Şirvanşahlıq XII-XIII əsrlərdə

Səlcuqlar dövründə Azərbaycanda dövlətçilik ənənələri tam aradan qalxmamış və Şirvanşahlıq yenidən dirçəlmişdi. Şirvanşah I Fəriburz (1063 -1096) Böyük Səlcuq Sultanına tabe olsa da, Azərbaycanın şimalında onun hakimiyyəti davam edirdi. Böyük Səlcuq Sultanı Məlikşahın hakimiyyətinin (1072-1092) sonlarında Fəriburz və onun oğulları II Mənuçöhr və I Afridun ölkəni artıq müstəqil idarə edirdilər. Şirvanşahlığın yüksəlişi və Azərbaycanın qalan hissəsinin Səlcuq əmirləri tərəfindən idarə olunduğu bir şəraitdə, XI əsrin sonu-XII əsrin əvvəllərində Qafqazda Baqratuni çarlığı xeyli güclənmişdi. Kartli-Abxaz-Qıpçaq birləşməsindən ibarət olan bu çarlıq xüsusilə XII yüzillikdə yüksəliş dövrü keçirirdi. Bu çarlığın başçısı IV David 1111-ci ildə qızı Tamaranı Şirvanşah I Afridunun oğlu Mənuçöhrə ərə verərək, bu qohumluqdan Səlcuqlara qarşı mübarizədə istifadə etmək istəyirdi. Səlcuqlara qarşı güclü müttəfiq qazanmaq məqsədilə digər qızını Bizans imperatorunun oğluna vermiş, özü isə Qıpçaq hökmdarının qızı ilə evlənmişdi. Türkləri bir-birinin əli ilə sıradan çıxarmaq kimi məkrli siyasət yeridən IV David şimaldan Gürcüstana 45 min qıpçaq ailəsi (225 min nəfər) köçürmüşdü. Onun qoşununun əsasını muzdla döyüşən qıpçaq türkləri təşkil edirdi. Qafqazdakı xristian qüvvələri Bizans imperiyasına, habelə Qərbi Avropa səlibçilərinə arxalanaraq yerli türk-müsəlman əhalisini öz doğma torpaqlarından sıxışdırıb çıxarmağa, xüsusilə Azərbaycan torpaqlarını ələ keçirməyə çalışırdılar. Ancaq Şirvanşahlar çox güclü olan Səlcuq imperiyası ilə münasibətləri pozmamağa çalışır və ehtiyatlı siyasət yeridirdilər. Şirvanşahların Səlcuqlara qarşı ittifaqa girmədiyini bəhanə edən IV David və oğlu Demetre 1117-ci və 1120-ci illərdə Şirvan torpaqlarına talançı yürüşlər təşkil etmişdilər. Qıpçaqların və Qərb səlibçilərinin hesabına 1121-ci ildə Tiflis yaxınlığında Didqori döyüşündə Səlcuq türklərinə qalib gələn IV David (maraqlıdır ki, bu döyüşdə cəmi 300 gürcü döyüşçüsü iştirak etmişdi və onların döyüş meydanından qaçmasına qıpçaqlar mane olmuşdular-Red.) 1122-ci ildə Tiflis müsəlman əmirliyini ləğv etdi. Beləliklə, müsəlman şəhəri olan Tiflis xristian gürcülərin əlinə keçdi.

Şirvanşah III Mənuçöhrün (1120-1160) Böyük Səlcuq imperatorluğu ilə münasibətləri pozması Azərbaycan üçün böyük təhlükə yaratdı. IV David Şirvanı ələ keçirmək üçün dağıdıcı yürüşlərə başladı və 1123-1124- cü illərdə Şamaxını, Gülüstan və Buğurd qalalarını ələ keçirdi. 1125-ci ildə IV Davidin ölümü ilə gürcü qarnizonları Şirvanı tərk etdilər. Bundan sonra III Mənuçöhr gürcülərlə münasibətləri qaydaya saldı, Şirvan özünün çiçəklənmə dövrünə qədəm qoydu və ölkədə geniş miqyaslı abadlıq işləri aparıldı. Bakının qala divarları inşa edildi. Kür çayı üzərində Bağılan bəndi yenidən quruldu və yeni şəhərlər salındı. Onun ölümündən sonra Şirvanda siyasi vəziyyət pisləşdi, arvadı gürcü Tamara taxt-taca yiyələnməyə və Şirvanı Gürcüstana tabe etməyə cəhd göstərsə də, Eldənizlərin köməyilə bu qəsdin qarşısı alındı və taxta 1160-cı ildə I Axsitan çıxdı.

I Axsitanın hakimiyyəti dövründə (1160-1196) Şirvan iqtisadi yüksəliş dövrü keçirirdi. Qonşu Gürcüstanla dinc münasibətlər hökm sürürdü. Bu dövrdə güclü təsirə malik İraq Səlcuq sultanlığı ilə münasibətlər normallaşdınimışdı. Dərbənd torpaqları da onun nəzarəti altında idi. I Axsitan sultana xərac verir və onun adını kəsdirdiyi pullarda zərb etdirirdi. 1175-ci ildə Şirvan-gürcü qoşunları tərəfindən rusların və qıpçaqların Şirvana dağıdıcı yürüşlərinin qarşısı uğurla alınmışdı.

1192-ci ildə Şamaxıda baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxlu əhali. Şirvanşah I Axsitanın arvadı, qızları və varisi olan oğlu həlak oldu. Şirvanşah öz iqamətgahım Bakı şəhərinə köçürdü. 1196-cı ildə I Axsitanın ölümündən sonra Şirvanı onun qardaşı və qardaşı oğullan (1196-1204) idarə etmişdilər. Bu dövrdə zərb olunan pulların üstündə rast gəlinən “Məlik-əl-Müəzzən”, “əl-Adil”, “Şirvanşah” titulları onların Şirvan taxtını müstəqil şəkildə idarə etdiyini göstərir.

 

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

 

0 şərh