Monqol yürüşləri və onlara qarşı mübarizə

XIII yüzilliyin 20-ci illərində Vətənimiz Azərbaycan yeni bir xarici hücum təhlükəsi ilə üz-üzə qaldı. Monqolların ilk yürüşü Eldənizlərin idarə etdiyi Azərbaycan dövlətinin zəiflədiyi dövrə düşdüyündən ölkəmizə böyük dağıntılar, xalqımıza isə böyük fəlakət gətirdi. Tarixi qaynaqlara və o dövrün tarixçisi İbn əl-Əsirə görə türklərə yaxınlığı ilə seçilən, hətta qıpçaqlarla eyni cinsdən olan monqolları 1206-cı ildə Çingiz xan tatar ulusları ilə birlikdə bir dövlət halında birləşdirmişdi. Çingiz xanı döyüş bacarığı və idarəetmə anlayışına görə məşhur Hun-türk hökmdarı Mete xaqana bənzədirdilər. Türk köklü uyğurlar da onun dövlətində yer almışdılar. Təsadüfi deyil ki, Çingiz xan dövlətin bütün maliyyə və divan işlərini uyğurlara tapşırmışdı. Uyğur türk dili uzun bir müddət Böyük Monqol dövlətinin divan-dövlət dili olmuşdu.

Birinci yürüş, 1220-1223-cü illəri əhatə edən və kəşfiyyat xarakteri daşıyan birinci yürüşə 30 minlik qoşuna malik Cəbə və Subatay başçılıq etmişdi. Tarixçi İbn əl-Əsir yazırdı: «monqollar Azərbaycan və Aran vilayətlərinə gəlib, bir ildən də az bir müddətdə onları misli görünməmiş surətdə dağıtdılar, əhalisinin çoxunu qırdılar. Dərbəndə və Şirvana gedərək o tərəfdəki şəhərləri aldılar və oranın padşahı yaşayan qaladan başqa heç bir yer salamat qalmadı.» Bu yazı yürüşün ümumi şəkildə təsviridir, ancaq monqollar elə birinci yürüşdə də xalqımızın ciddi müqaviməti ilə qarşılaşmışdı. Hökmdar Atabəy Özbək qaçıb gizlənsə də, ayrı-ayrı şəhərlərin və vilayətlərin əhalisi silahlanaraq işğalçılarla savaşa girməkdən çəkinmirdilər. 1221-ci ildə monqollar Təbrizə üç dəfə basqın etsələr də, əhalinin ciddi müqaviməti ilə rastlaşdıqlarından və şəhəri tuta bilmədiklərindən paltar və ərzaqdan ibarət bac almaqla kifayətləndilər. Aran hakiminin köməyilə gürcü Baqratuni çarlığının 60 minlik qoşununu məğlubiyyətə uğratdılar. Monqollara tabe olmayan Marağa şəhərini mühasirəyə alıb, ələ keçirdilər və əhalisini qırdılar. Sərabı tutub qarət etdikdən sonra Naxçıvan və Beyləqana saldırdılar. 1221- ci ildə Ərdəbili tutub böyük qırğın törətdilər və şəhərin böyük hissəsini dağıtdılar. Beyləqan əhalisi ilə sülh danışığına gedən nümayəndəni əhali öldürdükdən sonra monqol-tatarlar 1221-ci ilin ramazan ayında şəhəri çətinliklə də olsa, ələ keçirdilər. Qılıncı sıyınb qoca, uşaq, qadın-hamısını qırdılar. Tarixi qaynaqlara görə monqollar, hətta hamilə qadınların qannlarını yarıb çağalarını öldürürdülər. İbn əl-Əsirin yazdığına görə "şəhərin əhalisinin kökünü kəsdilər."

