Azərbaycanda anarxizm hərəkatı

Anarxizmin əsas prinsipi dövlət iqtidarının insan azadlığına zidd olduğu üçün məhv edilməsidir. Rus anarxistlərindən Bakunin, daha sonra Kropotkinin fikirlərinə görə, Rusiyada xalqın iradəsi ilə anarxist bir inqilab qaçınılmazdır. Bundan sonra isə Rusiya dövlətçiliyinin xarabalıqları üzərində kollektiv əməyə və mülkiyyətə əsaslanan şəhər və kənd icmalarının sərbəst birliyi yaranmalıdır. Ancaq Bakunin və Kropotkinin son məqsədləri eyni olsa da, bu məqsədə çatmaq uğrunda mübarizə üsullarına dair fikirləri kifayət qədər fərqli idi.
Azərbaycanda anarxizm hərəkatı
Kropotkin özünü anarxo-kommunist hesab etsə də Bakunin kommunizm əleyhdarı idi. Bakunin 1869-cu ildə qeyd edirdi: “Bir çoxları mənim kommunist olduğumu iddia edir. Hətta mənə sual verirlər ki, kollektivizmmlə kommunizmin fərqi nədədir? Mən kommunizmə azadlığı inkar etdiyi üçün nifrət edirəm. Heç bir insanı azadlıq olmadan təsəvvür etmək mümkün deyil. Mən kommunist deyiləm, çünki kommunizm cəmiyyətin bütün qüvvələrini özündə birləşdirən bir dövlətin yaranmasını nəzərdə tutur. Dövlətin ləğv edilməsini istəyərkən insanların mənəvi olaraq buna hazırlanması bəhanəsi ilə istismarı yol verilməzdir.”(Komin, 1969:30). Pyotr Kropotkin isə öz ideologiyasını belə izah edirdi: “Bizim kommunizmimiz falanster[1] kommunizmi və ya alman nəzəriyyəçi-dövlət adamlarının kommunizmi deyil. Bu anarxo-kommunizm hökuməti olmayan azad insanların kommunizmidir. Bu, bəşəriyyətin hər zaman izlədiyi 2 hədəfin – iqtisadi azadlıq və siyasi azadlığın sintezidir”.
XX əsrin əvvəllərində Rusiyada siyasi partiyalar ölkənin gələcəyi ilə bağlı fərqli düşüncələrə malik idi. Bolşeviklər, eserlər və anarxistlər monarxiyanı silahlı bir üsyanla, menşeviklər isə parlament yolu ilə ləğv etmək istəyirdilər. Liberallar isə yalnız konstitusiya çərçivəsində avtokratiyanı məhdudlaşdırmaq haqqında düşünürdü. Bu dövrdə Rusiyada kütlələr arasında anarxistlərin 2 əsas qrupu fəaliyyət göstərirdi: anarxo-kommunistlər və anarxo-sindikalistlər. Olqa Taratuta və Daniil Novomirskinin lideri olduğu anarxo-sindikalistlər həmkarlar ittifaqlarına gələcək sənaye kommunalarının bir vahidi olaraq xüsusi əhəmiyyət verirdi. Onlar həmkarlar ittifaqlarına sızmağa və işçi hərəkatına anarxist yön verməyə çalışırdılar (Mintz, 1984:77). Rusiyadakı kütlələr arasında individual anarxizmın mövqeyi çox zəif idi. Mixail Bakunin də individual anarxizmə qarşı çıxırdı. O kommunizmin də əleyhdarı olduğu üçün bunun yerinə anarxo-kollektivizmi təklif edirdi.
