıqdan sonra Zəngəzur və Qarabağı ələ keçirməyə çalışırdı. Ancaq Azərbaycan hökumətinin barışmaz mövqeyi onların planlarını pozdu. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər)
Şuşanın erməni separatçıları tərəfindən zəbt edilmiş qala hissəsi çətin bir mübarizədən sonra təmizləndi. Azərbaycan hökuməti özünün ərazi bütövlüyünü qorumaq üçün Yuxarı Qarabağda erməni separatizminin qarşısını aldı.
Bu zaman Qafqaz İslam Ordusunun komandanı Nuru paşa, hərbçi generallar Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Həbib bəy Səlimov xüsusi xidmətlər göstərdilər.
1920-ci il mayın 1-də 11-ci Qırmızı Ordu hissələri Gəncəyə daxil oldu. Lakin Gəncə quberniyasında sovet hakimiyyəti güclü müqavimət hərəkatı ilə üzləşdi. Gəncədə, Qarabağda və digər bölgələrdə sovet bolşevik işğalına qarşı üsyanlar baş verdi. 11-ci ordu hissələri bu üsyanları amansızlıqla yatırdı. Sovet hakimiyyəti bərpa olundu. Gəncə quberniyası ləğv edildi. Bolşeviklər Qarabağda yuva salmış erməni quldur dəstələrinin bilavasitə köməyi ilə Qarabağ general-qubernatorluğunu ləğv etdi.
Öz vətənini və xalqını böyük məhəbbətlə sevən X.Sultanov vətənpərvərlik hisslərindən çıxış edərək istefa verdi. Sultan bəy Sultanovun başçılıq etdiyi müqavimət hərəkatı və Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusu Şuşanı 11-ci ordunun silahlı dəstələrindən təmizləyə bildi. Lakin Yuxarı Qarabağa gətirilmiş ordu hissələri iyunun 15-də Şuşada da Sovet hökumətini bərqərar etdi.

Müəllif: Qasım Hacıyev, Əyyub Əbdüləzimov
Mənbə: QARABAĞ TARİXİ 7-ci sinif

0 şərh