O dövrdə Aran vilayətinin anası-mərkəzi olan Gəncəyə yürüdülər, ancaq şəhərin əhalisinin çoxluğunu, gürcülərlə olan savaşda mərdlik və şücaət göstərdiklərini, şəhərin müdafiəsinin möhkəmliyini bildikləri üçün oraya yaxın gedə bilmədilər. Adam göndərib, gəncəlilərdən pul və paltar tələb etdilər. İstədiklərini alaraq rədd olub getdilər. Şirvan Dərbəndinə getmək istəyən monqol-tatarlar əvvəlcə Şamaxı şəhərini mühasirəyə aldılar. Monqollar ümumiyyətlə, şəhərlərin mühasirəsi zamanı divardeşən maşınlardan, mancanaqlardan və xüsusi nərdivanlardan istifadə edirdilər. Şamaxı əhalisi mühasirə şəraitində qəhrəmanlıqla savaşdı. Qaynaqlara görə, Şamaxı əhalisi demişdi: “Qılınca sarılmaq lazımdır. Bizə qılıncdan başqa qurtuluş yoxdur, səbr etmək və şərəflə ölmək hər şeydən yaxşıdır". Mühasirə daraldıqca, şəhərin müqaviməti zəiflədi. Şəhəri alan monqollar çoxlu mal, pul qarət etdilər və burada da əhalinin kökünü kəsdilər. 1222-ci ildə Şirvanşahla danışığa gedib, onun göndərdiyi nümayəndələrlə çox güclü müdafiə sisteminə malik olan Dərbənd şəhərinin yanından keçdilər və Şimali Qafqaz düzənliyinə çıxdılar. 1223-cü ildə rusları əzdilər və bulqar türklərindən yaxşı bir zərbə alıb vətənlərinə geri döndülər. Birinci yürüş kəşfiyyat xarakteri daşısa da, Azərbaycanda kənd təsərrüfatına, sənətkarlığa, ticarətə, şəhər həyatına, bütövlükdə iqtisadiyyata və mədəniyyətə böyük ziyan vurdu və ölkəmizin müdafiə gücünü daha da zəiflətdi.

Bundan istifadə edən qıpçaqlar 1223-cü ildə Dərbənddən keçərək Azərbaycana soxulub Şirvan bölgəsini qarət etdilər. Hiylə yolu ilə Gəncəyə girib əhalini soyub taladılar. Eldənizlərdən əlini üzmüş Azərbaycan əhalisi birləşərək qıpçaqları Azərbaycandan qovdular. Ölkəmizin düşdüyü ağır vəziyyətdən bəhrələnən gürcülər də 1225-ci ildə torpağımıza soxulub, əhalimizə divan tutdular.

1225-ci ildə Vətənimiz daha bir fəlakət ilə üzləşdi. Monqolların yürüşünə tab gətirməyən Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin öz ölkəsini monqollara buraxıb Azərbaycana gəldi. İbn əl-Əsirin sözləri ilə deyilsə, Azərbaycan və Aran kimi dünyanın ən zəngin torpaqları ixtiyannda olsa da, “ölkəsini müdafiə etməkdə Allahın yaratdıqlarından ən acizi və bacarıqsızı olan” Atabəy Özbək Cəlaləddinin yürüşü qarşısında Təbrizdən Gəncəyə, sonra Əlincə qalasına qaçdı və orada da öldü. Nəticədə 1225-ci ildə Azərbaycanda Eldənizlər sülaləsinin hakimiyyətinə son qoyuldu. Cəlaləddin əvvəlcə Marağa şəhərini tutdu. Təbriz şəhərinin əhalisi yeddi gün qəhrəmanlıqla vuruşsa da, 1225-ci ilin iyulun 25-də Cəlaləddin şəhəri ələ keçirtdi. Təbrizdən sonra Cəlaləddin Dvində 60 minlik qüvvə toplayaraq Arana soxulmağa çalışan gürcülərə ağır zərbə vurdu. Gürcülər 20 min döyüşçü itirdilər. Bunun ardınca Cəlaləddinin hərbi qüvvələri Gəncə, Beyləqan və Şəmkiri ələ keçirib Tiflisə daxil oldular. Şirvanşahlar ildə 100 min dinar xərac vermək şərti ilə Cəlaləddindən vassal asılılığını qəbul etdilər. Yaxşı sərkərdə, amansız hökmdar və pis idarəçi olan Cəlaləddin Azərbaycanda abadlıq işləri aparacağı haqda vədini yerinə yetirmədi, əksinə Azərbaycanda və ona qonşu ölkələrdə xalqı soyub talamağa yönəlmiş vergi sistemi yaratdı. Açıq qarət siyasətindən bezmiş Təbriz əhalisi ayağa qalxıb üsyan qaldırdı. Bütün Azərbaycam Cəlaləddinə qarşı xalq hərəkatı bürüdü. 1231-ci ildə Gəncə üsyanı bu hərəkatın zirvəsi oldu. Cəlaləddin çox böyük çətinliklə olsa da, üsyanı yatırdı. Üsyanın başçısı usta Bəndər ələ keçirilərək amansızlıqla tikə-tikə doğrandı.