 
Azərbaycanda anarxist qruplarının formalaşması
Rusiyada anarxist hərəkat birinci rus inqilabı dövründə gücləndi. Anarxistlərin ən güclü olduğu şəhərlər Byelostok, Yekaterinoslav[3] və Odessa idi. Anarxist qruplar daha kiçik formada Jitomir, Kamenets-Podolski, Kiyev, Nijni Novqorod, Sormovo, Saratov və Penzada fəaliyyət göstərirdi. Zaqafqaziyada anarxizmin mərkəzləri isə Tiflis, Kutais və Bakı idi (Krivenkiy, 1998:15). Qafqazda bu dövrdə anarxizm hərəkatı iki formada özünü göstərirdi: qanuni qəzetlər daxil olmaqla dinc təbliğat və kiçik soyğunçuluq da daxil olmaqla ekspropriasiya[4]. Gürcü qəzeti “Orgeiani” Rusiyada burjua inqilabından sonra anarxizmin ideoloji təbliğatının əsasən dinc formada aparıldığını qeyd edir. Gürcüstanda anarxistlər sosial demokratların hakim olduğu Tiflis və Kutaisdə daha güclü idilər. Ümumi Qafqazda anarxizmin ən güclü olduğu şəhər isə Bakı idi. Bakı anarxizmi Odessa tipli “anarxizm” hesab edilirdi.
Əvvəlcə Bakıda başlayan anarxist hərəkat burada uğur qazanmadı. 1905-ci ildə Cənubi Qafqazda başlayan erməni-azərbaycanlı qırğınları anarxistlərin regionda güclənməsi ilə nəticələndi. Bakıda fəaliyyət göstərən anarxist təşkilatların sayının bəzi məlumatlara görə 13-40 arasında olduğu güman edilir. Bakıda anarxizmin ən güclü olduğu dövr 1906-1907-ci illər idi. Bakı anarxistlərinin tərəfdarlarının əksəriyyəti fəhlələr idi. Onların içərisinə xüsusən də 1906-cı ildən etibarən bəzi qoçu qrupları da daxil olmuşdu. Anarxistlərin sayı ilə bağlı bu dövrdə müxtəlif rəqəmlər verilir. Anarxistlərin öz jurnallarında Bakıda anarxistlərin sayının 3 ay ərzində 2800 nəfərə qədər yüksəldiyi qeyd olunur. (Qorev, 1930:69). 1906-cı məlumatlarına əsasən Balaxanı və Qara şəhərdə 2800-ə qədər fəhlə anarxist qruplarına üzv olmuşdu. Bu məlumatın dəqiqliyi şübhə doğurur. Polis hesabatlarına görə, anarxist təşkilatların hər birində ən çox 35 nəfər üzv var idi. Bu rəqəmi ümumi təşkilat sayına vurduqda 1400 alınır. Mətbuatda isə polisin hər əməliyyatı zaman 20-90 nəfər arası anarxisti həbs etdiyi qeyd edilir. Bütün bu məlumatlara əsasən anarxistlərin ümumi sayının ən çox 2000-2200 nəfər arasında dəyişdiyini qeyd edə bilərik. Ancaq hətta bu rəqəm də həbslər, sürgünlər və bir çox insanın anarxist təşkilatlara epizodik daxil olması səbəbi ilə etibarlı deyil.

Azərbaycanda anarxist təşkilatlar
1905-ci ildə Bakı şəhərində “Anarxiya” və Bibiheybət ərazisində “Borba” (Mübarizə) anarxo-kommunist qrupları formalaşmışdı. Qısa müdət ərzində bu təşkilatlar gücləndi. Bundan başqa Balaxanıda “Bunt” (Qiyam) və Qara şəhərdə “İnternasional” anarxist təşkilatları yaradıldı. Maraqlıdır ki, “Anarxiya” qrupuna Bakı fabriklərindən birinin anti-parlamentar sosial-demokratlar qrupu da daxil olmuşdu. 1 iyul 1906-cı ildə bir qrup anarxo-kommunist “Anarxiya” qrupundan çıxaraq yeni bir təşkilat “Krasnaya Sotnya” (Qırmızı yüzlük) qrupunu formalaşdırdılar. “Krasnaya Sotnya” təşkilatı üzvləri “Anarxiya” təşkilatından ayrılmalarına səbəb kimi təşkilat liderlərinin bürokratiyası və daha “təsirli” mübarizə metodlarına sadiq qalmaları ilə izah edirdi. Digər güclü qrup isə “İnternasional” idi. Mətbəəsi olan bu qrup erməni və azərbaycanca çoxsaylı elanlar və broşuralar hazırlayıb yayımlayırdı. Yerli burjuaziya “İnternasional” təşkilatından çox çəkinirdi. Bu anarxistlər yerli burjuaziyanı dəhşətə gətirən bir sıra “ekspropriasiya”larda iştirak etmişdi. (Krivenkiy, 1998:286).
