Albaniyanın siyasi tarixinin əsas məsələləri

Albaniyanın siyasi tarixini üç dövrə bölmək olar:

  1. Arşakilər sülaləsinin hakimiyyəti dövrü (I əsrin ortalarından 510-cu ilə qədər). Moisey Kalankatlının «Alban tarixi» əsərində Arşaki nəslindən olan on hökmdarın adı çəkilmişdir.
  2. Sasani mərzbanlığı dövrü (510-629-cu illər).
  3. Mehranilər sülaləsinin hakimiyyəti dövrü (630-705-ci illər).

I əsrdə Arşaki nəslindən olan I Cəsur Vaçaqan Albaniyanın bütün vilayətlərini vahid dövlətdə birləşdirmişdi. Tarixdə onun və varislərinin hakimiyyət dövrü haqqında geniş məlumatlar yoxdur. 226-cı ildə yaranmış Sasani dövlətinin Roma ilə apardığı uğurlu müharibələrin nəticələri Albaniya üçün böyük təhlükə yaratmışdı. 262-ci ildə Albaniya Sasani dövlətinin nüfuz dairəsinə daxil edilsə də, 272-ci ildə onun asılılığından çıxa bilmişdi. Müxtəlif vaxtlarda Alban hökmdarlarının Sasanilərdən asılılığı nominal səciyyə daşıyırdı. Bəzi hallarda bu asılılıq qohumluq münasibətləri ilə pərdələnirdi. Albaniyanı öz hökmdarları idarə edir və onlar çox zaman müstəqil siyasət yeritməyə çalışırdılar. Alban hökmdarı Urnayrın (313-371) dövründə bütpərəstliklə mübarizə güclənmiş, xristianlıq dövlət dini elan edilmiş və kilsələrə torpaqlar bağışlanmışdı. Ümumiyyətlə, xristianlıq Albaniyada I əsrdən yayılmağa başlamışdı, Qafqazda ilk xristian məbədi indiki Şəki ərazisində Kis (Kiş) kəndində inşa edilmişdi. Urnayrın dövründə Albaniya əhalisinin bir hissəsi xristianlığı qəbul etmişdi, qalan əhali öz əvvəlki dinində qalmışdı. Alban katalikosluğunun mərkəzləri müxtəlif vaxtlarda Çola, Qəbələ və Bərdə şəhərləri olmuşdur.

Sasani hökmdarı II Şapurun vassalı və müttəfiqi olan Urnayr Romaya qarşı Sasanilərin apardığı müharibələrdə hərbi qüvvə ilə iştirak edirdi, 359-cu il Amid və 371-ci il Dzirav döyüşlərində sasanilərin tərəfində çıxış etməkdə Umayrm əsas məqsədi Albaniyanın müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaqdan ibarət idi. 359-cu il Amid döyüşündə Sasani-Alban qüvvələri qalib gəldiyindən Albaniya əvvəllər itirdiyi Arsax, Naxçıvan və Kaspiananı geri qaytarmışdı. Ancaq 371-ci il Dzirav döyüşündə müttəfiqlər məğlub olduqlarından Alban torpaqlarının bir hissəsi Romanın əlinə keçmişdi.