Cəlaləddinin Azərbaycandakı hərbi-siyasi fəaliyyətinin yeganə müsbət cəhəti Azərbaycanı və Şərqi Anadoludakı türk müsəlman əhalisini hədəfə alan və böyük qətliamlara səbəb olan gürcü təhlükəsini ortadan qaldırması hesab edilə bilər. Cəlaləddin gürcülərin əsas hərbi qüvvəsi olan 50 minlik qıpçaq birliyini öz himayəsinə aldı və nəticədə gürcülər bütün gücünü itirdilər.

Buna baxmayaraq özünü monqolların banşmaz düşməni kimi göstərən Cəlaləddin bölgədə olan hərbi-siyasi qüvvələri monqollara qarşı birləşdirmək əvəzinə, onlan daha da zəiflətdi. Bunun nəticəsində bölgədə monqolların ikinci yürüşünün qarşısını ala biləcək hər hansı bir güc qalmadı.

Monqolların ikinci yürüsü və Azərbaycanın işğalı. 1231-ci ildə monqol qoşunlan Çormoğon noyonun başçılığı ilə Azərbaycana soxuldular. Əhalinin ciddi müqavimətinə baxmayaraq Marağa şəhəri ələ keçirildi, Təbriz isə mühasirəyə alındı. Təbrizin əyanları qiymətli hədiyyələr verərək şəhəri talandan və qırğından xilas etdilər, ancaq bir çox adlı-sanlı sənətkarlar Monqolustanın paytaxtı Qaraqoruma aparıldı. 1235-ci ildə monqollar Gəncədə ciddi müqavimətlə qarşılaşdılar. Monqolların Gəncə yürüşünü gözləri ilə görmüş tarixçi Gəncəli Kirakos yazırdı ki, monqollar şəhəri almaq üçün qalaları daş atıb dağıdan qurğulardan istifadə edirdilər. Nəticədə bütün şəhər divarları uçuruldu. Buna baxmayaraq düşmən bir həftə şəhərə girməyə cəsarət etmədi. Əhalinin bir hissəsi şəhərin düşmənin əlinə keçdiyini gördükdə, qapılarını bağlayıb arvadı və uşaqları ilə birlikdə evlərini yandırdılar ki, onlar düşmənin əlinə keçməsin. Əhalidən bir kimsə canım qurtara bilmədi. Düşmən qılıncını işə salıb şəhərdə böyük bir qətliam törətdi. Monqol döyüşçüləri uzun müddət yanıb -dağılmış evlərin külündə eşələnərək, qızıl-gümüş axtardılar. Sonra cəhənnəm olub getdilər. Gəncə şəhəri dörd il adamsız və dağılmış vəziyyətdə qaldı. Yalnız 1239-cu ildə şəhərin yenidən qurulması haqqında fərman verildi. Gəncədən sonra Şəmkir, Tovuz, Bakı uğrunda qanlı döyüşlər getdi. Ancaq bu şəhərlər də düşmənin əlinə keçdi. 1239-cu ildə Dərbənd şəhərinin tutulması ilə Azərbaycanın monqollar tərəfindən işğalı başa çatdı.