Bu qruplardan başqa kiçik anarxist qrupları da mövcud idi: “Anarxist-fərdiyyətçilər”, “Qara qarğa”, “Anarxist-bombardmançılar”, “Krasnaya znamya” (Qırmızı bayraq), “Çörək və iradə”, “Terror”, “Torpaq və iradə” və azərbaycanlıların anarxist qrupu “Azad”. Polisin qeydlərində “Azad” qrupu istisna digər anarxist təşkilat üzvlərinin milliyəti rus kimi göstərilir. Ancaq reallıq başqa cür idi. Anarxist təşkilatlarda çox sayda erməni (keçmiş hnçaklar və partiyalarından ayrılan və hətta onlarla düşmənlik edən daşnaklar), yəhudilər (keçmiş sosial demokratlar və terrorizm yolu ilə mübarizə aparan sionistlər) daxil idi. “Krasnaya sotnya” anarxist təşkilatına 8 nəfər gürcü də daxil olmuşdu. Anarxist qruplarına qoşulanların sayı 28-30 yaş arasında dəyişirdi (ən gənc 19, ən yaşlı isə 35 yaş olub). “Anarxiya” qrupuna 1906-cı ilin əvvəlində “Mübarizə və anarxiyaya doğru” broşurasının müəllifi olan keçmiş hnçakçı Sarkis Kalaşyants[6] rəhbərlik edirdi. Kalaşyantsdan sonra “Anarxiya” qrupuna Yatsenko, Zaxaryants və Ter-Sarkisov rəhbərlik etdilər .
“Anarxiya” qrupunun 27 iyun 1906-cı ildə kütlələrə müraciəti belə idi: “Müqəddəs intiqam ruhu hələ də yaşayır. Azadlığı sevənlər zəhmətkeş xalqımızı bütün parazitlərdən və cəlladlardan təmizləmək üçün mübarizəyə hazırdır. Zalımlarla danışılacaq yeganə dil güllə və bomba dilidir. İndi anarxist-işçi Bakı proletariatının həyatında ilk dəfə anti-burjua terrorla öz sözünü deyir. İşçilərin tələblərini təmin etməyə cəsarət etməyən parazit Boqdan Doluxanovu məhv etdik. Bizə pul verməkdən imtina etməyə cəsarət edən istismarçı Skobelev də məhv edildi. Dövlətin və burjuaziyanın bu sadiq köpəyi olan Dolpeniklərin casusu da yox edildi. Zorakılıq hər yerdədir və bu səbəbdən “üsyançı ruh” bu hərəkətlərlə kifayətlənə bilməz. Parazitlər və tiranlar saysız-hesabsızdır və intiqam hərəkətləri də saysız olmalıdır. Bu gün güllə yenə öz sözünü dedi. Anarxist fəhlənin intiqamlı əli yüksəldi və tanınmış Bakı cəlladı, istismarçı Jgentinin köməkçisi artıq “dövriyyədən çıxarıldı”. Bunlar ilk anti-burjua və dövlət əleyhinə hərəkətlərimiz olsa da, heç vaxt sonuncu olmayacaq. Xalqın oyanış saatı onsuz da yaxındadır, proletariat tezliklə özünü sosialist-dövlət adamlarının, bu yeni irticaçıların əlindən qurtaracaq və düşmənlərini amansız formada məhv edəcək. Bizim hədəfimiz parazitləri və cəlladları “dövriyyədən çıxarmaq” və bununla da kütlələrin qəlbini inqilabi bir fikirlə doldurmaq, qiyam əhval-ruhiyyəsini yüksəltməkdir.”
“Anarxiya” qrupundan ayrılan “Krasnaya Sotnya” qrupuna isə Zeynts və Ştern rəhbərlik edirdi. Onların hər ikisi 1906-cı ilin sentyabrında həbsxanadan qaçmaq istəyərkən güllələnmişdi. Bu anarxist qrup 1906-1908-ci illərdə Bakı anarxist qruplar federasiyasında aparıcı rol oynamışdı. Qrupun mətbəəsi və partlayıcı maddələr laboratoriyası var idi. 1906-cı ildə bu qrupun Bakı xalqına müraciət etdiyi bəyannamə diqqəti cəlb edir. Sözügedən bəyannamə anarxizm adının arxasında gizlənən və fərdi zənginləşmə naminə qəsb edən şəxslərə qarşı, eləcə də Azərbaycan burjua dairələrinin bu məsələlərdə demaqoji təşviqatına qarşı yönəldilmişdir (bir çoxu bölgədə siyasi üstünlüyü iddia edən Daşnaksütyun partiyasının üzvləri idi).