Umayrdan sonra hakimiyyətdə olmuş Ycsuagenin dövründə Alban əlifbası yenidən işlənib hazırlanmış və məktəb şəbəkəsi genişlənmişdi. 444- cü ildə hökmdar taxtında atası Yesuageni əvəz etmiş II Vaçenin hakimiyyəti dövründə (444-463) Partav (Bərdə) şəhəri salınmış və dövlətin paytaxtı bu şəhərə köçürülmüşdü. II Vaçenin dövründə Albaniyanın hərbi-siyasi və beynəlxalq vəziyyəti çox gərgin olmuşdur. Bu, Sasani hökmdarı II Yezdəgerdin (438-457) Cənubi Qafqazla bağlı siyasətini hədsiz dərəcədə sərtləşdirməsi ilə bağlı idi. Sasanilər Xəzər sahilləri boyunca bütöv bir müdafiə tikililəri silsiləsinin (Beşbarmaq, Gilgüçay və alınmaz Dərbənd) salınması işlərinə çoxlu Alban əhalisini cəlb edirdilər. Bu zaman əhali əsas məşğuliyyətindən ayrıldığından, ölkənin təsərrüfat həyatına ağır ziyan dəyirdi. Bu işlər üçün Alban əhalisindən çoxlu vergi də toplanırdı. Sasanilər ölkənin ən mühüm strateji bölgələrinə fars dilli əhali köçürüb yerləşdirirdilər və onlar yerli Alban əhalisinin hesabına ən yaxşı torpaqlarla təmin olunurdular. Bu yolla sasanilər etnik dayaq yaratmağa çalışırdılar. Cənubi Qafqazdakı xristianlara Romanın və Bizansın tərəfdarları kimi baxan sasanilər hər vasitə ilə albanları, iberləri və digər xalqları mədəni-ideoloji assimilyasiyaya uğratmağa yönələn siyasət yürüdürdülər. Bu zaman əsas diqqət Cənubi Qafqazda zərdüştlüyün yayılmasına verilirdi. II Yezdəgird 450-ci ildə Alban, İber hökmdarlarını və digər hakimləri paytaxt şəhəri Ktesifona çağıraraq onlara zorla zərdüştlüyü qəbul etdirmişdi. Onların arasında Alban hökmdarı və Yezdəgirdin bacısı oğlu II Vaçc də var idi. Sasani hökmdarı zərdüştlüyü Cənubi Qafqazda yaymaq üçün 700 kahin göndərmişdi və onlardan 300-ü Albaniya üçün nəzərdə tutulmuşdu.

Sasanilərin həyata keçirdiyi köçürmə, vergi və dini siyasət Azərbaycanda və ona qonşu olan ölkələrdə tez-tez üsyanların baş verməsinə səbəb olmuşdu. Albanların digər Qafqaz xalqları ilə birlikdə sasanilərə qarşı yönəlmiş 450-ci il üsyanına Alban katalikosu başçılıq edirdi. 450-ci il Xalxal döyüşündə üsyançılar sasanilərə qalib gəlsələr də, 451-ci il Avarayr düzündə baş vermiş döyüşdə ağır məğlubiyyətə uğramışdılar.

457-ci ildə II Yezdəgirdin ölümü ilə II Vaçe zərdüştlükdən imtina edərək xristianlıq məzhəbinə qayıtmış və həmin il II Vaçenin başçılığı ilə Albaniyada sasanilərə qarşı üsyan başlamışdı. Sasani hökmdarı Firuz 462-ci ildə hunları -onoqurları üsyanın yatırılmasına cəlb etdikdən sonra bir illik ağır döyüşlərdən sonra, 463-cü ildə üsyançılar məğlubiyyətə uğramışdılar. II Vaçe taxtdan salınmış və Albaniyada çar hakimiyyəti ləğv edilmişdi. Nəticədə ölkəni Sasani mərzbanı idarə etməyə başladı.

481- 484-cü illərdə Albaniya, İberiya və başqa bölgələrdə sasanilərə qarşı baş vermiş üsyan qələbə ilə başa çatdı. 485-ci ildə üsyançılarla Sasani hökmdarı Valaş arasında bağlanmış Nvarsak müqaviləsinə görə Albaniya daxili müstəqil idarəetmə hüququ qazanmışdı. Xristianların təqibi dayandırılmış, Albaniyadan Sasani xəzinəsinə daxil olan bacın miqdan isə azaldılmışdı.