1239-cu ildən 1256-cı ilə qədər Azərbaycan Ali Monqol xaqanının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu. Monqollar tutduqları ərazilərdə yerli dövlətçilik sistemlərini məhv etmişdilər. Monqol basqınlarından ağır zərbələr alan Şirvanşahlar isə öz varlıqlarını çətinliklə qoruyub saxlamağa çalışırdılar. Maraqlıdır ki, 1225-ci ildə Şirvanşah III Foribürzün adından kəsilən pulların üzərində onun öz adı və ləqəbi “əl-Malik”, 1226-1242-ci illərdə kəsilən pulların üzərində isə onun adı və ləqəbi ilə yanaşı, Bağdad Xəlifəsinin adı da göstərilmişdir. Fəribürzün oğlu, 1244-cü ildə taxta çıxan II Axsitanın hakimiyyətinin ilk illəri ilə bağlı Zəkəriyyə Qəzvini yazırdı: “Şirvan müstəqil vilayətdir. Sahibi isə Axsitandır”.

Monqolların üçüncü yürüşü. Azərbaycan Hülakü dövlətinin mərkəzi kimu Böyük Monqol xaqanı Münkə xan Orta Şərq ölkələrində möhkəmlənmək və monqol istilasını tamamlamaq üçün qardaşı Hülakü xanı böyük ordu ilə yürüşə yolladı. Hülakü xan 1256-cı ildə Azərbaycan və Aranı ələ keçirdi. 1258-ci ildə Təbrizdən yürüşə çıxaraq Bağdadı tutdu və Xəlifə Mötəsimi qılıncdan keçirərək Abbasi xilafətinin varlığına son qoydu. Hülakü xan Amudərya çayından Aralıq dənizinə, İran körfəzindən Dərbəndədək böyük ərazini qılınc gücünə öz hakimiyyəti altında birləşdirərək beşinci monqol ulusunu-Hülakülər dövlətini yaratdı. Hülakü dövlətinin əsas mərkəzi -metropoliyası Azərbaycan idi. Dövlətin yarandığı 1258-ci ildə ilk paytaxtı Marağa, 1259-cu ildə Azərbaycanın baş şəhəri Təbriz olmuşdur. Hülakü elxanlarının sarayı, dövlətin inzibati, hərbi-siyasi idarəetmə orqanları, xəzinəsi və vergi idarələri Təbrizdə yerləşirdi. Hülakülərin yay iqamətgahı Qarabağda, qış iqamətgahı isə Muğanda idi. Maraqlıdır ki, Səlcuqlular dönəmində türk dövlətlərində rəsmi dil ərəb və fars dilləri idisə, Hülakülər dövründə türk dili dövlət dili mövqeyini qazanmışdı. O dövrdə yaşamış görkəmli alimimiz Məhəmməd Naxçıvani yazırdı ki, Hülakülər dövlətində mühüm sənədlər türk, ərəb və fars dillərində yazılırdı və fərmanlar azərbaycanlılara türk dilində çatdırılırdı. Təsadüfi deyil ki, XIII-XIV əsrlərdə Azərbaycanın və onun şimal hissəsi olan Aranın əhalisinin böyük çoxluğu türklərdən ibarət idi. XIII əsr mənbələrində təkcə Aranda yüz min türk atlısının olduğu bildirilmişdir, Azərbaycanın görkəmli alimi Nəsrəddin Tusi Hülakü xanın baş məsləhətçisi, Hülakü xanın oğlu Abaqa xanın vəziri olmuş və hər iki elxanın dövründə ölkəmizin idarə edilməsi işlərinə güclü şəkildə təsir göstərmişdi.

Güclü və mərkəzləşmiş idarə orqanları yarada bilən Hülakü xan köçəri əyanlara arxalanırdı, hərbi-siyasi idarələri və vilayətləri şahzadələrə və tanınmış əmirlərə tapşırmışdı. Oturaq əhalini ağır vergi sisteminə cəlb edən Hülakü xan yerli Azərbaycan əyanlarını sıxışdırmağa çalışırdı. Abaqa xanın hakimiyyətinin (1265-1282) sonlarında köçəri əyanların hakimiyyət uğrunda mübarizəsi və daxili çəkişmələr Arqun xanın ölümündən (1291) sonra daha da gücləndi. 1295-ci ildə Qarabağda Hülakülər dövlətinin başçısı elan edilən Qazan xan (1295-1304) köçəri əyanların üsyan və çıxışlarını yatıraraq mərkəzi hakimiyyəti gücləndirdi.