Bəyannamədə deyilirdi: “Yoldaşlar və vətəndaşlar! Son günlərdə baş verən hadisələr, yəni ekspropriasiya və qəsb bizi bu açıqlamanı verməyə vadar etdi. Bu ekspropriasiya ilə hazırda Doluxanov, Antonov, İsrafil Hacıyev və yerli mətbuat – Bakı və Kaspi qəzetləri məşğul olur. Doluxanovlar və yerli mətbuat proletariatın çəkdiyi əzabları dilə gətirmək əvəzinə Zeynalabdin Tağıyev üçün timsah göz yaşını tökür. Qəzet səhifələrində həbsxana tikilməsinə yüz minlərlə rubl xərcləyən “cinayətkar” Tağıyev təriflənsə də onun fabriklərində fəhlələrin iş saatlarının müddəti, işçilərin amansız istismarı barədə bir kəlmə də deyilmir. Yoldaşlar və vətəndaşlar! Yerli mətbuatın yalan yazılarına inanmayın. Cənab Tağıyevlər, Musa Katayevlər, Doluxanovlar, hökumət və burjua oğruları, qəsbkarların rəhbərlik etdiyi mətbuat işçiləri sizi məhv etmək istəyir. Buna cavab olaraq onlara deməlisiniz: “Xeyr, cənab Tağıyevlər, Musa Nağıyevlər, Doluxanovlar, Prokopoviçlər və İsrailsonovlar. Sizi qorumaq fikrində deyilik. Ekspropriasiya və qəsb etmənizi sağdan dayandırana qədər, kapitalist sistemi qoruyub saxlamaqdan və despotik hökumətləri dəstəkləməkdən imtina etməyincə soldan ekspropriasiya, qəsb və terror dayanmaz.”

Yaşasın, inqilabçı təşkilat!
Yaşasın, inqilabçı terror!
Yaşasın, Krasnaya Sotnya təşkilatı!”

Azərbaycanlılardan ibarət olan “Azad” təşkilatı isə 1906-cı ildə yarandı. Bu qrup “Bunt” və “Terror” kimi kiçik qruplar arasında ən böyüyü idi. Bu qrupların 5-10, “Azad” qrupunun isə 15 nəfər üzvü vardı. “Azad” qrupuna daxil olan azərbaycanlı anarxistlərin əksəriyyəti qoçulardan ibarət idi. Qrupa rəhbərliyi 2 qardaş – Ağa Kərim və Ağa Sanqulu həyata keçirirdi. “Azad” qrupu üzvləri Teymur Aşurbəyovun rəhbərlik etdiyi yerli qoçularla düşmən idi. 1907-ci ilin sonunda həm Ağa Kərim, həm də Teymur Aşurbəyov həbs edildi. Bundan sonra “Azad” qrupu fəaliyyətini dayandırdı və qrupun azadlıqda qalan üzvləri digər anarxist qruplara qoşuldu. .
 
Azərbaycan anarxistlərinin digər partiyalarla münasibəti
Birinci rus inqilabına qədər Azərbaycan anarxistləri əsasən eserlərlə, qismən isə bolşeviklərlə müttəfiq idi. Xüsusən də bu dövrlər ərzində maksimalist eserlər anarxistlərdən ideoloji olaraq çox cüzi məsələlərdə fərqlənirdi. Həm anarxistlər, həm də eserlər terroru inqilabi taktikanın vacib bir elementi hesab edirdi. Anarxistlər əsasən kapitalistlərə və mülkədarlara qarşı iqtisadi terrorun tətbiqini, eserlər isə hökumət üzvlərinə qarşı siyasi terrorun tətbiqini müdafiə edirdi .