Məzdəkilər hərəkatı. Sasani hakimiyyəti altında olan Atropatenada V əsrin 80-ci illərində Məzdəkilər adlanan güclü bir xalq hərəkatı (481-529) başladı. Hərəkatın başçısı Məzdəkin əsas ideyası allahın yaratdığı nemətlərin insanlar arasında bərabər bölünməsindən ibarət idi. Məzdəkilər əmlak və sosial bərabərliyi yaratmaq, ədalətli cəmiyyət qurmaq uğrunda mübarizə aparırdılar. Hərəkatda kəndlilər, sənətkarlar, şəhər yoxsulleın və bəzi əyanlar da iştirak edirdilər. Məzdəkin ardıcılları iri əyanların malikanələrinə və varlı tacirlərin evlərinə basqınlar edərək onların əmlaklarını öz aralarında bölüşdürürdülər. İri torpaq sahiblərinin bir çoxu öldürülmüş, çoxları isə ölkədən qaçmışdı. Sasani hökmdarı I Qubad (488-531) hiylə işlədərək üzdə bu hərəkatı himayə edirdi. O, Məzdəkilər hərəkatından mərkəzi hakimiyyətə düşmən olan iri əyanları və din xadimlərini sıradan çıxarmaq üçün istifadə edirdi. Hərəkatın çox təhlükəli həddə qədər genişləndiyini görən I Qubad siyasətini dəyişdi və 529-cu ildə Məzdəkilər hərəkatını amansızlıqla yatırdı. Hərəkatın başçıları və Məzdək qətlə yetirildi. Hərəkat iştirakçılarına kütləvi divan tutularaq 80 minə qədər adam öldürüldü.

III Vacaqanın hakimiyyətə gəlməsi. 487-ci ildə Albaniyada III Vaçaqan hakimiyyətə gəldi. III Vaçaqanın hakimiyyətdə olduğu 487-510-cu illər Albaniyanın siyasi, mədəni və dini dirçəlişi dövrü hesab edilir. III Va- çaqan Sasani zülmündən qaçıb dağılışmış kəndliləri, sənətkarları geri qaytardı, sadə xalqın dinc əməklə məşğul olmasına şərait yaratdı, kənd təsərrüfatı, sənətkarlıq və ticarət inkişaf etməyə başladı. Sasanilərə qarşı çıxdıqları üçün torpaq və əmlakları əlindən alınmış hakim zümrənin nümayəndələrinin mülkiyyət hüquqları bərpa edildi. Sasanilərə qulluq edən əyanların isə hüquqları məhdudlaşdırıldı. O, yeni kilsələr tikdirir, kilsə məktəbləri açdırır və digər dindən olanları sıxışdırırdı.

Müstəqil Alban kilsəsinin siyasi gücünü dövlət hakimiyyətinin möhkəmləndirilməsinə yönəltmək məqsədi ilə III Vaçaqan 488-ci ildə Aluen kilsə məclisini çağırdı. Məclisdə yüksək rütbəli din xadimləri və böyük torpaq sahibləri iştirak edirdi. Məclisin qəbul etdiyi 21 maddədən ibarət qanunlar toplusu kilsə xadimlərinin, dini və dünyəvi əyanların hüquqlarının və vergi münasibətlərinin tənzimlənməsinə həsr olunmuşdu.

III Vaçaqan Alban Arşaki sülaləsinin sonuncu nümayəndəsi oldu. 510-cu ildə onun ölümü ilə sasanilər Albaniyada hökmdar hakimiyyətini ləğv etdilər.

510-cu ildən 629-cu ilədək Albaniyanı Sasani canişinləri-mərzbanlar idarə edirdilər. Böyük mərzbanlıq adlanan bu dövrdə Azərbaycan dəfələrlə Bizansla Sasanilər arasında gedən müharibənin meydanına çevrildiyindən ölkənin iqtisadiyyatı tənəzzülə uğrayır, şəhərlərimiz və kəndlərimiz dağıdılır, əhalimiz qırılır və mədəniyyət abidələrimiz məhv edilirdi. Sonuncu Sasani -Bizans müharibəsi (603-628) Bizansın qələbəsi ilə başa çatdı. Bu qələbənin qazanılmasında Bizansla ittifaqda olan Xəzər xaqanlığı böyük rol oynamışdı. Buna görə də Bizansın razılığı ilə Albaniya ərazisi Xəzər xaqanlığının siyasi təsiri altına düşdü.

Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti. Girdman knyazlığı. VI əsrin sonu-VII əsrin əvvəllərində Albaniyada Mehrani nəsli möhkəmlənmişdi. Bu nəslin nümayəndələri Sasanilərlə qohum olub, Albaniyanın Girdman vilayətini idarə edirdilər. Mehranilər Albaniyada siyasi cəhətdən möhkəmlənmək üçün Arşaki nəslindən olan bütün iri əyanları məhv etmiş və onların torpaqlarını və əmlaklarını ələ keçirmişdilər. Mehranilər Sasanilərlə qohum olsalar da, yerdə qalan Alban əsilzadələri ilə yaxınlaşmış, xristianlığı qəbul etmiş və albanlaşmışdılar. 629-630-cu illərdə Xəzər xaqanlığında daxili çəkişmələrin güclənməsi ilə Xaqanın öldürülməsi Mehranilərin qəti hərəkətə keçməsinə imkan yaratdı. Albaniya Xəzər xaqanının siyasi asılılığından çıxaraq müstəqillik qazandı. Varaz Qriqor 630-cu ildə Albaniyanın knyaz taxtına oturdu. Varazın hakimiyyəti dövründə (630-642) Albaniya Sasanilərlə yaxınlıq etdiyindən o, oğlu Cavanşiri ərəblərə qarşı müharibədə Sasanilərə köməyə göndərmişdi. Cavanşir 7 il ərəblərə qarşı aparılan ağır döyüşlərdə bir sərkərdə kimi qəhrəmanlıqla vuruşduqdan sonra vətəninə dönmüş və 642-ci ildən böyük knyaz titulu ilə Albaniyanı idarə etməyə başlamışdı. Moisey Kalankatlı «Alban tarixi» əsərində Cavanşiri dövləti ədalətlə idarə edən, bütün gücünü öz ölkəsinin inkişafına və təhlükəsizliyinin təmin olunmasına yönəldən bir hökmdar kimi təsvir etmişdir. Cavanşirin ölkədə quruculuq, təsərrüfat və abadlıq işləri aparması, paytaxt şəhəri olan Bərdədə və digər yerlərdə gözəl saraylar və binalar tikdirməsi, alimləri, şairləri, elm və mədəniyyət xadimlərini himayə etməsi haqqında məlumatlara rast gəlinir. Onun hakimiyyəti dövründə Albaniyanın sərhədləri qərbdə İberiyaya, şimalda «Hun qapıları» adlandırılan Dərbəndə, cənubda isə Araz çayına gedib çatırdı.

Cavanşirin xarici siyasətinin əsas məqsədi Albaniyanın bütövlüyünü və müstəqilliyini qoruyub saxlamaqdan ibarət idi. Cavanşir ərəblər tərəfindən məğlubiyyətə uğrayan Sasani qoşunlarının Alban torpaqlarına dağıdıcı basqınlarının qarşısını almaq üçün bir neçə dəfə savaşa girərək qalib gəlmiş, Girdman, Uti, Sakasen və digər vilayətləri, paytaxt şəhəri Bərdəni sasanilərdən təmizləmişdi. Cavanşirin Sasanilərə qarşı müttəfiqi İberiya idi. Ərəblərin Azərbaycanın cənubundan-Atropatenadan Albaniyaya basqınlarının güclənməsi Cavanşiri güclü bir dövlətə-Bizansa sığınmağa məcbur etmişdi. Albaniyanın strateji əhəmiyyətini əsas götürən və ərəb hücumları qarşısında özünün şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədi güdən Bizans hökmdarı II Konstantin 660-cı ildə Cavanşiri himayəsinə qəbul edərək onunla «səmimi» ittifaqa girmişdi. Bizans hökmdarının Albaniya ölkəsi ilə bağlı verdiyi fərmanda Cavanşir Girdman hakimi və Aqvan (Alban) knyazı adlandırılmışdır. O, Cavanşirə söykənəcəyi qızıldan olan bərbəzəkli qızıl taxt, öz belindən açdığı mirvarilərlə bəzədilmiş qılınc göndərmiş və 1200 Aqvan əsilzadəsinə patrisi və digər yüksək əyan rütbələri bağışlamışdı.