Qazan xanın qardaşı Sultan Olcaytunun dövründə (1304-1316) mərkəzi hakimiyyət xeyli möhkəmləndirilsə də, on iki yaşlı Əbu Səidin dövründə (1316-1335) əslində dövlətin idarəsi baş əmir Çobanın ixtiyarına keçdi.

1343-cü ildə Hülakülər dövlətində hakimiyyətə gəlmiş Çobani Məlik Əşrəfin dövründə xalqımız tam bir zülm və dəhşətli qorxu içində yaşamağa məhkum edilmişdi. Tarixçi Əbubəkr əl Qütbi əl Əhərinin Çobani nəslinin Vətənimiz Azərbaycana gətirdiyi bəlalar haqqında yazdıqları oxuyanları dəhşətə gətirir. Tarixçi yazırdı: “1344-cü il: Çobanilər Təbrizə gəldilər və zülmün əsasını qoydular, 1345-ci il: Məlik Əşrəf Təbrizə gəlib oturdu və zülm bayrağını göylərə qaldırdı, 1346-cı il: ölkədə üç şey bol idi: zülm, bahalıq və vəba… Məlik Əşrəf 100 min ac qurdu Azərbaycan və Aranın canına saldı. Onlar istədiklərini etdilər. Əhali cana doydu və Vətənini tərk edib qonşu ölkələrə səpələndi.” Mənbələrdə Məlik Əşrəfin Azərbaycandan 400 dəvə və min qatır yükünə bərabər sərvət toplaması və on yeddi yerdə xəzinə saxlaması haqqında məlumatlar vardır.

Hülakü dövləti yaranandan sonra Çingiz xanın vəsiyyətini əsas gətirən Qızıl Orda dövləti onlardan qoparılmış Azərbaycan kimi zəngin ölkənin itirilməsi ilə heç cürə barışa bilmirdilər. Çingiz xanın oğlu Cuciyə məxsus dördüncü ulusun-Qızıl Ordanın ərazisinin bir hissəsinin qoparılaraq beşinci ulusa-Hülakü dövlətinə çevrilməsi bu iki nəhəng güc arasında bir əsrə qədər davam edən müharibəyə səbəb oldu və aparılan savaşlar Azərbaycana böyük fəlakətlər gətirdi. Şəhərlərimiz, kəndlərimiz dağıdılıb qarət edilir və əhalimiz qınlırdı. Qızıl Ordanın 1263, 1265,1288-1290, 1335-ci il yürüşləri ona uğur gətirmədi. Çobani Məlik Əşrəfin Hülakü ulusunu çapıb-talaması və soyğunçuluq siyasəti ölkəmizi hərbi-siyasi və iqtisadi cəhətdən tamamilə gücdən salmışdı. Məlik Əşrəfin zülmündən baş götürüb Qızıl Ordaya qaçmış din xadimi Bərdəli Mövlana Məhiyəddm Saray Bərkə şəhərində məsciddə vaizlik edirdi. Qızıl Orda hökmdarı Canı bəyin məscidə gəlməsindən istifadə edən Mövlana Çobani Məlik Əşrəfin Azərbaycan xalqına etdiyi zülmdən elə danışdı ki, böyük hökmdar Cam bəy ağlamaqdan özünü saxlaya bilmədi və dərhal qoşun hazırlamağı əmr etdi. Canı bəy Azərbaycema gələndə. Şirvanşah qoşunu da ona qoşuldu. 1357-ci ildə Təbrizə daxil olan müttəfiqlər Azərbaycanda Çobani ağalığına son qoydular və Hülakü dövləti tarixin səhnəsindən silindi. Bu hadisə Azərbaycanın şimalında Şirvanşahların müstəqilləşməsinə şərait yaratdı. Hülakü dövlət sistemində Şirvanşahlar öz titullarını saxlasalar da, bu formal xarakter daşıyırdı. Çünki mərkəzi hökumət onların səlahiyyətlərini o dərəcədə məhdudlaşdırmışdı ki, Şirvan əhalisindən vergiləri belə, monqol baskakları toplayırdı.

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

 

0 şərh