Aprel döyüşləri

Milli Ordumuzun Aprel qələbəsi müasir tariximizin şərəfli səhifələrindən biridir. 2016-cı il aprel ayının ilk dörd günü ərzində Milli Ordumuz düşmənin yaratdığı «keçilməz müdafiə istehkamları» mifini alt-üst etdi.
Aprel döyüşlərinə qədər qoşunların təmas xəttində hər gün atışmalar müşahidə olunurdu. İlk dəfə idi ki, ən irihəcmli hücum baş verirdi. Aprelin 1-də bütün cəbhəboyu mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan atəşə tutuldu.
Bu dəfə Ermənistan ordusundan dəfələrlə güclü olan Azərbaycan ordusu düşmənə aman vermədi. Qısa müddətdə həlledici addımlar atdı. Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən sürətli əks-həmlə başlandı. Ermənistan hərbi qüvvələrinin möhkəmləndirdiyi birinci müdafiə xətti yarıldı. Bir sıra strateji əhəmiyyətli mövqelər ələ keçirildi. Cəbrail rayonundakı «Lələtəpə» adlı yüksəklik azad olundu, Tərtər rayonunun Talış kəndinin ətrafındakı strateji yüksəkliklər geri alındı, Seysulan kəndi erməni işğalçılarından təmizləndi.
Vətən, torpaq uğrunda Azərbaycan əsgərlərinin göstərdiyi fədakarlıq dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Aprel döyüşlərində igidliyinə görə Şükür Həmidov, Samid İmanov və Murad Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Aprel döyüşlərinin zəfər yürüşü
Aprel döyüşləri Ermənistan işğalçılarına psixoloji cəhətdən ağır zərbə vurdu. Ermənilər gördülər ki, Azərbaycan Ordusu çox qısa zamanda işğal altında olan doğma torpaqlarını azad edə bilər.
Ali baş komandan Prezident İlham Əliyev Aprel döyüşləri haqqında demişdir: "Əks-hücum əməliyyatı nəticəsində ordumuz düşmənə güclü sarsıdıcı zərbə vurub və minlərlə hektar torpaq işğaldan azad edilib. Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm də bir daha Azərbaycan dövlətinin gücünü göstərdi".
Bütün beynəlxalq təşkilatlar, hətta illərdən bəri münaqişəni seyr edən ATƏT-in Minsk qrupu xəbərdarlıq almış oldu. Aprel qələbəsi bir çox dövlətlərə öz xarici siyasətlərinə yenidən baxmağa məcbur etdi. AŞPA- nın sədri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi. Bir sıra respublikaların dövlət başçılarının bəyanatı Ermənistan dövlətini qınaq obyektinə çevirdi.
Azərbaycan Prezidenti İlham Əliyev demişdir: «Mən, əlbəttə, istəyirəm ki, biz bunu qan tökülmədən edək. Ancaq biz istənilən varianta hazır olmalıyıq və hazırıq. Bu gün nəinki güclü iqtisadiyyatımız, güclü ordumuz var. Ordu potensialı da, insan potensialı da, vətənpərvərlik hissləri də çox güclüdür».
Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bir daha göstərdi, xalqımızda Ordumuza olan inamı daha da artırdı.
Milli Ordumuzun aprel döyüşlərindəki böyük qələbəsi bir daha göstərdi ki, Azərbaycan dövləti bu münaqişəni hərbi yolla həll etmək iqtidarına malikdir. Aprel döyüşləri bir daha təkrar olunarsa,
Ermənistanın bütün işğal planlarının alt-üst olacağı şübhəsizdir.
Azərbaycan ordusunun aprel qələbəsinin gətirdiyi ruh yüksəkliyini nəzərə alaraq Prezident İlham Əliyev «Aprel döyüşləri Azərbaycan Respublikasının hərb tarixinə salınmalıdır» deyərək bu qələbəni yüksək qiymətləndirmişdir.
Aprel döyüşləri Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu göstərdi. Bu qələbə hamı kimi məktəbli-gənclərimizdə də böyük qürur hissi yaratdı. Şagirdlərdə vətənpərvərlik hissinin artmasına, dövlətimizə və dövlətimizin qüdrətinə inamı artırdı.


Müəllif: Qasım Hacıyev, Əyyub Əbdüləzimov
Mənbə: Qarabağ tarixi — 7 Ümumtəhsil məktəblərinin 7 ci sinfi üçün Qarabağ Tarixi fənni üzrə Dərslik
 

0 şərh