Qafqaz Albaniyası

E. ə. IV əsrdə Azərbaycanın Araz sayından şimalda yerləşən torpaqlarında yaşayan və qədim türk söylarından biri olan Albanlar öz dövlətlərini qurmuşdular. Hələ e. ə. V əsrdə Herodot Araz çayından şimaldakı torpaqlarda kaspi adlı Alban tayfasının yaşaması haqqında məlumat vermişdir. Kaspilər fars-yunan müharibələrində piyada və atlı döyüşçülər kimi iştirak etmişdilər. E. ə. 331-ci il Qavqamela döyüşündə Əhəməni ordusımun tərkibində alban döyüşçülərindən ibarət bir hərbi dəstə Makedoniyalı İsgəndərə qarşı vuruşmuşdu.

Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə Alban hökmdarlığının mövcud olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir. Plini İsgəndərin e. ə. 327-ci ilə düşən Hindistan yürüşü zamanı Alban çarının ona iki dəfə qeyri-adi böyüklükdə köpək bağışlaması haqqında məlumat vermişdir. Bu məlumat e. ə. IV əsrin II yarısında Azərbaycanın şimalında Alban dövlətçiliyinin mövcudluğundan xəbər verir.

E. ə. IV-III əsrlərdə Albaniyanı idarə etmiş hökmdarların adları tarixdə qalmamışdır. Buna baxmayaraq e. ə. III əsrdə Makedoniyalı İsgəndərin pullarına oxşar yerli gümüş alban pullarının kəsilməsi, üzərində müxtəlif süjetlərin əks olunduğu üzük formalı möhürlərdən istifadə olunması dövlətin mövcudluğundan xəbər verirdi. Dövlət sənədlərini təsdiq etmək üçün hökmdarların daşıdıqları belə möhürlərdən bizim eranın III əsrinədək istifadə olunmuşdur. Qədim Alban dövlətinin paytaxtı Qəbələ şəhəri idi.

Ərazisi əhalisi və təsərrüfat həyatı. Antik yunan müəllifi Strabona görə albanlar iberlərlə Kaspi dənizi (Xəzər) arasında yaşayırdılar. Dövlətin şərq sərhədini Kaspi dənizi, qərb sərhədini isə İberiya (İori çayınadək) təşkil etmişdir. İndiki Gürcüstanın şərqindəki Alazan vadisi Alban torpaqlan idi. Alban dövlətinin şimal hüdudlan Dərbənddən yuxarıdakı Samur dağ silsiləsindən başlayıb. Böyük Qafqaz dağlarının ətəkləri boyu İori çayının yuxan axannadək uzanırdı. Araz çayı isə Alban dövlətinin cənub sərhədi hesab olunur. Mənbələrdə Alban və Kür çayının Alban torpaqlarından axıb dənizə tökülməsi haqda geniş məlumatlar vardır. Strabona görə Araz çayı da Alban ölkəsindən axaraq Kür çayına və yaxud Kaspi dənizinə tökülürdü.

Alban əhalisi vahid dildə danışmırdı. Strabona görə bu ölkədə 26 dil var idi. Albaniyada yaşayan tayfalar içərisində kaspiləri, utiləri, qarqarları, qardımanlıları, leqləri, gelləri və başqalarını göstərmək olar. Kaspilər, utilər və başqalan e. ə. I minilliyin ortalarında daha böyük tayfanın adı ilə albanlar adlandırılmışdır. E. ə. IV əsrdə baş vermiş Qavqamela döyüşündə Azərbaycanın şimalındakı tayfa birliyi artıq «Alban» adını daşıyırdı. Antik çağda Kaspi dənizini həm də Alban dənizi adlandırmışdılar. Strabona görə əvvəllər burada hər qəbilənin bir padşahı var idisə, e. ə. I əsrin 60-cı illərində bütün alban qəbilələrinə bir padşah başçılıq edirdi. Albaniyada yaşayan tayfaların dili Türk, Qafqaz və s. dillər ailəsinə aid edilir. Təsadüfi deyil ki, ana qaynağımız olan «Kitabi Dədə Qorqud» da Alban soyunun başçısı Qazan xan verilmişdir.