662-ci ildə Xəzərlərin qazanc və qənimət dalınca Albaniya üzərinə yürüşünün qarşısını almaq üçün Cavanşir onlarla Kür çayı sahilində döyüşə girdi və qalib gəldi. M.Kalankatlının yazdığına görə, Cavanşir böyük qələbə qazandığı üçün düşmənə belə söyləmişdi: «Get, Çola qapılarından (Dərbənd keçidi) geri qayıt və bir də buraya gəlmə, çünki Tanrı sənin gücünü yox etmişdir».

«Alban tarixi»nə görə 665-ci ildə Türküstanın və ya Hunların hökmdarının saysız-hesabsız qoşunla Alban torpaqlarına çox təhlükəli yürüşlərini dayandırmaq üçün Cavanşir hunların düşərgəsinə getmiş, onlarla sülh bağlayıb Hun hökmdarının qızı ilə evlənmişdi. Cavanşir bu yolla əsir alınmış 1200 nəfər kişini, çoxlu at və mal-qaranı geri qaytarmışdı.

Bizansın getdikcə zəifləməsi və Ərəb dövlətinin güclənməsi şəraitində Cavanşir ərəblərlə yaxınlaşmağa başladı. 667-ci ildə Ərəb xəlifəsi Müaviyənin Dəməşqdəki sarayında olan Cavanşir ondan vassal asılılığını qəbul edərək ölkəsini dağıntıdan xilas etdi. 670-ci ildə xəlifə Müaviyə ilə ikinci dəfə diplomatik danışıqlar apararaq Albaniyanın daxili müstəqilliyini qoruyub saxladı. Xəlifə onun ölkəsi üzərinə qoyulmuş ağır vergini ikiqat azaltmış və bundan sonra əvvəlki məbləğin üçdə birinin ödənilməsi ilə razılaşmışdı.

680/681-ci ildə Cavanşir tarixdə səbəbi dəqiq bilinməyən saray çevrilişi nəticəsində öldürüldü. Onun yerinə keçmiş qardaşı oğlu Varaz Trdat (680 -699) mərkəzdən qaçan narazı qüvvələri zərərsizləşdirərək böyük knyaz hakimiyyətini bütün ölkə ərazisində bərpa etdi. Ölkə ərəblərə əvvəlki qaydada bac verirdi və ərəblər onu Albaniyanın və Uti vilayətinin hökmdarı kimi tanıyırdı. Varaz Trdat Cavanşirin siyasətini davam etdirərək xəzərlərin (hunların) ölkəyə hücumlarının qarşısını diplomatik yolla aldı və onlarla sülh bağladı.