1905-ci ilin oktyabrında Bakı eserləri Rəsul Şərifzadə, Məmməd Cuvarlinski və Rəhim Məlikov tərəfindən formalaşdırılan “İttifaq” təşkilatı fərdi terrorun və anarxist mübarizə metodlarının tərəfdarı idilər. Onlar müxtəlif qoçu tayfaları ilə ittifaqa girməkdən çəkinmirdilər. Bakıda yerləşən anarxist qrup “İnternasional” isə eserlərin mətbəəsindən istifadə edərək “Nə tanrı, nə də ağa” epiqrafı ilə broşuralar yayınlayırdı. Bundan başqa broşurada bu cümlələr qeyd edilirdi: “Vətənsiz kommunizm bir məqsəd, sosial inqilab vasitəsidir. Yalnız bu nöqteyi-nəzərdən istifadə edərək böyük azadlıq ideyasını həyata keçirmək və mövcud iqtisadi və siyasi köləliyə son qoymaq mümkündür. Əgər liberallar və iqtidarda olanlar köləliyə və qəsbkarlığa tarixi zərurət kimi yanaşsalar o zaman biz hərakatı genişləndirərək inqilabın xroniki forma almasına qədər mübarizəmizə davam edəcəyik.”
Göründüyü kimi, permanent inqilab ideyası Trotskidən əvvəl anarxo-kommunistlər tərəfindən irəli sürülmüşdü. Bundan başqa anarxo-kommunistlər bolşeviklər kimi kommunist şüarlardan istifadə edirdi. “Anarxiya” və “Krasnaya Sotnya” qrupunun üzvləri öz broşuralarında Bakuninin “Dağıdıcı ruh yaradıcı ruhdur” və Maksim Qorkinin “Cəsurun çılğınlığı həyat hikmətidir” şüarından istifadə edirdi . 
Anarxistlər inqilab zamanı adətən kommunistlərlə ittifaqda olsalar da onlar arasında da bəzi qarşıdurmalar yaşandı. Polşada bir neçə anarxistin oğurluq etməsi səbəbi ilə Polşa Sosialist partiyası üzvləri tərəfindən öldürülməsi 2 qrup arasında vəziyyəti gərginləşdirdi. Bunun əvəzində Bakıda baş verən toqquşmalar zamanı anarxistlər 2 kommunisti öldürmüşdü. Digər bir münaqişə isə “Hümmət” partiyası üzvü olan Mir Həsən Mövsümovun bolşeviklərdən uzaqlaşaraq aktiv mübarizə metodlarının tərəfdarı olaraq anarxistlərlə əlaqə qurmasından sonra başladı. İsa Aşurbəyovun sözlərinə görə, 1907-ci il iyun ayının əvvəlində Mövsümov polislə əlaqəyə girərək “Hümmət”in bir çox üzvünün həbs edilməsində iştirak etmişdi. Bu ittihamlardan sonra RSDFP-nin hərbi qanadı onu edam etmək qərarına gəldi. Sultan Məcid Əfəndiyev Mövsümovu öldürmək qərarı verən Bakı bolşeviklərinin onun xəyanət faktlarını sübut edə bilmədiyini də qeyd edir . 
Anarxistlərin Bakıda ən güclü düşməni isə “Daşnaksütyun” partiyası idi. 1905-1906-cı illərdə baş verən erməni-müsəlman poqromları zamanı daşnak sənayeçilər erməni hərbi dəstələrinə aktiv formada dəstək verirdilər. Lakin rus qoşunlarının müdaxiləsindən sonra bu hərbi dəstələr maliyyə çatışmazlığı və zəif təşkilatçılıq nəticəsində dağılmağa başladı. “İşsiz” qalan erməni quldur dəstələri Zaqafqaziyanın şəhər və kəndlərində yerli əhalini, o cümlədən erməniləri talan etməyə başladılar. Onlara qarşı mübarizə aparmaq üçün ermənilər “Zelyonaya sotnya” (Yaşıl yüzlük) qrupu yaratdılar. Bu qrupa Kanaç-Aryuryan rəhbərlik edirdi. “Zelyonaya sotnya” qrupu daşnak sənayeçilərini həm erməni dəstələrindən, həm də anarxistlərdən qorumalı idi .