Strabona görə Albaniyanın çox bərəkətli və məhsuldar torpağı ildə iki yə ya üç dəfə məhsul verir; burada tarlalar dincə qoyulmur və ağac xışla şumlanır. Səpilən toxumdan əlli dəfə çox məhsul alınır. Üstəlik burada iqlim Babilistan və Misirdəkindən daha əlverişli olub, torpaq daha yaxşı suvarılırdı.

Antik dövrdə Alban əhalisi taxılçılıq, tərəvəzçilik, bağçılıq, üzümçülük və maldarlıqla məşğul olurdu. Taxıl bitkilərindən buğda, arpa və dan yetişdirilirdi. Albanlar taxılı dəmir oraqlarla biçir, xırmanlarda xırda daş dişləri olan ağac vəllə döyür və dən daşlan ilə üyüdürdülər. Taxılın üyüdülməsində əl dəyirmanlarından, eramızın ilk əsrlərindən başlayaraq su dəyirmanlarından istifadə edirdilər. Taxılı iri saxsı küplərdə və xüsusi quyularda saxlayırdılar.

Strabon Albaniyada müxtəlif meyvə ağaclarının, hətta zeytun yetişdirildiyini qeyd etmişdir. Albaniyanın təsərrüfatında üzümçülük və şərabçılığın mühüm yer tutması haqqında Strabon çox qiymətli məlumatlar vermişdir. Şamaxıda və Qəbələdə arxeoloji qazıntılar zamam şərab istehsal edilən emalatxanaların qalıqlan və şərab saxlamları çoxlu böyük küplər tapılmışdır.

Albaniyanın mülayim iqlimi, bol otlu dağları və düzləri köçmə (yaylaq) maldarlığın inkişafı üçün əlverişli şərait yaratmışdı. II-III əsrlərdə yaşamış yunan müəllifi Klavdi Elian burada çoxlu mal naxırları və at ilxılarının olması haqqında məlumat verərək yazırdı ki, burada saxlanan dəvələrin yunu öz zərifliyi və yumşaqlığı ilə Milet yunundan geri qalrmr. Kahinlər, ən varlı və nüfuzlu kaspilər həmin yundan toxunmuş paltarlar geyirdilər.

Albaniyada çoxlu minik və yük atları yetişdirilirdi. Minik atlarından süvari qoşun dəstələrində istifadə olunurdu. Strabona görə Pompeyin yürüşləri zamanı albanlar romalılara qarşı 60 min piyada və 22 min atlı qoşun çıxarmışdılar.

Albaniyanın təsərrüfat həyatında balıqçılıq da böyük yer tuturdu. Albanlar balıqları duzlamağı və balıq piyindən sürtgü yağı düzəltməyi bacanrdılar. Balıqların içalatını bişirməklə hazırlanan yapışqan o qədər möhkəm yapışdırırdı ki, hətta on gün suda saxlayanda da yapışdırılan əşyalar bir -birindən qopmurdu.

Sənətkarlıq, ticarət və səhərlər. Albaniyada sənətkarlığın müxtəlif sahələri inkişaf etmişdi. Sənətkarlıq əsasən şəhərlərdə, qismən də kəndlərdə cəmləşmişdi. Sənətkarlıq məhsullan ölkənin daxili təlabatmı ödəməklə yanaşı, bir hissəsi qonşu ölkələrə ixrac olunurdu. Silahqayırma, qiymətli metallardan qab istehsalı və qiymətli parça növlərinin toxunması bir qayda olaraq şəhər sənətkarlıq emalatxanalarında cəmləşmişdi.

