Fətəli Xan Xoyski haqqındakı gizlinlər

1920-ci ilin bu günündə Xoyski mənfur şəxslər tərəfindən qətlə yetirildi.
Xoyskinin Azərbaycan tarixindəki rolu danılmazdır.  Ən böyük işlərindən biri də o zaman xüsusi nüfuza sahib olan ingilis generalı Tomsonu susdurması və Cümhuriyyəti ingilis hökumətinə müstəqil ərazi vahidi kimi tanıtmasıdır.
Tomson Fətəli xanla görüşündə Azərbaycan Cümhuriyyətini tanımadığını, müttəfiqi olan rusların torpağına gəldiyini söyləyir. Amma Cümhuriyyətin baş naziri belə bir dövlətin yarandığını, bunun Azərbaycan xalqının iradəsi olduğunu qeyd edir. Fətəli xan:
— Siz böyük bir millət, böyük imperiyasınız. Eyni zamanda mədəni bir millətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız.
General Tomson:
— Bu söylədikləriniz siyasi şeylərdir, iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm!
Fətəli xan:
— Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm!
Tomson tərcüməçiyə müraciətlə:
— Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə, qurduğunuz Cümhuriyyətin ordusu hələ qurulmayıb.
Fətəli xan tərcüməçiyə:
— General həzrətlərinə söyləyin ki, o yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrin nə olduğunu bilmir və ya hər xalqı Hindistan xalqı zənn edir. Biz Azərbaycan Türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik.
Fətəli Xan Xoyski
Amma bu sərt danışıq və ingilislərə qapını göstərən Xan Xoyskinin səsini tonu ingilis generalını yumşaldır. Xoyskinin Tomsonla apardığı diplomatik danışıqların nəticəsi özünü çox gözlətmədi. General Tomson dekabrın 29-da bəyanat verdi:
”Xoyskinin rəhbərliyi altında koalisyon Azərbaycan hökuməti yaradıldığını nəzərə alıb, elan edirəm ki, İttifaq Komandanlığı tərəfindən bu hökumət Azərbaycanın bütün hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi tamamilə müdafiə ediləcək.
Təəssüf ki, Azərbaycan Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik. Lakin heç onlar barəsində də bəzi lazımı bilgilər çox da araşdırılmayıb. Xüsusən də, ayrı –ayrı zamanlarda Cümhuriyyətin bütün yükünü çiyinlərinə alan baş nazirlər Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəylinin sirli qətlləri barəsində Azərbaycan mediasında o qədər də çox yazılara rast gəlinmir.
Anım günü münasibətilə  Fətəli Xan haqqında daha  iki maraqlı məqamı təqdim edirik.
1920-ci ilin aprelində Azərbaycanın Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra görkəmli dövlət qurucuları demək olar ki, ölkəni  tərk etmək məcburiyyətində qaldılar. Məhəmməd Əmin Rəsulzadə Lahıcda gedib gizli həyat yaşamağa başladı. Fətəli Xan Xoyski, Həsən bəy Ağayev Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar. Çünki, onlar başa düşürdülər ki, ciddi cəza tədbirləri görüləcək. Belə bir zamanda Nəsib bəy Yusifbəyli də Azərbaycandn getməyə məcbur oldu. Amma onlar Gürcüstana gedirdilər.
Çünki, Gürcüstan hələ bolşeviklər tərəfindən işğal edilməmişdi. Onlar düşünürdülər ki, orada qalacaqlar və özlərinin siyasi fəaliyətlərini davam etdirəcəklər. Yenidən Azərbaycanın bütövlüyü üçün çalışacaqlar. Fətəli Xan Xoyski də bu istəklə Gürcüstana üz tutdu. Orada bir müddət qaldıqdan sonra bolşeviklər tərəfindən təqib edildi.
Xoyski erməni quldurları tərəfindən 1920-ci ilin iyun ayında qətlə yetirildi və Tiflis qəbirsanlığında Mirzə Fətəli Axundovun yanında dəfn olundu. Bir qədər keçdikdən sonra digər görkəmli xadim  Həsən bəy Ağayev də eyni qaydada qətlə yetirildi.
Sonra Gürcüstana keçmək istəyən Nəsib bəy Yusifbəyli də eyni qaydada öldürüldü. Fətəli Xan Xoyski Azərbaycanın görkəmli dövlət xadimidir. Onun ailəsi də 1920-ci ildən sonra təqib olunurdu.
Xoyskinin qızı bolşevik Mirzə Davud Hüseynovun həyat yoldaşı idi. Mirzə Davud Hüseynov 1930-cu illərdə represiyaya uğradıqdan sonra Xoyskinin qızı Tamara xanımı 10 il müddətinə həbs etdilər”.
İkinci məqamı isə biz sizə təqdim edirik.
Fətəli xan Xoyski parlamentdən tariximizin ən uğurlu işlərindən birini – Paris Sülh Konfransında təsdiqlənməmizi elan etdi. Bu tarixi çıxışda hər şey var. Yaxşısı budur ki, oxuyaq:
1920-ci ilin yanvarı… İclas saat 12-yə 45 dəqiqə keçmiş açılır. Sədr iclası açaraq birinci sözü xarici işlər naziri Fətəli Xan Xoyski cənablarına verir. Fətəli Xan Xoyski — (alqışlar içərisində kürsüyi-xitabətə çıxır).
— Möhtərəm məbuslar! May ayının 28-də 1918-ci ildə Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə məlum etmişdi. Məlum etməklə onu özgə millətlər tərəfindən təsdiq etdirməyin çox qayəti vardır. İstiqlalını elan etdikdən sonra bir millət gərək cəmi aləmə göstərsin və isbat etsin ki, dörhəqiqət kəndisinin istiqlaliyyətə layiqi vardır. Bu surətdə onun istiqlalı təsdiq edilə bilər. Habelə bu bir il on ay müddətində Azərbaycan milləti öz həyatını, dolanacağını Avropaya, cəmi mədəniyyət aləminə məlum edib özünü öylə göstərdi ki, Avropa onun həqqini verməklə və istiqlalını təsdiq etməkə vadar oldu.
Əfəndilər! Sırağa gün Tiflisdən bizim Gürcüstanda olan nümayəndəmizdən bir teleqraf gəldi ki, məzmunu şöylədir.
Bu gün ingilis nümayəndəsi vürud olub məlum etdi ki, lord Kerzon sülh konfransında nümayəndələrə təklif etmiş ki, Azərbaycan və Gürcüstan istiqlaliyyətləri gərək təsdiq olunsun. Sülh konfrası nümayəndələri bu təklif mütəda qəbul etmişlər. Bu ayın 11-də olmuşdur. Lakin [xəbər] bizə sırağagün gəlib yetişdi. Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illər ilə çalışmışlar. Biz isə onu az müddətdə bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm. Bu günki bayram münasibətilə sizi hökumət tərəfindən təbrik edirəm. Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman da hökumət başında mən idim. Və indidə təsdiqini sizə mən elan edirəm”.
 
 
Mənbə: azedu.az

0 şərh