Bakının birinci xanı

O, tarixin keşməkeşli dövründə bir səltənət qurdu. I Mirzə Məhəmməd xanın banisi olduğu Bakı xanlığı ilə Bakıxanovların hakimiyyəti başladı.
I Mirzə Məhəmməd xandan öncəki Bakı
Abşeron yarımadasında yaranan Bakı xanlığının tarixi XVIII əsrin 40-cı illərindən başlayır. Həmin tarixdən öncə, Səfəvilərin hakimiyyətinin son dövrlərində Bakı və onun ətrafını sultan titullu hakimlər idarə edirdilər. Bu idarəçilik nəsildən-nəsilə ötürülürdü. XVIII əsrin 20-ci illərinin əvvəllərində həmin titulu Məhəmmədhüseyn bəy daşıyırdı.
Xanlıqlar dövrü
1722-ci ildə çar ordusu böyük qüvvə ilə Azərbaycana hücum edir. Şəhəri ruslara təslim etməyə razılıq verməyən Məhəmmədhüseyn bəyin aqibəti faciəli olur.
General Matyuşkinin başçılıq etdiyi rus qoşunları 1723-cü il iyulun sonlarında gəmilərlə şəhəri top atəşinə tutur. Dördgünlük mübarizədən sonra qala təslim olur. Şəhər çar qoşunlarının işğalına məruz qalır. Məhəmmədhüseyn bəy və dörd qardaşı həbs edilərək Həştərxana, oradan da Roqaçevskə sürgün olunurlar. Rus zabiti Baryatinski şəhərin komendant vəzifəsinə təyin edilir. Peterburqda Bakının alınması münasibətilə atəşfəşanlıq təşkil olunur.
Baş verən bu hadisələrdə Dərgahqulu bəyin də adına rast gəlirik. O, 1723-cü ildə 700 əsgərlə birlikdə Mixail Matyuşkinə qalanı təslim etdikdən sonra Rusiya imperiyası tərəfindən yerli hökmdar kimi qəbul olunmuşdu.
Müstəqil xan rütbəsinə ilk yüksələn isə Dərgahqulu bəyin oğlu Mirzə Məhəmməd olur.
İyirmi yaşlı xan
Bakı xanlığının bünövrəsini qoyan I Mirzə Məhəmməd xan 1727-ci ildə Bakıda dünyaya gəlib. Tədqiqatlarda onun əcdadlarının bu şəhərə 1592-ci ildə gəldikləri qeyd olunub. Araşdırıcıların əsaslandıqları mənbələrdən biri isə I Mirzə Məhəmməd xanın nəticəsi Abbasqulu ağa Bakıxanovun bildirdikləridir. O, ulularının Bakıya Gilandan Malati hökmdarı Sultan Əhməd xanın səltənətinin sonu gəldiyi bəlli olan «Xan Əhməd məsələsi”ndən sonra köçdüyünü qeyd edib. Abbasqulu ağanın iddiasına görə, Bakı xanlarının əcdadları Təbəristanda hakim olan Nur və Kucur hökmdarlarından, yəni Paduspanilərdən gəlir. Məmmədhüseyn bəy və oğlu Heybət bəy sülalənin ilk tanınmış nümayəndələri hesab edilir. Azərbaycan tarixində onlardan daha çox adı çəkilən isə Heybət bəyin böyük oğlu Dərgahqulu bəy olub. O, Maştağada şəhəri ələ keçirərək Səfəvilərin təyin etdiyi sultanı öldürüb, özünü xan elan etməklə kifayətlənməyib. Dərgahqulu bəy qazıqumuqlu Surxay xanın və şirvanlı Hacı Davudun qüvvələrini məğlub edərək hakimiyyətini Şabran və Qobustanadək genişləndirməyə müvəffəq olub.
Rusiyanın Xəzəryanı əyalətlərə marağı 1725-ci ildə I Pyotrun ölümündən sonra azalıb. 1747-ci ildə Nadir Şahın hakimiyyəti zəbt etməsi ilə Bakı xanlığının Rusiyadan asılılığı bitib.
Bakı xanlığının yaranmasına gəlincə, tədqiqatçı İ.Lerx Dərgahqulu bəyin Nadir şahın qoşununda İrəvan yaxınlığında osmanlılarla döyüşdə həlak olduğunu bildirib, ancaq tarix başqa bir faktı təsdiqləyir. Belə ki, bu hadisə Bakı xanlığının yaranmasından doqquz il qabaq baş verib. O vaxt Dərgahqulu bəyin yeganə oğlu Mirzə Məhəmməd on bir yaşındaydı. Nadir şah onu atasının əvəzində Bakı şəhərinə hakim təyin edib.
1747-ci ildə Nadir şah qətlə yetirildikdən sonra Səfəvilər yenidən hakimiyyəti ələ keçirib. Azərbaycanda isə XVIII əsrin ortalarında xanlıqlar qurulub. Nadir şahdan sonra onun yaxın əmirlərindən sayılan iyirmi yaşlı Mirzə Məhəmməd Bakı xanlığını yaradaraq hakimiyyəti müstəqil idarə edib.
I Mirzə Məhəmməd xanın dövründə Bakının iqtisadi vəziyyəti
Bakı xanlığına 39 kənd daxil idi. İnzibati, maliyyə, hərbi və məhkəmə xanın hökmündəydi. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Bakı xanlığında da divan vardı. Vəzir xanın yaxın köməkçisi idi. Naib vəzifəsini daşıyanların isə tabeçiliyində kəndxudalar, yüzbaşılar vardı. Bakı şəhərində qalabəyi, darğa və başqa vəzifələr mövcud idi.
Bakı xanlığında bütün hakimiyyət, torpaqlar, yeraltı və yerüstü sərvətlər xana və onun ailə üzvlərinə məxsus idi.
 