Albaniyada geniş yayılmış sənətkarlıq sahələrindən biri də metalişləmə idi. Ümumiyyətlə, Azərbaycan ən qədim metallurgiya mərkəzlərindən biridir. Dövlətin, şəhərlərin yaranması və ticarət əlaqələrinin genişlənməsi metalişləmə sənətinin inkişafına şərait yaratmışdı. Metalişləmə sahəsində dərin ixtisaslaşma getmişdi: 1) silah istehsalı; 2) əmək alətləri və məişət əşyalarının düzəldilməsi; 3) bəzək əşyalarının düzəldilməsi. Ustalar metalı əritməyi, qəlibə tökməyi, qaynaq etməyi, kəsmə və döymə üsulu ilə metaldan hər cür məmulat düzəltməyi bacarırdılar. Qazıntılar zamanı bütün bu texniki üsulları tətbiq etməklə hazırlanmış silahlar (zireh, xəncər, qılınc, ox və s.), əmək alətləri (balta, oraq, bıçaq və s.) və bəzək əşyaları (üzük, sırğa, bilərzik və s.) tapılmışdır.

Albaniyada dulusçuluq sənəti də geniş yayılmışdı. Dulusçular gildən inşaat materialları (kirəmit və kərpic) və gil qablar hazırlayaraq dulus kürələrində bişirirdilər. Qazıntılar zamanı Mingəçevirdə antik dövrə aid çoxlu dulus kürəsi tapılmışdır.

Bizim eranın ilk əsrlərindən Albaniyada şüşə istehsal edilməsinə başlanmışdı. Dövlətin meydana gəlməsi ilə möhürlər hazırlanmasına təlabat yaranmışdı. Möhürlər çox zaman üzük formasında düzəldilirdi.

Albaniyada toxuculuq sənəti öz yüksək səviyyəsi ilə seçilirdi. Toxuculuqda qoyun və dəvə yunundan, bitki liflərindən istifadə edilirdi. Burada boyaqçılıq, gönişləmə, dülgərlik, dərzilik, çəkməçilik və başqa sənət sahələri də inkişaf etmişdi.

Antik dövrdə Albaniyada daxili ticarət sürətlə inkişaf edir və ölkənin xarici ticarət əlaqələri genişlənirdi. Sürətlə inkişaf edən iqtisadiyyat və ölkədən keçən beynəlxalq ticarət yollan Albaniyanın dünya ticarətinə fəal şəkildə qoşulmasına imkan verirdi. Albaniya ərazisində olan beynəlxalq ticarət yollarından biri Xəzər dənizinin sahilindən keçərək şimalla cənubu birləşdirirdi. Albaniyadan beynəlxalq su yolu da keçirdi. Mənbələrə görə Hindistandan gətirilən mallan Oks çayı (Amudərya), Hirkan dənizi (Xəzər) və Kür çayı ilə su yolu vasitəsi ilə, bir az da quru yolla getməklə, Qara dənizə çıxarmaq olurdu. Albaniyanı İberiya ilə birləşdirən ticarət yolu haqda Strabon məlumat vermişdir. Ölkəyə xaricdən şirli saxsı, şüşə və metal qablar, bəzək əşyaları gətirilirdi.

Şamaxıda və Qəbələdə tapılan böyük gümüş pul dəfinələri Albaniyada ticarətdə puldan geniş istifadə olunduğunu və pul kəsildiyini sübut edir. Albaniyada yerli pullarla yanaşı. Makedoniyalı İsgəndərin adından kəsilmiş gümüş pullar, habelə Selefki, Parfıya, Yunan, Roma və başqa ölkələrin pulları da işlənirdi. Bu fakt Albaniyanın geniş ticarət əlaqələrindən xəbər verir.