Bununla belə, poqromların baş verməsi və sonrasında Bakıda sosial vəziyyətin ağırlaşması anarxistlərin mövqeyini xeyli gücləndirdi. Buna səbəb isə daşnak sənayeçilərinin xalq üçün nəzərdə tutulan pulu qəsb etməsi idi. Cənubi Qafqazda ermənilər və azərbaycanlılar arasında poqromlar zamanı 128 erməni, 158 azərbaycanlılar yaşayan məntəqələr dağıdılmışdı. Çar hökuməti poqromlardan əziyyət çəkən əhali üçün 16 milyon rubl ayırdı. Lakin bu pul birbaşa əhaliyə yox, sənaye müəssisələrinin rəhbərliyinə verilmişdi. Bakıda bəzi sənaye müəssisələri poqromlar zamanı mülklərinə ziyan dəyən işçilərə dövlət tərəfindən ayrılan məbləği vermək istəmirdi. Bütün bunlardan sonra fəhlələr iki ay davam edən tətil elan etdilər. Anarxist qruplar bu məsələdə fəhlələri maddi olaraq dəstəkləyirdi. Səhmdarlara qarşı iqtisadi terror istənilən nəticəni vermədiyi üçün anarxistlər anonim şirkət müdirini və manqan sənayesi zavodunun direktoru Mantaşev – Doluxanovu öldürdülər.
Bu iki aksiya proletar kütlələri tərəfindən rəğbətlə qarşılandı. Doluxanov Daşnaksütyun partiyasının üzvü idi və onun öldürülməsindən sonra daşnaklar anarxistlərə qarşı əks həmləyə başladılar. Bu qarşıdurmalar zamanı anarxistlərin lideri Sarkis Keleşyan öldürüldü. Daşnaklar bundan başqa “ekspropriasiya”larda iştirak etdikləri üçün daha bir neçə anarxist fəhləni də vurdular. Bütün bunlardan sonra anarxistlərin hərbi birləşməsi “Daşnaksütyun” partiyasına müharibə elan etdi. Daşnaklarla anarxistlər arasında baş verən müharibə nəticəsində 17 daşnak üzvü və 11 anarxist fəhlə öldürüldü.
Anarxistlərin dəfni yerli əhalinin iştirak etdiyi böyük mitinqlərlə həyata keçirilirdi. Polis qeydlərində də bu dəfn mərasimlərində minlərlə insanın iştirak etdiyi qeyd edilir. Keleşyanın dəfn prosesi zamanı hökumət casuslarından biri anarxistlər tərəfindən müəyyən edilərək öldürüldü. Anarxistlər işçilərin mənafeyini qorumaq üçün bu dövrdə İngiltərə vitse-konsulu Urquhartın həyatına sui-qəsdə cəhd etdilər. Bu kimi terror aktları səhmdarları işçilərə maaşlarını verməyə məcbur etdi. Daşnak sənayeçilərinin anarxistlərin hücumdan qorumaq üçün muzdla tutduğu “Zelyonaya sotnya” qrupunun üzvlərinin bir qismi isə bu müharibə zamanı daşnakların tabeliyindən çıxaraq anarxistlərə qoşuldu. Onların əksəriyyəti anarxist “Borba” qrupuna qoşulmuşdu.
 
Anarxistlərin dövlətə qarşı mübarizə metodları
Bakıda anarxistlərin ən güclü olduğu hissələr Bibiheybət, Balaxanı, Sabunçu kimi ərazilər idi. Burada on minlərlə fəhlə çox ağır vəziyyətdə çalışırdı (Krivenkiy, 1998:285). Bu səbəbdən onlar dövlətə fəhlələr üzərindən təsir etmək istəyirdilər. Bakıdakı anarxistlər ideologiyalarını kütlələr arasında broşuralar və elanların nəşri ilə yaymağa çalışırdılar. Bu baxımdan mətbu orqanları olan “Borba”, “Anarxiya” və “Krasnaya Sotnya” qrupları fərqlənirdi. “Borba” qrupunda broşuralar Qorbunov, Kulikov, Lyubomudrov, Kostina, Pişçik, “Krasnaya Sotnya” qrupunda isə Zayaçenkov və Studnev tərəfindən hazırlanırdı.