VII əsrin 90-cı illərində Cənubi Qafqaz uğrunda Bizans-Ərəb qarşıdurması gücləndi. Varaz Trdat ərəblərlə yaxınlıq etdiyinə görə 699-cu ildə Bizans tərəfindən hakimiyyətdən salınmış və o, 5 il Konstantinopolda əsir həyatı yaşamalı olmuşdu. Bu zaman erməni katalikosu İliya Alban kataliko-sunun Bizansa meyllənməsi, Albaniyadakı xristianlıq məzhəbini Bizansdakı məzhəblə eyniləşdirməsi haqqında xəlifə Əbdülmalikə cəsusluq etməyə başladı. Əbdülmalikin 704-cü ildə göndərdiyi ərəb qoşunu Alban katalikosu və digər bizanspərəst qüvvələri qılıncdan keçirtdi. Bundan sonra Alban kilsəsi erməni kilsəsinə tabe edildi. 705-ci ildə hakimiyyətə qaytarılmış Varaz Trdat ərəb təəbəliyini qəbul etdi. Bu vaxtdan Albaniya faktiki və hüquqi baxımdan tamamilə ərəblərin hakimiyyəti altına düşdü. Varaz Trdatdan sonra Albaniyanı ərəb əmirləri idarə etməyə başladılar.

Mədəniyyət

Erkən orta çağda Albaniyanın maddi və mənəvi mədəniyyətində mühüm dəyişikliklərin baş verməsi şəhər həyatının inkişafı, memarlıq abidələrinin inşası və xristian dininin yayılması ilə bağlı idi. Bu dövrdə ölkədə çoxlu qalalar, sədlər, saraylar, kilsə və məbədlər tikilmişdi. Belə abidələrdən Alazan çayı sahilindəki Torpaqqala, Ağdamdakı Govurqala, İsmayıllıdakı Cavanşir qalası, Şirvan səddi, Dərbənd səddi və başqaları Alban memarlığının çox yüksək səviyyədə olduğunu göstərir. Albaniya dünyada xristianlığın ən qədim mərkəzlərindən biri olduğundan cəmiyyətin mənəvi həyatına bu din güclü təsir göstərmişdir. Albanların öz yazısı, öz təqvimi və məktəbləri var idi. Alban əlifbası 52 hərfdən ibarət idi. Son araşdırmalara görə V əsrdə bu əlifba uti ləhcəsinə uyğun şəkildə yenidən işlənib hazırlanmışdı. Alban əlifbasının hansı səsləri ifadə etməsi müəyyən olunmuş, alban dilində yazılmış dini kitab-“İncil” dövrümüzə qədər gəlib çatmışdır. Albaniyanın mənəvi mədəniyyət abidələrini erməni dilinə çevirmiş Qriqoryan kilsəsi alban dilində yazılmış abidələrin böyük əksəriyyətini məhv etmişdir.

Albanlar ilk vaxtlar Ay təqvimindən, IV əsrin ortalarından isə İsgəndəriyyə məktəbi üçün səciyyəvi olan təqvimdən istifadə edirdilər. Bu təqvimdə ilin başlanğıcı avqustun 29-u götürülürdü.

Albaniyada V əsrdə məktəblər fəaliyyət göstərirdi. M.Kalankatlının yazdığına görə. Alban hökmdarı Yesuagen uşaqların məktəblərə göndərilməsi və onlara yazmağın öyrədilməsi, məktəblərdə uşaqların, hətta yeməklə təmin olunması haqqında əmr vermişdi. Yesuagen Alban əlifbasının yeni variantını başa çatdırandan sonra, dini kitabların yunan dilindən alban dilinə tərcüməsinə xüsusi diqqət yetirirdi.

Albaniyanın mənəvi-dini dirçəlişi III Mömün Vaçaqanın adı ilə bağlı idi. Xristianlığı bütün ölkə ərazisində yaymaq üçün bütpərəst və atəşpərəstləri, kahinləri təqib edən, ölkədən qovan III Vaçaqan yeni kilsə və mo- nastrlar tikdirir, məktəblər açırdı. O, kəndlərə gələrkən ilk növbədə məktəblərə baş çəkər və şagirdləri başına toplayardı. Uşaqların əllərində kitablar və yazı lövhələri olardı. M. Kalankatlının yazdığına görə, «hökmdar hamının ucadan kitab oxumasını əmr edər, özü isə buna xəzinə tapan adam kimi sevinərdi».

 

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

 

0 şərh