E. ə. I minilliyin ortalarında Albaniyada sənətkarlığın və ticarətin inkişafi üçün əlverişli olan yerlərdə salınmış yaşayış məskənləri böyüməyə başlamışdı. Ellinizm dövründə ölkə dünya ticarətinə qoşulmuşdu. Nəticədə belə məskənlərdən bəziləri şəhərlərə çevrilmişdi. Strabon Alban şəhərlərindən yalnız Uti vilayətində yerləşən Ayniana və Anariakanın adını çəkmiş, Plini isə Alban dövlətinin əsas şəhəri olan Kabalakanı (Qəbələ) qeyd etmişdir. II əsrdə yaşamış antik müəllif Klavdi Ptolomey Albaniyanın 29 şəhər və böyük yaşayış yerlərinin adını çəkmişdir ki, bunlardan Telaba, Gelda, Albana və Getara Xəzər dənizi sahilində yerləşirdi. Antik qaynaqlarda adı çəkilən şəhərlərdən yalnız Kabalakanın (Qəbələ) və Şamaxının (Gemaxiya) yeri dəqiq məlumdur.

Albaniyanın ictimai-siyasi tarixinin başlıca məsələləri Albaniyanın ictimai quruluşu haqqında əsas məlumatlar arxeoloji abidələr və yazılı qaynaqların öyrənilməsi nəticəsində əldə edilmişdir. Alban hökmdarlarının qəbirləri indiyədək tapılmasa da, varlı və yoxsul zümrəyə məxsus yaşayış evlərinin qalıqları və qəbirlərdə tapılmış əşyaların müxtəlifliyi alban cəmiyyətində ictimai və əmlak bərabərsizliyinin mövcudluğunu sübut edir. Strabon e. ə. 60-cı illərin hadisələri ilə bağlı yazırdı ki, hazırda bütün alban qəbilələrini bir padşah idarə edir. Əvvəllər isə burada hər qəbilənin öz padşahı (çar) var idi. E. ə. I əsrdə Pompeyin yürüşləri zamanı Albaniyanı Oroys, Anto-ninin yürüşləri vaxtı isə Zober idarə edirdi. Alban Arşakilərinə qədər, yəni I əsrin ortalarınadək Albaniyanı onun ilk hökmdarı olmuş Aranın nəsli -Aranşahlar idarə etmişdir.

Albaniyada hökmdardan sonra ən hörmətli adam baş kahin sayılırdı. Baş kahin əhalisi sıx olan böyük bir müqqəddəs əyalətə başçılıq edirdi və məbəd qulları da onun ixtiyarında idi.

Albaniyada hakim zümrəyə əyanlar və kahinlər daxil idi. Cəmiyyət ali zümrə ilə yanaşı, kəndlilər, sənətkarlar və tacirlərdən ibarət idi. Albaniyada kənd təsərrüfatı və sənətkarlıq sahələrində çalışanların böyük hissəsi, ticarətlə məşğul olanların hamısı azad adamlar idi. Əkinçilikdə və sənətkarlığın bəzi sahələrində qul əməyindən də istifadə edilirdi. Strabon alban məbədlərinə məxsus qulların olduğunu qeyd etmişdir. Qul əməyindən padşaha və əyanlara məxsus təsərrüfatlarda da istifadə olunması ehtimal edilir. Lakin Misir, Mesopotamiya, Yunanıstan, Roma kimi klassik quldar dövlətlərindən fərqli olaraq Albaniyada qul əməyindən az istifadə olunmuşdur. Burada əməkçi əhalinin böyük əksəriyyətini azad adamlar, yəni vergi ödəyən zümrələr (kəndlilər, sənətkarlar və s.) təşkil edirdi. Albaniyada quldarlıq, yalnız bir təsərrüfat ukladı kimi mövcud olmuş və cəmiyyətin bütün sosial-iqtisadi həyatını tamamilə əhatə etməmişdir. Quldarlığın zəif inkişaf etdiyi Alban cəmiyyətində nəsli-qəbilə quruluşunun qalıqları da öz təsirini göstərirdi.

E. ə. IV-III əsrlərdə Makedoniyalı İsgəndərin və Selevkilərin Kaspi dənizi və onun ətraf bölgələrinə göndərdikləri ekspedisiyalarından sonra Albaniya ərazisinə hər hansı bir yürüş haqqında mənbələrdə heç bir məlumat verilmir. E. ə. I əsrin 60-cı illərinə qədər Yaxın Şərqdə baş verən hərbi-siyasi hadisələrdən kənarda qalan Alban dövləti üçün bu dövr əmin-amanlıq dövrü olmuşdur. Ellinizm adlanan həmin dövrdə Albaniya iqtisadi və mədəni yüksəliş keçirirdi və onun xarici ölkələrlə əlaqələri genişlənmişdi.