Anarxistlər zaman-zaman fərqli qrupları bir təşkilata birləşdirmək və vahid taktika məqsədi ilə ümumi yığıncaqlar təşkil edirdilər. Lakin bu kimi yığıncaqlar bir qayda olaraq həm iştirakçıların öz günahları, həm də polisin müdaxiləsi ilə nəticəsiz başa çatırdı. 11 sentyabr 1906-cı ildə müxtəlif qrup anarxistlərin toplandığı yığıncaq isə rezonans yaratdı. “Sevastopol” restoranında baş tutan yığıncaq zamanı polis və ordu ərazini mühasirəyə aldı. Burda polislər yaxınlıqdakı bir evdə böyük bir silah anbarı aşkar etdilər. Atışmalar zamanı 38 nəfər anarxist həbs edildi, çox sayda anarxist isə qaça bildi. Şəhər və xaricində polisin apardığı reydlər zamanı daha 88 nəfər həbs edildi. Qaçan anarxistlərin bir qismi Batuma getdi və burada yerli anarxistlərlə birləşərək David Rostomaşvilinin rəhbərlik etdiyi Batum fəhlə sindikatını təşkil etdilər (Bagirova, 1997:100).
Xüsusilə 1906-cı ildə anarxistlər dövlətə qarşı terrorla mübarizəyə başladılar. İlk olaraq Xəzər dənizində “Qafqaz və Merkuri” cəmiyyətinin poçt gəmisi “Çezareviç” bir qrup anarxist tərəfindən qəsb edildi. Rəsmi məlumata görə, gəmi anarxistlərin müttəfiqi olan eser-maksimalistlər tərəfindən qarət edilib. Ancaq sonradan gəminin “Krasnaya Sotnya” qrupuna daxil olan Mdinaradze, Beburaşvili, Topuriya, Qobiraxaşvilidən ibarət anarxo-kommunistlər tərəfindən qarət edildiyi ortaya çıxdı. Anarxistlərin dediklərinə görə bu pullar təşkilatların ehtiyaclarına və işçilərə kömək üçün xərclənib. “Krasnaya sotnya” anarxist qrupu dövlətə qarşı mübarizədə adətən individual terrordan istifadə edirdi. Ölkədə ən çox rezonans yaradan qətl Bakı polis rəisinin müavini Jgentinin öldürülməsi idi.
Bundan başqa “Krasnaya Sotnya” qrupu 1906-1908-ci illərdə polis məmurları Zavqorodnı və Kudryaşovu, dedektif polis agentləri Doljnikov və Levini, icra məmuru Prokopoviç və Rixteri, həbsxana rəisi Prokopenkonu, polis məmuru Pestovu, Nobel şirkətinin meneceri Eklundu, dedektiv Raçkovski və başqalarını qətlə yetirmişdilər. Bu cinayətlərdə iştirak edən tanınmış anarxistlər Abram Ştern, Şişkin qardaşları, Polyakov, Şlimak qardaşları, Ter-Qalustov, Staroverov və başqaları idi. 1906-cı ildə “Anarxiya” və “Borba” qruplarından olan anarxo-kommunistlər işçilərə qarşı zalımlığı ilə yadda qalan Bibiheybət sahələrinin müdirləri Urbanoviç və Slavskini, habelə təxribatçı Tavmisyantsı öldürdülər.
Fərdi terror ilə birlikdə iqtisadi terror da tətbiq olunurdu. Anarxistlərin sənayeçiləri, xüsusən də neft maqnatlarını işçilərin və ya özlərinin tələblərini yerinə yetirməyə məcbur etmək üçün neft yataqlarına od vurmaqla, partlayıcı maddələrlə sabotajla hədələyirdilər. 1906-1908 illərində polis dəfələrlə anarxistlərə aid silah anbarları, laboratoriyalar və partlayıcı maddələr emalatxanaları aşkarlamışdı. “Anarxiya”, “Anarxistlər-bombardmançılar”, “Fərdiyyətçi anarxistlər” qrupları iqtisadi terror aktları ilə məşhurlaşmışdı .