Xanlığın banisi I Mirzə Məhəmməd xan Əfşar şahları dövründə çökmüş Bakı iqtisadiyyatını, ticarəti xeyli inkişaf etdirə bilib.

Xanlıqda pul da kəsilirdi. Təsərrüfatda əsas yeri neft, duz və zəfəran istehsalı, balıqçılıq, maldarlıq tuturdu, toxuculuq, zərgərlik, boyaqçılıq, misgərlik kimi sənət sahələri inkişaf edirdi. Xanlıqda 50-dən çox neft quyusu movcud idi. Həmin quyulardan ildə 240 min puddan artıq neft istehsal olunurdu.
Xanlığın mərkəzi Bakı şəhəri idi. Avropa ölkələri, Rusiya, İran, Osmanlı imperiyası, Hindistanla tranzit ticarətdə bu şəhər əhəmiyyətli rol oynayırdı.
Mirzə Məhəmməd xan mal daşınması və hərbi məqsədlər üçün gəmiqayırma işinə özü rəhbərlik edirdi. O həm də admiral rütbəsini daşıyırdı.
Bakının birinci xandan sonra da övladları, nəvə-nəticələri arasından Rusiya imperiyasına xidmət edən bir çox xanlar, generallar, zabitlər olmuşdu.
1768-ci il oktyabrın 17-də Bakıda vəfat edən Bakının birinci xanının cənazəsi Kərbəla şəhərinə aparılıb, orada dəfn olunub.
I Mirzə Məhəmməd xanın Hacı Əliqulu ağa, Hacı Məlik Məhəmməd xan və Məhəmmədqulu xan adlı üç oğlu və bir qızı olub. I Mirzə Məhəmməd xandan sonra xanlıq taxtı onun ikinci oğlu Hacı Məlik Məhəmməd xana (1768-1784) keçib. Bakı xanlığı irsi monarxiya idi. Mirzə Məhəmməd xanın oğlu Məlik Məhəmməd xandan sonra da onun oğlu II Mirzə Məhəmməd xan (1784-1791) hakimiyyətə gəlib. Daha sonra xanlığı Mirzə Məhəmməd xanın oğlanları Məhəmmədqulu xan (1791-1792) və Hüseynqulu xan (1792-1806) idarə ediblər. Beləcə, I Mirzə Məhəmməd xanın 1747-ci ildə qurduğu Bakı xanlığı 1806-cı ilədək davam edib...

Müəllif: Z. FƏRƏCOVA, „Azərbaycan”
Mənbə: azerbaijan-news.az

Oxşar məqalələr

 

0 şərh