E. ə. I əsrdə romalıların hərbi planlarında Albaniya və qonşu İberiya önəmli yer tutmağa başlamışdı. Romalılar Albaniyada möhkəmlənməklə Hindistanı Qara dənizlə birləşdirən, bir hissəsi Kaspi dənizindən-Kür çayından və quru ərazidən keçən ticarət yollarını ələ keçirmək niyyətində idilər. Albaniyanın ələ keçirilməsi Romaya bu ərazidən Parfiyaya zərbələr endirmək və digər ölkələrə yürüşlər etmək imkanı verirdi. E, ə. 66-cı ildə Roma sərkərdəsi Pompey Alban torpaqlarına yürüşə başlayaraq Kür çayı sahilində hərbi düşərgə saldı. Alban hökmdarı Oroysun başçılıq etdiyi 40 minlik ordu romalılar üzərinə hücuma keçdi. Həmin ilin dekabrında Kür çayı sahilində baş vermiş qanlı döyüşdə daha güclü və təcrübəli olan Roma ordusu qalib gəldi. Albanlarla sülh bağladıqdan sonra Pompey İberiyaya yürüş etdi və qalib gəldi.

Romalılar İberiyaya yürüş edəndə albanlar onları arxadan təqib edərək Roma qoşunu üçün təhlükəli vəziyyət yaratdıqlarından Pompey e. ə. 65-ci ildə yenidən albanlar üzərinə yürüşə çıxdı. Albanlara gözlənilməz zərbə vurmaq üçün romalılar İori ilə Alazan çaylan arasındakı susuz çöllə hərəkət etməyi qərara aldıirr. Pompey bir neçə albanı əsir alaraq ordusunu daha qısa və rahat yolla aparmaq üçün onlardan bələdçilik etmələrini istədi. Maraqlıdır ki, ölümdən qorxmayan albanlar düşməni daha uzun və çətin yolla apararaq xeyli ləngitdilər. Alazan çayı sahilindəki çöldə döyüş baş verdi. 60 min piyada və 12 min atlıdan ibarət Alban qoşununa Oroysun qardaşı Kozis başçılıq edirdi. Süvari qoşunda albanlar, piyada qoşunda isə romalılar daha güclü idilər. Pompeyin düşünülmüş hərbi taktikası əsasında Roma ordusunun önündə olan atlı dəstəsi qəsdən geriyə qaçaraq albanları öz arxasınca apanb mühasirəyə saldı. Döyüş vaxtı Kozis Roma sərkərdəsi Pompeyə nizə ilə zərbə endirsə də, möhkəm zireh Pompey i ölümdən qurtardı. Pompeyin cavab zərbəsi ilə Kozis ölümcül yaralandı. Döyüş romalıların qələbəsi ilə başa çatdı. Romalılara qarşı kişilərlə birlikdə alban qadınlarının da qəhrəmanlıqla vuruşması antik Roma müəlliflərinin heyrətinə səbəb olmuşdu. Döyüşdən sonra Pompeyin tələbi əsasında onun düşərgəsinə gəlməyən Alban hökmdarı Oroys məktub və hədiyyələr göndərməklə kifayətləndi. Pompey barışığa gəlmək və tabe olmaq haqqında Oroysun vədlərini qəbul edib, Xəzər dənizi sahillərinə çıxmaq üçün ölkənin içərilərinə doğru irəliləməyə başladı. Ciddi müqavimətlə qarşılaşan Pompey öz son məqsədindən əl çəkməyə məcbur olub, ölkəmizi tərk etdi. Roma müəllifləri bunun əsas səbəbini həmin ərazidə guya çoxlu zəhərli ilanların olması ilə əlaqələndirirlər. E. ə. 36-cı ildə Antoninin Atropatenə və Albaniyaya yürüşünün nəticəsi olaraq Alban hökmdarı Zober romalılardan asılılığı qəbul etmişdi. Roma hökmdarı Oktavian Avqustun hakimiyyətinin sonlarında tərtib olunmuş məşhur Ankir kitabəsində Alban hökmdarının Roma ilə dostluq etmək niyyətindən bəhs edilmişdir. Bu yazı göstərir ki, eramızın I əsrinin əvvəllərində öz ölkəsini müstəqil idarə edən Alban hökmdarları Roma ilə dinc münasibətlər qurmağa çalışırdılar. Qobustanda bir daşın üzərində Roma imperatoru Domisianın adı ilə bağlı olan kitabənin qalması eramızın I əsrində Roma-Alban əlaqələrindən xəbər verir. II əsrdə Roma imperatoru Adrian Alban dövləti ilə dostluq əlaqələri saxlanmasına xüsusi əhəmiyyət verirdi.