 
Anarxist hərəkatın zəifləməsi və sonu
Lakin tədricən bu təşkilatlarda “ideoloji anarxizm” zəifləməyə başladı və bu tələblər adi qəsb və soyğunçuluq halına çevrilməyə başladı. Buna səbəb həbs olunan, öldürülən təşkilatların rəhbərləri və üzvlərinin dəyişməsi idi. Onları adətən ideologiyadan uzaq insanlar əvəz etdilər. Bununla belə bu dövrdə yeni anarxist qruplar meydana çıxdı. “Qara qarğa”, “Qırmızı bayraq”, “Terror” və digərləri əsasən ofislərə, dükanlara və xarici firmalara silahlı hücumlarla məşhurlaşdı. “Bakı terroristlər və fərdi anarxistlər cəmiyyəti” və lideri Kalinin bu sahədəki fəaliyyəti ilə seçilirdi. Anarxist hərəkat içərisində zamanla bir-birini tanımayan müxtəlif qruplar arasında güclənən düşmənlik, davamlı silahlı çəkişmələr bu qrupların xalq arasında mövqeyinə ciddi formada zərbə vurdu. Xalq arasında anarxist təşkilatların populyarlığının azalması ilə xeyli işçi bu qrupları tərk etdi.
Anarxistlərin nüfuzunun zəifləməsində sosial demokratların (RSDFP) apardığı propaqanda da az rol oynamadı. Misal olaraq, anarxistlərin “Moskva-Qafqaz tərəfdaşlığı” şirkətinə terror xarakterli məktublar göndərməsi bu şirkətin işçiləri tərəfindən də narazılıqla qarşılandı. İşçi qrupu bu məsələni müzakirə edərək aşağıdakı qərarı qəbul etdilər: “Bu cür müdafiəni RSDFP baxımından doğru olaraq tanımırıq və bildiririk ki, guya yaralı yoldaşlarımıza kömək etmək üçün pul qarət edilməsi bizi təhrik etmək istəyindən başqa bir şey deyil.” Bolşevik və menşevik işçilərinin imzaladığı qətnamə və məktub Bakı qəzetinin redaksiyasına göndərildi. Anarxist qruplar arasında müharibənin ən qızğın çağında “Bakinskiy Raboçiy” qəzeti yazırdı: “Anarxo-kommunistlər”, “Anarxo-fərdiyyətçilər”, “Anarxiya”, “Terror” və digərləri terror vasitəsi ilə bir-birlərini məhv etdilər. Hazırda anarxist qruplarının liderləri Bakıda fəaliyyət göstərən bir çox şantaj qruplarının liderləridir.”
Anarxistlərin özləri Bakıda nüfuzlarının zəifləməsində marksistləri günahlandırırdı. Lakin bu, belə deyildi. Hökumət və liberal mətbuat anarxistlərin ifşa edildiyi məqalələr və felyetonlarla dolu idi. Polis də anarxistlərə qarşı ciddi mübarizə aparırdı. 24 mart – 5 sentyabr 1907-ci il tarixlərində anarxistlərə qarşı əməliyyatlarda ən az 16 anarxist öldürüldü, 40 nəfəri isə sağ ələ keçirildi. Bu rəqəm o dövrdə Bakıdakı anarxist təşkilatların ümumi sayının təxminən yarısı idi. 1908-ci ilə qədər tutularaq sürgünə məhkum edilmiş anarxistlər adətən sonra sərbəst buraxılırdılar. 1908-1909-cu illərdə Bakıda həyata keçirilən terrorlarla əlaqədar olaraq həbslər kütləvi xarakter aldı. Yalnız 1908-ci ilin martında “Krasnaya sotnya” qrupunun 50 üzvü həbs olundu və hamısı Sibirə sürgün edildi. Bu qrupun üzvlərinin həbsi 1909-cu ilə qədər davam etdi. 1909-cu ildə polisin apardığı əməliyyatlar nəticəsində “Qara qarğa”, “Terror”, “Qırmızı bayraq” qruplarının demək olar ki, bütün üzvləri həbs edildi. Qalan kiçik qruplar isə parçalandı. Beləcə, 1908-1909-cu illərdəki kütləvi repressiyalardan sonra Azərbaycanda anarxist hərəkat özünə gələ bilmədi və siyasi arenanı tərk etdi.
 
 
 
Müəllif: Tural Həmid
Mənbə: azlogos.eu

0 şərh