Bizim eranın 34-cü, 72-74-cü və 135-136-cı illərində şimaldan gələn sarmat-alan tayfalarının yürüşləri talançılıq məqsədi daşıdığından Albaniyaya böyük ziyan vurmuşdu.

Mədəniyyət Albanlar zəngin maddi və mənəvi mədəniyyətə malik idilər. Alban dövləti yaranandan sonra ölkədə memarlıq və tikinti işləri genişlənmişdi. Şəhərlər salınır, müdafiə istehkamları qurulur, böyük ictimai binalar tikilirdi. Albaniyanın paytaxtı Qəbələnin ətrafında tikilmiş müdafiə qurğuları olan torpaq səddinin və xəndəyin qalıqları bir kilometr uzunlu- ğundadır. Tikinti işlərində daş, çiy və bişmiş kərpic, ağac və kirəmitdən istifadə olunurdu. Qədim Qəbələdə arxeoloji qazıntılar nəticəsində aşkar edilən və bizim eranın ərəfəsində tikilən böyük bir ictimai binanın qalıqlan göstərir ki, özülü çay daşından, divarları çiy kərpicdən hörülmüş tikilinin üç böyük salonu, iki otağı və iki böyük dəhlizi olmuşdur. Hər salonun ortasında daşdan iki sütun altlığı qoyulmuşdur. Binanın üstü iri ölçülü və yüksək keyfiyyətli kirəmitlə örtülmüşdür.

Albaniyanın rəssam-boyaqçıları gil, mis və digər metal qablar üzərində müxtəlif quş, heyvan və insan təsvirləri çəkir və gözəl naxışlar vururdular. Qızıl, gümüşdən və digər metallardan hazırlanan bəzək əşyalarının bir çoxu incəsənət əsəri sayıla bilər.

Alban əhalisi antik dövrdə yazı mədəniyyətinə malik olmuşdur. Mənbələrə görə albanlar dünyada yazısı olan on beş mədəni xalqdan biri idi. Xristianlığa qədər Albaniyada çoxallahlılıq olmuşdur. Strabona görə albanlar Səma, Günəş və Ay allahlarına sitayiş edirdilər. Albanlar, başqa xalqlarda az rast gəlinən yüksək əxlaqi dəyərlərin və davranış mədəniyyətinin yaradıcısı və daşıyıcıları idilər. Strabon yazırdı ki, albanlar öz gözəlliyi və hündür boylu olmaları ilə seçilirlər. Onlar xırdaçı olmayıb ürəyiaçıqdırlar.

Albanlar nəinki valideynlərinə, hətta yad qoca adamlara belə həddindən artıq hörmət göstərirlər. Göründüyü kimi, albanlar çox az hallarda rast gəlinə bilən əxlaqi keyfiyyətlərə malik olmuşlar. Qədim əcdadlarınıızdan biri olan türksoylu Albanların bu nadir əxlaqi keyfiyyətləri 2-3 minillik tarixin sınağından çıxaraq bu gün də xalqımız tərəfindən qorunub saxlanmışdır.

 

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

 

0 şərh